2. Mələk adları
“Bürhani-qate” lüğətində olan xüsusi adlar arasında fars şəxs adları sırasını zənginləşdirməkdə özünəməxsus rolu olan mələk adları da kifayət qədərdir. Bu baxımdan “Bürhani-qate” lüğətində dini varlıqlar (mələklər) da araşdırılma mövzusu olaraq seçilmişdir.
Allahın lətif məxluqları olan mələklər nurdan yaradılmışdır. Bu müqəddəs varlıqlar haqqında “Quranda və hədislərdə vəhy mələyi Cəbrail (ə), təbiət hadisələrini idarə edən Mikail (ə), şeypurunu çalmaqla qiyamətin qopduğunu xəbər verəcək İsrafil (ə), ölüm mələyi Əzrail (ə), cənnət mələklərinin başçısı Rizvan, cəhənnəm mələklərinin başçısı Malik, insanın yaxşı əməllərini yazmaq üçün sağ çiynində, pis əməllərini yazmaq üçün isə sol çiynində oturmuş iki “həfəzə” (qoruyucu mələk – A.Əliyeva) mələk, insan öldükdən sonra qəbirdə onu bu dünyada gördüyü işlər barədə sorğu-sual edəcək Nəkir-Münkər haqqında müəyyən bilgilər verilir” [176]. Məlum olduğu kimi, bunlardan Cəbrail (ə), Mikail (ə), İsrafil (ə) və Əzrail (ə) islam dini ədəbiyyatında adı çəkilən dörd böyük mələkdir.
Səmavi dinlərə aid olan mələk adları əsasən “il” şəkilçisi ilə tamamlanır. “Bürhani-qate” lüğətində isə mələk adları bir qədər fərqlidir. Belə ki, burada yalnız “Həft fereşte-ye əyyam-e həfte” (həftə günlərinin yeddi mələyi) [165, 425b] ifadəsinin izahında verilmiş Uryail, Hidail, Şəmail, Rəfail, Əqail, Cəbrail, Əzrail adları “il” şəkilçili mələk adlarıdır.
Onomastikada mələk adları “kultonim” termini ilə verilir. S.S.Ağabəylinin ““Koroğlu” dastanının onomastik sözlüyü” adlı kitabında xüsusi adlar onomastik vahidlər bölgüsü üzrə sadalanmış və “Kultonim”in özü də “Allahın adları”, “Əsmaul-hüsna” və “Mələklərin adları” qrupuna bölünmüşdür. Bu termin “təkallahlı dinlərdə dini anlayışları ifadə edən adlar” kimi izah edilmişdir [3, s.38]. Əlbəttə ki, “Həft fereşte-ye əyyam-e həftek” ifadəsinin izahındakı mələk adları “kultonim” termininə aid edilsə də, lüğətdə sadalanmış digər mələk adlarını bu qrupa daxil etmək olmaz. Çünki “Bürhani-qate”dəki digər mələk adları məlum mələk adlarına uygun gəlmir. Belə ki, əksərən həm müxtəlif onomastik vahidlər, həm də ümumi ad olaraq izah edilən həmin sözlərin mənalarından biri məhz mələk adlarına işarə edilərək “نام فرشته...”, bəzən də “نام ملک...” (mələk adı) ifadəsi ilə təqdim edilir. Həmin sözlərin mələk adına işarə edilən izahlarına nəzər saldıqda isə bu mələklərin hamısı müəyyən varlıqları (məsələn: od, hər hansı bir ayın günü və s.) mühafizə edən mələklər kimi təqdim olunur. Bir sözlə, mələk adı kimi də izah edilmiş həmin adlar təkallahlı dinlərə məxsus olan ilahi varlıqlardan hesab edilmir. Həmin mələk adlarının dini varlıq olaraq ifadə etdiyi mənaları onların İran mifologiyası ilə bağlılığını ehtimal etməyə əsas verir.
“Bürhani-qate” lüğətində “mələk adları” xüsusi ad olaraq əksərən müxtəlif onomastik vahidləri əhatə edir. Lakin eyni sözün bəzən bir neçə onomastik vahidlərdə işlənməsinə baxmayaraq, həmin adların “mələk adı” altında qruplaşdırılmasına üstünlük verilir. Lüğətdəki “mələk” adını ifadə edən onomastik vahidləri iki qrupa ayırmaq olar:
1. Bir neçə qrafik və fonetik variantda təqdim edilmiş mələk adları; 2. Həm onomastik vahid, həm də ümumi isim kimi işlənən birvariantlı mələk adları.
“Bürhani-qate”də I qrupa daxil edilmiş “mələk adları”na bir neçə qrafik və fonetik variantda rast gəlirik. Burada bir mələyə aid olan lakin müxtəlif variantlarda işlənən adlar çoxdur. Antroponim sıralarının zənginləşdirilməsində özünəməxsus rol oynayan həmin adlar istər müasir fars dili izahlı lüğətlərində, istərsə də şəxs adları lüğətlərində yer almaqdadır. Bəzən bu sözləri birləşdirən ümumi məna ilə yanaşı, fərqli izahlara da rast gəlinir [21, s.15]. Mənbədə verilmiş həmin adlar aşağıdakılardır:
İlk növbədə آذر Azər sözünün əsasında yaranan adlara nəzər salaq. Lüğətdə bir neçə mənada izah edilən “آذر” sözünün özü ilahi varlıq olaraq “günəşi himayə edən və azər ayında baş verən işlərə aidiyyəti olan mələk” adını ifadə edir [165, 11b].
