III FƏSİL
“BÜRHANİ-QATE” LÜĞƏTİNDƏ TOPONİMLƏR VƏ DİGƏR ONOMASTİK VAHİDLƏR
3.1. “Bürhani-qate” lüğətində toponimlər
“Bürhani-qate” lüğətində ən işlək onomastik vahidlər sırasında antroponimlərdən sonra toponimlər yer tutur. Öncə onomastik vahidlər içərisində toponimlər haqqında ümumi mənzərəyə qısaca nəzər salmağı məqsədəuyğun sayırıq.
Məlum olduğu kimi, “Toponimlər müxtəlif quruluşa malik coğrafi obyekt adlarını – dərə, təpə, düz, kənd, şəhər, məhəllə, küçə, meydan, sahə, rayon, respublika, dövlət, yol və s. adlarını bildirir” [41, s.227]. Toponimika isə, “onomastikanın bölmələrindən biri olub, coğrafi adların meydana gəlməsi, düzgün yazılışını, formalaşmasını, yaranması tarixi və qanunauyğunluqlarını, mənşəyi, mənası və etimologiyasını öyrənən elm sahəsi”dir [44, s.99-100]. Ta qədim zamanlardan başlayaraq insanlar istər yaşadıqları ərazi, istərsə də onların yaxınlığında olan obyektlərə müxtəlif adlar vermişlər. Beləliklə, insanların toplu halda məskunlaşması ilə əlaqədar olaraq coğrafi adlar yaranmışdır.
Dövrlər dəyişdikcə zamanın tələbindən asılı olaraq yenilənən, bəzən qədim adı özünə qayıdan, bəzən fərqli adla adlandırılan, bəzən də tamamilə tarixdən silinib gedən toponimlərin araşdırılması bu sahədə çalışan alim və tədqiqatçılar üçün daima geniş imkanlar açır. Həqiqətən, yer adlarını öyrənməklə, hər bir xalqın tarixi, ərazisində məskunlaşdığı xalqlar və onların dilləri haqqında dəyərli və zəngin məlumatlara yiyələnmək olar. Çünki toponimlər, “hər bir xalqın tarixi, dili, etnogenezi, tarixən məskunlaşdığı coğrafi ərazi, bu ərazinin koordinatları və keyfiyyətləri haqqında çox qiymətli məlumat verir” [23, s.6]. Beləliklə, tarixin bir hissəsi olan toponimika dilçiliyin mühüm bir sahəsi kimi böyük əhəmiyyət daşıyır.
Fars dilçiliyində toponimlər haqqında dəyərli elmi araşdırmalardan biri doktor Firuz Refahi Ələmdariyə məxsus “Məbani-ye toponimi və neqahi be toponimha-ye İran” [163] adlı kitabdır. İranlı alimin səylə çalışmalarının bəhrəsi olaraq ərsəyə gəlmiş bu dəyərli kitabda İran toponimləri hərtərəfli araşdırmaya cəlb olunmuş, toponimik sistemə uyğun şəkildə həmin adlar sistemli şəkildə qruplaşdırılmışdır. Kitabın müqəddiməsində rast gəldiyimiz fikirlər fars dilçiliyində elmin bu sahəsinə olan marağın son dövrlərə təsadüf etdiyini təsdiq edir. Müəllif yazır: “Toponimika dilçilik elminin elə bir sahəsidir ki, yaranma tarixi heç bir əsr deyil. Bu sahə dilçilik elmi üzrə aparılmış tədqiqatlar nəticəsində yeni bir şəkil alaraq, indiki səviyyəyə gəlib çatmışdır. Toponimikanın digər nəzəri elmlər kimi özünəməxsus istiqamətləri vardır. Hal-hazırda toponimika ümumi dilçiliyin tərkibində tədris edilir və öyrənilir. Ölkəmizdə (İranda – A.Əliyeva) ümumi dilçiliyin özünün bünövrəsinin yeni qurulmasına baxmayaraq, elmin bu sahəsinin tarixçəsi və tədqiqatların həcmi nəticəsində gəldiyi nöqtəni görmək mümkündür. Hələ də ölkəmizdə toponimikaya aid aparılmış tədqiqatlar barmaqla sayılası qədər azdır” [163, s.15]. Lakin Azərbaycan, Avropa və başqa dillərdə yazılmış mənbələrə istinad edilərək ərsəyə gətirilmiş bu kitabın özü İran toponimlərinin araşdırılması və qəbul olunmuş toponimik qruplar, növlər və s. üzrə sistemləşdirilməsi baxımından dəyərli bir tədqiqat işidir. F.Ələmdarinin “İran toponimləri arasında, heyvan, tayfa, bitki, şəxs adları əsasında yaranmış çoxlu sayda adlar vardır. Bu səbəbdən İranın bütün toponimləri onomastik tədqiqatlar və İran dilçiliyində xüsusi adlarla bağlı zəngin mənbələrdən sayılır” [163, s.94] fikri də müəllifin məhz hansı səbəbdən onomastik vahidlər içərisində toponimlərə üstünlük verdiyini düşünməyimizə əsas verir. Onomastikanı “elm-e təbyin-e nezam-e namqozari” (“ad qoymanın sistemləşdirilməsi elmi”) kimi izah edən alim “toponimi” (“toponimika”) və ya “əsami-ye coğrafiyayi”ni (“coğrafi adlar”) onomastikanın mühüm mövzularından biri olduğunu qeyd etmişdir [163, s.20]. Bununla yanaşı, fars dilində bu termin جاینام شناسی caynamşenasi (“toponimika”) istilahı ilə əvəz olunmuşdur [184]. Toponimika ilə bağlı fars dilində rast gəldiyimiz yeni termin onomastikanın bu bölməsinə böyük maraq göstərən fars dilçi alimlərinin yeni baxışı kimi dəyərləndirilə bilər.
Tədqiqat nöqteyi-nəzərindən daima zəngin materiala malik olan toponimlərin onomastik vahidlər içərisində tarixi izləri özündə daşıdığını və insan cəmiyyətinin inkişafı ilə əlaqədar olaraq meydana gəldiyini aşağıdakı sitata söykənərək deyə bilərik: “... bəşər tarixinin ən qədim dövrlərindən müxtəlif ictimai-iqtisadi hadisələr, xüsusilə gündəlik tələbatla bağlı yaranmış coğrafi adlar qəbilə, tayfa və dil ittifaqlarının genişləndiyi, dövlətlərin meydana gəldiyi, elm və mədəniyyətin inkişaf etdiyi zamanda sayca artmağa başlamışdır” [44, s. 3-4].
