MəHƏMMƏd hüseyn təBRİZİNİN “BÜrhani-qate” LÜĞƏTİNDƏ onomastik vahiDLƏR



Yüklə 335,82 Kb.
səhifə10/27
tarix05.01.2022
ölçüsü335,82 Kb.
#111778
1   ...   6   7   8   9   10   11   12   13   ...   27
1.2.2. Lüğətin çap nüsxələri
“Bürhani-qate”nin dəyərli əlyazma nüsxələri ilə yanaşı, onun çoxlu sayda daşbasma və çaplarının da olması lüğətin uzun müddət istifadə olunan mənbələrdən olmasını əyani şəkildə sübut edir.

Lüğətin bir neçə daşbasma çapı AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda da saxlanılır. İlk öncə həmin daşbasma çapları üzərində dayanaq. Həmin nüsxələr aşağıdakılardan ibarətdir:

1) F. 21 saxlama vahidi 475 [110] olan daşbasmanın titul səhifəsində medalyon içərisində yazılmışdır: “Bu iki cildlik “Bürhani-qate” lüğəti fars, bəzi türk və pəhləvi sözləri, həmçinin fars dilinin idiomatik sözlərindən ibarətdir. Çapa hazırlayan Məhəmməd Sadıq Gülpayiganidir”.

Daşbasma iki hissədən ibarətdir, başqa sözlə desək, iki hissə bir cilddə toplanmış və hər hissə ayrı-ayrılıqda səhifələnmişdir. I hissə 295, II hissə isə 299 səhifədən ibarətdir. I hissə Məhəmməd Sadıq Gülpayigani tərəfindən 1304-cü (1886/87) ildə, “س” hərfi ilə başlayan II hissənin daşbasmasını isə 1305-ci il (1887/88) məhərrəm ayının 12-də Məhəmməd Bağır Cürbadigani hazırlamışdır.

Lüğətin sonunda kitabın çap olunmasının səbəbləri qısa şəkildə qeyd olunmuşdur. Belə ki, buradakı məlumata əsasən, çox sayda əlyazma nüsxələri və daşbasmaları olan “Bürhani-qate”nin əvvəlki çaplarında çoxlu səhvlərə yol verilmişdir. Məhz buna görə də əsərin bu çapının hazırlanmasına zərurət yaranmışdır. Kitabın cildi qalın karton üzərinə çəkilmiş zoğalı rəngdə dəridən ibarətdir.

2) L-327 [110] şifrli daşbasma F. 21 saxlama vahidi 475-lə cildləri də daxil olmaqla eynidir.

3) Yuxarıda verilmiş daşbasmalarla eyni olan, yalnız cildləri fərqlənən digər çaplar L-7 [110], L-1321[110], V-27 [110] və XIII-180 [110] şifrli kitablardır.

4) VI-292 [110] əvvəlkilərlə eyni olsa da, sondan vərəqlər itmişdir. Belə ki, kitabın ikinci hissəsinin sonu, daha dəqiq desək, 282-ci səhifədən sonrakı vərəqlər istisnadır. Cildi qalın karton üzərinə çəkilmiş qəhvəyi rəngdə dəridən ibarətdir.

5) L-1057 [109] şifrli daşbasmanın xətti isə nəsxdir. Kitab 839 səhifədən ibarətdir. Lakin səhifə 837-də kitabın tamamlanması ilə əlaqədar olaraq, bir qəsidə yer almışdır. Qəsidənin sonuncu beyti belədir:

بگو شد از کف و کلک من این مصرع بتاریخش

ز لطف ایزد اندر بمبئی اتمام این برهان

(De: Mənim qələmə aldığım misra bu tarixdə

“Allahın lütfü ilə bu Bürhan Bombeydə tamamlandı).

Beytə əsasən, onun Bombeydə hazırlanması aydın olur. Həmçinin ikinci misranı əbcəd üsulu ilə hesabladıqda 1259-cu il tarixi alınır. Kitabın sonunda da daşbasmanın 1259-cu il səfər ayında (mart, 1843) hazırlanması tarixi bir daha qeyd olunmuşdur.

6) V-60 [108] şirfli daşbasma 1278-ci ildə Əli Əsğər tərəfindən çapa hazırlanmış və Məşədi Qulamrzanın başçılığı ilə Allahqulu xanın mətbəəsində çap olunmuşdur.

7) V-289 [111] şifrli kitab 5 sentyabr 1832-ci ildə (1248 rəbiülsani ayının 10-u) Mirzə Həmzə bin Mirzə Həsən Mazandarani tərəfindən çapa hazırlanmışdır. Bu kitab əvvəlki daşbasmalardan əlyazmaya oxşarlığı ilə fərqlənir. Kitabın adı “Celd-e axər-e ketab-e Borhan-e qate” kimi verilmişdir.

