Dindirir əsr bizi, dinməyiriz,
Açılan toplara diksinməyiriz,
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.2
M.F.Axundovdan Cəmaləddin Əfqaniyə, Əfqanidən Sabirə və Hadiyə, M.İqbala və ər-Reyhaniyə, Cavidə və C.Cübrana gedən ideya yolu, özünütənqid və vəhdətə çağırış yolu!
Məhz fikir tənbəlliyinin və ətalətin nəticəsidir ki, Avropa yeni-yeni texniki nailiyyətlər əldə etdiyi bir vaxtda, bizimkilər ərəb əlifbası və ərəb sözlərinin təfərrüatları sahəsində baş sındırmaqla məşğul idilər. C.Əfqani elə bil ki, M.F.Axundovun əlifba islahatı uğrunda mübarizəsinə səs verərək, yazırdı: «Müsəlmanlar təlim-tərbiyədən heç bir xeyir görmürlər. Məsələn, onlar nəhv elmini öyrənməklə məşğul olurlar. Nəhv elmində məqsəd də budur ki, ərəb sözlərini düzgün yazıb-oxumağı öyrənsinlər. Halbuki, bizim zəmanəmizdə müsəlman alimləri, nəhv elmini son məqsəd və qayə kimi qarşılarına məqsəd qoymuşlar…».3 Bəli, dil məqsəd yox, vasitə olmalıdır. Hansı dildə oxumaq və yazmaq deyil, nə barədə oxuyub, yazmaq önəmlidir. Düşüncənin səhv istiqamətdə yönəldilməsi, vasitəni özünə məqsəd etməsi, hətta, elmi dini dəyərlərlə əvəz etmək təşəbbüsləri Şərqin tənəzzül səbəblərindəndir. «Qəribə burasıdır ki, bizim alimlər elmi iki yerə bölmüşlər: müsəlman elmləri və Avropa elmləri. Buna görə də, onlar camaatı xeyirli elmlərin mənimsənilməsindən çəkindirirlər. Onlar başa düşmürlər ki, şərafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onundur…»1
Şərq və Qərb düşüncə tərzlərini, qarşılıqlı maraqları üzvi surətdə birləşdirən sintetik təfəkkür siyasət sahəsində, beynəlxalq münasibətlər sahəsində həqiqətən yeni hadisədir...
Lakin daha geniş miqyasda götürdükdə, həyatımızın bütün sahələrini məhz bu yeni təfəkkür işığında nəzərdən keçirmək istədikdə məlum olur ki, o heç də boş yerdə yaranmamış, min illərdən bəri dərin kök atmış dialektik təfəkkürün bəhrəsi kimi meydana gəlmişdir.
Bu gün qarşıda duran vəzifə idrak sahəsində müvəffəqiyyətlərin rəhni olan dialektik təfəkkür tərzinin praktik tətbiqinə nail olmaqdan, fəaliyyət proqramını bu təfəkkür əsasında qurmaqdan, dialektikanı “xalis zəka” sahəsindən “praktik zəka” sahəsinə keçirməkdən ibarətdir.
Sintetik siyasi təfəkkür dialektik idrak metodunun dövlət siyasətinə tətbiqi deməkdir. Miqyaslar arasındakı uçurumun aradan götürülməsi, tam ilə hissənin əlaqələndirilməsi, fərdi problemlərin qlobal hadisələr kontekstində nəzərdən keçirilməsi və əksinə, qlobal hadisələrin həllində hər bir adamın mənafeyinin nəzərə alınması sintetik təfəkkürün mühüm tərkib hissəsidir.
Dialektik təfəkkürün əsasında hərtərəflilik prinsipi, sintetiklik dayanır. Əksliklər müəyyən olunur, ancaq onlar mütləqləşdirilmir, vəhdətdə nəzərdən keçirilir.
Bir fikir başqa fikirləri istisna etmir, əksinə, bir-birini qarşılıqlı surətdə tamamlayır. Sintetik təfəkkür müxtəlif konseptual sistemlərin dialektik sintezi olmaqla yanaşı, müxtəlif təfəkkür tərzlərini də özündə birləşdirir. O, Şərq və Qərb təfəkkür tərzlərinin, milli şüarların bir-birini zənginləşdirməsini nəzərdə tutduğu kimi, elmi və bədii təfəkkürün vəhdəti üçün də meydan açır.
Ya yalnız sosial-mənəvi həyatın anlayışlarla inikasından çıxış edərək bədii ədəbiyyatdan, obrazlı təsvirdən imtina etmək, ya da yalnız bədii ədəbiyyat və təxəyyül hüdudunda qalaraq real həyatın məntiqi inikasına biganə qalmaq, – hər ikisi birtərəfli yaxınlaşmadır. Sintetik təfəkkür bunların vəhdətini tələb edir.
İnsan, onun mənəvi yüksəlişi, fərdi mənəvi dünya ilə ictimai həyat arasında qarşılıqlı əlaqə və ziddiyyət məsələləri əsrlər boyu yalnız fəlsəfənin deyil, həm də bədii ədəbiyyatın, incəsənətin predmetinə daxil olmuşdur. Lakin fəlsəfənin məğzini, əsas məsələsini təşkil edən bu problem bədii ədəbiyyatda bir növ dolayısı ilə, daha doğrusu, təzahürlər vasitəsilə işıqlandırılmışdır. Ədəbiyyatda ən çox tənqid olunan Şərq ölkələrini bürümüş olan mövhumat və cəhalət, elmi düşüncə ənənələrinin zəifliyidir. Əmin ər-Reyhaninin və Mixail Nüaymənin əsərlərində də eynən Sabir, Mirzə Cəlil və Üzeyir Hacıbəyovda olduğu kimi bu cəhətlər özünün geniş bədii ifadəsini tapmışdır.
Bəli, Şərq təfəkkürü nöqsanlardan azad deyil. Lakin kim belə hesab edirsə ki, müasir dövrdə xalqımızın tərəqqisinə mane olan Şərq təfəkkür tərzidir, – səhv edir. Şərq təfəkkürünün müəyyən çatışmazlıqları varsa, bu onun üstün cəhətlərinə də neqativ planda baxmaq üçün əsas vermir. Digər tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür tərzi də özünəməxsus nöqsanlara malikdir. Əmin ər-Reyhani yazır: “Elmin insan həyatını qaranlıq mağara ilə soyuq məzar arasında mühasirədə saxlayan təhlil üsullarından artıq bezmişəm. Müasir mədəni üsulla mağaradan məzara doğru! Nə gözəl səyahətdir! Ancaq xoşbəxtlikdən bu səyahət qısadır”.1
Lakin insanın cismani həyatını, cari problemlərini, praktik əqlini və hətta maddi aləm haqqında elmi-nəzəri düşüncələrini, yaşadığımız bu dünyanın həyati tələbata uyğun olaraq optimallaşdırılması yönündə quruculuğunu və yaradıcılığını da əhatə edən bu “səyahət”lə yanaşı, insanın mənəvi həyatını, mənəvi-estetik yüksəlişini, müqəddəslik duyğusunu əhatə edən ruhani bir “səyahət” də vardır ki, onun nə əvvəli, nə də sonu vardır. Həyatın bu ikinci tərəfini unudaraq ancaq qərbsayaği “səyahət”lə kifayətlənmək, daha doğrusu, bunun naminə ruhani həyatdan imtina etmək yolverilməzdir.
Doğrudan da, yağişdan çıxıb yağmura düşmək nailiyyət hesab oluna bilməz. Təcrübə göstərir ki, biz Qərb mədəniyyətinin, Qərb təfəkkür tərzinin məhz nöqsanlı cəhətlərini qəbul etməyə daha çox meylliyik. Maraqlıdır ki, bizim indi rast gəldiyimiz situasiya o vaxt Livanda və Suriyada da müşahidə olunurmuş və bu vəziyyət ərəb romantik şairlərinin də tənqid hədəfində olmuşdur: “Suriyada geniş yayılmış fransız modası, daha doğrusu Paris bulvarlarının ənlik kirşanlı modası burdakı ictimai qıcığı elə səviyyəyə çatdırmışdır ki, hətta gənclər belə narazılıqlarını və qəzəblərini bildirirlər. Axı, gəzməyə, ya bazarlığa çıxarkən baş örtüyünü əminlik üçün taxmış, lakin eyni zamanda onların çılpaq qollarını və ayaqlarını aşkarlayan fransız geyimli qadınlar onların bacıları və gənc xanımlarıdır. Təbii ki, bu, eybəcərlikdir və dözülməzdir”.1
Müasirliyə gedən yolun diskoteka və videotekadan, hətta internet klublarından keçdiyini düşünənlər səhv edirlər. Belə qüsurlu mövqeyin yayılması bizim ümumiyyətlə mədəniyyət və müasirlik haqqında təsəvvürlərimizin məhdudluğu ilə əlaqədardır.
Bəziləri Avropa ilə bağlı olan hər şeyi mədəniyyət hesab edir, müasirliyi onunla ayaqlaşmaqda görürlər. Lakin bu zaman nədənsə Avropanın elmi, texnikası, maddi istehsal və xidmət mədəniyyəti yaddan çıxır, Avropanı Avropa edən, onu irəlidə zənn etməyə vadar edən əsl cəhətlər unudulur, Qərbin tərəqqisində həqiqətən böyük rol oynamış olan, onun maddi mədəniyyətini tamamlayan mütərəqqi mənəvi mədəniyyət nümunələri yaddan çıxır və əksinə, Qərbin tənəzzülünə, süqutuna, mənəvi deqradasiyasına aparıb çıxara bilən, onun ilkin tərəqqi dövrünün ənənələrinə əsaslanmayan, yandançıxma (çox vaxt afrikasayaği) “mədəniyyət” nümunələri, o cümlədən, bayağı rok, varyete, pornoqrafik musiqi lövhələri, gecə klubları, kazino, striptiz və s. “Avropa mədəniyyəti” kimi qəbul edilir.
Təsadüfi deyildir ki, hələ XX əsrin əvvəllərində – Bakıda kapitalizmin meydana gəldiyi ilk dövrlərdə Qərb sivilizasiyasına, Avropaya seçkili münasibətin zəruriliyini dərk edən H. Cavid yazırdı:
Dostları ilə paylaş: |