“Bürhani-qate” lüğətindəki toponimlər ilk növbədə o dövrün coğrafi aləminin öyrənilməsi və tədqiq edilməsi baxımından açar rolunu oynaya bilər. Əsrlər boyu formalaşmış, hər bir dilin inkişaf xüsusiyyətlərinə uyğun olaraq dəyişilmiş coğrafi adları öyrənməklə istər coğrafi ərazinin məxsus oldugu xalqın tarixi, istər həmin ərazilərdə məskunlaşmış başqa xalqlar, istərsə də onların dilləri haqqında zəngin məlumatlara yiyələnmək olar. Xüsusən də toponimlərin mənşəyi və mənaları araşdırılarkən meydana çıxan faktlar tədqiqatçıları bəzən izi itməkdə olan tarixi köklərə qədər getməyə sövq edir. Bununla bağlı N.Məmmədov yazır: “Tarixən yaranmış adların mənşəyi və mənası məsələsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, ictimai iqtisadi formasiyaların bir-birini əvəz etməsi, onların dildən-dilə, nəsildən-nəslə keçməsi ilə əlaqədar bir qismi təhrifə uğramışdır. Bir qrupu ilkin variantından tanınmaz dərəcədə uzaqlaşmış, bir qismi isə gətirilmə adlar (miqrasion) olduğundan və ya qədimdə mövcud olmuş naməlum dil və ya dialekt sözləri ilə ifadə olunduğundan, bəziləri isə unudulmuş qədim sözlərdən ibarət olduğundan hazırda mənası və mənşəyi bilinmir” [44, s.13]. Sadalanan faktları nəzərə alaraq “Bürhani-qate” lüğətində toplanmış bütün toponimləri mənbə və mənşə baxımından araşdırmaq mümkün deyil. Həmçinin bəzi toponimlərin müxtəlif variantlarının yaranmasına yuxarıda sadalanan proseslərin təkan verdiyini deyə bilərik. “Bürhani-qate” lüğətində toponimlərin çoxluğu müəllifin gərgin axtarışlarının nəticəsidir. Bu fakt Məhəmməd Təbrizinin bir alim kimi gördüyü işə məsuliyyətlə yanaşmasından xəbər verir. Bəzi toponimlərin bir neçə variantda təqdim edilmiş qrafik variantları öz növbəsində aid olduqları həmin coğrafi obyektlərlə bağlı incəlikləri üzə çıxarmaq baxımından da çox əhəmiyyətlidir. Bir-birinə yaxın və bəzən də fərqli variantlarda təqdim edilmiş toponimlərə aşağıdakıları misal göstərmək olar:
1. ابر شهر Əbrşəhr [165, 20b], ایران شهر İranşəhr [165, 48b], شادخ Şadəx [165, 244b], شادیاخ Şadyax [165, 244b], نشاپور Neşapur [165, 400b] və نیشابور Nişabur [165, 411a] – dahi fars şairi Ömər Xəyyamın vətəni olan və İranın şimal-şərqində yerləşən Nişapur şəhərinin adıdır. Əlavə olaraq qeyd etmək istərdik ki, Nişapur haqqında əldə etdiyimiz araşdırmada zamanla bu şəhərin “ابر شهر”, “شادیاخ” kimi adlanmasına rast gəlirik [148,s.178-180]; 2. اردبیل Ərdəbil [165, 24b] və بادان فیروز Badan Firuz [165, 51a] – Ərdəbil şəhərinin adı. Dehxudanın “Lüğətnamə”sində “Ərdəbilin qədim adı” olduğu göstərilən bu şəhər باذان فیروز Bazan Firuz kimi verilib [122, s.226]; 3. اسبانبر Esbanbər [165, 28a], اسفانبر Esfanbər [165, 30b] vəاسفابور Esfabur [165, 30b] – Ənuşirəvanın qurduğu şəhər. Əlavə olaraq qeyd edək ki, “اسفابور” variantı əlyazma nüsxəsində “اسفابوز” kimi verilsə də, sözün tərkib hissəsini digər variantlarla müqayisə etdikdə, burada “ز” hərfinin “ر” hərfi ilə əvəzlənməsi mətnə müdaxilənin nəticəsi kimi dəyərləndirilə bilər. Həmçinin lüğətin nəşr variantında bu söz “اسفابور” kimi verilib [104, s.130]; 4. اسپهان Espehan [165, 29a] və اصباهان Esbahan [165, 34a] – İranın məşhur şəhərlərindən olan İsfahan; 5. استخر Estəxr [165, 28b], اسطخر Estəxr [165, 30b], اصطخر Estəxr [165, 34a], اصطرخ Estərx [165, 34a], ستخر Setəxr [165, 34a] və صطخر Setəxr [165, 438a] – İstəxr qalası; 6. ایلیا İlya [165, 49a], دز هرج Dez-e hərc [165, 174b], دژ هخت Dej-e hoxt [165, 175a], دژ هخت گنگ Dej-e hoxt-e gəng [165, 175a], دژ هرج Dej-e hərc [165, 175a], دژ هوست Dej-e hust [165, 175a], دژ هوست گنگ Dej-e hust-e gəng [165, 175a], گنگ gəng [165, 355b], گنگ دژ هخت Gəng-e dej-e hoxt [165, 355b], گنگ دژ هرج Gəng-e dej-e horc [165, 355b], گنگ دژ هوخت Gəng-e dej-e huxt [165, 355b], هوخ Hux [165, 430b], هوخت Huxt [165, 430b], هوخست Huxost [165, 430b] – variantlarına görə sayca ən çox olan bu adlar Beytül-müqəddəsə məxsusdur. İzahlarında ilk qiblənin burada olması göstərilmişdir. Həmçinin variantlardan bəziləri başqa mənalarda da işlənmişdir; 7. خره اردشیر Xorre-ye Ərdəşir [165, 157b] və اردشیر خره Ərdəşir xorre [165, 24b] – Ərdəşirin qurduğu şəhərlərdən biri; 8. خزر Xəzər [165, 157b], خزران Xəzran [165, 158a] və خزروان Xəzərvan [165, 158a] – Gilan dənizi ətrafında vilayət; 9. دماوند Dəmavənd [165, 179b], دنباوند Dənbavənd [165, 180b], دیماوند Dimavənd [165, 186b] və دیموند Dimvənd [165, 186b] – lüğətdə bu sözün əvvəl Mazandaranda olan məşhur şəhər adı, sonra həmin şəhərə məxsus dağ adını bildirməsi göstərilir. Bu sözün digər variantlarının izahında yalnız dağ adını ifadə etməsi qeyd edilib; 10. دیلم Deyləm [165, 186b] və دیلمان Di(e)yləman [165, 186b] – Gilanda şəhər adı; 11. سیاوخش آباد Seyavəxşabad, سیاوخش گرد Seyavəxşgerd, سیاووش آباد Səyavuşabad və سیاووش گرد Səyavuşgerd toponimləri Keykavusun oğlu Siyavuşun qurduğu şəhərin adlarıdır [165, 240b]; 12. کاسان Kasan [165, 305a], کاسن Kasən [165, 305a] və کاسنی Kasni [165, 305a] (sonuncu variant bitki mənasında da işlənir) – Səmərqəndin kəndlərindən biri; 13. شابران Şaboran, Şabəran [165, 243b], شادران Şadoran, Şadəran [165, 244b], شاوران Şavoran, Şavəran [165, 246a] – Şirvan vilayətində şəhər; 14. شوش Şuş [165, 261b] və شوشتر Şuştər [165, 261b] – Xuzistanda şəhər adı; 15. غزنو Ğəznəv [165, 278a], غزنه Ğəzne [165, 278a] vəغزنی Ğəzni [165, 278a] – Kabul və Qəndəhar arasında yerləşən Qəzneyn şəhərinin adı; 16. قمار Qomar [165, 301a] və قمیر Qomir [165, 301b] – Hindistanda şəhər adı, 17. کاچغر Kaçğər [165, 303b],کاژغر Kajğər [165, 304b], کاشغر Kaşğər [165, 305b] – Mavərənnəhrdə şəhər adı; 24. کرند Korənd [165, 316a], کرنده Korənde [165, 316a], کرنگ Korəng [165, 316a] vəکرنگه Korənge [165, 316a] – İsfahandan keçən çay adı; 18. گنگ بهشت Gəng-e beheşt [165, 355b] və گنگ دژ Gəng-e dej [165, 355b] – Babil şəhərində Zöhhakın qurduğu qala adı; 27. لاهنور Lahnur [165, 363a],لوهاور Luhavər [165, 369a],لوهر Luhər [165, 369a],لوهور Luhur [165, 369a],لهانور Ləhanur [165, 369a],لهاور Ləhavər [165, 369a] – Lahor şəhərinin müxtəlif variantlarıdır, 19. مرغاب Mərğab [165, 378b] və مرورود Mərvrud [165, 379b] – Mərqab çayı; 20. مرنج Mərənc [165, 379a] və مرنگ Mərəng [165, 379a] – Hindistanda qala adı; 21. نخچوان Nəxçevan [165, 397b] və نشوی Nəşəvi [165, 401a] – Naxçıvan vilayəti; 22. یغما Yəğma [165, 435b] və یغمای اول Yəğma-ye əvvəl [165, 435b] – Türküstanda şəhər adı.
