3.4. Zoonim və kosmonimlər
Onomastik vahidlərin bir qrupunu zoonimlər təşkl edir. A.Qurbanov zoonimlər haqqında belə yazır: “Zoonimlər dilin zooloji leksikasını təşkil edir. Zooloji leksikaya heyvan və quş adları daxildir” [39, s.402;41, s.312]. Əlavə olaraq, zoonimləri “növ” bildirən “ümumi zoonimlər” və “ləqəb” bildirən “xüsusi zoonimlər” qrupuna ayıran alim bunu belə izah edir: “Dilçilikdə onomastik vahid kimi ancaq xüsusi zoonomlər – ad – “ləqəblər” öyrənilir. Bu cür ad – “ləqəblər” isə əsasən ev quşlarına və ev heyvanlarına verilən adlardan ibarətdir. Eyni zamanda, maldarlıqla məşğul olan təsərrüfatda ayrı-ayrı heyvan növlərini – inək, camış, kəl, öküz, qoyun, keçi və itləri bir-birindən fərqləndirmək üçün (növ daxilində) onlara adlar – “ləqəblər” verilir” [39, s.403;41, s.313].
Fars dilçiliyində onomastikanın bu qrupu ilə bağlı doktor Həsən Ənvəri belə bir bölgü təqdim etmişdir: “Bəzi heyvanlara və xüsusi əşyalara qoyulan ad: Rəxş (Rüstəmin atının adı)”, gəlincik və ya əşyalara qoyulan adlar” [113, s.67].
Göründüyü kimi, zoonimlərlə bağlı olan bu bölgü alim tərəfindən qarışıq formada təqdim edilmişdir. Lakin İran mənbələrinin birində rast gəldiyimiz xüsusi adların şərti olaraq bölünmüş dörd qrupundan biri olan zoonimlərə məxsus “esm-e məxsus-e heyvanha” (“Heyvanlara məxsus ad”) bölgüsünü daha düzgün hesab etmək olar [174].
Ümumiyyətlə, “Bürhani-qate” lüğətində “ümumi zoonimlər” qrupuna daxil olan adların sayı kifayət qədər çoxdur. “Xüsusi zoonimlər” isə çoxluq təşkil etmir və onlar aşağıdakılardan ibarətdir:
آذرگون Azərqun [165, 12b] – həmçinin at adıdır, Səməndər də deyilir.
برمایون Bərmayun [165, 65b] və بزمایونBəzmayun [165, 68b] – Firiduna süd verən inəyin adı.
ثادق Sadeq [165, 125b] – “bir atın adıdır” kimi izah edilib.
دمنه Demne [165, 180a-b] – “Kəlilə və Dimnə” əsərində çaqqal adı.
سیمرغ Simorğ [165, 242b] – Rüstəmin atası Zalı böyüdüb, boya-başa çatdıran əfsanəvi quş adı.
سیه Siyəh [165, 243a] – Qara olduğu üçün İsfəndiyarın atının adıdır. Xətt və kitab adı mənalarını da daşıyır.
شبدیز Şəbdiz [165, 249a] – Xosrov Pərvizin atının adıdır.
شبرنگ Şəbrəng [165, 249a] – Siyavuşun atının adıdır. Həmçinin quş və daş adlarını da bildirir.
شتربه Şətrəbə [165, 250b-251a] – “Kəlilə və Dimnə” kitabında hekayələrin birində verilmiş inək adıdır.
گلگون Qolgun [165, 352b] – Fərhadın sevgilisi Şirinin atının adıdır. Gülgün və Şəbdizin səhra madyanından doğulmuş iki at olduğu deyilir.
Yuxarıda adları çəkilən ləqəb funksiyalı “xüsusi zoonimlər”dən göründüyü kimi, bir çox zoonimlərin adları onların məxsus olduğu rəng çalarları ilə bağlı qoyulmuşdur. Bunlara alov, qırmızı və əsasən qara rəngləri özündə əks etdirən “سیه، شبدیز، شبرنگ، گلگون آذرگون،” adlarını nümunə göstərə bilərik. Bu adlardan آذرگون və گلگون adı əsasında yaranan گلگونه adları fars şəxs adları sırasında da yer almışdır [117, s.5; s.242].
