MəHƏMMƏd hüseyn təBRİZİNİN “BÜrhani-qate” LÜĞƏTİNDƏ onomastik vahiDLƏR



Yüklə 335,82 Kb.
səhifə15/27
tarix05.01.2022
ölçüsü335,82 Kb.
#111778
1   ...   11   12   13   14   15   16   17   18   ...   27
3. Peyğəmbər adları

“Bürhani-qate” lüğətində peyğəmbər adları” da geniş şəkildə təmsil olunmuşdur. Müqəddəs varlıqlardan olan peyğəmbər adlarının fars şəxs adları sisteminin zənginləşməsində özünəməxsus rolu vardır.



Azərbaycan onomastikasına istinadən “Müqəddəs varlıqların (şəxs, yer, cisim, əşya) adı” məhz “agionim” termini ilə ifadə edilir [2, s.38].“Bürhani-qate” lüğətində termin olaraq “agionim” adı altında toplaşan peyğəmbər adları da kifayət qədərdir.Həmin bu antroponimlərin izahında verilmiş yaxın və ya oxşar fikirlər istinad etdiyimiz “FNS” [124], “FN” [125], “FƏ”[117] və “FNİ” [126] lüğətlərin hər birində əksini taparsa, bu zaman onları ümumi şəkildə “mənbələr” adı altında təqdim edəcəyik. Fars şəxs adları lüğətlərinə daxil olmuş həmin peyğəmbər adları aşağıda əlifba sırası ilə yer almış, həm “Bürhani-qate”, həm də “mənbələr”ə istinadən ifadə etdiyi mənaları tutuşdurulmuşdur.

آذرهوشنگ Azərhuşəng [165,12b] – əcəmlərə göndərilmiş ilk peyğəmbərdir. “Mənbələr”dən yalnız “FNİ” kitabında bu ad həmin mənada verilmişdir [126, s.24].

ادريس Edris [165, 23b] – “Bürhani-qate”də verildiyi kimi, “mənbələr”ə də daxil olan ərəbmənşəli bu dini antroponim məşhur peyğəmbərlərdən birinin adıdır [117, s.18; 124, s.21; 124, s.54; 126, s.34].

ارمیا Ərmiya, Ermiya [165,26b] – “Bürhani-qate”də Bəni İsrail peyğəmbərlərindən birinin adı, Xızır peyğəmbər, həzrət Əli, Beytül-müqəddəsin adı mənalarında izah olunub. “Mənbələr”də ibrani mənşəli olan bu dini antroponim Bəni İsrail peyğəmbərlərindən birinin adı kimi verilmişdir [117, s.21;124, s.24;124, s.59;126, s.37]. FNS lüğətində bu adın “Yəhvenin ehtiramla anılması” izahına da rast gəlirik [124, s.24]. Yəhudi tanrısı hesab olunan “یهوه” haqqında ətraflı məlumat “Böyük Sovet Ensiklopediyası”nda da yer almışdır. Rus dilində tələffüz variantı “yaqve” olan “yəhve” – iudaizmdə yüksək məqamda duran tanrını ifadə edir [77, s.445].

اسکندر Eskəndər [165, 32a] – məlum tarixi şəxsiyyəti ifadə etməklə yanaşı, verilən izahların birində “onun peyğəmbər olması və alnında iki çıxıntı olduğuna görə Zülqərneyn adlandırıldığı” fikri də əksini tapmışdır. “Mənbələr”də isə bu antroponimin “kömək edən, məşhur yunan padşahı, Zülqərneyn kimi məşhur olan makedoniyalı şahın adı” və s. kimi mənaları göstərilmişdir [117, s.24;124, s.26; 124, s.64;126, s.38]. Əslində Zülqərneyn Qurani-Kərimdə adı çəkilən şəxsiyyətdir. Onun adı “əl-Kəhf” (الکهف) surəsinin 83-cü ayəsində “ذی القرنین”, 86 və 94-cü ayələrində isə “ذا القرنین” variantlarında verilib [102]. M.B.Piatrovski Zülqərneyn adı haqqında olan məlumatda Makedoniyalı İskəndərlə əlaqəsini belə açıqlayır: “Zülqərneyn - ərəbcə ləqəb olub, “buynuzlu, iki buynuzu olan” deməkdir. “Buynuz” qədim Şərqdə güc və qüdrət simvolu olmuşdur. Ərəb rəvayətlərində “Buynuzlu” ləqəbini bir çox hökmdar və şahlar daşımışdır. Bu ləqəb ən çox Makedoniyalı İskəndərə şamil edilmişdir. Bu onun Amon tanrısı – öküz şəklində olan təsvirindən irəli gəlir”[90, s.147-148]. “FNS” kitabında əlavə olaraq yunan dilindən ərəbləşmiş variantı olan “eskəndər” adının üç dildə – “aleksandros” (yunan), “alexander” (ingilis) və “alexandre” (fransız) dillərindəki tələffüz variantları da qeyd olunub [124, s.26]. “FN” kitabında اسکندر[124, s.64] adının digər – الکساندر Aleksandrالکساندرس Aleksandros variantları da daxil edilmişdir [124, s.73]. “Bürhani-qate” də bu adın الاساندرا Əlasandra [165, 38a] və سکندر Sekəndər [165, 231a] variantları baş söz olaraq söz sırasında yer almışdır.

افريدون Əfridun [165, 35b; 289b] – digər variantı فریدون Fereydun olan bu antroponimin izahında məşhur padşah adı olmasıhəmçinin, mülahizələrə əsaslanaraq, bəzilərinin onu Nuh (ə), bəzilərinin isə Zülqərneyn hesab etmələri qeyd olunub. “FNS” kitabında həm افریدون Əfridun [124, s.28], həm də فریدون Fereydun [124, s.190] variantları verilmiş bu antroponim “Şahnamə” şəxsiyyətlərindən biri və pişdadilər sülaləsinin padşahı”nın adıdır. Həmin lüğətə istinadən bu ad pəhləvi dilində “freton” şəklində işlənmişdir [124, s.190]. Hər iki variant “FN” lüğətinə də daxil edilmişdir [124, s.70;s.338]. “FƏ” kitabında məlum mənada izah olunmuş bu adın farsmənşəli olması qeyd olunmuşdur [117, s.217]. Əlavə olaraq İ.Rakın “Qədim İran mifləri” adlı kitabına əsasən, orta fars dilində “Фретон”, fars dilində “Фаридун” variantında işlənən bu adın Avestada qarşılığı “Траэтаона” şəklində olması da maraq doğurur [97, s.373; s.375].

الياس Elyas [165, 39a] – “Bürhani-qate”də məşhur peyğəmbər adı ilə yanaşı, Nuhun oğlu Samın nəvəsi və s. mənalarda izah olunan bu ad şəxs adları lüğətində ibrani mənşəli olaraq göstərilmişdir. “Mənbələr”in hər birində bu dini antroponim verilmişdir [124, s.30;117, s.31;124, s.75]. Bu lüğətlərdən “FNS”də verilmiş – “mənim tanrım Yəhvadır”,Bəni İsrail peyğəmbərlərindən və İslamda dörd böyük peyğəmbərlərdən biri” izahları diqqər çəkir [124, s.30]. “FƏ”də ibrani mənşəli bu antroponim “yəhudilərin dörd böyük peyğəmbərindən biri” mənasında izah olunmuş [117, s.31], “FN” lüğətində isə İlyas adı böyük şair Nizami Gəncəvinin adı kimi təqdim edilmişdir [124, s.75].

ایلیا İlya [165, 49a] – “Bürhani-qate”də süryani dilinə aid sözdür, onun həzrət Əli, Bəni İsrail peyğəmbərlərindən biri, İlyanın mənsub olduğu şəhər, Beytül-müqəddəs, Ömər ibn Xəttabın fəth etdiyi yerlərdən biri, düzgün danışan böyük şəxs mənaları vardır. “FNS” lüğətində həm الیا El(i)ya, həm də ایلیاil(i)ya variantları verilmiş və ibrani mənşəli olan bu adların “الیاس” adının digər variantları olması qeyd olunmuşdur [124, s.30; s.34]. Həmçinin M.Müin lüğətinə “ایلیا” adını “الیاس” peyğəmbərin adının digər variantı olaraq daxil etmiş [122, s.217] və “الیاس” adının “Axab və İzabelin zamanında yəhudi peyğəmbəri olması” haqqında məlumat vermişdir [122, s.175]. “FƏ”də isə ibrani mənşəli “الیا” Elya adı “İlyasın qısaldılmış variantı və qadınlar üçün ad” anlamında təqdim olunmuşdur [117, s.31]. “ایلیا” adı isə “Tanrı mənim Allahımdır, Tanrıların Tanrısı, İlyas peyğəmbərin adı və ibrani dilində Əli (ə) adı” mənaları verilmişdir [117, s.40]. “FN” kitabında الیا ایلیا, “الیاس” adının variantları kimi verilmiş, “ایلیا” antroponimində həmçinin “rəvayətə görə həzrət Xızırın (ə) əsl adı” olması fikrinə də rast gəlinir [124, s.90]. “FNİ” lüğətində də həmin mənalar verilir [126, s.50]. Müraciət etdiyimiz “mənbələr”ə istinadən İlya adının “Bürhani-qate”də verildiyi kimi süryani dilinə aid olması haqqında məlumat yoxdur.

جم Cəm [165,131a] – “Bürhani-qate”də böyük padşah, Süleyman (ə) adı mənalarında izah olunmuş bu antroponim “جمشید” adının qısaldılmış variantı hesab olunur. Lüğətdə söz sırasında yer almış “جمشید” antroponiminin izahında sözün birinci tərəfi olan “جم” kəlməsinin “sultan, böyük padşah” mənalarını ifadə etməsi qeyd olunmuşdur. Lakin bu izahda onun peyğəmbər mənasında işlənməsinə rast gəlmədik [165, 131b-132a]. “Bürhani-qate”də söz sırasında verilmiş “Cəmşid-e mahi – Cəmşid-e mahigir” ifadəsinin izahında da məcazi mənalarda “günəşli olmaq, ay bürcü, Süleyman (ə) və Yunis peyğəmbər”ə işarə olunması diqqətə çatır [165, 132a]. Həmçinin, burada həm جمشاسب Cəmşasb [165, 131b], həm də جمشیدون Cəmşidun [165, 132a] adlarının bir kökdən qaynaqlanmasına əsas verir.

Müraciət etdiyimiz izahlı və şəxs adları lüğətlərində “جم” sözü “جمشید” antroponiminin digər variantı olaraq əksini tapmışdır. Belə ki, M.Müin lüğətində “جم” adının izahında “جمشید” adına müraciət olunması qeyd olunmuş [122, s.431] və bu ad haqqında məlumat Cəmşid maddəsində yer almışdır [122, s.433]. “Mənbələr”də hər iki variant adlar sırasındadır [117, s.80;124, s.71;124, s.157-58;126, s.72]. Digər bir mənbədə də “Cəm” sözünün həzrət Süleyman şəxsiyyəti ilə bir hesab olunan İranın əfsanəvi padşahı “Cəmşid”in qısaldılmış adı olması göstərilir. “جم” və “یم” bir kökdən olub, “dərya, okean; dəstə, qrup” mənalarını ifadə edir [177].

Cəmşid antroponiminə gəldikdə isə M.Müinin lüğətinə istinadən, quruluşca düzəltmə olan “جمشید” adı pəhləvi dilində birinci tərəfin “yəm”, digərinin isə “şet” şəklində tələffüz olunan “جم” və “شید” sözlərindən təşkil olunmuşdur [122, s.433]. Yuxarıda “cəm” sözü ilə bağlı müraciət etdiyimiz həmin mənbəyə istinadən جمشید” adının ikinci tərəfi olan “parıltı, parıldama, əbədi, əbədilik, daimi” mənasını bildirən “شید” kəlməsi “خور” (günəş) sözü ilə tərkib yaradıb “خورشید” (günəş) şəklində işlənir. Mənası “əbədi parlayan yer” deməkdir. Bu səbəbdən “جمشید” “nur dəryası, parlayan dərya, əbədi işıq” mənalarını ifadə edir. “جم” və “یم” sözləri “qrup, dəstə” anlamı ilə yanaşı, həmçinin “su, çay, dərya” kimi də izah edilir. İranın ən məşhur padşahlarından və ya əsatiri peyğəmbərlərindən biri olan Cəmşid adının “جم” və “یم” sözləri ilə bağlılığı vardır [177].

Bu adla bağlı İ.Rakın kitabında olan məlumatlar maraqlıdır. Burada müəllif “Джам, Джамшед, Джамшид” variantında işlənən adların Avestada “Йима”, orta fars dilində isə “Йим” şəklində mövcud olması və ilkin mənasının “cüt, əkiz” anlamlarını əhatə etməsini qeyd etmişdir [ 97, s.345; s.350].



زرهون Zərhun [165, 204a] – sözü pəhləvi dilində İbrahim (ə) adını bildirir. Lüğətdə bu adın həmin mənada işlənən “Zərvan-e bozorg” (böyük Zərvan) ifadəsi [165, 204a], həmçinin زرمان Zərman variantı da söz sırasına daxil edilmişdir [165, 203b]. “زرهون” variantına “FN” [124, s.234], “FNİ” [126, s.99] adlı şəxs adları lüğətlərində rast gəlirik. “FN” lüğətində farsmənşəli “زرهون” adının digər variantının “زروان” olması qeyd olunur. “Zaman, rüzgar, mələk adı” və s. mənalarda verilmiş bu variant həm “FNS” [124, s.115], həm də “FƏ” kitablarına [117, s.130] daxil edilmişdir. Lakin bu variantın izahlarında peyğəmbər adını ifadə etməsi verilməmişdir. “FNİ” kitabında “Həzrəti İbrahimin adlarından biri” olaraq, زربان Zərban زرمان Zərman [126, s.98] variantları da daxil edilmişdir. Lakin “Bürhani-qate”nin müasir nəşrində M.Müinin “زرهون” antroponiminə aid qeydində “pəhləvi sözü olan “zərvan”ın oxunuşudur” fikri verilmişdir [104, s.1019]. O, həmçinin bu adın “(بزرگ) زروان” ifadəsi ilə eyni olduğunu diqqətə çatdırmışdır [104, s.1015]. “Mənbələr”də “زروان” dini antroponiminin peyğəmbər adının ifadə etməsi qeyd olunmasa da, fikrimizcə, “Bürhani-qate” və onun müasir nəşrində verilmiş çıxarışdakı izahlarına əsasən, bu adlar eyni adın müxtəlif variantıdır.

نوح Nuh [165,406a] – məşhur peyğəmbər adı mənasında verilmiş bu ad, “mənbələr”ə istinadən “peyğəmbər, Qurani-Kərimdə surə, rahatlıq, dincəlmə və s.” mənalı olmaqla ibrani mənşəlidir [117, s.295;124, s.258;124, s.433;126, s.177]. M.Müinin lüğətində “Nuh” peyğəmbərin fransız dilində “Noe” şəklində tələffüz olunması göstərilmişdir [122, s.2148]. Məlum olduğu kimi, Qurani-Kərimdə ayrıca “Nuh” surəsi də vardır [102].

هود Hud [165, 430b] – məşhur peyğəmbər adı, tövbə edən, haqqa qayıdan və s. mənalarda izah olunmuşdur. Ərəbmənşəli “Hud” peyğəmbər “mənbələr”də və M.Müinin lüğətində “Ad qövmindən olan peyğəmbər adı, Qurani-Kərimdə surə adı, tövbə edən, haqq yoluna qayıdan” mənalarında izah olunmuşdur [117, s.312; 122, s.2309; 124, s.276; 124, s.458;126, s.186].

يعقوبYəqub [165, 439a] – məşhur peyğəmbər adı, müctəhid və məzhəb sahibi olan şəxsin adı və s. mənaları ifadə edir. Həmin lüğətin müasir nəşrində M.Müin hər üç məna haqqında mənbələrə istinadən çıxarışda izahlarını qeyd etmişdir [106, s. 2469]. Məhz peyğəmbər adı ilə bağlı olan izahda adın “Yakob”la eyni olduğunu və ibrani dilində “dabanını çəkir” mənasını ifadə etməsi verilmişdir. “یعقوب” adı “mənbələr”də “Bəni İsrail peyğəmbərinin adı, İshaqın (ə) oğlu, Yusifin (ə) atası” və s. mənalarda işlənmişdir [117, s.317; 124, s.280; 124, s.467;126, s.190].

Yuxarıda sadalanan adların bir çoxu Azərbaycan dilinin şəxs adları sıyahısına daxil olub, müasir dövrümüzdə belə işlək adlardandır. “Qeyd etmək lazımdır ki, ərəb və fars dilləri (əsasən ərəb dili) vasitəsilə Azərbaycan dilinə latın, yunan, yəhudi adları da daxil olmuşdur. Onlar dilimizə əsasən ərəb dilində olduğu formada, bəzən isə cüzi fonetik dəyişikliklərlə keçmişdir” [31, s.54]. Aydın Abi Aydının tərtib etdiyi “Şəxs adları lüğəti”ndə [8] dolğun izahları ilə təqdim olunmuş yuxarıdakı adlardan Cəmşid, Firidun, İbrahim, İdris, İsgəndər, İlyas, Nuh, Yaqub adlarına rast gəlirik.

“Bürhani-qate”də bəzi peyğəmbər adlarına müasir şəxs adları lüğətlərində rast gəlmirik. Bu qəbildən olan agionimlər azlıq təşkil edir. Məsələn: ایراف İraf – Ərdanın atasının adıdır və farslar onu peyğəmbər hesab edirlər [165, 48a], جومست Cəvmest –atəşpərəstlərin peyğəmbərinin adı, گومست Gəvmest kitabı ona nazil olmuşdur [165, 134b]. Lakin məlum olduğu kimi, atəşpərəstlər tək Allaha sitayiş etmədiklərinə görə, onların peyğəmbəri də ola bilməz. Güman etmək olar ki, bu şəxs onların kahini olmuşdur, جمشیدون Cəmşidun [165, 132a] adının izahında isə Süleyman (ə) nəzərdə tutulur.

“Bürhani-qate” lüğətində peyğəmbər adlarını bildirən bir sıra məcazi deyimlər də diqqəti cəlb edir. Həmin deyimlər quruluş baxımından söz birləşmələrinə oxşasalar da, daha çox bir məfhumu ifadə edir. Həmin ifadələr içərisində daha çox istinad olunan məhz Məhəmməd peyğəmbərdir (s). Məhəmməd peyğəmbərə (s) işarə olunan söz birləşmələrinə bunlar aiddir: امی صادق ommi sadeğ – anadangəlmə düz [165, 39b], شاهد فاستقم şahed-e fəstəqim – düz yolla getmək əmrinin şahidi [165, 247a], شاهد لعمرک şahed-e ləəmrok – canına and içilən [165, 247a],شاه گویندگان şah-e quyəndeqan – danışanların şahı [165, 247a], مهر شریعت mehr-e şəriət – şəriətin günəşi [165, 390a], نور پسین nur-e pəsin – sonuncu nur [165, 406a].

Məcazi mənada ifadə olunan belə söz birləşməsinə isəشحنه چهارم şəhne-ye çəharom – dördüncü darğa [165, 251b] misal ola bilər.

Məhəmməd peyğəmbərə (s) aid olan ifadələr içərisində ona işarə olunan, həm də məcazi mənada işlənən leksik vahidlər kifayət qədərdir. Belə ifadələrə aşağıdakıları nümunə göstərmək olar:



درویش سلطان دل dərviş-e soltan-e del [165, 173b] – ürək sultanının dərvişi

شحنه دریای عشق şəhne-ye dərya-ye eşq [165, 251b] – eşq dəryasının darğası

شحنه غوغای قیامت şəhne-ye ğouğa-ye ğeyamət [165, 251b] – qiyamət gününün darğası

مشعله گیتی فروز məş`əle-ye giti foruz [165, 382a] – dünyanı işıqlandıran məşəl

هادی مهدی غلام hadi-ye mehdi-ye ğolam [165, 420b] – qulları hidayət edən mehdi

همای بیضه دین homa-ye bəyze-ye din [165, 428a] – din günəşinin quşu

“Bürhani-qate” lüğətində rast gəlinən və bu qrupa aid olunan digər dini antroponimlər də söz birləşməsi şəklində verilmişdir. Dini antroponimlərin işarə və ya məcazi mənada işləndiyi belə söz birləşmələrinə aşağıdakıları göstərə bilərik: İsa peyğəmbərə (ə) aid olan مبشر بنام mobəşşer-e benam [165, 374b] – məşhur müjdəçi; Süleyman peyğəmbərə (ə) وارث داود vares-e Davud [165, 413a] – Davudun varisi və جمشید ماهی و جمشید ماهی گیر Cəmşid-e mahi və Cəmşid-e mahigir [165, 132a] – Balıqtutan Cəmşid və Əli bin Əli Talibə (ə) işarə olunan شحنه نجف şəhne-ye Nəcəf [165, 251b] – Nəcəfin darğası kimi söz birləşmələri diqqətə çatır.

Bunlardan başqa, “Bürhani-qate”də İsa (ə) işarə olunanشحنه چهارم حسار şəhne-ye çəharom-e həsar [165, 251b] – dördüncü hasarın darğası və Adəm peyğəmbərə (ə) aid olan طفل چهل روزه tefl-e çehel ruze [165, 269b] – qırx günlük uşaq kimi məcazi mənada işlənən söz birləşmələri vardır.


Yüklə 335,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin