MəHƏMMƏd hüseyn təBRİZİNİN “BÜrhani-qate” LÜĞƏTİNDƏ onomastik vahiDLƏR


“Bürhani-qate” lüğətində türkmənşəli adlar



Yüklə 335,82 Kb.
səhifə18/27
tarix05.01.2022
ölçüsü335,82 Kb.
#111778
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
2.3. “Bürhani-qate” lüğətində türkmənşəli adlar
“Bürhani-qate” lüğəti Azərbaycan türkcəsini tarixi aspektdən öyrənmək baxımından da böyük əhəmiyyət daşıyan dəyərli bir qaynaqdır. Külli miqdarda sözü özündə cəmləşdirən “Bürhani-qate”də fars ədəbi dilinin lüğət tərkibində mövcud olan alınma sözlər də az deyil. Bu baxımdam lüğətdə yer alan türkmənşəli adların təhlili də olduqca əhəmiyyətlidir.

Ümumiyyətlə, ünsiyyət vasitəsi olan dilə cəmiyyətdə baş verən ictimai hadisələrin təsiri danılmazdır. Belə ki, hər bir dilin lüğət tərkibi cəmiyyətin ictimai-siyası, iqtisadi həyatında baş verən proseslər nəticəsində tələbatdan asılı olaraq dəyişikliklərə məruz qalır, inkişaf edir və təkmilləşir. Başqa sözlə, dil hər bir xalqın tarixi inkişafı ilə birbaşa bağlıdır. Cəmiyyətdə baş verən proseslərin dilə təsiri nəticəsində dilin lüğət tərkibində də müəyyən dəyişikliklər baş verir: hər hansı bir dilin digər dillərlə qarşılıqlı əlaqəsi zamanı lüğət tərkibi alınma sözlər hesabına zənginləşir, bir qrup sözlər isə lüğət tərkibindən çıxaraq unudulur, arxaik səciyyə daşıyır. Bu barədə Ə.Dəmirçizadə yazır: “Dilin lüğət tərkibi fasiləsiz dəyişir. ... bir tərəfdən, dilin lüğət tərkibində olan sözlərdən bəziləri işlədilmə dairəsinə görə tədricən məhdudlaşır və nəhayət, dildən çıxır; digər tərəfdən isə bir sıra sözlər daha geniş dairədə işlədilmə hüququ qazanır, bəzi sözlər yeni və zəruri məna ifadə edən sözlərə çevrilir, dilin öz vahidləri əsasında yeni sözlər düzəldilir, eləcə də başqa dillərdən sözlər alınıb dilin lüğət tərkibinə qatılır. Beləliklə də, dilin lüğət tərkibi daim dolğunlaşır və zənginləşir” [16, s.99]. Deməli, elə bir dil tapılmaz ki, onun tərkibində alınma söz olmasın. Həmin alınma sözlərin də müxtəlif səbəblərə görə daxil olduqları dildə işlənməsi müəyyən müddət vacib olsa da, sonralar bir qismi öz əhəmiyyətini itirərək həmin dilin lüğət tərkibindən çıxmış, bəziləri isə öz qüvvəsində qalmaqda davam etmişdir.

Hər bir dilin lüğət tərkibi həmin dilə aid olan müxtəlif növ lüğət kitablarında öz əksini tapır. “Bürhani-qate” lüğətində də külli miqdarda alınma sözlər toplanmışdır. Bu qəbildən olan leksik vahidlər lüğətdə həm baş söz, həm də sıralanan əsas sözlərin izahında onların qarşılığı olaraq yer almışlar. Azərbaycan dilinin türk dilləri ailəsinə mənsub olması, lüğətdə olan türkmənşəli sözlərə üstünlük verilməsini şərtləndirir.

“Bürhani-qate” lüğətində qeydə aldığımız türkmənşəli sözləri iki böyük qrupa ayırmaq olar: 1. Lüğətdə baş söz kimi yer almış türkmənşəli sözlər; 2. Fars dilində verilmiş sözlərin izahında onlara qarşılıq olaraq işlənmiş türkmənşəli sözlər.