آذرشپ Azərşəp [165, 12a] – alovu qoruyan mələkdir, səməndər mənasında da işlənir. “FNS” lüğətində bu adın آذرشب azərşəb variantına rast gəlirik ki, “hər zaman alovda olan, atəşi qoruyan mələk” deməkdir [124, s.6]. Göründüyü kimi, “Bürhani-qate”də verilmiş “آذرشپ” və şəxs adları lüğətindəki “آذرشب” variantları arasındakı fərq məlum “پ” “ب” əvəzlənməsindədir. “FN” lüğətində də “آذرشب” variantında verilən antroponim “səməndər və həmişə alov içərisində olan, onu mühafizə edən mələk” mənasındadır [124, s.23].
آذرشسپ Azərşəsp [165, 12a] – bu adın mənasının yuxarıdakı adla eyni olduğuna görə onları eyni adın müxtəlif variantları kimi qəbul edə bilərik. “FNS” lüğətində yer almış “آذرشسب” variantının izahında bu adın “آذرگشسب” adının qısaldılmış variantı olduğu və “sıçrayan atəş, hər zaman alovda olan, atəşi qoruyan mələk və Atəşgah” mənalarını ifadə etməsi qeyd olunub [124, s.6]. “FN” lüğətində adlar cərgəsində yer alan “آذرشست” variantının “alovda paklaşan və təmizlənən, səməndər və asbest (odadavamlı lifli mineral)” mənalarına rast gəlirik. Burada quruluşca mürəkkəb olan bu adın transkipsiyası āzar-šost şəklində verilib [124, s.23]. Məlum olduğu kimi, “azər” – od, alov, “šost” isə “şostən” feilinin əsası olub, açıqlanması “yumaq” deməkdir. “آذرشست” sözünün ifadə etdiyi mənalara əsasən, bunun da “آذرشسپ” adının digər variantı olduğunu deyə bilərik.
آذرگشپ Azərgəşp [165, 12a] – alovu qoruyan mələkdir, “آذرگشسب” kəlməsinin qısaldılmış variantıdır. “FNS” lüğətində آذرگشب azargošb qrafik variantında təqdim olunmuş bu sözün digər variantının آذرگشسپ azargošasp olduğu qeyd olunub [124, s.6]. “آذرگشسپ” adının izahında sözün pəhləvi dilində “āturgušnasp” şəklində olub, alov mənasında “ātur”; erkək heyvan anlamında “gušn” və “asp” – at sözlərinin birləşməsindən yaranması qeyd olunub. Mənaları isə “Şahnamə şəxsiyyətlərindən olub, Sasani padşahı Xosrov Pərvizin komandanlarından birinin adı və Azərbaycanda atəşgah adı”dır [124, s.6].
آذرگشسپ Azərgəşsp [165, 12a] – Bəlxdə tikilən گشتاسب Gəştasb atəşgahıdır, həmçinin parıltı mənası da var, atəş və atəşpərəstlərə də belə deyilir, daima atəşdə olan və odu mühafizə edən mələk adıdır. “FNS” lüğətində azargošasp fonetik variantında verilmiş “آذرگشسپ” adı “آذرگشب” adının digər variantı kimi verilmişdir [124, s.6]. Bu adın mənaları isə yuxarıda verilmiş آذرگشپ Azərgəşp sözünün izahında yer almışdır. “FƏ” lüğətində isə āzar-goşasb fonetik variantlı “آذرگشسب” antroponimi “nər atın alovu” və Sasanilər zamanında Azərbaycanda mühüm atəşgahlardan biri” mənalarındadır [117, s.4]. “FN” lüğətində “Xosrov Pərvizin məşhur komandanlarından birinin adı” izahında verilmiş آذرگشسب azar-goš-asb sözünün digər variantı isə آذرگشنسب azar-gošn-asb olduğu qeyd olunmuşdur [124, s.24]. “آذرگشنسب” adının izahında da “sıçrayan alov, atın tullanması kimi, Zərdüşt dinində cahanı qoruyan üç müqəddəs atəşdən biri və Bəlx atəşgahlarından birinin adı” anlamları qeyd olunur [124, s.24]. “FNİ” lüğətində isə həm “آذرگشسب”, həm də “آذرگشسپ” variantlari verilsə də, bunlardan birincisi yalnız “Bəhram Çubinin komandanlarından biri”, digəri isə “Gəştasbın Bəlxdə tikdiyi və İskəndərin dağıtdığı atəşgah adı, sıçrayan atəş – müqəddəs atəşgahlardan biri və məşhur Xosrov Pərvizin komandanlarından biri” mənalarındadır [126, s.24]. Göründüyü kimi, yuxarıdakı mənbələrə istinadən bu adların hər ikisi eyni adın müxtəlif variantları kimi qəbul olunsa da, sonuncu lüğətdə müxtəlif mənalarda izah olunmuşdur. Bu fərqi lüğət tərtibçisinin müxtəlif mənbələrə istinad etməsi ilə əlaqələndirmək olar.
Yuxarıda sadalanan adlarda müxtəlif fonetik və qrafik dəyişmələr olsa da, onları bağlayan ümumi mənalar bu sözlərin eyni kökdən qaynaqlanan müxtəlif variantlar olmasına dəlalət edir.
Belə adlardan biri də اسفندارمذ Esfendarmoz sözüdür.
اسفندارمذ Esfendarmoz [165, 31a] – اسپندارمذ Espendarmoz mənasındadır, şəmsi ilinin on ikinci ayının, bu ayın hər ayının beşinci gününün adıdır, farslar bu günü mübarək hesab edib, bayram edirlər. Onların adət və qaydasına əsasən, məlumdur ki, günün adı ilə ayın adı uyğun gələrsə, gərək o gün bayram kimi qeyd olunsun və mübarək sayılsın. Ağacları və yaşıllığı himayə edən və “esfendar ayında” baş verən işlərə aidiyyatı olan mələk adıdır, həmçinin yer, torpaq mənasında verilmişdir ki, ərəbcə “ارض” (yer) deyilir. Yuxarıdakı izaha əsasən, bu isim اسپندارمذ Espendarmoz sözünün digər variantıdır. Bu sözün də izahında həmin mənalar verilmişdir [165, 28b-29a]. M.Müinin tərtib etdiyi lüğətdə də rast gəlinən اسفندارمذ Esfandār-maz sözünün digər variantının “اسپندارمذ” olduğu qeyd olunub [122, s.142]. Həmin mənbədə izahı ilə təqdim olunmuş اسپندارمذ Espand-ārmaz sözünün Avesta mənşəli olması verilmişdir [122, s.132-133]. Bundan başqa, “Bürhani-qate”də “اسفندارمذ” sözünün həmin mənalarda izah olunan digər اسفند Esfənd [165, 31a], سپندارمذ Sependarmoz [165, 217b], سفد Sefəd [165, 229a], سفندارمذ Sefendarmoz [165, 229a] kimi qısaldılımış variantlarına da rast gəlirik.
İzahlarında şəxs adı ilə yanaşı, mələk və peyğəmbər adına işarə olunan ابرهام Əbərham və bu kökdən olan aşağıdakı sözlər də xüsusi maraq doğurur.
ابرهام Əbərham [165, 1a] – təbiət, dünya işini nizamlayan mələk və həmçinin peyğəmbər mənalarındadır. “Bürhani-qate” lüğətində bu dini antroponimin براهام Bəraham [165, 62a] izahında ərəbcə variantı “ابراهیم” olan, qədim fars adlarından پراهام Pəraham [165, 92a] qrafik variantları da söz sırasına daxil edilmişdir. Öncə “Bəhram Gurun zamanında yaşamış yəhudi adı” olduğu qeyd edilmiş براهام və پراهام adlarının izahlarında ابراهیم Ebrahim adına rast gəlsək də, bunların heç birində “İbrahim” adının məhz peyğəmbər adı olması göstərilməyib. Aşağıda qeyd olunan müasir fars şəxs adları lüğətlərinə istinadən bu adlar məhz peyğəmbər adının digər variantlarıdır. “Bürhani-qate” lüğətinin müasir nəşrində də bu ad haqqında M.Müinin ətraflı izahı verilmişdir [104, s.81]. Lakin yuxarıda qeyd olunan hər üç variantın qrafik və fonetik cəhətdən oxşarlıqları olsa da, mənalarında olan mələk məfhumu “براهام” və “پراهام” sözlərində əks olunmayıb. Bu səbəbdən “ابرهام, براهام” və “پراهام” sözlərini “İbrahim” adını ifadə edən müxtəlif variantlı sözlər kimi qəbul etmək olar. Lakin sonuncu iki variant mələk adı ilə bağlı izah olunmadığına görə bu adların hər hansı bir mələyə aid müxtəlif variantlı sözlər kimi qəbul edə bilmərik.
Əldə olan müasir fars şəxs adları lüğətlərində “İbrahim” adının müxtəlif variantlarına rast gəldiyimiz üçün lüğətlərə ayrı-ayrılıqda nəzər salaq: “FNS” kitabına istinadən “Xəlilullah” ləqəbli böyük peyğəmbərlərdən biri olan ibrani mənşəli “ابراهیم” dini antroponiminin [124, s.19], براهام Bəraham, براهیم Bərahim [124, s.40], پراهام Pəraham [124, s.51] və پرهام Pərham [124, s.53] variantları da daxil edilib. Hətta burada adın ابراها Əbraha variantı sual altında həbəşi dilində işlənmə variantı kimi təqdim olunub [124, s.19]. “FƏ” kitabında ابرام Əbram, ابراهام Əbraham, ابراهیم Ebrahim - ərəbləşmiş variantı, ابرهام Əbərham [117, s.15], براهام Bəraham [117, s.45], پراهام Pəraham – fars dilində işlənən variant kimi qeyd olunub [117, s.58]. “FN” kitabında da ابرام Əbram, ابراهام Əbraham, ابراهیم Ebrahim - ərəbləşmiş variant [124, s.43-44], براهام Bəraham, براهیم Bərahim [124, s.102], پراهام Pəraham – farsca işlənən [124, s.123] variantları şəxs adları sırasında diqqətə çatır. Bunlardan başqa, “FNİ” lüğətində isə پراهام sözünün qısaldılmış “پرهام” variantı da verilmişdir [126, s.62].
Azərbaycan şəxs adları sistemində çox müraciət olunan “İbrahim” antroponiminin şəxs adları lüğətində izahı belədir: “Əsli “Abram”dır. Böyük ata, həqiqətlərin atası anlamını verir. Beynəlxalq adlardandır. Bir sıra xalqlarda Abrham, Abrhams, bəzilərində isə Avram, Avraam, Avraamiy və s. biçimdə işlənir” [8, s.197; 7, s.139].
“Bürhani-qate”də “İbrahim” adının variantları kimi təqdim olunmuş bu sözlər birbaşa İbrahim peyğəmbərə aid edilmədiyinə görə, biz onları “Peyğəmbər adları” başlıqlı bəndə daxil etmədik. Sadəcə mənalarında mələk, peyğəmbər və sıravi bir şəxşə aid olan həmin sözləri ümumi şəkildə buraya daxil etməyi daha məqsədəuyğun saydıq.
Lüğətdə verilmiş digər bir neçə fərqli qrafik və fonetik variantlı ماراسپند Marespənd, ماراسپندان Marespəndan, ماراسفند Maresfənd, ماراسفندان Maresfəndan [165, 370a] və مهراسفند Mehresfənd [165, 389a] sözlərinin izahlarına əsasən, məlum olur ki, onlar eyni mənalı sözlərdir. Əvvəlki iki sözün mənalarında şəxs adlarından “atəşpərəstlərin kahinlərindən və alimlərindən biri olan Azərbadın atasının adı, suya müvəkkil olan və bu günlə bağlı işlərlə əlaqəsi olan mələk adı” izahına rast gəlirik. “ماراسفند” və “ماراسفندان” sözlərinin izahlarında da bu sözlərin əvvəlki iki sözün mənalarında işlənməsi qeyd olunmuşdur. Həmçinin “مهراسفند” sözünün də izahında onun “suyu qoruyan və bu günlə bağlı işlərə aidiyyəti olan mələk və şəmsi təqvimin aylarının 29-cu gününün adı” izahları verilmişdir. “FNS” kitabında verilmiş “ماراسپند” sözünün izahlarından birində “suyu qoruyan mələk adı”na rast gəlirik [124, s.223]. Həmçinin bu mənbədə yer alan “ماروسپند” sözünün birinci izahının [124, s.223], “ماراسفند” sözünün isə birmənalı şəkildə “ماراسپند” sözü ilə eyni mənalar daşıması qeyd olunmuşdur. “FƏ” lüğətində isə farsmənşəli “ماراسپند” sözünün “müqəddəs kəlam, Günəş təqviminin hər ayının 29-cu günü” mənaları ilə yanaşı, onun ilk öncə “مهراسپند” sözü ilə eyni olması diqqətə çatdırılır [117, s.253]. Bu sözün də “Bürhani-qate”də verilmiş “مهراسفند” sözünün digər variantı olduğunu desək, yanılmarıq.
“Bürhani-qate” lüğətində mənalarında ilahi varlıqlara işarə edilən iki variantda təqdim edilmiş بشتر Bəştər vəتشتر Təştər adları da diqqət çəkir.
بشتر Bəştər [165, 71b] – “Bəştər” kimi tələffüz olunduqda Mikail (ə.) adıdır. Xalqa ruzini çatdırmaq ona həvalə olunub. Bu mənada تشتر Təştər kimi də işlənə bilər. Bitki və buludu himayə edən mələk adıdır. Buluda da deyilir və s. mənalarda izah edilmişdir. “FNİ” lüğətində yer alan həmin ad Mikail (ə) adı kimi izah edilmişdir [126, s.55].
تشتر Təştər [165, 116b] – Mikailin (ə) adıdır. “FƏ” lüğətinə daxil edilən farsmənşəli bu ad “yağış Tanrısı, Sirius (Böyük köpək bürcündə ulduz), Günəş təqviminin hər ayının on ücüncü günü” mənalarındadır [117, s.69]. M.Müinə istinadən, pəhləvi dilində “tištar” şəklində işlənmiş “teštar” sözü “Tanrı adı və Günəş təqviminin hər ayının on ücüncü günü” mənalarını ifadə edir [119, s.1084-1085]. Göründüyü kimi, “تشتر” adı yalnız peyğəmbər adı kimi təqdim edilmişdir. Lakin bu ad “Bürhani-qate”də “بشتر” sözünün digər variantı kimi təqdim edilib.
Yuxarıda qeyd etdiyimiz kimi mələk adlarının bir hissəsi də “Həm onomastik vahid, həm də ümumi isim kimi işlənən birvariantlı mələk adları” adlı II böyuk bir qrupda cəmləşdirilmişdir.
Bu qrupa daxil olan mələk adları sırasında maraq doğuran faktlardan biri hal-hazırda İran İslam Respublikasında rəsmi olaraq istifadə edilən hicri-şəmsi təqviminin adlarının eyni zamanda həmin təqvimlə əlaqədar olan mələk adlarını ifadə etməsidir. Belə ki, “Bürhani-qate”də verilmiş فرودین Fərvədin [165, 289a], اردی بهشت Ordibeheşt [165, 24b], خرداد Xordad [165, 154b], تیر Tir [165, 124a-b], مرداد Mordad [165, 376b], شهریور Şəhrivər [165, 263a], مهر Mehr [165, 388b], آبان Aban [165, 7a-b], آذر Azər [165, 11b], دی Dey [165, 185a], بهمنBəhmən [165, 82a] və mənbədə bir qədər fərqli qrafik variantda rast gəlinən hicri-şəmsi təqviminin on ikinci ayı olan اسفند Esfənd [165, 31a] adları eyni zamanda həm də mələk adlarını bildirir. “Esfənd” adının “Bürhani-qate”də olan اسفندارمذ Esfendarmoz variantı haqqında yuxarıda məlumat verilmişdir.
“Bürhani-qate”də bir çox mələk adları təqvimlə, daha dəqiq desək, Günəş təqviminin müəyyən günlərinin adları ilə də bağlı olan dini məfhumlardır. İzahlara əsasən, həmin mələklər müəyyən olunmuş günləri himayə edir və həmin ayın eyniadlı günlərində baş verən hadisələr onunla baglı olur. Belə mələk adları çoxdur. Bu adlara aşağıdakıları nümunə göstərə bilərik:
1) Günəş təqviminin hər ayının iyirmi beşinci gününün adı olan, آراد “Arad”ı müdafiə edən mələk [165, 12b]; 2) Günəş təqviminin hər ayının iyirmi yeddinci, bəzilərinin dediyinə görə isə iyirmi beşinci gününə aid olan آسمان Aseman [165, 15a]; 3) Bəndələrin işlərini nizama salan mələk adı və həmçinin Günəş təqviminin hər ayının on yeddinci gününün adını ifadə edən اسروش Osruş [165, 30a-b]; 4) Günəş təqviminin hər ayının iyirmi səkkizinci gününə müvəkkil olan اشتاد Əştad [165, 32b] adlı mələk. Əlavə olaraq, اشتاد əştad sözü ilə bağlı bir qeydi diqqətə çatdırmaq istərdik. Belə ki, fars dilində işlənən, eləcə də Azərbaycan dilinin lüğət tərkibinə daxil olan “həştad” (هشتاد) sayı, məlum “səksən” sayını ifadə edir. Mənalarından biri sayla bağlı olan, daha dəqiq desək “Günəş təqviminin hər ayının iyirmi səkkizinci günü”nü ifadə edən “əştad” sözünün “həştad”la fonetik yaxınlığı diqqətə çatır. Bu iki ad arasında olan fonetik və məna yaxınlığı onlardan birinin digərindən qaynaqlandığını deməyə əsas verir; 5) Nikaha və Günəş təqviminin hər ayının orta gününə müvəkkil olan انیران Əniran [165, 44b] mələyi; 6) Günəş təqviminin hər ayının iyirmi ikinci günü ilə əlaqəli olan باد bad [165, 50b]; 7) Səfərdə olan insanların qorunması həvalə olunmuş بهرام Bəhram mələyi, “Bəhram” günündə baş verən hadisələr ona aid edilir [165, 81b]; 8) Günəşə müvəkkil olan və “خور” günündə baş verən hadisələrlə əlaqəli olan خور Xor [165, 161b] mələyi; 9) Günəş təqviminin aylarının iyirmi səkkizinci gününə bağlı olan زامیاد Zamyad [165, 200b]; 10) Aya müvəkkil گوش Guş [165, 357b]; 11) Ayın və Günəş təqviminin hər ayının on ikinci gününü himayə edən ماه Mah [165, 373b] mələyi və s.
Ümumiyyətlə, yuxarıda adları çəkilən sözlərin bəzilərinin ifadə etdiyi mənalar yalnız mələk, təqvim və günlə tamamlanmır. Həmin sözlər həm ümumi isim, həm də müxtəlif onomastik vahid mənalarında işlənərək geniş anlamları əhatə edir. Məsələn:1) تیر tir [165, 124a-b] həm ümumi isim, həm də onomastik vahid olaraq ay, gün, ulduz, quş, çiçək adlarını ifadə edərək 26 mənada işlənmiş və mələk adı kimi “minik heyvanlarına müvəkkil olan mələk adıdır və “tir” ayı, “tir” günündə baş verən hadisələr, mənfəətlər ona aiddir” anlamında izah edilmişdir; 2) Günəş təqviminin aylarının iyirmi birinci gününün adını və ilahi varlıq kimi “ram gününə müvəkkil olan mələk adı”nı daşıyan رام Ram [165, 189a] sözü ümumi isim mənasında da işlənir; 3) بهمن Bəhmən [165, 82a] adı da ifadə etdiyi mənaların sayına görə çoxmənalı sözlərdən biridir. Əldə olan bütün fars şəxs adları lüğətlərində rast gəldiyimiz “بهمن” [117, s.54; 124, s.46; 124, s.114;126, s.58] adı Azərbaycan şəxs adları sırasında da “doğru danışan, yalan söyləməz; zəkalı, ağıllı; bu, həm də İran aylarından birinin adıdır, “Avesta”da mələk adı kimi işlənmişdir” mənasında izah edilir [7, s.114]; 4) اختر əxtər [165, 22b] – Bayraq, əlamət, simvol, kitab və tale, bəxt, ulduz mənalarındadır. Yer kürəsini qoruyan mələk və ayın mənzillərindən birinin adını da daşıyır. 5) بادران Baderan [165, 51b] – küləyi hərəkətə gətirib, bir yerdən başqa yerə aparan mələk adıdır. Təkəbbürlü şəxslərə deyilir. Və yelpik mənasındadır. M.Müinin lüğətində bu söz ümumi isim sırasında yer alaraq “yelpik və küləyi hərəkətə gətirən mələk” mənalarındadır [119, s.442]. Quruluş nöqteyi-nəzərincə, “külək” (باد) və “qovmaq” (راندن) feilinin kökü olan “ران” sözünün iştirakı ilə yaranan bu mürəkkəb ismə əldə etdiyimiz fars şəxs adları lüğətlərində rast gəlmədik; 6) دروا Dərva [165, 173a] – bir neçə mənada işlədilən bu söz mələk adı kimi ümumi olaraq “mələk adıdır” şəklində izah edilmişdir. Məcazi mənada “Harut və Marut” adlarını bildirir. Əvvəli “u” (zəmmə) ilə deyildikdə Hindistan sultanlarından birinin adı və s. kimi mənalarda izah edilib. Bu sözün mələk adını bildirməsi Əli Əkbər Dehxudanın “Lüğətnamə” kitabında “Bürhani-qate” lüğətində olduğu kimi verilsə də [155, s.493], müraciət etdiyimiz digər izahlı lüğətlərdə “دروا” sözünün mələk adı haqqında izahına rast gəlmirik. Hətta bu ad müraciət etdiyimiz fars şəxs adları lüğətləri, həmçinin bununla bağlı internet saytlarında da şəxs adları sırasında yer almamışdır; 7) قزحQozəh [165, 299a] – Şeytanlardan birinin adıdır. Bu səbəblə göyqurşağına şeytan kamanı deyilıir. Dağ adıdır. “Qezh” kimi tələffüz olunduqda qazana tökülən isti məzaclı və onun kimi olan ədviyyata deyilir. Hər üç mənada ərəbcədir [165, 299a].
“Bürhani-qate”də səmavi dinlərə aid olan bəzi mələk adlarını özündə birləşdirən “həftənin yeddi mələyi” məzmunlu aşağıdakı ifadəyə də rast gəlinir.
هفت فرشته ایام هفتهhəft fereşte əyyam-e həfte [165, 425b] – Uryail, Cədyail, Şəmail, Rəfail, Ənail, Cəbrail, Əzrail. Əli Əkbər Dehxudanın “Lüğətnamə” kitabında da “Bürhani-qate”də olduğu kimi, şərhsiz həmin yeddi mələyin adı eyni qaydada sadalanmışdır [162, s.237]. Lakin M.Müinin lüğətində verilmiş izah belədir: “Yəhudilər babilliləri təqlid edərək, yeddi planetin yeddi mələyə aid olduğunu qəbul edirdilər. Və həftənin günlərinin idarəsi bir mələyə tapşırılmışdır. Bunlar Rəfail, Cəbrail, Şəmail, Mikail, Zədkail, Ənail və Səbtəil mələkləridir” [123, s.2286]. Göründüyü kimi, burada həmin tərkibə daxil olan mələk adlarının həm sıralanmasında, həm də bəzi adlarında fərq vardır. Əlbəttə ki, bu fərqi lüğət tərtibçilərinin müraciət və ya istinad etdikləri mənbələrlə yanaşı, həmçinin İran mifologiyası ilə də əlaqələndirmək olar.
Həmin ifadədə rast gəlinən “Cəbrail, Mikail, Rəfail” kimi mələk adlarının Azərbaycan dilinin şəxs adları sırasında işlənməsi məlumdur.
Bu qrupa daxil etdiyimiz yuxarıdakı adlardan başqa, birvariantlı mələk adları içərisində bir neçə ad vardır ki, onlar yalnız mələk adını ifadə edirlər. Həmin mələk adları “Yalnız mələk adını ifadə edən adlar” bölməsində toplanmışdır. Bu bölməyə aid olanlar aşağıdakılardır:
روان بخش Rəvanbəxş [165,195a] – elm və biliklə bağlı olan mələk adıdır, ərəbcə ona روح المقدس Ruhol-moqəddəs (müqəddəs ruh) deyilir. M.Müin sözün izahını “ruhlandıran, ruhlandırıcı, can verən, can bağışlayan” və xüsusi ad olaraq روح القدس Ruhol-qods (müqəddəs ruh) mənalarında təqdim etmiş [119, s.1681], “FNS” lüğətində bu ad “qəlbi və ruhu sakit edən, sevindirən, şadlandıran; ruhu bağışlayan, Tanrı” [124, s.109], “FƏ” lüğətində isə “ruhlandıran, Müqəddəs ruh, Tanrı sifətlərindən biri” [117, s.122] kimi mənalarda izah olunmuşdur. Göründüyü kimi, yuxarıda verilən lüğətlərdə “روان بخش” sözünün “Ruhol-moqəddəs” mənasında işlənməsinə rast gəlinmir. Həmin mənbələrdə bu kəlmənin mənalarından birində məhz xüsusi adı bildirən “Ruhol-qods” izahı əksini tapmışdır. M.Müinin lüğətində baş söz sırasında yer alan “Ruhol-qods” ifadəsinin izahına əsasən, bu dini ad İsa peyğəmbər (ə) və Cəbrailə (ə) aiddir. Buradakı izahda İsa peyğəmbərə (ə) həmçinin روح الله Ruhullah və روح المسیح Ruhol-məsih deyilməsi də qeyd olunub [122, s.618]. Həmçinin Şəmsəddin Saminin məşhur “Qamusi-türki” lüğətində “روح” sözünün izahlarında İsa peyğəmbər (ə) və Cəbrail (ə) işarə olunan “Ruhəl-əmin, Ruhəl-qüds = Həzrət Cəbrail, Ruhullah = Həzrət İsa” ifadələrinə rast gəlirik [69, s.673]. “FNİ” lüğətində də bu ad yuxarıda verilmiş mənalardadır [126, s.94]. Yuxarıda adları çəkilən mənbələrə istinadən, “Bürhani-qate”də “روان بخش” sözünü Cəbrailə (ə) aid olduğunu və ərəbcə ona əslində “روح القدس” şəklində müraciət olunduğunun şahidi oluruq. Əlyazma nüsxəsində verilmiş “روح المقدس” ifadəsindəki “م” hərfini isə katib tərəfindən buraxılmış səhv kimi qiymətləndirmək olar.
فرخ زاد Fərroxzad [165, 284b] – mübarək doğulmuş mənasındadır. Belə ki, “فرخ” (xoşbəxt, gözəl) “مبارک” (mübarək) anlamını daşıyır. Yerin himayədarı olan mələk adıdır. “FNS” lüğətində yuxarıdakı məna ilə yanaşı, “Şahnamə” şəxsiyyətlərindən birinin adının da olduğu qeyd olunub [124, s.185-86]. “FƏ” lüğətində isə yalnız ümumi ad kimi “mübarək doğulmuş, xoşbəxt” mənalarını ifadə etməsi bildirilir [117, s.212]. “FNİ” lüğətində də həm ümumi, həm də mələk adı kimi izah edilmişdir [126, s.133]. Yuxarıda verilmiş sözlərdən göründüyü kimi, onların hər ikisi quruluşca mürəkkəbdir.
هاروت Harut [165, 419b] – Babildə quyuda başı aşağı asılmış və ilahi əzaba düçar olmuş iki mələkdən birinin adıdır. Kim cadu elətdirmək üçün həmin quyunun başına getsə, onlara cadu öyrədirdilər. Ümumiyyətlə, dini ədəbiyyatda adı çəkilən هاروت و ماروت Harut və Marut mələkləri haqqında olan məlumata M.Müinin lüğətində də rast gəlirik. Burada “yer kürəsinə gəlib, günaha batmış iki əfsanəvi mələk adlarındandır və Babil quyusunda zindandadırlar...” izahı ilə başlanan məlumat da vardır [122, s.2244].
Mələk adları içərisində Cəbraili (ə) ifadə edən سروشSoruş adı haqqında verilmiş məlumatlar da maraq doğurur.
سروش Soruş [165, 227a-b] – Cəbrailin adıdır, ümumiyyətlə, xəbər gətirən mələyə deyilir. Ərəbcə “ملک” (mələk) adlanır. Ümumiyyətlə, “Bürhani-qate” lüğətində bu sözün geniş şəkildə verilmiş izahında mələklər, onların aylara görə bölgüsü və s. haqqında məlumatlara rast gəlirik. M.Müinin lüğətində “سروش” sözü belə izah edilmişdir: 1. “Zərdüştilik dinində məhşər günü haqq-hesab işinə baxan Tanrılardan biridir. O, bəndələri əmrə tabe olmaq, itaət etmək yolunu öyrədir və Günəş təqviminin hər ayının on yeddinci gününün (“سروش روز” Suruş günü) himayədarıdır” [122, s.752]; 2. “Pəhləvi dilində “srōš” şəklində tələffüz olunub. Mələk, günəş təqviminin hər ayının on yeddinci günü və mahurun guşələrindən biri (musiqidə)” [119, s.1878]. Müasir fars şəxs adları lüğətlərində də yer alan bu antroponim məlum mənalarda təqdim olunmuşdur [117, s.148;124, s.130;124, s.253-254;126, s.105]. “FNİ” və “FN” lüğətlərində ümumi və xüsusi isim mənalarında təqdim olunan bu adın məhz Cəbrail (ə.) adını bildirməsi əksini tapıb [126, s.105;124, s.254]. “FƏ” və “FN” lüğətlərində سروشه Soruşe adı “سروش” adının digər variantı kimi göstərilmişdir [117, s.148; 124, s. 254]. “Bürhani-qate”də isə سروشه Soruşe [165, 227b] Cəbrailə və ümumiyyətlə mələklərə aid olan ad kimi izah edilmişdir.
Lakin Cəbrail (ə) və yuxarıda haqqında bəhs olunan Mikail (ə) adlarının islam dinində yalnız bu şəkildə ifadə olunması məlumdur. Bu adların “Bürhani-qate” lüğətində “سروش” və “تشتر” adları ilə ifadə edilmələrini lüğətdəki izahlara əsasən, İran mifologiyasından irəli gəldiyini və icra etdikləri vəzifələr arasında müəyyən yaxınlığa görə bu şəkildə təqdim olunmasını söyləmək olar.
Diqqətçəkici sözlərdən biri də, سفد sefəd sözüdür. Belə ki, sözün izahında katib tərəfindən buraxılan kiçik səhv həm istinad etdiyimiz, həm də digər mənbələrə əsasən təyin edilir. Həmin sözə bir qədər ətraflı nəzər salaq.
سفد Sefəd [165, 229a] – سبد sebəd mənasındadır. Yeri, torpağı bildirir. Ərəbcə ارض Ard deyilir. Torpağın himayədarı olan mələyin adıdır. Günəş aylarından və illərindən, beşinci günün və on ikinci ayın adıdır. Bu gündə farslar bayram edirlər. Onlar arasında olan qaydaya əsasən, əgər ayın və günün adı uyğun gəlirsə, o gün bayram edilməlidir. Bu gündə təzə geyinmək, ağac əkmək yaxşı hesab edilir. Və سپند sepənd-ə də deyilir. O bədnəzərə görə oda atılan toxumdur. Qeyd etmək istərdik ki, izahın əvvəlində verilmiş “سبد” sözü əslində “سپد” şəklində olmalıdır. Güman edilir ki, bu katib tərəfindən edilmiş səhvdir. Belə ki, “Bürhani-qate”də baş söz sırasında yer almış سپد seped [165, 216b-217a] sözünün izahı سفد sefəd-lə eynidir. Həmçinin “Bürhani-qate”nin nəşr variantında سفد sefəd sözünün izahındakı “سبد” sözü məhz “سپد” şəklində verilmişdir [105, s.1144]. Burada M.Müin “سفد” sözünə yazdığı əlavə qeydində bu kəlməni “سفد” sözünün səhv yazılmış variantı olduğunu və əlavə olaraq “سپند، اسپند، اسپندارمذ” sözlərinə müraciət olunmasını da göstərmişdir [105, s.1144]. M.Müin öz lüğətində isə “اسپند، سپند، سپندارمذ” [122, s.132; s.730] sözlərini اسپندارمذ espənd-ārmaz sözünün variantları kimi vermişdir. İzahında isə “Bürhani-qate”dəki سفد sefəd sözünün mənaları göstərilmişdir [122, s.132-133]. Şəxs adları lüğətlərindən “FNS” lüğətində “سپند” antroponiminin izahı yalnız “bəd-nəzərə görə oda atılan xoşətirli qara rəngli toxum” [124, s.127], “FƏ” lüğətində isə iki variantda verilmiş اسپند espənd [117, s.23] və سپند sepənd [117, s.144] sözləri də həmin toxum mənasında izah olunmuşdur.
“Həm onomastik vahid, həm də ümumi isim kimi işlənən birvariantlı mələk adları” adlı bu qrupda mələk adı altında cəmləşdirdiyimiz həmin onomastik vahidlərin fars şəxs adları sıralarının zənginləşdirməsindəki rolu məlumdur. Eyni zamanda həmin adların istər xüsusi ad olaraq bir deyil, bir neçə onomastik vahidləri ifadə etməsi, istərsə də ümumi ad kimi geniş mənalarda işlənməsi bu sözlərin semantikasının rəngarəngliyini sübut edir.
Dostları ilə paylaş: |