Müxtəlif variantlarda verilmiş eyni toponimlər içərisində bəzən onların yerləşmə mövqelərində nəzərə çarpan fərqliliyin də şahidi oluruq. Belə hallar Məhəmməd Təbrizinin istinad etdiyi mənbələrlə yanaşı, həmin ərazilərin bir-birinə yaxın olması ilə də əlaqələndirilə bilər. Məsələn: بوشنج Buşənc – Xorasanda qəsəbə adı, onun digər variantları olan بوغنج Buğənc – Qəndəhara yaxın qəsəbə, “پوشنگ” isə “Qəndəhar və Molutan arasında yerləşən kənd” adını bildirir. Hər üç variantın izahında verilmiş “ərəbləşmiş variantının فوشنج fuşənc şəklində olması” cümləsi bu variantların eyni məkanın müxtəlif variantları olmasına dəlalət edir.
N.Məmmədovun tarixən yaranmış adların mənşəyi və mənası ilə bağlı fikrinə söykənərək, lüğətdə təqdim olunmuş bəzi coğrafi adların müasir araşdırmalara əsasən daha çox variantlarının olması da diqqətimizdən kənarda qalmır. Məsələn: 1. Əfrasiyabın Piran Visenin köməyinə göndərdiyi cəngavərin adı; 2. Xorasandakı məşhur بیاورد Biyavərd şəhərinin adı” mənalarında verilmiş بیورد Bivərd [165, 85a] adının müasir araşdırmalara görə Xorasanın şimalında yerləşən və qədim İran şəhərlərindən olan “Əbivərd” şəhərinin digər Əbavərd, Bavərd və Xavran variantları da məlumdur [185]. Belə misalların sayı onlarladır. Əlbəttə ki, “Bürhani-qate”dəki toponimlər istər yazılışı, istər “coğrafi adın növünü və ya tipini bildirən nomenklatur termin (okean, şəhər, dağ, dəniz, çay və s.)” [44, s.11] cəhətdən sabit deyil və bu da təbii haldır. Belə halların olması isə XVII əsrdə tərtib olunmuş ilk irihəcmli lüğət üçün başa düşüləndir.
“Bürhani-qate” lüğətində bütün toponimlərin coğrafi termin üzrə bölgüsü və sayları belədir: şəhər – 322, vilayət – 142, kənd – 74, dağ – 71, çay- 63, qala – 47, qəsəbə - 37, məkan (موضعی) – 30, atəşkədə - 22, ada – 20, səhra – 9, dəniz – 9, bulaq – 10, məhəllə - 6, quyu – 4, bütxana – 4, seyrangah – 3, yer – 3, göl – 2, bölgə (ناحیه) – 2, qəsr – 1, məbəd – 2, mağara – 1, minarə - 1, yer və məhəllə - 1, kilsə, monastr, bağ – 1, mədrəsə - 1, göl, hovuz – 1, dərə - 1, vadi – 1.
Ümumiyyətlə, “coğrafi termin obyektin növünü və cinsini əks etdirə bilər. Coğrafi terminlərə daxildir: çay, göl, körfəz, bataqlıq, vadi, düzənlik, çəmənlik, burun, zirvə, qaya, boğaz, keçid, silsilə, yayla, qışlaq, oba, kənd, şəhər, qəsəbə və s.” [2, s.103].
Toponimlərin termin üzrə bölgüsündə bir-birinə yaxın adlara rast gəlsək də, lüğətdə olduğu kimi təqdim etdik. Məsələn, burada “göl, hovuz” və “göl”, “yer və məhəllə” və “yer” adları sinonim termin kimi verilir. Bu yaxınlığı müəllifin lüğətin tərtibi zamanı istinad etdiyi mənbələr və özünə məlum olan coğrafi obyektləri bildiyi şəkildə təqdim etməsi ilə əlaqələndirə bilərik. Həmçinin, toponimləri sayan zaman nəzərdən qaçan toponimlərin mümkünlüyü yuxarıdakı sayların bir qədər də çox olmasına əsas verir.
Yuxarıda göstərilmiş toponimlərin sayı ilə bağlı bir məsələyə diqqət yönəltmək istərdik. Belə ki, göstərilmiş toponimlərin sayı Məhəmməd Təbrizinin onları hansı coğrafi terminə aid etməsinə görə hesablanmışdır. Məsələn, eyni toponimin göstərilmiş müxtəlif variantlarının hər biri ayrı-ayrılıqda sıralanmışdır. Əgər müxtəlif mənalara malik olan hər hansı bir sözün izahlarından biri toponimlərə aiddirsə, o zaman həmin söz aid olduğu coğrafi terminə görə saya daxil edilmişdir. Məsələn: 1. خشین Xəşin [165, 163a] – qızılquşun adı ilə yanaşı, Mavərənnəhrdə vilayət adını bildirir, 2. رویین Ruyin [165, 197b] – İran pəhləvanının, Əfrasiyabın oğlunun, Piran Visenin oğlunun adları ilə yanaşı, vilayət adını da bildirir.
Bəzi sözlərin hətta bir neçə toponimə aid olması da diqqətdən kənarda qalmır. Bu zaman belə sözlər aid olduqları hər bir coğrafi termin üzrə ayrı-ayrılıqda hesablanmış və nisbi xarakter daşıyır. Məsələn: 1. Müxtəlif variantlarda göstərilmiş “Dəmavənd” adı “Mazandaranda məşhur şəhər adı və ora məxsus olan dağ adı” kimi verilib; 2. سپید Sepid [165, 218a] – Rüstəmin oğlu Söhrabın ələ keçirdiyi Turanda yerləşən dağ adı, həmçinin Rüstəmin öldürdüyü div adı və çay adıdır; 3. بهمن Bəhmən [165, 82a] – 10 müxtəlif mənalarda izah edilən bu söz toponim kimi qala, dağ və çeşmə adlarını da ifadə edir.
Ümumiyyətlə, yuxarıda toponimlərin sayları onların aid olduqları coğrafi terminlər üzrə qruplaşdırılsa da, onomastikada həmin coğrafi terminlərin özləri müəyyən olunmuş anlayışlara daxil edilir. Belə ki, toponimlərin aid olduqları coğrafi terminlər A.Qurbanov tərəfindən “toponimin növləri”nə daxil edilmiş və həmin terminlər müəyyən olunmuş 5 növ üzrə paylanmışdır. O, toponimləri “oykonim”, “urbanonim”, “xoronim”, “oronim” və “dromonim” adı altında 5 növ üzrə sistemləşdirmişdir. Oykonimlər – müəyyən əraziyə məxsus yaşayış məntəqələrinin (kənd, qəsəbə, şəhər) adlarını bildirən toponimlərin bir növüdür [41, s.228]. Urbanonimlər – şəhər daxilindəki prospekt, döngə, küçə, meydan, bazar, bina, qala və s. adlarını bildirir [41, s.230]. Xoronimlər – müəyyən ərazi inzibati bölgüsünə malik rayon, vilayət, respublika, ölkə adını bildirir [41, s.231]. Oronimlər – torpağın üst qatından relyef quruluşuna görə bir-birindən fərqlənən yerlərin adını bildirir. Buraya əsasən, dağ, dərə, təpə, düz, yoxuş, eniş, meşə, qobu, örüş, sahə, otlaq və s. yer adlarını bildirir [41, s.231]. Dromonimlər – hava, su, yerüstü və yeraltı nəqliyyat yollarının adını bildirir [41, s.232]. Toponimlərin təsnifatı haqqında F.Ələmdari öz kitabında A.Qurbanov, V.Nikonov kimi görkəmli alimlərə istinadən müxtəlif təsnifatların irəli sürüldüyünü qeyd etmişdir [163, s.97-98]. V.Nikonov isə toponimləri coğrafi obyekt nöqteyi-nəzərdən “hidronimlər”, “oronimlər”, “mikrotoponimlər” adı altında qruplara bölmüşdür [84, s.42-47]. Beləliklə, mahiyyətcə eyni olsa da, təsnifat baxımından fərqli bölgülərin mövcudluğu toponimikanın hələ də araşdırılmasına ehtiyac duyulan dilçilik sahələrindən biri olduğunu deməyə əsas verir.
Yuxarıda verilmiş toponimlərin coğrafi termin üzrə bölgüsündə müqəddəs yerlərin adları da daxil edilib. Onomastikada belə adlar “ekklezionim” yəni, “mərasim, adət və ənənələrin icra olunduğu yerlərin xüsusi adı, hər hansı dinə sitayiş etmə yeri; eyni zamanda müqəddəs daş, bulaq, ağac adları; kilsə, məscid, məqbərə, pir, ocaq adları”dır [2, s.127]. F.Ələmdarinin kitabında yer alan “Eclesionym” termininin izahında onun “toplantı yeri” mənasını verən yunan mənşəli “ekklysi” və “ad” mənasını bildirən “onim” sözlərindən təşkil olunduğu göstərilib [163, s.216]. “Bürhani-qate” lüğətində “ekklezionim” terminininə sayı 30-dən çox olan atəşkədə, bütxana, məbəd, kilsə, monastr adları daxildir.
Azərbaycan dilçiliyində toponimlər yuxarıda bəhs edilən növlərdən başqa, qruplara da bölünmüşdür. Toponimlərin qruplara bölünməsini A.Qurbanov belə əsaslandırır: “... toponimlərin genetik və etnolinqvistik təhlili göstərir ki, müxtəlif dövrlərdə coğrafi obyektlərin adlandırılmasında müəyyən meyillər olmuşdur. Belə ki, yaşayış məskənləri və başqa yer adları müəyyən dövrdə ancaq hər hansı bir şəxsin adını daşımışdır. Başqa bir dövrdə bu adlandırma tayfa və qəbilələrin adı əsasında formalaşmışdır. Beləliklə, yer adları şəxs, tayfa, qəbilə, heyvan, bitki, səma cisimləri, su obyektlərinin və s. adını daşımaqla meydana çıxmışdır” [41, s.212]. Dilçi alim toponimləri “antrotoponimlər” (Hər hansı antroponimdən düzələn toponim) [2, s.77], “etnotoponimlər” (Tayfa, qəbilə adları əsasında yaranmış toponimlər) [41, s.217], “hidrotoponimlər” (Hidroterminlər əsasında yaranan toponimlər) [41, s.222], “zootoponimlər” (Heyvan, quş, balıq, həşərat və s. canlıların adları əsasında düzələn toponimlər) [41, s.223], “fitotoponimlər” (Bitki adları əsasında yaranan yer adları) [41, s.223], “kosmotoponimlər” (səma cisimlərinin adı əsasında düzələn toponimlər) [41, s.225] və s. qruplara bölmüşdür. F.Ələmdari toponimlərin qruplarından “Coğrafi adları yaradan ünsürlər” (“عناصر تشکیل دهنده اسامی جغرافیایی”) adlı bölmədə bəhs etmişdir[163,s.165-180]. Bu bölmədə məlum qruplarla yanaşı, “mifotoponim” (“میتوتوپونیم”) (əsatiri adlar və mifonimlər əsasında yaranan coğrafi adlar) [163, s.174], “teotoponim” (“توپومینهای دینی”) (dini istilahlar, dinə aid olan sözlər və ifadələr əsasında yaranan adlar) [163, s.176-177], “emmiqrotoponim” (“توپومینهای عاریه”) (mühacirət əsasında yaranan coğrafi adlar) [163, s.178], “patrotoponim” (ailə üzvlərinə aid olan şəxslərin adı əsasında düzələn coğrafi adlar) [163, s.178-179], “oykotoponim” (mövcud, qeyri-mövcud və qədim yaşayış məskənlərinin adlarından yaranan coğrafi adlar) [163, s.179], “homotoponim” (bir-birinə oxşayan coğrafi adlar) [163, s.179-180] qrupları da yer alıb. Müəllifin təqdim etdiyi sonuncu qruplara fəslin əvvəlində yer alan məqalədə “toponimləri təşkil edən ünsürlər əsasında yaranan qruplar” (“دسته بندی جاینامها بر پایه عناصر تشکیل دهنده آنها”) adlı yarımbaşlıqda rast gəlirik [184]. Yuxarıda göstərilən qruplara “Bürhani-qate” lüğətindən aşağıdakıları nümunə göstərə bilərik:
1. Antrotoponimlər:
ازرمیدخت Əzərmidoxt [165, 27b] – Bu onomastik vahid Xosrov Pərvizin qızının adı ilə yanaşı, toponim kimi həm də onun qurduğu şəhərin adıdır.
رویین Ruyin [165, 197b] – Bir neçə pəhləvana – Tusun kürəkəni, Pəşəngin oğlu, Əfrasiyabın oğlu və başqa şəxslərə aid olan bu ad, toponim kimi vilayət adıdır. Həmçinin qeyd edək ki, “Bürhani-qate” lüğətində verilmiş رویین دز Ruyin dez [165, 197b] sözü “Turanda olan qala adı” kimi izah edilib. Bu mürəkkəb adın tərkibində olan “رویین” antroponiminə istinadən “رویین دز” adını da antrotoponimə aid edə bilərik. Lakin “Büthani-qate” lüğətinin istinad etdiyimiz əlyazma nüsxəsində bu sözlə bağlı katib tərəfindən edilmiş bir səhvə diqqət cəlb etmək istərdik. Belə ki, lüğətdə söz sırasında verilmiş “رویین دز” sözünün izahı belədir: “Ruyin dez (رویین دز) mənasında olub, Turanda olan dağ adıdır”. Göründüyü kimi burada söz sırasında “رویین دز” sözü deyil, başqa söz olmalı idi. M.Müinin hazırladığı lüğətin nəşr variantına istinadən, söz sırasında “رویینه دژ” [105, s.983] sözü olmalıdır. Bu adın tərkibində də işlənən “رویین” adına istinadən “رویینه دژ” sözü yuxarıda verilmiş adların digər variantlı bir antrotoponimidir.
“Bürhani-qate”nin nəşr variantında əlavə olaraq söz sırasında yer alan “رویین دز” kəlməsi “Turanda qala adı” mənasındadır [105,s.982].
زو Zəv [165, 208b] – Bir neçə mənada izah edilib, antroponim kimi “İranda beş il şahlıq etmiş Təhmasibin oğlunun adı”dır. Toponim kimi vilayət adını bildirir və onun زوزن Zuzən tələffüz variantı da qeyd edilib.
شروین Şərvin [165, 253a] – Ənuşirəvanın qardaşı Kəyus şahın övladının və Şirvan qalasının adıdır.
کنعان Kənan [165, 330b] – Nuh peyğəmbərin (ə) oğlunun adıdır. Şəhər adıdır. Yaqub peyğəmbərin (ə) yaşadığı və Yusif peyğəmbərin (ə) anadan olduğu yerdir.
سیاوخش آبادSiyavəxşabad [165, 240b], ) سیاوخش گردSiyavəxşgerd [165, 240b], سیاووش آباد Siyavuşabad [165, 240b] və سیاووش گرد Siyavuşgerd [165, 240b] – Səyavuş adı əsasında düzələn bu oykonimlər “Turanda Səyavuşun qurduğu bir şəhər”in müxtəlif variantlarıdır.
Bu toponimlərin yaranmasında iştirak edən adların əksəriyyəti “Şahnamə” əsərindən götürülmüşdür. Əsatiri, yarım əfsanəvi və tarixi qəhrəmanlarla zəngin olan “Şahnamə” personajları əsasında adlanan həmin toponimləri “Kənan” adını çıxmaqla, “mifotoponim” qrupuna aid etsək, yanılmarıq.
2. Zootoponimlər:
خشین Xəşin [165, 163a] – Şahin quşudur, türkcə qızılquş deyirlər. Xoronimlərdən “Mavərənnəhrdə vilayət”dır.
سمندر Səməndər [165, 234a] – lüğətdə odda yaşayan bu quş haqqında ətraflı məlumat verilib. Hindistanda ud çubuğunun gətirildiyi vilayət adıdır.
سنجاب Sencab [165, 235a] – Sincab heyvanını bildirməklə yanaşı, həm də toponim kimi vilayət adıdır.
قندز Qondoz [165, 301b] – Vilayət adıdır, tülküyə oxşar heyvan adı, şərab adı və s. mənalardadır.
3. Hidrotoponim:
آب باران Ab-baran [165, 7b] – Kabul şəhərinin tabeliyində olan “خواجه سه یاران” (Xace se yaran) adlı seyrangahdır.
آبسکون Abəskun [165, 8b] – Ada adı və Astarabadın yaxınlığında kəndlərdən birinin adıdır.
آب کند Abkənd [165, 9b] – Şəhər adıdır.
سرآب Sərab [165, 222a] – Azərbaycanda Ərdəbilə yaxın kənd adıdır. Müasir fars qaynaqlarında “Sərab sözünün fars dilində “suyun başı (mənbəyi)” mənası daşıdığı göstərilir. Ehtimal ki, vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının mənbəyində yerləşdiyinə görə vilayət və şəhər bu adı almışdır” izahı həmin ərazinin yerləşdiyi coğrafi mövqeyə görə belə adlandırılmasına əsas verir [186].
سرخاب Sorxab [165, 223b] – Bir neçə onomastik vahidi əhatə edən bu söz toponiminlərdən “Təbriz şəhərinin cənubunda yerləşən dağ” adıdır.
Nümunələrin leksik tərkibinə nəzər saldıqda məlum olur ki, həmin hidrotoponimlər əsasən “su” mənasını bildirən “آب” leksik vahidi əsasında yaranmışdır.
4. Etnotoponimlər:
خفچاق Xəfçaq [165, 163b] – Səhrada yaşayan türkəsilli tayfadır. Lüğətdə bu söz həmçinin “Türküstanda Qıpçaq adı ilə məşhur olan səhra adıdır” kimi də izah edilib. “Bürhani-qate” lüğətində söz sırasında verilmiş قپچاق Qepçaq [165, 297a] sözü həmin mənalarda izah edilmişdir.
خلچ Xələç [165, 164a] – Lüğətdə, “səhrada yaşayan türk tayfalarından biri” kimi təqdim olunub. M.Müinə istinadən bu etnonim türk dilində belə işlənir. Onun digər variantı “چ” hərfinin əvəzinə “ج” hərfi işlənən “خلج” (Xələc)-dir [122, s.483]. M.Müinin lüğətində bu etnonim خلج Xələc variantında verilib. Oradakı məlumata əsasən bu etnonim türk dilində خلچ Xələç kimi tələffüz olunur və hicri IV əsrdə indiki Əfqanıstanın cənubunda, Sistan və Hind arasında məskunlaşmış türk qəbiləsidir [122, s.483]. Alim bu məlumatları həmçinin lüğətin nəşr variantında haşiyədə qeyd etmişdir [105, s.764].
Görkəmli dilçi alim Roza Eyvazova “Əfqanıstanda türk mənşəli toponimlər” adlı kitabında Xələc haqqında araşdırma apararaq etnotoponimlə bağlı öz fikirlərini bildirmişdir [18, s.173-176]. Ümumiyyətlə, Xələc etnonimi və coğrafi adının İran Azərbaycanı, Özbəkistan, Türkmənistan, Türkiyə ilə yanaşı, müasir dövrümüzdə Azərbaycanda 5 rayonun ərazisində qeydə alınması bu etnonimin qədim dövrlərə qədər uzanan tarixindən xəbər verir. Həmçinin “XI yüzilliyin tarixi onomastik leksikası” adlı kitabda Mahmud Kaşğari lüğətində bu toponimin yer alması qeyd olunub və Azərbaycan ərazisində öz izlərini qoruyub saxlamış onomastik vahidlərdən biri olan “Xalac, Xələc” toponiminin respublikamızda adı qeyd olunan rayonları haqqında məlumat verilmişdir [34, s.157-159].
Qeyd edək ki, “Bürhani-qate”də “Xələç” adı toponim kimi göstərilməmişdir. Lakin bu ad hal-hazırda coğrafi ad funksiyasını daşıdığına görə onu etnotoponimlər sırasına daxil etdik.
5. Fitotoponimlər:
پیازک Pəyazək [165, 104a] – Həsir hörülən bitki adı və gürz (silah) növüdür.
6. Kosmotoponimlər:
مهر Mehr [165, 389b-390a] – müxtəlif onomastik vahidləri əhatə edən bu çoxmənalı sözün kosmotoponim kimi “Atəşkədə” və “Hindistanda qəsəbə” adını daşıması göstərilmişdir. Belə ki, “مهر” sözü səma cisimlərindən “günəşin adlarından biri” mənasında izah edilmişdir.
Göründüyü kimi, toponimlərin yaranmasında iştirak edən müxtəlif ünsürlərə əsasən onların aid olduqları qruplar və terminlər yaranır. Bu baxımdam tarixin bəzi qaranlıq məqamların aydınlaşdırılması üçün toponimlər dəyərli məlumat mənbələrindən biridir.
“Bürhani-qate” lüğətində toponimlər içərisində maraqlı faktlardan biri hal-hazırda Azərbaycan Respublikasının ərazisində mövcud olan toponimlərin yer almasıdır. Külli miqdarda toponimlərin toplandığı bu dəyərli lüğətdə Azərbaycan Respublikasının ərazisində mövcud olan yer adlarının da olması diqqətdən kənarda qalmır. Lüğətə daxil edilmiş həmin yer adlarının qədim köklərə malik olması bir daha sübut edilir. Həmin toponimlər Azərbaycan alimləri tərəfindən tədqiqata cəlb olunmuş və onların tarixi kökləri haqqında maraqlı faktlar əldə edilmişdir. Həmin toponimlərin çoxu indiyədək kifayət qədər araşdırıldığı üçün biz onlardan yalnız bəziləri üzərində dayanmağı məqsədəuyğun sayırıq:
Lüğətdə diqqət çəkən bir neçə variantda göstərilmiş آذرآباد Azərabad [165, 11b], آذربادگان Azərbadeqan [165, 11b] və آذربایگان Azərbayqan [165, 12a] toponimləridir. Onları birləşdirən ümumi izahlar “Təbriz şəhərinin və atəşkədəsinin adı”ndan ibarətdir. Bu toponimlərin tərkibi mənası “odu mühafizə edən, qoruyan”dır. Belə ki, “آذر” od, “بادگان” mühafizə edən, qoruyan mənalarını bildirir. “آذربایگان” yer adının izahında maraqlı bir məlumat da verilib: “Deyirlər ki, Oğuz o vilayəti alanda Azərbaycan bölgələrindən biri olan “اوجان” Oucan çölündən xoşu gəldi və tapşırdı ki, hər kəs bir ətək torpaq gətirib ora töksün, özü də öz istəyi ilə bir ətək torpaq gətirib tökdü. Bütün ordusu və adamları bir ətək torpaq gətirib tökdülər. Böyük bir təpə yarandı. Və o təpənin adını آذربایگان Azərbayqan qoydular. Türk dilində “Azər” uca, “bayqan” isə “böyüklər, möhtəşəmlər” deməkdir. Beləliklə o yer bu adla məşhurlaşır. Ərəbcə Azərbaycan deyirlər” [165, 12a].
Məlum olduğu kimi, Azərbaycan adı ilə bağlı müxtəlif araşdırmalar aparılmış və bu sahədə bir çox tədqiqatçının fikirləri vardır. “Azərbaycan” adının geniş tədqiqata cəlb olunduğu işlərdən biri də N.Əsgərovun “Adın tarixi, tarixin adı – Paleotoponimlər” adlı kitabıdır. Müəllif “Azərbaycan” adının izahını vermiş alimlərin etimoloji tədqiqatlarını şərti olaraq dörd qrupa bölmüşdür: “1. Azərbaycan onimi Atropat antroponimi ilə bağlıdır; 2. Azərbaycan xoronimi “od”, “atəş” mənşəlidir; 3. Azərbaycan coğrafi adı “yüksəklik”, “dağlıq ərazi” məzmunludur; 4. Azərbaycan adının ilk komponenti qədim türk etnonimi az//as-la bağlıdır” [24, s.8-31]. O, burada Azərbaycan adı ilə bağlı fikir söyləmiş bir çox görkəmli dilçi alimlərimizə istinad edərək, doğma diyarımızla bağlı dəyərli tədqiqat işinin ərsəyə gəlməsinə nail olmuşdur [24, s. 8-31].
آزاد Azad [165, 13b] – müxtəlif mənalarda izah olunan bu sözün toponim kimi Naxçıvan ətrafında yerləşən şəhər adı olduğu verilib. Çox güman ki, lüğətdə verilmiş bu yer adı hal-hazırda Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən Aza kəndidir. Belə ki, Ə.Eyvazlının Naxçıvan toponimləri ilə bağlı tədqiqat işində “Aza” toponimi haqqında olan araşdırmasında [17, s.17] “Bürhani-qate”dəki həmin yerlə bağlı oxşar məqamlar çoxdur. Müəllif yazır: “Azərbaycanda və həmçinin Naxçıvanda Aza toponiminə bu gün rast gəlirik... Bu adla bağlı birinci toponim Naxçıvanda Aza kəndidir. Azanın qədim şəhər kimi tarixdə İran tarixçisi H.Qəzvininin (1281-1350) və başqalarının əsərlərində adı çəkilir. Bu şəhər Culfanın 20 km şimal-şərqində mövcud olmuşdur. İndi həmin ərazidə Yuxarı Aza və Aşağı Aza kəndləri vardır” [17, s.17]. “Bürhani-qate”də bu yer adının “Azad” kimi təqdim olunmasını şifahi tələffüz zamanı sözün sonuna artırılmış “d” ünsürü kimi qəbul etmək olar.
ارش Ərəş [165, 25b] – sözün toponim kimi mənası “Şirvan vilayətində şəhər adıdır”. Hal-hazırda Azərbaycan Respublikası ərazisində belə bir inzibati ərazi vahidi olmasa da, mənbələrin birində rast gəldiyimiz məlumata əsasən, “Ərəş – Azərbaycanın qədim şəhərlərindən biri. Şirvan ərazisində, indiki Yevlax rayonunun Xaldan qəsəbəsinin sahəsində mövcud olmuşdur” [187].
Aran bölgəsi iki variantda təqdim edilmişdir: 1. “Vilayət adıdır. Ora “ارنج” də deyirlər” izahlı آران Aran [165, 12b]; 2. “Gəncə və Bərdə kimi Azərbaycanda vilayət adıdır. Orada qızıl və gümüş mədəninin olduğu” deyilən اران Ərran, Əran [165, 23b].
بردع Bərdə [165, 63a] – Nüşabənin qurduğu şəhərdir. Adı “بردم” (Bərdom) idi. İskəndərin zamanında ora برده Bərde və بردعه Bərdəe adı verildi. Həmçinin “Bürhani-qate”də ilk mənası “bir cəngavər və pəhləvanın adı”nı bildirən هروم Hərum [165, 423a] sözünün izahında bu adın toponim olaraq “qadınlar şəhərinin adıdır və bəziləri bu dövrdə şəhərin adını “بردع” adlandırırdılar” faktı diqqətçəkən məqamlardandır. Ümumiyyətlə, Bərdə haqqında bir çox müxtəlif fikir və mülahizələr irəli sürülmüşdür [44, s.316-320;13, s.87]. Bu toponimlə bağlı aparılımış araşdırmaların birində Bərdə adının Hərum kimi də adlanması diqqətimizi çəkdi. Belə ki, dilçi alim E.Əzizov Bərdənin əvvəlki adı ilə bağlı qeyd edir: “Əvvəl gündən onun adı “Hərum” idi. Hərum adının mənası barədə elmi ədəbiyyatda müəyyən fikirlər var. Əvvəllər Hərum (horum) toponiminin türkmənşəli korum (daşlıq, çınqıl) sözündən olduğu ehtimal edilirdi. T.Səlimov bu qədim coğrafi adın ilkin şəklini “hirhum” kimi bərpa edib onun qadına sitayış kultu ilə əlaqədar “qız şəhəri” mənasını verdiyini göstərir... Bərdə toponiminin mənşəyi barədə fikirlər isə daha müxtəlifdir. İndiyədək bu adın mənası... türk dillərində “piyaləli, kuzəli”, qədim fars dilində “qadınlıq şəhəri” və s. kimi izah olunmuşdur” [26, s.17]. Lakin Hərum adının Bərdə adına neçə çevrilməsini müəyyən edə bilmədiyini qeyd edən müəllif hər iki toponimin mənşəyini “... yaşayış məntəqəsinin coğrafi mövqeyi, iqtisadi həyatı ilə bağlı real tarixi faktlarda və bu yerin qədim sakinlərinin dilində axtarmaq lazım” olduğunu önə çəkir [26, s.17]. Alimin sonda gəldiyi qənaətə görə, “Hərum yun parça, yun məmulat istehsalı ilə, Bərdə toponimi isə ipəkçilik və pambıqçılıqla əlaqədar yaranmışdır. Qədim Hərumun sonradan Bərdə kimi məşhurlaşması burada ipəkçilik və pambıqçılığın sürətli inkişafı ilə bağlı olmuşdur” [26, s.18].
بیلقان Bəyləqan [165, 84b] – Azərbaycan və Şirvan arasında Aran vilayətlərindən olan şəhər adıdır. A.Qurbanovun bu toponim haqqında yazır: “Mil düzündə, indiki Beyləqan rayonunun ərazisində qədim şəhərlərimizdən biri Biləqan adlanmışdır. XII əsrdə monqollar tərəfindən dağıdılmış bu şəhərin xarabalıqları Örənqala adı ilə məşhurdur” [41,s.261]. Bu toponimlə bağlı tədqiqatlara əsaslanaraq, alimin gəldiyi nəticə belədir: “Ehtimal ki, Biləqan şəhəri (əvvəlcə yaşayış məntəqəsi) ondan əvvəl mövcud olmuş Biləqan çölünün adı ilə adlanmışdır. Çölün adı isə qədim türk dillərindəki pilə “düzənlik”, “düzən yer”, “açıq yer” və “qan” şəkilçisindən ibarətdir. Bunu Mil düzünün coğrafi quruluşu, onun düzən yer olması da təsdiq edir” [41,s.263].
تگاب Təgab [165, 118a] – bir neçə mənada təqdim olunmuş bu söz toponim kimi “Gəncə vilayətində olan bir kənd adı”nı bildirir. Bunun digər variantı olan və lüğətdə haşiyədə yer almış تگاو Təgav [165, 118a] sözünün izahında da “Gəncə vilayətində olan bir kənd adı”na rast gəlirik. Lakin bu variantlara yaxın olan تکاب Təkab [165, 117b] və تکاو Təkav [165, 117b] variantlarından yalnız birincisində Gəncə adına rast gəlməsək də, “ölkə və vilayət adı” mənası verilmişdir. Azərbaycan tədqiqatçılarının görkəmli şairə Məhsəti Gəncəvi haqqında olan araşdırmalarında onun Gəncə yaxınlığında Təkab (Təkav) kəndində böyüməsi ilə bağlı verdikləri məlumatlar [19] “Bürhani-qate” lüğətinə daxil edilmiş bu toponimin həqiqiliyinin sübutudur.
سالیان Salyan [165, 214b] – lüğətdə toponim kimi “Şirvanda Araz çayının kənarında yerləşən bir məkanın adıdır. Bəziləri Şirvan vilayətində yerləşən şəhərin adı olduğunu deyir” – izahı ilə yer almışdır. A.Qurbanovun bu toponim haqqında gəldiyi qənaətə əsasən, “Azərbaycanda Salyan toponimi (sal etnonimindən və ona birləşmiş “y” şəkilçisindən və məkan və ya cəmlik bidirən “-an” şəkilçisindən ibarət) “Sallar” və ya “sal yeri” mənasını verir” [41, s.269].
شابران Şaboran, Şabəran [165, 243b] – Şirvan vilayətində şəhər və dərə adıdır. Şirvan vilayəti mənasındadır. “Bürhani-qate”də bu toponimin شادران Şadoran [165, 244b] və شاوران Şavoran [165, 246a] kimi variantları da əlavə edilmişdir. Azərbaycan Sovet Ensiklopediyasında verilmiş məlumata əsasən “Şabran, Şabiran, Şaburan, Şaporan, Sabiran – Azərbaycanda qədim şəhər xarabalığı Dəvəçi rayonunun Şahnəzərli kəndi yaxınlığındadır. “Şabran” sözünün etimologiyası barədə müxtəlif mülahizələr mövcuddur. Onun sabirlərlə əlaqədar olması ehtimalı daha inandırıcıdır. Müxtəlif fonetik dəyişikliklərlə Orta Asiya ərazisində də mövcud olan Şabran toponimi “Sabiran”, “Sabran”, “Şabiran, “Şabran” şəklində işlədilmişdir” [12, s.453]. Hal-hazırda Azərbaycan Respublikasında inzibati-ərazi vahid olan Şabran rayonu əvvəllər Dəvəçi adı ilə tanınmışdır. “2010-cu ildə Azərbaycan Milli Məclisinin qərarı ilə Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılmışdır. Bu vaxt Şabranın tarixi şəhər olduğu, V əsrdə Sasani hökmdarlığı tərəfindən yaradıldığı, sovet hakimiyyəti dövründə isə həmin ərazidə yaradılan rayonun Dəvəçi adlandırıldığı əsas götürülmüşdür” [188].
شمکور Şəmkur [165, 259a] – Aran vilayətindən olub, Gəncəyə yaxın yerləşən şəhərdir. Azərbaycan Respublikasının şimal-qərbində yerləşən bu ərazinin hal-hazırkı adı Şəmkirdir.
گنجه Gənce [165, 354b] – Təbriz, Şirvan və Gürcüstan arasında yerləşən məşhur şəhər adıdır. Şeyx Nizami də orada anadan olmuşdur. Dilçi alimlərimizdən Q.Məşədiyev [47, s.85-93], N.Məmmədov [44, s.333-336], A.Bayramovun [14, s.81-86] tarixi qaynaqlara, bir çox alimlərin fikirlərinə və mənbələrə əsaslanaraq “Gəncə” toponiminin etimologiyası haqqında apardıqları araşdırmalar təqdirəlayiqdir. Gəncə, onun tarixi, etimologiyası haqqında toplanmış həmin məlumatlara söykənərək, Azərbaycanın ən qədim mədəni mərkəzlərindən biri olan bu paleotoponim haqqında tədqiqatlara nəzər salmağa zamanla ehtiyac duyulur. Gəncənin etimologiyası haqqında irəli sürülmüş araşdırmalarda önə çəkilən bir-birinə zidd olan fikirlər bu coğrafi adın mənşəyi haqqında da müxtəlif mülahizələrə yol açır. Bununla bağlı Q.Məşədiyev yazır: “Gəncə adının tam izahı da indiyə qədər düzgün verilməmişdir. Bu izahlarda iki istiqamət diqqəti cəlb edir. Birincisi, onu Azərbaycan mənşəli hesab edir, digəri isə başqa dillərlə əlaqələndirir. Bir cəhəti də qeyd etməliyik ki, Gəncə adının başqa dil vahidi kimi izahında onun mənası ilə yanaşı, həm də qəbilə və ya tayfa adına münasibətinin açılmasına cəhd göstərilir” [47, s.87]. Belə ki, ərəb müəllifləri və digər tədqiqatçıların əsərlərində Gəncə adının müxtəlif yazılışlarına təsadüf olunması, bu coğrafi adın mənşəyini gah türk, gah da farsmənşəli izah olunmasına səbəb olan faktlardan biri kimi də göstərilmişdir [44, s.334-335].