Məhəmməd Təbrizi “Bürhani-qate”də türkmənşəli sözlərin mənşəyini göstərmək üçün ümumi şəkildə “بترکی” (türkcə) və “ترکان” (türklər) sözlərindən istifadə etmişdir. Əlbəttə ki, dissertasiya işinin həm həcmi, həm də tədqiqat obyekti hər iki qrup üzərində ətraflı dayanmağa imkan vermir. Çünki istər ümumi, istərsə də xüsusi ad kimi bir çox onomastik vahidləri əhatə edən həmin türkmənşəli sözlər külli miqdardadır. Bunu nəzərə alaraq burada fəslin mövzusuna uyğun olaraq “lüğətdə baş söz kimi yer almış türkmənşəli sözlər” qrupuna daxil etdiyimiz “türkmənşəli antroponimlərdən” bəhs edəcəyik. Ümumiyyətlə, aşağıda şərh olunan sözlərin bir çoxu lüğətdə birbaşa türkmənşəli kimi verilməsə də, həmin kəlmələrin və ya onların tərkib hissələrinin türkmənşəli olması mübahisə doğurmur. Mənbədəki türkmənşəli antroponimlər aşağıdakılardır:

آقسنقر aqsonqor [165, 17a] – quruluşca mürəkkəb olan bu sözün bir neçə həqiqi və məcazi mənası qeyd olunmuşdur. Sözün həqiqi mənası sırasında “ov quşu” və “türk padşahlarının ləqəbi” izahları verilmişdir. “آقسنقر” sözünə münasibət bildirən M.Müin onun türkcə “آق” (ağ) və “سنقر” (quş növü) sözlərindən təşkil olunduğunu qeyd etmişdir [104, s.52]. Eyni zamanda öz lüğətinə də onu türkmənşəli söz kimi daxil etmişdir [119, s.73]. V.Radlovun lüğətində geniş və ətraflı şəkildə təhlili verilmiş “آق” (ak) sözünün əsasında yaranmış sözlər qruplar şəklində təqdim edilmiş [90,s.88-95] və “آغ” variantı da daxil edilmişdir [90, s.142]. Türk dilində hər iki variantın işləndiyini bir daha qeyd edən L.Z.Budaqov da bunun əsasında yaranan sözlərə geniş yer ayırmışdır [77, s.66]. Türkmənşəli söz olan “سنقر” haqqında isə sonrakı səhifələrdə bəhs olunacaq.

Bəsim Atalay “Ağsunqur” adlı tarixi şəxsiyyət haqqında yazır: “Mosul atabəyləri dövlətini quran İmadəddinin atasıdır. Böyük Səlcuq padşahı Sultan Məlikşahın köləsi idi. Hələbdə vali olmuşdu. “Sunğur” quş adıdır” [6, s.9].

Digər mənbədə “Ağ Sunqur” adının tərkib hissəsi olan “Sunqur” sözünün “qədim türk dilində şahin mənasında işlənməsi” qeyd edilmiş və bu ad “igid şahin, güclü, qüdrətli şahin” mənasında izah edilmişdir [57, s.74].

اتابک Ətabək [165, 22a] – Məhəmməd Təbrizi təlim-tərbiyə ilə məşğul olan şəxsin və Şiraz hakimlərinin belə çağırılma səbəbini qısa şəkildə izah etmişdir. Eyni zamanda müəllif “اتا” (ata) və “بیک” (böyük) sözlərinin iştirakı ilə yaranan türkcə kəlmənin “böyük ata” (پدر بزرگ) mənasını ifadə etdiyini diqqətə çatdırmışdır. M.Müin “Bürhani-qate” lüğətinin nəşrinin çıxarış hissəsində ilk növbədə Atabəylər haqqında tarixi nöqteyi-nəzərdən ümumi məlumat vermiş və burada “اتابک” sözünün yaranmasında iştirak edən tərəflərin mənşəyini, onların ifadə etdiyi mənaları göstərmişdir [104, s.86-87]. Lüğətinə də həm “آتابک” [119, s.27], həm də “اتابک” [119, s.133] qrafik variantlarını daxil edən müəllif, onun tərkib hissələrinin türk sözü olduğunu vurğulamışdır. Bunlarla yanaşı, əldə etdiyimiz digər dəyərli mənbələrdə də “اتابک” sözünün tərkib hissəsi olan “اتا” geniş izahlarla əksini tapmışdır. Belə ki, “Древнетюркский словарь” (“ДТС”) (Qədim türk sözləri lüğəti) kitabında “ata” məlum mənada izah olunmuşdur [79, s.65-66]. V.Radlovun lüğətində də bu sözün işləndiyi türk dillərindən asılı olaraq “ata, baba, ulu baba, əcdad” mənalarını ifadə etməsi, həmçinin “şah övladlarının tərbiyəçisinə” – atabək, “nazir, ordu başçısına” isə “atabəyi” deyilməsi qeyd olunmuşdur [91, s.449-452]. L.Z.Budaqov da baş söz olaraq türkmənşəli “ata” kəlməsini lüğətə daxil etmiş, onun “اتا” və “اته” qrafik variantlarını, həmçinin bu sözün iştirakı ilə yaranan söz birləşmələrini göstərmişdir. Hətta bu sözün şərhində “اتابک” kəlməsinin izahına da kifayət qədər yer ayırmışdır [77, s.8-9].