Beləliklə, Əlyazmalar İnstitutunda mühafizə olunan 10 ədəd daşbasmadan 4 ədədi fərqlidir.

Məlum olduğu kimi, “Bürhani-qate” İran hüdudlarından kənarda belə geniş oxucu kütləsi qazanmışdır. Belə ölkələrdən biri də Türkiyədir. “Bürhani-qate” lüğətinin Türkiyədə yüksək qiymətləndirilməsi haqqında O.Ş.Gökyay yazır: “Bu gün Turkiyədə əldə dolaşan bu cür lüğətlərdən heç biri onunla müqayisə edilə bilməz. “Bürhani-qate” farsca sözlərin anlamlarını doğru olarak verir; bu dildəki ifadələri ve terminləri toplamışdır. Astronomiya, astrologiya, həndəsə, fəlsəfə, ilahiyyat, təsəvvüf kimi müxtəlif elmlər və mövzularla bağlı incəliklər bu lüğətdə bir araya gətirilmişdir. Bu səbəbdən fars ve türk alimləri arasında məşhurdur” [66, s.160].

Türkiyədə də “Bürhani-qate” lüğətinin yüksək dəyərləndirilərək geniş yayılmasını Osmanlı ədəbiyyatına olan böyük maraq, orada işlənən, çətin anlaşılan fars-ərəb mənşəli sözlərin toplandığı bir mənbə olması ilə əlaqələndirmək olar. Türkiyədə böyük dəyər verilən “Bürhani-qate” lüğəti görkəmli alim, tərcüməçi Asim Əfəndi tərəfindən tərcümə olunaraq geniş oxucu kütləsinin ixtiyarına verilmişdir. Onun həyat və yaradıcılığı, eyni zamanda “Bürhani-qate” lüğətinin tərcüməsi haqqında ətraflı məlumatlar “İslam Ensiklopediyası” [67, s.665-673;68, s.432-33], “Türk dili ve ədəbiyyatı ensiklopediyası” [70, s.476-77] kitabları ilə yanaşı, internet saytlarında da verilmişdir.

Seyid Əhməd Asim Əfəndi dövrünün ən məşhur və tanınmış türk leksikoqraflarından sayılır. O, 1775-ci ildə Antepdə Seyid Məhəmməd Cənani Əfəndinin ailəsində dünyaya göz açmışdır. Onun atası bu bölgənin şəriət məhkəməsinin baş katibi vəzifəsini icra etmişdir. Kiçik yaşlarından təhsilə başlamış Asim Əfəndi ədəbiyyatşünaslığı, xüsusilə də fars ədəbiyyatını əvvəl atasından öyrənmiş, sonra isə bu sahədə Antepdə müvəqqəti yerləşmiş Kilisdən olan şair Ruhi Mustafa Əfəndidən dərs almışdır. Qeyd edək ki, o, türkcə ilə yanaşı, həmçinin ərəb və fars dillərində də şeirlər yazaraq məşhurlaşmışdır.

Asim Əfəndi türk oxucusu arasında daha çox “Bürhani-qate tərcüməsi” adı ilə məşhur olan əsərini İstanbulda olarkən hazırlamışdır. O, 1204/1790-cı ildə Antepdən İstanbula gəlmiş və iki il sonra burada lüğəti hazırlamağa başlamışdır. Lüğətin hazırlanmasında “Müşkilati-Şahnamə”, “Nəvadirül-lüğə”, “Əxtəri”, “Vankulu lüğəti”, “Fərhəngi-Şüuri”, “Bəhrül-qəraib”, “Kənzül-lüğə” kimi məşhur lüğətlərdən faydalanmışdır. Əsərin müqəddiməsində qeyd etdiyi kimi, o, bu əsəri 1212-ci ilin cəmadiüləvvəl ayında (oktyabr, 1797) tamamlamışdır. “Tibyani-nafe dər tərcümeyi-Bürhani-qate” adlandırdığı əsərin üzərində altı il sərasər və ciddi şəkildə çalışmışdır.

Sonra mütərcim bu əsəri sultan III Səlimə təqdim etmişdir. Bunun müqabilində şah onu “müdərrislik” dərəcəsi ilə yanaşı, ev və pulla da mükafatlandırmışdır. Asim Əfəndi bu kitabı hazırlayarkən, hər bir sözün izahını səbir və diqqətlə nəzərdən keçirmişdir. Belə ki, klassik Şərq tərcümə sənətinə uyğun olaraq [50, s.6-50] mütərcim “Bürhani-qate”ni olduğu kimi çevirməmiş, türkcə mətnə əlavələr etmişdir. Həmçinin farsca izahlara türk dilində qarşılıqlar verərkən də xüsusi diqqət yetirmişdir. Bu zaman o, öz vətənində və ona yaxın olan ərazilərdə işlənən sözlərdən də istifadə etmişdir. Bu tərcümə işinin III Səlimin əmri əsasında hicri 1214-cü ilin rəbiüləvvəl ayının 23-də (25 avqust, 1799) hazırlanmış ilk nəşri İstanbulda, sonrakı 1251/1835 və 1268/1852-ci il çapları Bulaqda, 1287/1870-ci il iki cildlik çapı isə yenidən İstanbulda nəşr olunmuşdur. Türk dilçiliyinə digər dəyərli əsərlər də təqdim etmiş Asim Əfəndi 1820-ci ildə İstanbulda dünyasını dəyişmişdir.

Əlyazmalar İnstitutunda “Bürhani-qate” lüğətinin daşbasmaları ilə yanaşı, onun haqqında bəhs etdiyimiz osmanlıcaya tərcüməsinin əski çap kitabları da mühafizə olunur. Həmin çap nüsxələrinə aşağıdakılar aiddir:

1) L-535 [64] şifrli kitabın əvvəlində, daha dəqiq desək, 1-8 səhifələri əhatə edən müqəddimədə o dövrün bir çox alimləri tərəfindən bu lüğətə verilmiş osmanlı türkcəsi və ərəb dilində rəyləri çap olunmuşdur.

Lüğətin özü yenidən səhifə 1-dən başlanır. Titul səhifəsində kitabın adı – “Tibyani-nafe dər tərcümeyi-Bürhani-qate” kimi göstərilmiş və İstanbulun Amirə (عامره) mətbəəsində çap olunması qeyd edilmişdir. Kitab iki hissədən ibarətdir: I hissə səhifə 395-də “پهی” sözü ilə bitir. II hissə başlamazdan əvvəl kitabın adı yenidən qeyd olunmuşdur. Lakin burada adına تکمله təkmele sözü əlavə olunub, yəni “Tibyani-nafe dər təkmileyi-tərcümeyi-Bürhani-qate” kimi təqdim olunmuşdur. 400 səhifəni əhatə edən II hissə isə پهر pəhr sözünün izahı ilə başlanıb, زبین zəbin kəlməsi ilə tamamlanır.

Həmçinin qeyd etmək istərdik ki, “پهی” (pəhi) və “پهر” (pəhr) sözlərinin sıralanması “Bürhani-qate” lüğətində olduğu kimi verilməmişdir. Əlifba sırasını da nəzərə alsaq, əlbəttə ki, “پهر” sözü “پهی” sözündən əvvəl verilməli idi.

Lüğət 1287-ci il, rəcəb ayının 19-da (15 oktyabr, 1870) çap olunmuşdur. Kitab sonradan boz rəngli müasir cildə tutulmuşdur.

2) L-43 [61] şifrli çap L-535 ilə eynidir. Cildi orijinaldır. Tünd zoğalı rəngdə cildə malik olan kitabın üz qabıqlarında basmanaxışlar vardır.

3) VII-514 [61] şifrəli kitabın orijinal cildinə əsasən, onu L-43 şifrli çapın davamı hesab etmək olar. Lüğətin ikinci cildi də I və II hissələr olaraq qruplaşdırılmışdır. İkinci cildin I hissəsinin əvvəlində “Cildi-sani əz tərcümeyi-Bürhani-qate” başlığı qeyd olunmuşdur. İkinci cildin 1-dən 360-a kimi səhifələri əhatə edən birinci hissəsi گریفتن geriftən sözü ilə tamamlanır. II hissə isə “Təkmileyi-cildi-sani əz tərcümeyi-Bürhani-qate” kimi adlandırılmışdır. 382 səhifədən ibarət olan ikinci hissə isə “گز” sözü il başlanır. Kitabın sonunda “Amirə” mətbəəsində şaban ayının 15-i, 1287-ci ildə (9 noyabr, 1870) çap olunması tarixi qeyd olunub. Bunun cildi isə qovluqludur. Qalın karton üzərinə qəhvəyi rəngdə üzlük çəkilən kitabın üzərində basmanaxış vardır.

4) Tünd-qəhvəyi rəngdə basmanaxışlı cildə malik olan L-1028 [61] şifrli kitab VII – 514 şirfli nüsxə ilə eynidir.

5) II-468 [61] şifrli mənbə də yuxarıda qeyd olunan L-535 və L-43 şifrli çapların təkrarıdır. Bu kitabın cildi orijinal olub, qalın karton üzərinə qara rəngdə parça çəkilmiş və üzərində qızılı basmanaxışlı medalyon vardır.

6) Əvvəlki çapların təkrarı olan L-1041 [64] şifrli bu mənbə də yalnız birinci hissədən ibarətdir. Əvvəlki çaplarda olduğu kimi bu hissə 395 səhifədən ibarət olub, “پهی” sözünün izahı ilə tamamlanır.

Qeyd etmək istərdik ki, İstanbulda çap olunan nüsxədə yuxarıda verildiyi kimi, II hissə “زبین” sözünün izahı ilə tamamlanır. Lakin “Bürhani-qate” lüğətinə əsasən deyə bilərik ki, bu əslində “زبیب” şəklində yazılmalı idi. Çap zamanı yol verilən bu səhv, aşağıda qeyd olunan Qahirə çapında isə orijinal lüğətdə olduğu kimidir.

7) Kitabın VI-221[63] şifrli çapında lüğət bütünlüklə hissələrə bölünmədən bir cilddə təqdim olunmuşdur. İkinci səhifədə kitabın adı “Tərcümeyi-Bürhani-qate” kimi göstərilmişdir. 642 səhifədən ibarət olan bu kitab Qahirədə 1251-ci ildə rəbiüləvvəl ayının ortalarında (iyul 1835) çap olunmuşdur. Dağıstani Fateh Əfəndinin rəhbərliyi altında bir neçə şəxsin iştirakı ilə ərsəyə gələn bu çap kitabının cildi orijinaldır. Belə ki, qalın karton üzərinə qara rəngdə üzlük çəkilmiş cildin üzərində kitabın adı fransız dilindədir.

8) XVI-484 [63] şifrli çap da əvvəlki Qahirə çapının təkrarıdır. Bu kitabın tünd zoğalı rəngli orijinal cildinin üz qabıqlarının kənarları qızılı rəngdə basmanaxışla əhatələnmişdir.

9) “Bürhani-qate” lüğətinin tərcüməsinin fərqli çapı IX-405 [61] şifrli nüsxədir. Belə ki, basma üsulu ilə əlyazmadan hazırlanmış və adı “Lüğəti-Bürhani-qate” olan kitabın bu çapında lüğət cədvəl daxilində təqdim olunmuşdur. Daha dəqiq desək, rəqəmlə sıralanan hər bir söz və onun türk dilində izahı qarşılıqlı şəkildə verilmişdir. Həmçinin əvvəlki çaplarla müqayisə etdikdə məlum olur ki, burada sözlərin izahı tam şəkildə cap olunmamışdır. İzahları qısaldılmış şəkildə təqdim olunmuş bu kitab 1302/1885-ci ildə Osmaniyyə mətbəəsində çap olunmuşdur.

Əlavə olaraq qeyd etmək istərdik ki, “Əski çap kitabları kataloqu”na “Bürhani-qate” lüğətinin tərcüməsinin Əlyazmalar İnstitutunda mühafizə olunan V-221 [25, s.75], V-16 [hal-hazırda bu sifr XVI-484 saylı şifrlə əvəz olunmuşdur], II-468 və IX-405 sifrli çap kitabları [25, s.84] daxil edilmişdir. Lakin adı çəkilən lüğətin tərcüməsinin həm başlığı, həm də tərcüməçinin adında bir qədər qeyri-dəqiqliyə yol verilmişdir. Belə ki, burada yuxarıda məlumat verildiyi kimi, Qahirə çapının nəşrinə rəhbərlik edən Dağıstani Fateh Əfəndinin adı tərcüməçinin adı kimi təqdim olunmuşdur.

Fehrest-e ketabha-ye çapi-ye farsi” adlı çap kitabları kataloqunda lüğətin Tehran, Bombey, Kəlküttə və s. yerlərə məxsus bir neçə daşbasma çapları ilə yanaşı, yuxarıda adını çəkdiyimiz M.Müinin redaktəsi ilə hazırlanan ilk nəşri də yer almışdır. Eyni zamanda burada lüğətin türkcəyə tərcüməsi haqqında da bilgilər verilərək, onun 1251/1835-ci il Qahirə çapı ilə bağlı qeydləri də öz əksini tapmışdır [136, s.495-497].

Ümumiyyətlə, M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan 13 ədəd çap kitabından 7-si fərqlidir.

Bütün yuxarıda deyilənləri nəzərə alsaq, “Bürhani-qate” lüğətinin dünyanın müxtəlif kitabxana və muzeylərində mühafizə olunan külli miqdarda əlyazma nüsxələri ilə yanaşı, həmçinin kifayət qədər daşbasma və çaplarının mövcud olması diqqətçəkicidir. Məhəmməd Təbrizinin bütün istedad və qüvvəsini sərf edərək ərsəyə gətirdiyi və demək olar ki, bu gün də yeri gəldikcə tədqiqatçılar tərəfindən müraciət olunan bu klassik izahlı lüğət nümunəsi onun uzun müddət öz əhəmiyyətini itirməyən dəyərli mənbələrdən olmasını bir daha təsdiq edir.



Yüklə 335,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin