3.3. Etnonimlər
“Bürhani-qate” lüğətində toplanmış onomastik vahidlərin bir qrupunu hər hansı bir xalqın ictimai-siyasi həyatı ilə bağlı olan etnonimlər təşkil edir. Etnonim “hər hansı etnosu (etnik qrupu, qəbiləni, tayfanı, xalqı, milləti və s.) əks etdirən nomen: azərbaycanlı, gürcü, rus, ukraynalı, özbək, qazax, qıpçaq, tatar, şumer, türkmən, türkman, ləzgi, tat, udin”dir [2, s.147].
İstənilən bir dilin və yerin tarixinin öyrənilməsində etnonimlərin nə dərəcədə böyük rol oynadığını təkrar etməyə ehtiyac yoxdur. Bir xalqın tarixinin öyrənilməsi və tədqiq edilməsində onomastikanın ən vacib sahələrindən biri olan etnonimlərin özünəməxsus yeri vardır. Etnonimləri öyrənməklə bunların hansı etnik qrupları ifadə etdiyini, həmin yerlərdə hansı etnosların məskunlaşdığını aşkara çıxarmaq mümkündür. Həmçinin bu ərazidə həmin etnik qrupların vaxtilə danışdıqları dilin bəzi daşlaşmış xüsusiyyətlərini də müəyyənləşdirmək olur. Bu baxımdan onomastik vahidlərin bir qrupu olan etnonimlərin tədqiqi elmi əhəmiyyət daşıyır. Bununla bağlı A.Qurbanov yazır: “Dilimizdə başqa söz qruplarından fərqli olaraq etnonimlər daha qədim fonetik, qrammatik, leksik, semantik xüsusiyyətlərə malikdir. Etnonimlər xalqın ictimai-siyasi həyatı ilə bağlıdır və tarixin müxtəlif mərhələsində meydana gəlmişdir. Buna görə də onların araşdırılması zamanı daha çox tarixi yazılı mənbələrə müraciət olunur. Tayfa, qəbilə, xalq və millətlər haqqında öz sözünü birinci tarix elmi deyir, eyni zamanda tayfa, qəbilə, xalq və millət adlarını da yaşadan tarix özüdür” [41, s.175]. Beləliklə, xalqın ictimai-siyasi həyatı ilə bağlı olub, tarixin müxtəlif mərhələlərində meydana gələn etnonimlərin tədqiqi prosesində hər bir xalqın qədim etnoslarının adları haqqında məlumatlar əldə oluna bilər. Tədqiqatlardan birində qeyd edildiyi kimi: “Qədim dövr tarixçiləri toponim və etnonimlərə mötəbər sənəd kimi müraciət edirlər. Həqiqətən, bu qəbildən olan sözlər mövcud torpağın əsl yaddaşıdır. Bu ərazidə nəsillər dəyişir, müxtəlif dilli etnoslar gəlib-gedirlər, toponimlər isə yerində durub müşahidə aparır, gələnləri qəbul edir, gedənləri yola salır, ancaq ona ilk dəfə verilən adı özü ilə yaşadır” [29, s.25]. Bu fikrə istinadən demək olar ki, etnik proseslərin nəticəsi olaraq hər bir xalqın təşəkkül tapıb formalaşması tarix boyu davam etmişdir.
Etnik tarixin öyrənilməsində qədim qaynaqların mühüm rol oynadığını nəzərə alsaq, “Bürhani-qate” lüğətində işlənən etnonimlərin bu sahədə aparılacaq tədqiqatlar zamanı maraqlı faktların daşıyıcısı olduğunu deməyə əsas verir. Lüğətə daxil edilmiş etnonimlər bunlardır:
1. آلانAlan [165, 17b] – qövm; 2.افشار Əfşar [165, 36a) – tayfa; 3.افغان Əfğan [165, 36a] – qəbilə; 4. افلاکیان Əflakeyan [165, 36a] – tayfa; 5. بارانی Barani [165, 53b] – qəbilə; 6. باژبان Bajban [165, 54b] – tayfa; 7. بلوچ Bəluç [165, 76a] – qövm; 8. بواسحق Bu Eshaq [165, 78b] – tayfa; 9. بوسحاق Busehaq [165, 79b) – tayfa; 10. بهره Bohre [165, 81b] – tayfa; 11. پرناک Pərnak [165, 94b] – tayfa; 12. تالش Taleş [165, 109b] – qövm; 13. ترخان Tərxan [165, 113b]– qövm; 14. ترکمان Torkəman [165, 114b] – tayfa; 15. خرشین Xərşin [165, 155b] – tayfa; 16. خفاچه Xəfaçe [165, 163b] – tayfa; 17. خفچاق Xəfçaq [165, 163b] – köçəri türklər; 18. خلچ Xələç [165, 164a] – tayfa; 19. زاول Zavol [165, 201a] – qövm və tayfa; 20. زیگ Zig [165, 211a] – tayfa; 21. شول Şul [165, 262a] – tayfa; 22. کرد Kord [165, 313b] – tayfa; 23. کوچ Kuç [165, 333a] – tayfa; 24. کوچ و بلوچ Kuç-o-Bəluç [165, 333a] – tayfa; 25. گیلی Gili [165, 361a] – tayfa; 26. لر Lor [165, 364b] – tayfa; 27. لک Lək [165, 365b] – tayfa; 28. نیازی Neyazi [165, 410b] – tayfa.