Müasir fars şəxs adları lüğətlərində də yer alan اتابک adı [124, s.20;125, s.51;126, s.33] adlarla bağlı digər İran mənbəsində belə “türkcə oğlan adı” qrupundadır [182].

Azərbaycan şəxs adları sırasında yer almış “Atabəy” adının izahında əvvəl onun tərkib hissələri olan “Ata” və “Bəy” kəlmələrinə müraciət olunması göstərilmiş, həmçinin “Səlcuqlular dövründə şahzadələrin tərbiyəsi ilə məşğul olanlara verilən addır; dayə, mürəbbiyə, lələ” anlamı da yer almışdır [8, s.43]. “Türk böyükləri və ya türk adları” kitabında bu ad haqqında “bəy ata, lələ bəy deməkdir. Səlcuq padşahlarının uşaqlarını tərbiyə edənlərə verilən addır. Bunlardan bir hissəsi müstəqil dövlətlər qurmuşlar. Onlardan Hələb, Mosul, Sincar, Fars atabəyləri tarixdə məşhurdur” [6, s.8] kimi məlumat vardır.

اتسز Etsez [165, 22a] – antroponimi Xarəzm padşahının adıdır. Müəllifin qeydinə əsasən türkmənşəli hesab olunan bu sözün tərkib hissələri “بی” və “گوشت” (ət + sız4) olub, məcazi mənada “arıq” anlamını ifadə edir. Lakin “Bürhani-qate” lüğətinin nəşrinin çıxarışında sözün tərkib hissəsinə əsasən “etsiz” kimi tələffüz olunduqda “arıq”, “ətsiz” tələffüz variantında isə “بی” və “نام” (ad + sız4) mənasını bildirməsi də qeyd edilmişdir [104, s.87]. Eyni zamanda M.Müinin lüğətində baş söz olaraq yer almış və müəyyən məlumatlar verilmiş “آتسز” antroponiminin türkmənşəli olması bir daha qeyd olunmuşdur [122, s.7-8].

Ümumiyyətlə, quruluşca düzəltmə olan bu kəlmənin birinci əsas tərəfi əldə etdiyimiz digər türkdilli lüğətlərə əsasən həmin sözün türkmənşəli olmasını təsdiq edir. Belə ki, “ДТС”də ətraflı izah edilmiş həm “ad”, həm də “at” (heyvan) mənalarını bildirən sözə yalnız “at” qrafik variantında rast gəlinir [79, s.64-65]. L.Z.Budaqov öz növbəsində həmin mənada işlənən kəlmənin çağatay, tatar dillərində “آت (ط)”, Azərbaycan və türk dillərində isə “آد” fonetik variantlarda olmasını diqqətə çatdırmışdır və həmin sözün “at” (heyvan) mənasında ifadə olunduğunu da qələmə almışdır [77, s.7-8]. V.Radlov isə baş söz olaraq lüğətə əlavə etdiyi “atsız” sözünün bir neçə türk dillərində işləndiyini qeyd edərək, onun həm “adı olmayan, adsız, naməlum”, həm də “atı olmayan, atsız” mənalarını göstərmişdir [90, s.473]. B.Atalayın kitabında da “Xarəzm ölkəsində hakim olmuş Xarəzmşahların ikinci padşahıdır. H.551-ci (m.1156) ildə ölən bu padşah ədaləti sevərmiş. Bu adda türk böyüklərindən bir şəxs daha olmuşdur ki, h. 466-cı (m.1071-1072) ildə Rum, Qüds və Şamı Fatimilərin əlindən almışdı” izahlı “Atsız-Adsız” adına rast gəlirik [6, s.7].

Müasir fars şəxs adları sırasında rast gəlinən türkmənşəli “آتسز” adı həm konkret şəxs adı kimi [124, s.3], həm də ümumi mənalarda [117, s.17] izah edilmişdir.

Azərbaycan dilinin şəxs adları sırasında yer alan “Adsız” [8, s.16] və “Atsız” [8, s.46] adları az işlənən adlardır.



الچیچک Əlçiçək [165, 38a] – türk şahzadəsinin adıdır. Bu sözə müraciət etdiyimiz lüğətlərdə antroponim kimi rast gəlmədik. Quruluşca mürəkkəb olan bu söz “ال” (əl, al) və “چیچک” (çiçək) sözlərinin iştirakı ilə yaranmışdır. Məna baxımından sözü “al-qırmızı, al-rəngli çiçək” kimi ifadə etsək, yanılmarıq. Sözün tərkib hissələri müraciət etdiyimiz lüğətlərdə də türkmənşəli kimi təsdiqini tapır. Belə ki, L.Z.Budaqovun lüğətində rəng mənasını bildirən “آل” (al) [77, s.75-76], çiçək anlamını ifadə edən “چیچک، چچک” [77, s.470; 119, s.1274] sözləri daxil edilmişdir. “ДТС”də də “al” [79, s.31] və “çeçək” [79, s.143] sözləri məlum mənalarda qeydə alınmışdır.

ایلخان İlxan [165, 49a] – monqol sultanlarına verilən ləqəbdir. Ləqəblər antroponimik sistemdə köməkçi adlar qrupuna aid olduğuna görə, mənbədə ləqəb kimi təqdim olunan “İlxan” adını məhz türkmənşəli antroponimlər sırasına daxil etdik. L.Z.Budaqov bu sözün çağatay dilinə aid olduğunu qeyd etmişdir [77, s.206]. İstinad etdiyimiz “ДТС”də, V.Radlov və L.Z.Budaqova məxsus lüğətlərdə bu ada rast gəlinmir. Lakin quruluşca mürəkkəb olub “ایل” (il) və “خان” (xan) sözlərinin birləşməsindən yaranan bu sözün tərkib hissələrinin türkmənşəli olması onun həmin mənşədən olmasına əsas verir. Belə ki, “ДТС”də – “el” [79, s.168-169], L.Z.Budaqovun lüğətində “ایل، ال” (il, el, əl) [77, s.203-204], V.Radlovda bir neçə türk dillərində işlənən və “xalq, tayfa, ailə” və s. bu kimi mənalarda işlənən “āl” [90, s.350] “äl” [90, s.803-804], “el” [90, s.805], “il” [91, s.1471-1472] qrafik variantlarında verilmiş sözün türkmənşəli olması təsdiqini tapır. “Xan” sözü də mənbələrdə bu qaydada verilmişdir: “ДТС”də [79, s.636] və V.Radlova məxsus lüğətdə [93, s.1662-1663] birmənalı olaraq türkmənşəli olması, L.Z.Budaqovun lüğətində isə həm türk, həm də fars dilinə aid olduğu qeyd olunubdur [77, s.527-528]. M.Müinin lüğətində də mənşəyi türk olaraq göstərilən həmin sözün bir daha bu kökdən olması təsdiqini tapır [119, s.1393].

“Elxan” adı Azərbaycan dilinin şəxs adları lüğətində “elin xanı, ölkənin başçısı; hökmdar, imperator, padşah” mənalarında izah edilmişdir [8, s.130].

بکتاش Bəktaş [165, 74a] – antroponim kimi “Xarəzmdən olan padşahlardan birinin adıdır, bu mənada türk sözüdür. “Kəsrə” ilə də deyilir”. V.Radlovun tərtib etdiyi lüğətdə türkmənşəli olan “Bəktaş” sözünün “uyğun, oxşar” mənalarını ifadə etməsi qeyd edilib [96, s.1573]. Müasir fars şəxs adları lüğətlərində də türkmənşəli ad kimi təqdim olunub [117, s. 49; 124, s.42-43].

قراسنقر Qərasonqor [165, 297b] – sözü qara rəngli ov quşu, məcazi mənada gecə, və “قره سنقر Qəresonqor” kimi də adlandırılan Xorasan padşahı sultan Səncər bin Məlekşahın ləqəbi kimi izah edilmişdir. “Bürhani-qate” lüğətində “türk sözü” kimi təqdim olunan bu adı M.Müin də türkmənşəli söz kimi təqdim etmişdir [106, s.1522; 119, s.2652].

Quruluşca mürəkkəb olan həmin söz türkmənşəli “قرا” və “سنقر” sözlərinin iştirakı ilə yaranmışdır. Müraciət etdiyimiz mənbələrin hər birində ətraflı şəkildə yer almış “قرا” sözü türkmənşəli söz olaraq öz təsdiqini tapmışdır [79, s.422;78, s. 42-44, s.53; 92, s.132-142]. Türkmənşəli söz olan “سنقر” haqqında “Bürhani-qate”də yer almış “سوبدی” sözünün izahında məlumat verilmişdir. Belə ki, سوبدیsubdi – “kiçik quş” mənasını bildirən bu sözün farsca سار sar (sığırçın), türkcə isə سنقورجوق sunqurcuq kimi səslənməsi qeyd olunur [165, 237b]. Quruluşca düzəltmə olan “سنقورجوق” (جوق +سنقور) sözünün birinci tərəfi mənbələrdə müstəqil şəkildə yer alsa da, kiçiltmə mənasını verən “جوق” şəkilçisi ilə işlənən variantına rast gəlmədik. “سنقور” sözünə gəldikdə isə, “سونقور” və “صونغور” variantlarını qeyd edən V.Radlov bu sözün mənasını “şahin, tərlan” quşu kimi vermişdir [95, s.539; s.760]. Türk, çağatay, qırğız dillərində işlənən bir çox fonetik variantlarını lüğətinə daxil edən L.Z.Budaqov “sunqur” sözünün mənasını “şahin, tərlan” quşu kimi qeyd etmişdir [77, s.649]. Hətta dilimizin lüğət tərkibində “sunqur” sözünün təhrif olunmuş variantı olan “şonqar” (yəni “şahin”) sözünə rast gəlinir [12, s.532]. Digər izahlı lüğətdə baş söz kimi yer almış “Şonqar” sözü “şahinlər fəsiləsindən olan yırtıcı quş” kimi izah olunmuşdur [4, s.383]. “Sunqur” sözü haqqında M.Nağısoylu tədqiqatında da ətraflı məlumat vermişdir [50, s.99].

Göründüyü kimi “سوبدی” sözünün izahında müəllif bir qədər qeyri-dəqiqliyə yol vermişdir. Mənbələrdə də “سنقورجوق” sözünə bütövlükdə rast gəlmədiyimizdən güman etmək olar ki, müəllif müəyyən dövrdə “sığırçın” sözünün qarşılığı olaraq türkcə belə işləndiyinin şahidi olmuşdur.

Qeyd etmək istərdik ki, “Bürhani-qate”də rast gəlinən eyni məna, lakin müxtəlif variantlıشنغار şunğarشنقار şunqar sözlərinin izahında olan maraqlı məqamlar diqqətimizi cəlb etdi [165, 260a]. Belə ki, burada rum dilində işlənən sözün “qırğı-bildirçinə bənzər olan bu qaragözlü quşla padşahlar ov ovlayarmışlar” mənasını ifadə etdiyi bildirilir. Yuxarıda qeyd etdiyimiz kimi, L.Z.Budaqovun təqdim etdiyi bir çox variantlar içərisində məhz “شنقار” da yer almışdır [77, s.649]. Hətta “Bürhani-qate”də söz sırasında yer almış سنقر sunqur sözünün “شنقار” ilə eyni mənada olması bir daha qeyd olunmuşdur. İstər Azərbaycan dilində işlənən “şonqar” variantı, istərsə də sözlər arasında olan məna yaxınlığı “شنغار” və “شنقار” sözlərinin, “sunqur” sözü ilə eyni olduğunu sübut edir. Düşünürük ki, lüğətdə verildiyi kimi rum dilində işlənən “şunqar” sözü “sunqur”un fonetik dəyişikliyə uğramış variantıdır.

“Bürhani-qate” lüğətində hərf fərqində təzahür edən iki variantda yazılmış adlara da rast gəlinir. Buna nümunə olaraq الدگز Eldegez [165, 38a] və ایلدگز İldegez [165, 49a] antroponimlərini göstərə bilərik. Adın birinci variantında “türk padşahının adıdır”, ikincidə isə “məşhur padşah adıdır. Onun türk sözü olduğu deyilir” izahları verilmişdir. İstinad edilən türk dillərinə aid lüğətlərdə bu sözlərə antroponim kimi rast gəlmirik. Lakin quruluşca mürəkkəb olan bu adın tərkib hissələrinin mənşəyinə görə türkmənşəli olduğu şübhəsizdir.

Azərbaycan dilinin şəxs adları sırasında yer alan “Eldəgəz” adı “yad ölkələrdə gəzib-dolaşan” mənasında işlənir [8, s.130]. Tərkib hissələrinə görə “el+də” və “gəz” sözlərinə ayrı-ayrılıqda nəzər salaq. Belə ki, adın birinci tərəfi olan “el” sözünün mənşəyi yuxarıda verilmiş “İlxan” antroponiminin izahında əksini tapmışdır. “Eldəgəz” adının mənasına istinadən “gəz” sözünü “gəzmək” feilinin əsası hesab etsək, yanılmarıq. Türk dillərinə aid olan lüğətlərdə məlum mənada işlənən bu sözün türkmənşəli olması göstərilmişdir. Belə ki, V.Radlovun lüğətində çağatayca “ĸäз” (کیزمک) [93, s.1171], həmçinin osmanlıca işlənən “ѓäз” (کزمک) sözü [93, s.1574] və onun əsasında yaranmış “ѓäзін” (کزنمک), “ѓäзінті” (کزندی) [93, s.1575], “ѓäздір” (کزدرمک), “ѓäзмä” (کزمه) [93, s.1576] və s. sözlər söz sırasında yer almışlar. “ДТС”də isə “kez” qrafik variantındadır [79, s.304]. Mənbələrə istinadən müxtəlif qrafik variantlarda təqdim olunan “gəzmək” mənasını ifadə edən “gəz” sözü, aydındır ki, türkmənşəlidır.

Beləliklə, türkmənşəli sözlərin iştirakı ilə yaranmış “Eldəgəz” adının tərkib hissələrinin mənaları bir daha bu adın “yad ölkələrdə gəzib-dolaşan” mənasına uyğun gəlir.

Bəzən lüğətdə türkmənşəli adlardan olmasa da, müəllif tərəfindən “türk adı” kimi təqdim edilmiş adlara da rast gəlirik. Məsələn: Əfrasiyabın casus kimi Rüstəmin nə qədər qoşunu olduğunu öyrənmək üçün göndərdiyi şəxsin adını ifadə edən فرغار Fərğar [165, 287a] antroponimini Məhəmməd Təbrizi türk adı olaraq təqdim etmişdir. Lakin bu adı quruluş nöqteyi-nəzərdən təhlil etsək, onu təşkil edən kəlmələrin türkmənşəli olması haqqındakı fikir özünü doğrultmur. Quruluşca mürəkkəb olan “فرغار” sözünün tərkib hissələri farsmənşəli “فر” (parıltı, şəfəq, nur, parlaqlıq, təmtəraq) və “غار” (mağara) kəlmələrindən ibarətdir. Hətta V.Radlovun lüğətində də baş söz olaraq yer almış “فر” sözü osmanlı dilində işlənsə də, onun fars dilindən alınması tərtibçi tərəfindən göstərilmişdir [96, s.1921]. Bütün bunları nəzərə aldıqda, sözügedən antroponimin türkmənşəli olması təsdiqini tapmır.

“Bürhani-qate” lüğətində bunlardan başqa, baş söz kimi yer almış digər bir qrup türkmənşəli sözlər də vardır ki, onların mənşəyi Məhəmməd Təbrizi tərəfindən qeyd olunmamışdır. Lakin M.Müinin hazırladığı “Bürhani-qate” lüğətinin nəşrində tərtibçi ehtiyac duyduğu sözləri çıxarışda əlavə qeydlərlə şərh etmişdir. Eyni zamanda bir çox hallarda onların mənşəyinə də münasibət bildirmişdir. Bu qəbildən olan sözlərə nəzər salaq:

1) آیاز Ayaz, ایاز Əyazایاس Əyas [165, 20a;48a] – antroponimləri Sultan Mahmud Qəznəvinin xidmətçisi kimi təqdim olunmuş, lakin bu adın mənşəyi haqqında məlumat verilməmişdir. “Bürhani-qate” lüğətinə “Ayaz” antroponimi üç müxtəlif qrafik və fonetik variantda daxil edilib, lakin həmin şəxsin türkəsilli olması göstərilməyib. M.Müin isə bu şəxsin “türkəsilli xidmətçi” olduğunu qeyd etsə də, sözün mənşəyi haqqında məlumat verməmişdir [104, s.73;s.193]. Hətta M.Müinin lüğətində bu söz həm xüsusi, həm də ümumi ad olaraq yer almış, lakin onun türkmənşəli olması haqqında heç bir qeyd verilməmişdir. Ümumi ad olaraq “ایاز” və “ایاس” qrafik variantlarında olan bu kəlmənin “gecə küləyi, şeh, şəbnəm” mənalarını ifadə etməsi qeyd olunub. Əlavə olaraq sözün gilək dialektində “əyaz” şəklində işlənməsi də göstərilmişdir [119, s.411]. Xüsusi ad olaraq isə bu şəxs haqqında “Əbu Nəcm Ayaz Oymaq (vəf. 449/1057) türkəsilli xidmətçi və Sultan Mahmud Qəznəvinin sevimli əmirlərindən olmuşdur” [122, s.204] məlumatı yer almışdır.

İstər M.Müinin bu adın “türk əsilli xidmətçi”yə məxsus olması qeydinə, istərsə də müraciət etdiyimiz bəzi mənbələrdə sözün məhz türkmənşəli olmasına rast gəldiyimizdən “Ayaz” adını türkmənşəli sayaraq onu bu qəbildən olan antroponimlər bölməsınə əlavə etdik. Həmin mənbələrdəki məlumatlara nəzər salaq:

“ДТС”də “ayas” fonetik variantında verilmiş sözün M.Kaşğari lüğətinə əsasən ümumi ad kimi “açıq, aydın, təmiz (hava)”, xüsusi ad olaraq isə “gözəl simalı, yaraşıqlı qullara verilən ad” mənaları verilmişdir [79, s.27]. L.Z.Budaqov bu sözün tatar dilində “آیاز”, çağatayca “آیاس” şəklində işlənən qrafik variantını təqdim etmiş, həmçinin onun “açıq, aydın hava” və türk dilində “ay işığı, aylı gecə” mənalarını göstərmiş və bunun əsasında yaranmış sözlərə də yer ayırmışdır. Eyni zamanda burada bu kəlmənin antroponim olaraq “Sultan Mahmud Qəznəvinin əzizi, vəziri”nin adının olması da qeyd olunmuşdur [77, s.173;s.174]. V.Radlovun lüğətində də bir neçə türk dillərində işlənən “ayaz” (ایاز) sözünün “ay işığı, aylı gecə, soyuq, şaxta” və s. mənaları göstərilir [90, s.215-216]. Qeyd edək ki, sonuncu mənbədə verilmiş izahlarda sözün antroponimik vahid olaraq işlənməsinə rast gəlmədik. Bu ad fars şəxs adları sırasında da türkmənşəli ad kimi verilmişdir [117, s.38;124, s.33]. İran mənbələrinin birində “آیاز” adı haqqında olan məlumatda onun məhz türkmənşəli olması göstərilib [182]. “Ayas, Ayaz” adları türkmənşəli ad olaraq “Türkcə şəxs adlarımız” adlı kitaba da daxil edilmişdir [35, s.25]. Digər mənbədə bu ad haqqında belə məlumat verilmişdir: “Əvvəllər qədim türk dillərində “ayaz” buludsuz qış geçələrinə deyərdilər. Belə gecələrdə əsən şaxtalı küləyi “ayaz küləyi” adlandırırdılar. Sultan Mahmud Qəznəvinin də Ayaz adında qulu var idi, ... ona əlavə ad da vermişdi: Əbunəcm – “”ulduzların atası”, məcazi mənada, yəni “ən parlaq ulduz”. Beləliklə, adi qul ləqəbi sonralar ada, istedad və sədaqət rəmzinə çevrilmişdir” [49, s.20-21].

Ümumiyyətlə, “Ayaz” antroponimi Azərbaycan dilinin şəxs adları sırasında geniş yayılan adlardandır [8, s.48;1, s.11].

2) باتو Batu [165, 50a] – Çingiz xanın nəslindən olan şahlardan birinin adıdır. Həmçinin “sultanların sevimlisi” mənasını da bildirir. Verilmiş izaha istinadən, “batu” sözü tarixi şəxsiyyəti ifadə etməklə yanaşı, “sultanların sevimlisi” mənası ilə antroponimikada köməkçi adlar sırasında ləqəbə daha yaxındır. M.Müin “باتو” sözünün özünün türk dilində “güclü, bərk, möhkəm” mənalarını ifadə etməsini diqqətə çatdırmış və əlavə olaraq tarixi şəxsiyyət kimi Batı xan haqqında qısa məlumat vermişdir [104, s.203-204].

3) بغرا Boğra [165, 73a] – Xarəzmdən olan şahın adıdır. Həmçinin ilk dəfə olaraq Buğra xan tərəfindən hazırlanmış bir şorba adıdır. Onun şərəfinə “Buğraxani” adı verilmişdir V.Radlovun lüğətində də rast gəldiyimiz çağatay mənşəli “بغرا” sözünün izahında “بغراخان” antroponimi də yer almışdır [96, s.1807]. Bu tarixi ad fars şəxs adları sırasında yer almışdır [122, s.42;124, s.106].

4) تکش Təkəş [165, 118a] – sultan adlarından biridir, həmçinin üzüm çəyirdəyinə də deyilir. “Tekəş” kimi də tələffüz olunur. M.Müinin lüğətində türkmənşəli kimi göstərdiyi adın “Xarəzmlər sülaləsindən olan İran şahı Əbu Müzəffər Əlaəddin bin El Arslan”a məxsus olması qeyd edilib [122, s.394]. İran mənbələrinin birində bu adın izahında “Xarəzm şahı Adsız sultanın oğlu Sultan Təkəş Xan Xarəzmi”nin [183] adına da rast gəlirik. Ad fars şəxs adları lüğətlərində də türkmənşəli kimi qeyd olunmuşdur [124, s.62;117, s.69]. Həmçinin “ДТС”ə daxil edilmiş bu sözün həm xüsusi ad, həm də titul kimi işlənməsi də diqqətdən kənarda qalmır [79, s.550].

Türkmənşəli bu antroponim haqqında Besim Atalay kitabında belə bir məlumat vermişdir: “Təkəş, Tekeş – Xarəzm şahlarından İlarslanın böyük oğludur... Tekeş, keleş, türkeş, qardaş, yoldaş, bağdaş, kebeş kimi sözlərin sonundakı eş//aş şəkilçisi müqayisə, yaxınlıq bildirir...Orxon çayı sahilindəki Gültəkin kitabələrində bu adda bir bəyin adı çəkilir. “Tekeş”in üzüm çəyirdəyi mənasını verməsini “Bürhani-qate” tərcüməsində yazırlar” [6, s.64-65]. Məşhur türk aliminin sonda “Bürhani-qate”yə müraciət etməsi türk dünyasında bu lüğətin məşhur və dəyərli mənbələrdən sayılmasını bir daha önə çəkir.

“Bürhani-qate”də bu adın eyni zamanda yuxarıdakı mənalarda izah edilən تکیز təkiz [165, 118a] variantına da rast gəlirik. Bundan başqa, mənbədə تکش təkəş sözünə uyğun olan تکس təkəs [165, 117b] sözünün izahında “تکش” mənasında olub, “üzüm dənəsini” ifadə etməsi izahı da diqqətdən kənarda qalmır. Lakin göründüyü kimi, bu variantın izahında onun antroponim kimi işlənməsi verilməmişdir. Hər üç variantın məna yaxınlığı onomastika baxımdan olmasa da, “تکش، تکیز، تکس” sözlərinin ifadə etdiyi ümumi “üzüm çəyirdəyi” anlamına görə bir adın müxtəlif variantları kimi qəbul edə bilərik. Hətta M.Müinin lüğətində ümumi adlar sırasında yer almış “تکس” və “تکش” sözlərinin izahında “üzüm çəyirdəyi” mənasını ifadə edən تکژ təkəj sözünə müraciət olunması verilib [119, s.1126].

5) سنجر Səncər [165, 235a] – mənbədə onomastik vahid olaraq məşhur padşah adı və ov quşu adı kimi izah edilmişdir. M.Müinə istinadən burada məşhur padşah Səlcuqilərin səkkizinci padşahı Məzəddin Əbu Haris Səncərdir. Bundan başqa, türkmənşəli olan bu söz “ov quşu” mənasında da işlənir [105, s.1171]. Müasir fars şəxs adları sırasında da türkmənşəli ad kimi yer almışdır [117, s.153; 124, s.133].

6)طغرل Toğrol, Toğrel [165, 269b] – mənbədə birinci tələffüz variantında ov quşu, ikinci variantda isə Səlçuq şahlarından birinin adını bildirir. V.Radlov çağatay dilinə aid olan “طوغرل” sözünün ov quşu və şəxs adı mənalarında işləndiyini göstərmişdir [94, s.1167]. Fars şəxs adları lüğətlərində ov quşu mənasında izah edilən söz türkmənşəli ad kimi təqdim edilmişdir [117, s.186; 124, s.164].

7) قچ قار Qoçqar [165, 297a] – “Bürhani-qate”də “qoç” mənasında yer alan sözün türkmənşəli olduğunu M.Müin lüğətində qeyd etmişdir. Belə ki, o, lüğətinə həmin mənada təqdim etdiyi sözün قجغار قچقار variantlarını baş söz olaraq daxil etmişdir [120, s.2640]. Digər mənbələrdə də söz eyni mənalarda verilib [78, s.71;79, s.451; 92, s.617-18]. Dilimizin şəxs adları siyahısında “Qoşqar” adı yer almışdır [8,s.232]. Bu adın “Döyüşmək üçün bəslənilmiş buynuzlu qoç”mənasını bildirən “Qoçqar” variantı da vardır [8, s.231]. Başqa bir mənbədə rast gəlinən “qədim türk qəbilələrindən birinin adı olan qoşqar sözündəndir; koşqar (qoç, erkək qoyun) sözündəndir” [1, s.20] mənaları ilə bir daha türkmənşəli söz kimi təsdiqini tapır.

Beləliklə, “Bürhani-qate”də qeydə aldığımız türkmənşəli antroponimlər haqqında bu qeydlərimizi onlarla bağlı müraciət etdiyimiz istər lüğətlər, istərsə də müasir mənbələr də təsdiq edir. Eyni zamanda bu antroponimlərin bir çoxunun fars şəxs adları lüğətlərində yer alması və bunların şəxs adları sırasının zənginləşməsindəki rolu diqqətçəkici məqamlardan biridir. Bütün bu faktlar türk dilinin farscaya təsirinin qədim tarixə malik olduğunu açıq-aşkar bir şəkildə sübut edir. Məlum olduğu kimi fars dilinə türkmənşəli sözlərin daxil olması Səfəvilər dövründə xüsusilə daha güclü bir şəkildə özünü göstərir [59, s.7-19, s.42, s.52-53, s.55, s.491].





Yüklə 335,82 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin