MəHƏMMƏd hüseyn təBRİZİNİN “BÜrhani-qate” LÜĞƏTİNDƏ onomastik vahiDLƏR


“Bürhani-qate” lüğətinin tərtib prinsipləri və quruluşu



Yüklə 335,82 Kb.
səhifə11/27
tarix05.01.2022
ölçüsü335,82 Kb.
#111778
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
1.3. “Bürhani-qate” lüğətinin tərtib prinsipləri və quruluşu
Leksikoqrafiya dilçiliyin ayrıca bir mühüm sahəsi olub, lüğətləri, onların tərtib prinsiplərini öyrənir. Yunanca “leksikon” – söz və “qrafiko” – yazıram mənalarını özündə birləşdirən “leksikoqrafiya” termini lüğətlərin yazılması və tədqiqi ilə məşğul olan dilçilik sahəsidir. Deməli, leksikoqrafiyanın əsas məqsədi və vəzifəsi hər hansı bir dilin lüğət tərkibinə daxil olan söz və ifadələri yığıb sistemə salmaq yolu ilə onların mənalarını izah etməkdən ibarətdir.

Lüğətçiliyin tarixi çox qədimlərə gedib çixir. Lüğətlərin tərtibi ilə hələ eradan əvvəlki dövrlərdə də məşğul olmuşlar. İlk lüğət nümunəsi qədim Yunanıstanda çıxmışdır [32, s.294].

Fars dilinin leksikoqrafiyası da qədim tarixə malikdir. İran [149], Rusiya [74; 75, s.115-129] və Azərbaycan alimlərinin [46; 82; 83] sözügedən sahədəki tədqiqatları bunu əyani şəkildə təsdiq edir. Fars dili leksikoqrafiyası tarixində diqqət çəkən faktlardan biri bu sahədə yazılmış ilk əsərin məhz azərbaycanlı müəllif tərəfindən XI əsrin ortalarında qələmə alınmasıdır [83, s.23-24]. Bununla bağlı M.Məmmədova yazır: “Fars dilinin ilk lüğəti haqqında müxtəlif fikirlər olsa da, tarixi mənbələrə əsasən müəyyənləşir ki, o, Azərbaycanın məşhur şair və filoloqu Qətran Təbrizi tərəfindən yazılmışتفاسیر فی لغة الفرس (Təfasir fi loğət-əl fors) adlı əsərdir... Həcminə görə 300 sözü əhatə etmiş bu əsər, fars dilinin ilk izahlı lüğəti kimi onun leksikoqrafiyasının əsasını qoymuş, özündən sonra yaranan bir sıra əsərlərin meydana çıxmasına səbəb olmuşdur” [46, s.9; s.11].

Qürurverici faktlardan biri də XVII əsr fars dili leksikoqrafiyası üzrə daha bir yeniliyin məhz azərbaycanlı alim Məhəmməd Hüseyn Təbrizinin adı ilə bağlı olmasıdır. Belə ki, XI-XVII əsr fars dili izahlı lüğətlərində istər sözlüklərin tərtib prinsipləri, istərsə də bu lüğətlərdə sözlərin sıralanmasında götürülmüş metodlara nəzər saldıqda [46, s.44-80;83, s.35-70], “Bürhani-qate” lüğətinin fars dili leksikoqrafiyası sahəsində yeni tipli sözlük tərtibində başlanğıc mənbə olması diqqətdən kənarda qalmır.

Öncə həmin tədqiqat işində digər məşhur lüğətlərin timsalında geniş araşdırılmış bir neçə prinsip və metodlara aşağıdakıları nümunə göstərə bilərik. Məsələn: Lüğətlərdə sözlərin sıralanmasında ilk metod olan “sözlüyün sıralanmasında ilk və son hərf əsas götürülmüş” üsul Qətran Təbrizinin adı ilə bağlıdır. Bu metodla “Məcməül-fürs”, “Müəyyədül-füzəla” və s. lüğətlər tərtib olunmuşdur [46, s.51]. Digər tərtib forması olan “sözlərin sıralanmasında son hərfin əsas götürülməsiprinsipi ilk dəfə Əsədi Tusi tərəfindən tətbiq edilmişdir [46, s.55]. Məşhur lüğətlərdən biri olan Məhəmməd ibn Hinduşah Naxçivaninin “Sihahül-fürs” adlı izahlı lüğətinin sözlüyünün sıralanmasında “son, ilk və orta hərflər” əsas götürülmüşdür [46, s.58-59]. XVII əsrdə tanınmış fars dili leksikoqraflarından biri olan Cəmaləddin Hüseyn İncu tərəfindən yaradılmış prinsip “sözlüyün sıralanmasında ikinci və birinci hərfin əsas götürülməsi”dir. Bu prinsip ilk dəfə onun “Fərhəngi-Cəhangiri” lüğətində tətbiq olunmuşdur [46, s.65].

M.Məmmədova lüğətlərin tərtibində əlifba sistemi üzrə yeddi metod haqqında geniş məlumat vermişdir [46, s.51-67]. O, “Bürhani-qate” lüğətini sözlərin sıralanmasında “sözlüyün tərtibində ilk hərfdən sona doğru əlifba sırası əsas götürülmüş lüğətlər” adlı qrupa daxil edərək onun fars leksikoqrafiyasına gətirdiyi yenilikləri belə qeyd etmişdir: “Müəllifin əsərində bu yenilik əvvəla onun sayca daha çox sözü əhatə edib bunun miqdarını 20000-dən yuxarı qaldırmasında, ikinci yalnız şeir dilinə deyil, nəsr dilinə də əsaslanmasında, ücüncü özündən əvvəlkilərin etdiyi kimi müxtəlif poetik ifadə və frazeoloji birləşmələri ayrıca deyil, sözlüyün müvafiq yerlərində verməsində və nəhayət, onun əvvəldən axıra doğru əlifba prinsipində sıralanmasında nəzərə çarpır. Buna görə də fars dili leksikoqrafiya tarixində yeni tipli sözlük sıralanmasının əsasını izahlı lüğətlər sahəsində Hüseyn ibn Xələf Təbrizi Bürhanın adı ilə bağlamaq lazımdır” [46, s.66-67].

Həqiqətən, “İran ədəbiyyatının Hindistanda inkişaf etdiyi bir dövrdə bu ədəbiyyatın anlaşılması üçün lüğətlərin tərtibinin sürətləndiyi” [68, s.432] zamanda tərtib olunmuş “Bürhani-qate” lüğəti Məhəmməd Hüseyn Təbrizinin XVII əsr fars dili leksikoqrafiyasına bəxş etdiyi dəyərli bir töhfədir. Başqa sözlə, özündən sonrakı dövrlərdə ərsəyə gəlmiş bir çox lüğətlər üçün qaynaq mənbəyi olan XVII əsr fars dili leksikoqrafiyasının incilərindən sayılan “Bürhani-qate” lüğəti “özünəməxsus orijinal xüsusiyyətlərinə görə digər lüğətlərdən fərqlənmişdir. Bir sıra müəlliflər lüğət yazarkən onun prinsipinə əsasən işləməyə çalışmışlar” [46, s.40].

“Bürhani-qate” lüğətindən əvvəl tərtib olunmuş məşhur lüğətlərdən - Qətran Təbrizinin lüğəti 300 [46, s.11], Əsədi Tusinin lüğəti 2278-dən çox, Fərhəngi-Süruri 6000-ə yaxın, “Fərhəngi-Cəhangiri” 6950-yə yaxın [149, s.201] və s. sözü əhatə etsə də, iranlı tədqiqatçılar külli miqdarda sözü özündə toplayan “Bürhani-qate” lüğətinin həcmini əsərin əldə olan nüsxələrinə əsasən 19.060, 19.417, 20.149, 20.211 söz civarında hesablamışlar [167].

Beləliklə, “fars dili leksikoqrafiyasında əlifba sırası ilə lüğətlərin tərtib olunmasına XVII əsrin II yarısından sonra başlanmışdır. Məhz Məhəmməd Hüseyn həcminin böyüklüyünə görə də əvvəlki lüğətlərdən fərqlənən bu kitabı ilə həmin ənənənin başlanğıcını qoymuşdur” [82, s.19-20] fikri özünü doğruldur.

Ənənəvi “بسم الله الرهمن الرحیم و به نستعین” ifadəsi ilə başlanan “Bürhani-qate” lüğətinin müqəddiməsinin əvvəlində aşağıdakı şeir parçası verilmişdir:



ای راه نما به هر زبان در افواه از نام تو بردند زبانها بتو راه

یزدان و کرسطوس و تنگری و اله لا حول و لا قوة الا بالله

(Tərcüməsi: Ey yol göstərən, hər kim ki, (öz dilində) adını çəkdi: Yəzdan, Xristos, Tanrı və İlah. “Güc və qüvvət, böyük olan Allah”ın yardımı ilə əldə edilir).

Məhəmməd Təbrizi lüğətin müqəddimə hissəsinin ilk səhifəsində “Bürhani-qate” lüğətini tərtib edərkən fars dilində olan bütün sözlərlə yanaşı, pəhləvi, dəri, yunan və süryani dillərində olan kəlmələr, zənd və pazənd (Avesta) dillərində olan bəzi sözlər, müştərək sözlər, fars dilində olan müxtəlif terminlər, ərəbcə sözlər, məcaz və istiarələri toplamaq istəyini də diqqətə çatdırmışdır. Müəllif burada öz əsərində qaynaq olaraq istifadə etdiyi “Fərhəngi-Cəhangiri”, “Məcməül-fürsi-Süruri”, “Sürmeyi-Süleymani”, “Sihahül-ədviyyeyi-Hüseyn Ənsari” lüğətlərinin də adlarını qeyd etmişdir. Həmçinin qeyd etmək istərdik ki, Məhəmməd Təbrizinin istifadə etdiyi mənbələr yalnız yuxarıda adları çəkilən lüğətlərlə tamamlanmır. “Bürhani-qate”də adı çəkilən lüğətlər sırasında Məhəmməd Lad Dəhləvi tərəfindən 925/1519-cu ildə tərtib olunmuş “Müəyyədül-füzəla” adlı lüğətin də adını çəkə bilərik. M.Məmmədovanın adı çəkilən monoqrafiyasında gəldiyi nəticəyə görə, “əsərin mətnində digər lüğətlərin də adlarına təsadüf olunduğundan demək lazımdır ki, o, “Fərhəngi-Cəhangiri” mənbələrindən istifadə etmiş və həmin məxəzlərin adlarını təkrarən sadalamamışdır” [46, s.41].

Müəllif lüğətin müqəddiməsində əsərini Sultan Abdullah Qütbşah bin Qütbşaha ithaf etdiyini diqqətə çəkərək sonrakı səhifədə lüğətin yazılma tarixini şeirlə belə göstərmişdir:



چو برهان از ره توفیق یزدان مرا این مجموعه را گردید جامع

پی تاریخ اتمامش قضا گفت کتاب نافع برهان قاطع

(Tərcüməsi: Elə ki, Bürhan Allahın izni ilə bu məcmuəni topladı, onun tamamlanma tarixini “Ketab-e nafe-ye Borhan-e qate” (faydalı olan Bürhani-qate kitabı) ilə dedi).

M.Məmmədovanın göstərdiyi kimi “sonuncu sətri əbcəd hesabı ilə rəqəmə çevirdikdə 1062 (1651-52) ədədi alırıq ki, bu da lüğətin yazılış tarixi kimi qəbul olunmalıdır” [46, s.41].

Beləliklə, Məhəmməd Təbrizi “Bürhani-qate” lüğətini 1062/1652-ci ildə Hindistanın Heydərabad bölgəsinin Dəkən şəhərində qələmə almışdır. Lüğətin müqəddiməsində adı çəkilən Sultan Abdullah Qütbşah (1023-1083/1614-1672) Cənubi Hindistanda qurulan Qütbşahlar dövlətinin tanınmış sultanlarından olmuşdur. 1036 /1626-cı ildə hakimiyyətə gəlmiş Abdullah Qütbşah 48 il hökmranlıq etmişdir.



“Bürhani-qate” lüğətinin tərtib prinsipinə gəldikdə isə, “XI-XVII əsr fars dili izahlı lüğətlərində, əsasən əlifba sistemindən istifadə edilmişdir” [46, s.78] fikri birbaşa təsdiqini tapır.

Ümumiyyətlə, lüğətlərin tərtibində “Əlifba üsulu dedikdə sözlərin əlifba sırası ilə düzülüb, izah olunması başa düşülür. Əlifba üsulunda sözlərin əlifba sırası ilə düzülüşünə və daxili əlifba sırasına xüsusu olaraq diqqət yetirilir. Lüğətdəki baş söz o sözdür ki, həmin söz lüğətdə aydınlaşdırılır. Lüğətdə aydınlaşdırılan hər bir söz baş söz adlanır” [32, s.296].



“Bürhani-qate” lüğəti orta əsrdə yazılmış izahlı lüğətlərə xas olan müqəddimə ilə başlayır. Lüğətin M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən D-183 [167] şifrli nüsxəsinin müqəddiməsi 1b-7a vərəqlərini əhatə edir. Müqəddimədə bu yarımfəslin əvvəlində bəhs olunmuş məlumatlardan başqa, fars dili və qrammatikası ilə bağlı məlumatlar “faide” (فایده) adı altında toplanmış və aşağıdakı doqquz bölmə üzrə qruplaşdırılmışdır:

1. Dəri, pəhləvi və fars dilləri ilə tanışlıq haqqında; 2. Fars dilinin keyfiyyəti haqqında; 3. Fars dilində olan formalar, “dal” və “zal” hərfləri arasındakı fərqlər və əlifbadakı hərflərin sayı ilə tanışlıq haqqında; 4. İyirmi dörd hərflik fars əlifbasının digər hərflərə çevrilməsinin mümkünlüyü haqqında; 5. Şəxs əvəzliklərinin bir neçə hərflə yaranması haqqında; 6. Sözlərin mənalarını müəyyən etmək üçün kəlmələrin əvvəlinə, ortasına və axırına əlavə olunan tək hərflər haqqında; 7. Sözlərin daha təmtəraqlı və gözəl çatdırılması üçün işlənən ifadələr haqqında; 8. Müxtəlif mənalarda işlənən sözlərin və adların sonluqlarında istifadə edilən hərflər və ifadələrin anlamları haqqında; 9. İmla sahiblərinin bilməsi vacib olan xüsusiyyətlər haqqında.



Göründüyü kimi, Məhəmməd Təbrizi bütün bu qeydləri verməklə fars dilinin qrammatikası haqqında ümumi məlumatları diqqətə çatdırmağa çalışmışdır. M.Məmmədova lüğətlərdə bu cür müqəddimələrin yazılma səbəbini belə əsaslandırır: “XI-XVII əsrlərdə fars dili Şərqin bir sıra ölkələrində, xüsusilə, Hindistanda elmi dil kimi geniş tədris edilirdi. Lüğətlərin müqəddimələrindən alınmış başqa qeydlərdən isə aydınlaşır ki, onların bəziləri fars dilini öyrənmək istəyən mədrəsə tələbələri və müəllifin dost və tanışları, qohum və övladları üçün yazılmışdır” [46, s.78-79]. S.İ Bayevskinin bununla bağlı fikirlərini də bölüşmək yerinə düşərdi. Alim yazır: “Orta əsrlər farsdilli yazılı abidələrin ən mühüm sahələrindən birini leksikoqrafiya təşkil edirdi. Farsdilli izahlı lüğətlər – fərhənglər – yeni farsdilli ədəbiyyatın inkişafı ilə eyni vaxtda yəni, IX əsrdən etibarən tərtib olunmağa başlandı. Fars dili qrammatikası İranda bir qədər gec, XVIII əsrdən yarandı. Və dilin qrammatik qavramı üzrə ilk təcrübələr XIV əsrdə məhz lüğət işi ilə əlaqədar olaraq lüğətdə müəllifin ön sözündə qısa leksik-qrammatik oçerklər şəklində verilirdi” [75, s.115].

“Bürhani-qate”nin tərtib prinsipinə uyğun olaraq, hər hərf bir bölmə kimi qəbul olunmuş və “qoftar” – söz (گفتار) başlığı altında 29 bölmə üzrə qruplaşdırılmışdır. İlk 28 “qoftar”ın hər biri bir hərfə aiddir. Və hər bir “qoftar”ın özü də “bəyan” (بیان) adlı daxili bölgülərdən təşkil olunmuşdur. Yalnız 71 sözdən ibarət olan bütün hərfləri əhatə edən sonuncu 29-cu “qoftar” əvvəlkilərdən fərqli olaraq, “bəyan”lardan təşkil olunmamışdır. Bu bölmədən görünür ki, Məhəmməd Təbrizi sonda unudulmuş sözləri ümumi şəkildə burada toplamışdır. Hər bir hərfə aid olan bölmənin başlanğıcında burada yer almış daxili “بیان” (bəyan) adlı bölgülərin, həmçinin həmin bölmədə yer almış sözlərin ümumi sayı qeyd edilmişdir. Məsələn: Əlifba sırasına əsasən, “ا” (əlif) hərfinə aid olan ilk “qoftar”ın başlığında burada yer almış 27 “bəyan”, həmçinin 2107 ədəd söz və məcazların toplanması qeyd edilmişdir. Ümumiyyətlə, “bəyan” adlı daxili bölgülərin özləri də əlifba sırasına uyğun şəkildə tərtib olunmuşdur. Belə ki, hər hərfin özünəməxsus “qoftar” bölgüsünə aid olan “bəyan”larında həmin “qoftar”a aid olan hərf daxili əlifba sırasına uygun şəkildə qruplaşdırılmışdır. Məsələn: “ا” (əlif) hərfinə aid olan “bəyan”larda bu hərfin daxili əlifba sırasına uyğun olaraq “ا” və “ب”, “ا” və “پ”, “ا” və “ت” və s. şəkildə sözlər sıralanmışdır. Məhəmməd Təbrizi həmçinin sözlərin yazılış və tələffüzünü təqdim edərkən, hər bir sözü təşkil edən hərflərin hansı səslə tələffüz olunması ilə yanaşı, həmin sözün tələffüzü ilə eyni olan başqa bir söz də təqdim etmişdir. Həmin sözləri isə “...sözünün vəznində”, “...sözünün vəznində və mənasında” ifadələri ilə təqdim etmişdir. Əlbəttə ki, bəzən misal olaraq göstərilən sözün baş sözlə tam uyğun gəlməməsi də diqqətdən kənarda qalmır. Lakin alimin lüğətin tərtibi zamanı istər sözün tələffüz və yazılışı, istərsə də mənşələrini təqdim edərkən bəzən səhvlərə yol verməsi mənbənin dəyərini azaltmağa heç də əsas vermir. Görkəmli alim Həsən Zərinəzadə “Bürhani-qate” lüğətinin fonetik tərkibi ilə bağlı yazır: “Lüğətin müəllifi فتحه (fəthə), ضمه (zəmmə), کسره (kəsrə), سکون (sükun), واو مجهول (vave-məchul), یای مجهول (yaye-məchul), کاف فارسی (kafe-farsi), کاف تازی (kafe-tazi) kimi ifadələri işlətməklə sözlərin fonetik tərkibini göstərməyə çalışmışdır. Belə təsviri vasitələr tədqiqat işində yardımçı rolu oynaya bilsə də, sözlərin tələffüzünü tam mənası ilə göstərə bilmir” [59, s.83].

“Bürhani-qate” lüğəti və oradakı nöqsanlara münasibət bildirən İran alimi Əli Əsğər Hikmətin bu istiqamətdə apardığı araşdırmanın nəticəsi olan irihəcmli məqaləsi yuxarıda qeyd olunduğu kimi Əli Əkbər Dehxudanın məşhur “Lüğətnamə” və M.Müinin redaktəsi ilə hazırlanan “Bürhani-qate” lüğətinin müqəddimələrində yer almışdır [104, s.78-96;149, s.199-217]. Alim burada fars ədəbiyyatı tarixində XI/XVII əsrdə digər yüzilliklərlə müqayisədə daha çox lüğət kitablarının ərsəyə gəldiyini və bir çox üstünlüyə malik olan “Bürhani-qate” lüğətinin yaranması zərurətini diqqətə çatdırmışdır. Əli Əsğər Hikmət lüğətdə rast gəldiyi nöqsanlardan bəhs edərkən [104, s.90-96;149, s.202-206] burada Məhəmməd Təbrizinin farsmənşəli sözləri ərəbmənşəli sözlərlə qarışdırdığından həmin kəlmələri pəhləvi, dəri, zənd-o pazənd mənşəli sözlər kimi təqdim etməsini, fars dilinə daxil olan yunan, süryani, latın dillərinə məxsus sözlərin mənşəyini təyin edə bilmədiyinə görə onların mənalarında, həmçinin şəxs və məkan adlarının izahında tarixi və coğrafi baxımından yol verdiyi səhvləri, sözlərin tələffüzündə və mənalarındakı nöqsanları və s. kimi misalları önə çəkmişdır. O, lüğətin ən böyük nöqsanlardan biri kimi orada əvvəlki lüğətlərlə müqayisədə sözlərin izahında şairlərin şeirlərindən və beytlərdən istifadə etmədiyini göstərmişdir. Əli Əsğər Hikmətin gəldiyi nəticəyə görə, Məhəmməd Təbrizi lüğətinin əvvəlində bu qəbildən bir neçə misala müraciət etmiş, amma kitabın kifayət qədər irihəcmli olması səbəbindən şeir parçalarını ixtisar etmək məcburiyyətində qalmışdır. Əli Əsğər Hikmətin bu fikrinin təsdiqi olaraq, biz “Bürhani-qate” lüğətinin M.Füzuli adına Əlyazmalar İnstitutunda mövcud olan nüsxəsində lüğətin ilk hərflərində bir neçə sözün izahında nəzmlə verilmiş misallara rast gəlirik. Məsələn: پاداشن padaşən [165, 86a], پیراستن pirastən [165, 105a], سرگزیت sərqozit [165, 225b] sözlərinin izahlarında Məhəmməd Təbrizi beyt və rübaidən istifadə etmişdir.

Əli Əsğər Hikmət araşdırmasının sonunda göstərdiyi nöqsanlara baxmayaraq, Məhəmməd Təbrizinin həmin dövrdə İrandan uzaq bir yerdə fars dilində işlənən sözləri imkan daxilində toplayaraq ən böyük fars dili lüğətlərindən sayılan bu mənbədə toplamasını müsbət dəyərləndirir. Əlbəttə ki, Əli Əsğər Hikmət kimi həm lüğətdəki nöqsanlardan bəhs edən, həm də ona müsbət tərəfdən yanaşan alimlərlə bahəm, bu dəyərli mənbəni düzgün qiymətləndirməyən və “Bürhani-qate”ni fars dili lüğətlərinin siyahısından çıxarmağı lazım bilərək, onun bütün üstün cəhətlərinə göz yuman” [46, s.42] İran alimləri də az olmamışdır.

XVII əsr fars leksikoqrafiyası sahəsində ilk addımlar atmış “Bürhani-qate” lüğətində məlum nöqsanların olmasına yalnız tənqidi yanaşmaq bizim fikrimizcə düzgün deyil. Belə ki, istər bu əsərə istinad olunaraq tərtib olunmuş çox sayda lüğətlər, istərsə onu bilavasitə tədqiqat obyekti seçərək mövcud nöqsanlardan bəhs edən müxtəlif əsərlər, eləcə də “Bürhani-qate”ni tənqid edən əsərlərin əleyhinə yazılmış kitabları nəzərə alsaq, bütün bunlar lüğətin fars leksikoqrafiyası tarixində oynadığı mühüm rolu heç də azaltmır.

Beləliklə, tərtib quruluşu, həcmi, məzmunu, müxtəlif sahələri əhatə etməsi, “Bürhani-qate” lüğətinin M.Müin tərəfindən nəşr edilməsi, hətta müasir dövrümüzdə yaranan fars dilinin izahlı lüğətlərində onun əsas mənbələr sırasında yer alması, XVII əsr fars dili leksikoqrafiyasının dəyərli mənbələrindən biri olan bu lüğətin əsrlər keçməsinə baxmayaraq, öz əhəmiyyətini hazırda da qoruyub saxlanmasını bir daha təsdiq etmiş olur.

Yüklə 335,82 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin