FƏSİL 14 SON SÖZ
İkinci fəsildə mən belə demişdim: «Həyat yoldaşınızın doğma məhəbbət dilində danışanda, o, tamamilə dəyişəcək. İnsanların məhəbbət kasası dolu olanda, özlərini başqa cür aparırlar». İndi sizdən soruşmaq istəyirəm: «Bəs siz nə düşünürsünüz?». Bu kitabı oxuya-oxuya siz bir çox ailələrlə tanış oldunuz, onların hekayələrini öyrəndiniz, kiçik kəndlər və böyük şəhərlərə səyahət etdiniz, mənim kabinetimdə əyləşib insanlarla həmsöhbətə çevrildiniz. Necə düşünürsünüz, bu məsləhətlər sizə kömək edə biləcəkmi? Həyat yoldaşınızın doğma dilində danışsaydınız, nə baş verərdi?
Mən cavabı bilmirəm. Siz də həmçinin. Amma cəhd edin və nəticəni görəcəksiniz. Seminarlardan sonra çoxları ömür-gün yoldaşlarının dilini mənimsədikdən sonra həyatlarının necə dəyişdiyini mənə deyirlər. İnsan sevildiyini hiss edəndə, hər şeyi bacarır.
Hər insanın öz xasiyyəti və hekayəsi var. Bu yüklə biz ailə həyatına daxil oluruq. Biz dünyaya fərqli baxışlarla nəzər salır və müxtəlif dəyərlərə malik oluruq. Sağlam nikaha müxtəliflik zərər yetirməz. Bizdən eyni cür düşünmək tələb olunmur. Biz fərqliyik, amma bu, aramızda maneə olmamalıdır. Ər-arvad boş məhəbbət kasası ilə yaşayırsa, onlar mübahisə edəcək, bir-birindən uzaqlaşacaq və hətta düşmənə çevriləcəklər. Əgər onların məhəbbət kasaları dolsa, dost olacaqlar. Onlar fərqli olsa da, razılığa gəlməyə can atacaqlar. Nikahda əsas məsələ — məhəbbətə olan emosional tələbatın ödənməsidir. Mən tədqiqatçı alim və antropoloq idim. Buna görə də məsihçiliyin mahiyyətini özüm tapmağa qərar verdim. Mən Məsihin doğuluşu, həyatı, ölməsi və dirilməsi barədə oxudum. Başa düşdüm ki, bizi sevdiyinə görə öldü, Rəbb olduğu üçün də dirildi. Bundan sonra mən iman etdim. Sonra özlüyümdə müəyyən etdim ki, məni sevməyəni sevmək üçün Tanrı mənə güc verir. Öz qatılləri üçün dua edən Şəxsə siz də müraciət edin: «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər». Bundan böyük məhəbbət yoxdur.
Boşanmaların sayının belə çox olmasının səbəbi minlərlə insanın boş məhəbbət kasası ilə həyat sürməsidir. Uşaqlar evdən qaçıb qanunu pozurlar. Bu o deməkdir ki, valideynlər onlara öz məhəbbətini göstərə bilmirlər. Mən inanıram ki, bu kitabda bölüşdüyüm fikirlər sizə kömək edəcək. Bu kitab elmi əmək deyil. Onu universitetin kitabxanasında tozlanması üçün yazmamışam. Halbuki, sosiologiya və psixologiya tədris edən müəllimlərə bu, bəlkə də gərəkli ola bilər. Hər halda bu kitabı nikahı tədqiq edənlər üçün deyil, nikahda yaşayan, əbədi xoşbəxtliyin xəyalını quran, lakin reallıqla üzləşən insanlar üçün yazmışam. Mən arzularınızı yenidən bərpa etməkdə və onları həyata keçirtməkdə sizə kömək etmək istəyirəm.
Arzu edirəm ki, ər və arvadın bir-birini sevəcəyi, ailədə olan qarışıqlığı ümumi rifah naminə birgə həll etməyə çalışacaqları gün yetişəcək. Ümid edirəm, elə bir gün gələcək ki, hər bir ailədə uşaqlar məhəbbətlə əhatə olunub öz enerjilərini təhsilə və işə yönəldə biləcəklər. Ümidvaram ki, bu kitab evinizdəkilərə və başqalarına məhəbbət alovunu saçmağa kömək edəcək.
İmkanım olsaydı, hər ailəli insana kitabımı bu sözlərlə hədiyyə edərdim: «Mən onu sizin üçün yazmışam. Ümid edirəm ki, bu kitab sizin həyatınızı dəyişəcək». Lakin mən bunu etmək gücündə deyiləm. Ona görə xahiş edirəm ki, bu kitabı evinizdə qoruyub saxlayın, onu öz doğmalarınıza, iş yoldaşlarınıza, klubdakı dostlarınıza, məbədinizə və sinaqoqlarınıza gələnlərə hədiyyə edin. Kim bilir, bəlkə bir gün arzular həqiqətə çevriləcək.
Dostları ilə paylaş: |