“Xüsusi zoonimlər” içərisində Firdovsinin “Şahnamə” əsərindən, həmçinin qədim Şərq ədəbiyyatının məşhur abidələrindən biri olan, heyvanların dilindən nəql olunmuş “Kəlilə və Dimnə” əsərindən verilmiş nümunələr, dövründən və məkanından asılı olmayaraq, həmin əsərlərə böyük marağın olmasından irəli gəlir.
Dilin leksikasının bir hissəsi də səma, göy cisimlərindən ibarətdir. Belə ki, “səma cisimləri dedikdə Günəş, Ay, Yer, ulduzlar, bürclər, kraterlər və s. nəzərdə tutulur. Şübhəsiz, müxtəlif planetlərə, bürclərə, ulduzlara verilən adlar şərti – ləqəb xarakteri daşıyır” [41, s.323]. Onomastikanın “kosmonimlər” bölməsinə aid edilən səma cisimləri yaxın anlayışları bildirən, biri digərindən o qədər də fərqləndirilməyən “kosmonim” və “astronim” terminləri ilə adlandırılır. Kosmonimlər, “kosmik fəzanın, qalaktikanın, ulduzlar topasının adları” [2, s.255], astronimlər isə, “hər hansı ayrıca səma cisminin, o cümlədən planetlərin, ulduzların, səyyarələrin, kiçik planetlərin (asteroid və ya planetoidlərin), bürclərin xüsusi adı” kimi izah edilmişdir [2, s.88].
“Bürhani-qate” lüğətində toplanmış kosmonimlərə nəzər saldıqda, A.Qurbanovun yalnız Azərbaycan dilində deyil, dünyanın digər xalqlarında da kosmonimlərin işlənməsinə dair fikirləri dolğunluğu ilə diqqət çəkir. O, yazır: “Dünyanın digər xalqlarında olduğu kimi, azərbaycanlıların ulu babaları da sirlə dolu olan kainatı, xüsusilə, Ayı, Günəşi, ulduzları, qalaktikamızın planetlərini Yerdən maraqla seyr etmiş, onlara qəribə adlar vermiş və haqqında müxtəlif əfsanə və rəvayətlər uydurmuşlar. Babalarımız uzun müddət öz talelərini səma cisimlərinin hərəkətlərinə uyğun şəkildə yozmuş, belə hesab etmişlər ki, hər adamın göydə bir ulduzu vardır”[41, s.323-324]. Həqiqətən alimin kosmonimlərlə bağlı irəli sürdüyü bu fikirləri lüğətdə yer almış göy cisimlərinin timsalında görmək mümkündür. “Bürhani-qate”dəki kosmonimlərə aşağıdakıları nümunə göstərə bilərik:
1. آفتاب Aftab [165, 16b] – kosmonim kimi Günəş mənasındadır.
2. بخون Bəxun [165, 60a] – Mərrix (Mars) ulduzunun adıdır, beşinci səmada (göydə) yerləşir.
3. برجیس Bərcis [165, 62b] – Müştəri (Yupiter) ulduzunun adlarından biridir.
4. بهرام Bəhram [165, 81b] – müxtəlif mənalarda təqdim olunan söz kosmonim kimi “Mərrix (Mars) ulduzunun adıdır, onun yeri beşinci səmadadır və üçüncü iqlim ona aiddir” şəklində izah edilmişdir.
5. پنجپایه Pəncpaye [165, 101a] – sözü “xərçəng, Xərçəng bürcü və dördüncü bürcün adı”nı bildirir.
6. ترازو Tərazu [165, 113a] – kosmonim kimi mənası “on iki bürcdən biri olan tərəzi bürcünün adı”dır.
7. تیر Tir [165, 124a] – 26 mənada izah olunan sözün kosmonim kimi mənası Ütarüd (Merkuri) ulduzunun adıdır.
8. خرشا Xorşa [165, 155b] və خرشاد Xorşad [165, 155b] – Günəşin adlarından biri.
9. خور Xor [165, 161b] – Günəşin adlarından biri.
10. راوش Raveş [165, 189b] – Müştəri (Yupiter) ulduzunun adıdır.
11. رخش Rəxş [165, 191a] – kosmonim kimi “Günəşin adlarından biri”dir.
12. زاوش Zavoş [165, 201a] – Müştəri (Yupiter) ulduzunun adıdır. Məhəmməd Təbrizi burada sözün ikinci saitinin “u” ilə tələffüz olunan zaman “həmçinin Ütarüd ulduzu”nun (Merkuri) nəzərdə tutulduğunu qeyd edir. Əlavə olaraq, زاووش Zavuş [165, 201a] variantının həm “Müştəri ulduzu” (Yupiter), həm də “Ütarüd ulduzu”na (Merkuri) aid olduğu verilib. Lüğətdə verilmiş زوش Zəvəş [165, 209a] sözünün mənalarından biri də “Zavoş mənasında olan Müştəri (Yupiter) ulduzunun adı”dır.
13.زهره Zohre [165, 209b] – Bu söz “Zohre” kimi tələffüz olunduqda məşhur ulduzdur və onu Nahid adlandırırlar” şəklində izah olunub.
14. شباهنگ Şəbahəng [165, 248b] – Kosmonim olaraq bu sözün izahı “Karvankeş (astr. kəhkaşan) ulduzunun adıdır. Bu sübh açılmamışdan öncə görünən ulduz”dur.
15. شر Şer [165, 252b] – Günəşin adlarından biridir.
16. شید Şid [165, 263a] – Kosmonim kimi “Günəşin adlarından biridir”. Lüğətdə bu sözün digər variantı olan “شیده” Şide [165, 264a] həmin mənalarda işlənir.
17. کیوانKeyvan [165, 340a] – Yeddinci səmada yerləşən Zühəl (Saturn) ulduzunun adıdır.
18. مریخ Mərrix [165, 279b] – Mənalarından biri belədir: “Ulduz adıdır, yeddi planetdən biri olub, beşinci səmada yerləşir”.
19. مهر Mehr [165, 389b] – Müxtəlif mənaları əhatə edən “mehr” sözü səma cisimlərindən “günəşin adlarından biri” mənasındadır.
20. ناهیدNahid [165, 396b] – Bir neçə mənası olan söz səma cismi olaraq “Zöhrə (Venera) ulduzu”dur. Lüğətdə verilmiş ناهیده Nahide [165, 396b] sözü də “Zöhrə ulduzu olan Nahid mənasındadır. Beşinci iqlim ona məxsusdur”.
21. نژه Nəjə [165, 399a] – Kosmonim kimi mənası “hərəkət etməyən sabit ulduzlardan biri”dir.
Nümunələrdən göründüyü kimi, səma cisimlərinin əksəriyyəti müxtəlif adlarla ifadə olunmuşdur. Bu səma cisimlərinin qədim dövrlərə qədər uzanan mövcud izlərinin varlığı isə həmin dövrlərdə insanların geniş astronomik görüşlərə və məlumatlara malik olduqlarını bir daha bariz şəkildə göstərmiş olur. Eyni zamanda, “Bürhani-qate” lüğətində toplanmış səma cisimlərinə nəzər saldıqda belə qənaətə gəlmək olar ki, kosmonimlərin qədim izləri İran mifologiyası, şifahi xalq ədəbiyyatı, eləcə də klassik Şərq ədəbiyyatı nümunələrində də yer almışdır.
Yuxarıdakı adlardan başqa əlavə olaraq da qeyd etmək istərdik ki, dissertasiyanın II fəslinin “Tanrı adları” ilə bağlı olan bəndində verilmiş Ahurəmazda teoniminin ifadə etdiyi mənalardan biri “Müştəri (Yupiter) ulduzu”dur. Həmin teonimin təqdim olunmuş bütün variantlarında bu səma cisminin adı çəkilir. Ahurəmazdanın həmin mənanı ifadə etməsi qədim dövrlərdə insanların səma cisimləri ilə bağlı olan fikirlərinə bir baxış kimi də qiymətləndirilə bilər. Eyni zamanda, lüğətdəki kosmonimlərin hər birinin onların işləndiyi dövrdə astronomiya elminin inkişafı ilə yanaşı, müxtəlif dövrlərdə insanların elmin bu sahəsi üzrə formalaşmış dünyagörüşü ilə bağlı olan fikirlərə bir aydınlıq gətirdiyini desək, yanılmarıq.
Bir məsələni də qeyd etmək yerinə düşər ki, lüğətdə səma cisimləri ilə bağlı verilmiş astronomik bilgilər həmçinin türklərin mifoloji yaddaş tarixində də əks olunmuşdur. Buna bariz nümunə dilçi alim Ə.Quliyevin “Qədim türk onomastikasının leksik-semantik sistemi” adlı kitabında rast gəldiyimiz professor K.Vəliyevin ulduzlarla bağlı olan fikirləridir. Ə.Quliyev dilçi alimə istinadən yazır ki, “...mifologiyada və folklorda böyük yer tutan ulduzlar da kosmik tanrılar arasındadır. Şərqdə yeddi ulduz haqqında yaranmış əfsanə və inamlar türklər arasında da intişar tapmışdı. İnama görə göyün yeddi qatı, bu yeddi ulduz arasındakı məsafə və təbəqələrdir. Belə bir fikir hakim idi ki, dünya bu yeddi ulduzun tam mərkəzindədir. Dünyanın ətrafında isə yeddi göy, yəni yeddi təbəqə vardır. Hər təbəqədə bir ulduz durub, I təbəqədə Ay, II təbəqədə Ütarid, III göydə Zöhrə, IV göydə Günəş, V göydə Mərrix, VI göydə Müştəri, VII göydə Zühəlin yerləşdiyi təsəvvür edilirdi. Həftə günlərini sıra ilə bu ulduzlar idarə edirdilər. Nücum elmi dünyanı da yeddi iqlimə bölürdü. Hər iqlimi bir ulduzun idarə etdiyinə inanırdılar. Bu inam türklərdə də vardı” [38, s.158-159].
Bundan başqa, adı çəkilən kitabda IX-X əsrlərə aid olan uyğur abidələrinin birində işlənmiş kosmonimlər haqqında məlumat verilmişdir. Buradakı məlumatlara əsasən, abidədə Merkuri ulduzunun Tir, Saturn planetinin isə Kivan (Keyvan) adı şəkilində işlənməsi, Şərq xalqlarında Müştəri adı ilə tanınan Yupiter planetinin Urmızt (Ormozd) adı ilə, həmçinin daha çox Zöhrə kimi tanınmış Venera planetinin Naqıd (Nahid) adı ilə ifadə edilməsi diqqət çəkən məqamlardandır [38, s.160-161].
Beləliklə, “Bürhani-qate” lüğətində dilin lüğət tərkibinin bir hissəsini təşkil edən kosmonimlərə söykənərək, yüzilliklərin dərin qatlarında kök salmış və əsrlər boyu keşməkeşli yollar qət etmiş onomastikanın bu bölməsinin maraqlı faktların daşıyıcısı olduğunu deyə bilərik.
Həmçinin, yuxarıda sadalanan adların bir çoxu fars və Azərbaycan dillərinin şəxs adları sırasının zənginləşməsində iştirak edir. Belə ki, fars şəxs adları sırasına daxil olan adlar bunlardır: برجیس Bərcis [117, s.45;125, s.102], بهرام Bəhram [117, s.52;124, s.45;125, s.112-113], زاوش Zavoş [124, s.114], زهره Zohre [117, s.132; 124, s.118;125, s.236], شباهنگ Şəbahəng [124, s.142; s.125, s.274], شید Şid [117, s.175; 124, s.151;125, s.286-287],شیده Şide [117, s.175;124, s.151;125, s.287], کیوان Keyvan [124, s.210;125, s.360-361], مهر Mehr [117, s.275;124, s.241;125, s.411], ناهید Nahid [117, s.289;125, s.425]. Azərbaycan şəxs adları sırasında yer alan həmin kosmonimlərdən isə Bəhram, Zöhrə, Nahid, Mehri adlarını nümunə göstərmək olar.
Ümumiyyətlə, bəzi kosmonim və ya astronimlərin şəxs adları sisteminə daxil olaraq işlənməsi, onların dilin lüğət tərkibinin zənginləşməsində olan mövqeyini göstərir. Beləliklə, digər onomastik vahidlərdə olduğu kimi kosmonimlərin tədqiqi zamanı da onunla bu və ya digər dərəcədə bağlı olan elmin müxtəlif sahələrinə göstərdiyi təsiri müşahidə etmək mümkündür [60, s. 197].
Dostları ilə paylaş: |