STEREOTİPLƏRDƏN İMTİNA EDİN
Məhəbbət kömək dilini öyrənəndə, bəlkə də ailədə kişi və qadının rolu barədə təsəvvürlərinizi dəyişməli olacaqsınız. Mark kimi çoxları üçün də valideynlərinin münasibətləri — ər-arvad münasibətlərinin modelidir. Halbuki Mark valideynlərinin etdiyi hər şeyi təkrarlamırdı. Onun atası hər halda maşını yuyur və bağçada işləyirdi. Ancaq Mark bunu da etmirdi. O, evi təmizləməyi ya da uşağın pampersini dəyişməyi ağlına belə gətirə bilmirdi. Amma Meri üçün bunun vacib olduğunu başa düşəndə, stereotiplərdən imtina etməyi bacardı. Bu, ona şərəf gətirdi. Biz hamımız həyat yoldaşımızın doğma məhəbbət dilinin tələb etdiyini yerinə yetirməliyik, hətta bu, bizim kişi və ya qadın məsuliyyətimiz olmasa belə.
Son otuz ildə baş verən bir çox sosial dəyişikliklərə görə cəmiyyət əksər stereotiplərdən imtina edib. Lakin ailəyə aid stereotiplərin sayı daha da artıb. Əvvəllər hələ televizor mövcud olmayanda, ailədə kişi və qadının rolları valideynlərin təsiri altında formalaşırdı. İndi isə hər evdə televizor var. Bundan əlavə, natamam ailələrin sayı artıb və uşaq evdən kənarda ailə haqqında qeyri-düzgün təsəvvürə malik olur. Çox güman ki, siz və həyat yoldaşınız ərin və arvadın nə etməli olduğu barədə fərqli düşünürsünüz. Lakin bir-birinizə olan məhəbbəti ifadə etmək üçün stereotiplərlə vidalaşmalısınız. Onları qorumağa dəyməz. Çünki həyat yoldaşınızın emosional ehtiyacı daha vacibdir.
Bu yaxınlarda bir qadın mənə dedi:
— Doktor Çepmen, mən sizi bütün dostlarıma tövsiyə edirəm. Çünki siz bizim həyatımızı dəyişdiniz. Bob heç vaxt mənə ev işlərində kömək etmirdi. İkimiz də işləyirik. Əvvəllər axşam o, istirahət edir, mən isə ev işləri ilə məşğul olurdum. Onun ağlına da gəlmirdi ki, mən yoruluram. Seminardan sonra isə hər şey yoluna düşdü. O mənə ilk dəfə «Gəl, sənə kömək edim. Nə etmək lazımdır?» — deyəndə, eşitdiklərimə inanmamışdım. Artıq üç ildir ki, mənim mükəmməl köməkçim var.
Son otuz ildə baş verən bir çox sosial
Dəyişikliklərə görə cəmiyyət əksər
Stereotiplərdən imtina edib. Lakin
Ailəyə aid stereotiplərin sayı daha da artıb.
Əlbəttə, təzə-təzə o, çətinlik çəkirdi. Gülməli hadisələr də baş verirdi, axı o, heç nəyi bacarmırdı. Bir dəfə o, paltar yumaq fikrinə düşdü. Yuyucu tozun əvəzinə ağardıcı maddə götürmüşdü. İndi bizim bütün dəsmallarımız ağ ləkəlidir. Başqa gün salata yağ əvəzinə özünü itirdiyi üçün qab yuyan şampun tökmüşdü. Buna görə mən əsəbiləşmədim, çünki o mənə kömək edirdi. Mənim məhəbbət kasam dolurdu. İndi o, əsl peşəkardır. Hər an ona güvənə bilərəm. Bizim artıq bir-birimizə ayıracaq vaxtımız çoxdur. Çünki mən indi ev işləri ilə yüklənmirəm. Həm də mən onun məhəbbət dilini öyrənmişəm.
Mənə sual verə bilərsiniz: «Məgər doğrudan hər şey belə sadə və asandır?»
Sadə? Bəli. Asan? Xeyr. Bob otuz beş ilə öyrəşdiyi stereotiplərə qarşı durmalı oldu. Bu, elə də asan deyil. Lakin mükafatı çox böyükdür. Bob arvadının doğma məhəbbət dilində danışanda, onların münasibəti kökündən dəyişdi. İndi isə məhəbbətin beşinci dilinə keçək.
Dostları ilə paylaş: |