گرگر Gərgər [165, 347a] – müxtəlif mənaları ifadə edən söz toponim kimi “Azərbaycan vilayətində qəsəbə adı”nı bildirir. Bu adla bağlı araşdırma zamanı Gərgər toponiminin Azərbaycan [189], Türkiyə [190], Tiflis [191] və başqa ərazilərdə yerləşməsi [192] həmin bölgənin keçmişə uzanan dərin köklərindən xəbər vermiş olur. M.Təbrizinin mənbədə qəsəbə adı kimi qeyd etdiyi bu ərazinin “Arazın cənubunda yerləşən kiçik bir mahal” [193] olan Gərgər mahalını nəzərdə tutduğunu desək yanılmarıq.
نخچوان Nəxçevan [165, 397b] – İlk öncə onu qeyd etmək istərdik ki, “Bürhani-qate” lüğətinin əlimizdə olan əlyazma nüsxəsində katib tərəfindən baş söz olaraq “نخچوان” əvəzinə yanlış olaraqنخجیر Nəxcir sözü yazılmışdır. Bu yanlışlıq əlyazmada iki dəfə “نخجیر” sözünün baş söz sırasında yer alması və M.Müinin hazırladığı “Bürhani-qate” lüğətinin nəşr variantına istinadən təyin edilmişdir. Belə ki, əlyazmada نخجیر Nəxcir [165, 397b] sözü “mərzban vəznində olan söz vilayət adıdır” kimi izah olunub. Lakin burada “Nəxcir” adı ilə onun izahında vəzncə ona uyğun seçilmiş “mərzban” sözünün tələffüz variantı arasında fərqin olması diqqətdən kənarda qalmır. Burada “mərzban” sözü vəzncə “Nəxçvan” adına daha uyğundur.
Ə.Eyvazlı Naxçıvan toponimlərini dilçilik baxımından təhlil edərkən bu adın mənşəyi haqqında digər müəlliflərə istinadən yazır: “Parfiya dilində “nəxcir”-ov, “van”-yer, məkan deməkdir” [17, s.45] “Bürhani-qate” lüğətində katib tərəfindən səhvən söz sırasında ikinci dəfə təkrarən yazılmış “نخجیر” sözünün “ov, ovçu, ov yeri, ov heyvanı, dağ keçisidir” [165, 397b] izahı onun yuxarıda göstərilmiş ovla bağlı olan mənasını təsdiq etmiş olur. Lüğətdə “Naxçıvan” adı ilə bağlı diqqətçəkən məqamlardan biri adı çəkilən mənbədə نشوی Nəşəvi [165, 401a] toponiminin izahında “Naxçıvan şəhəri”nın olması faktıdır. Naxçıvan adı ilə bağlı aparılmış tədqiqat işində “orta əsr ərəb mənbələrində bu ad “Nəşəva” şəklində də işlənmişdir” [17, s.45]. Bu fikir “Bürhani-qate”dəki bu faktı bir daha təsdiq etmiş olur.
N.Məmmədov Naxçıvanla bağlı apardığı araşdırmasında müxtəlif mənbələrə istinadən, bu yerin “Nəşavə” kimi adlanmasını qeyd etmişdir [44, s.364-367]. Bundan başqa, Ə.Mikayılovanın mənbələrə söykənərək bu toponim haqqında təqdim etdiyi “Naksuana (Naxçuan) və Nəşavə “xoş, dadlı su yeri”, “xoş su diyarı” mənalarını verməklə mineral, müalicəvi əhəmiyətli “su” anlayışını ifadə edir. Naxçıvan ərazisi hal-hazırda da mineral su mənbələri ilə məşhurdur” – məlumatı diqqət çəkir [48, s.210-211].
Naxçıvanın “Nəşəvi” kimi adlanması Dehxudanın “Lüğətnamə”sində də qeyd edilmişdir. Burada həm “نخچوان” [159, s.388], həm də “نشوی” [160, s.532] adları yer almışdır. Görkəmli dilçi alim A.Axundov Naxçıvanın “Nəşəvi” kimi adlanması haqqında belə yazır: “Naxçıvan sözünün mənşəyini, ilk mənasını aydınlaşdırmağa cəhd etməzdən əvvəl bir məsələni qeyd etməyə ehtiyac var. Məlum olduğu kimi, ərəb coğrafiyaşünas səyyahları, məsələn, İbn Xordadbeh (IX əsr), Qudama ibn Cəfər (X əsr), əl-Biruni (XI əsr) Naxçıvan şəhərinin adını Nəşavə kimi işlətmişlər” [5, s.93].
Beləliklə, Azərbaycan Respublikasının ərazisində hal-hazırda belə mövcud toponimlərin XVII əsrin dəyərli lüğət nümunələrindən olan “Bürhani-qate” lüğətində yer alması bu ərazilərin qədim çağlara qədər uzanan tarixindən xəbər vermiş olur.
Yuxarıda sadalanan Azərbaycan Respublikasının ərazisində mövcud olan toponimlərin izahında onların yerləşdiyi ərazi əsasən “Şirvan” kimi təqdim olunur. Lakin lüğətdə izahında məhz “Azərbaycan”da yerləşməsi qeyd olunan bəzi toponimlər də vardır ki, onlar hal-hazırda İran İslam Respublikası ərazisinə daxil olan tarixən yaranıb formalaşmış onomastik vahidlərdəndir. Bununla bağlı A.Qurbanov: “Azərbaycan xalqının yarıdan çoxu Cənubi Azərbaycan ərazisində yaşayır. Burada tarixən yaranıb formalaşmış minlərlə yer adları, su obyektlərinin adları vardır. Azərbaycan toponimikasının bütov mənzərəsinin verilməsində bu arealın da öyrənilməsinə böyük ehtiyac” [42, s.59] olduğunu qeyd edir. Dilçi alim İranın coğrafi adları ilə bağlı bir çox mənbələrə istinadən, “Azərbaycan dilinə məxsus toponimlərə İranın bütün vilayət və əyalətlərində rast gəlinir, ikincisi, fars dilinə toponimlərin yaranmasında belə Azərbaycan dili topoformantları və sözdüzəldici şəkilçiləri fəal iştirak” etdiyini önə çəkir [42, s.60]. Beləliklə, “Bürhani-qate” lüğətinin, yerləşdiyi ərazidən asılı olmayaraq, Azərbaycan toponimləri haqqında maraqlı faktların üzə çıxması üçün mühüm mənbələrdən biri olduğunu deyə bilərik.
Dostları ilə paylaş: |