Göründüyü kimi, lüğətə daxil edilmiş etnonimlər طایفه tayefe, قوم qoum, قبیله qəbile adı altında təqdim olunmuşdur. Azərbaycan dilinin izahlı lüğətində: “1. Tayfa – sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm; 2. Qəbilə – ibtidai cəmiyyətdə bir soydan törəmiş və bir rəisin idarəsi altında birlikdə yaşayan köçəri tayfa, nəsil; 3. Qövm – kiçik xalq, tayfa” [11, s.129;10, s.465; s.558] kimi izah edilmişdir.
Hər üç sözün lüğəvi mənasında olan məna uyğunluğu fars dilində də özünü göstərir [88, s.151; s.258; s.280].
Lüğətə daxil edilmiş etnonimlər içərisində bəzilərinin türk etnonimi kimi təqdim olunması diqqət çəkən məsələlərdən biridir. “Bürhani-qate”də türk tayfası olaraq verilmiş Əfşar, Barani, Bajban, Pərnak, Tərxan, Türkmən, Xəfçaq, Xələç etnonimləri bu sahədə aparılacaq tədqiqatlar zamanı yardımçı ola bilər.
Zənnimizcə, türk tayfaları arasında verilmiş “Xəfçaq” həmin məşhur Qıpçaq tayfasıdır. Lüğətdə bu söz “səhrada yaşayan türk tayfasının və Türküstanda məşhur Qıpçaq səhrasının adı” kimi təqdim olunub.
Əlavə olaraq, “Qıpçaq” və “Xələç” haqqında geniş məlumat toponimlər bölməsinin etnotoponimlər qrupunda yer almışdır.
Qeyd etmək lazımdır ki, yuxarıda verilmiş bəzi sözlərin izahında yalnız etnonim deyil, onun ifadə etdiyi digər mənalar da göstərilmişdir. Məsələn: 1. آلان Alan – Şimali Azərbaycanda məskunlaşmış tayfa adı, vilayət, məhəllə, Türküstanda şəhər və dağ adı; 2. بارانی Barani – türk qəbiləsi və papaq adı; 3. بلوچ Bəluç – səhrada yaşayan qövm və İranda vilayət adı; 4. بواسحق Bu Eshaq və بوسحاق Busehaq – tayfa və Nişapurda firuzə mədəninin adı; 5. ترخان Tərxan – göyərti növü, şəxs adı və Çağatay türklərindən olan tayfa adı; 6.زاول Zavol – tayfa, musiqidə şöbə və fars dilinin artıq işlənməyən yeddi ləhcəsindən birinin adıdır; 5. زیگ Zig – Kiluyə dağında yaşayan kürd əsilli tayfadır, kitab adıdır, münəccimlərə ulduzlarla bağlı olan məlumatlar orada olan cədvəl vasitəsilə məlum olurdu; 6. لر Lor – köçəri tayfadır, Lur şəhərinin adıdır. Bu söz quzu, arzu, istək, murad mənalarında da işlənir.
Misallardan göründüyü kimi, izahlar içərisində etnonimlərə yaxın olan mənalarla yanaşı, eyni zamanda, daşıdığı digər mənaları ifadə edən izahlar da vardır. Əlbəttə, bu izahların həmin sözlərin etimoloji təhlil zamanı bəzi maraqlı faktların açıqlanmasında mühüm rolu olduğunu deyə bilərik. Sözü izah edərkən verilmiş müxtəlif mənalar isə eyni yazılışlı kəlmənin fərqli tələffüz olunması ilə də əlaqələndirilə bilər.
Əlavə olaraq, etnonimlər sırasına lüğətdə onomastik vahidlərdən yalnız toponim kimi verilmiş “Səmərqəndə yaxın, Mavərənnəhrdə yerləşən şəhər adıdır” izahlı سغد Soğd [165, 228b] sözünü daxil edə bilərik. M.Müinin hazırladığı “Bürhani-qate” lüğətinin nəşrinin müqəddiməsində İran əsilli etnik qrup olan Soğdilər haqqında məlumata geniş yer ayrılmışdır [104, s.17-20]. Tədqiqatların birində bu etnonim haqqında belə bir qeyd vardır: “Soğd – xalq və ölkə mənasını bildirən sözdür. İrandilli soğdalar ticarətlə çox məşğul olduqlarına görə türk qəbilələri ilə həmişə yaxın təmasda olmuş və nəticədə tamamilə türkləşmişlər” [56, s.16].
Həqiqətən, “Bürhani-qate” lüğətində toplanan türk və digər xalqlara məxsus olan etnonimlər bu sahədə aparılan tədqiqatlar zamanı müəyyən faktların araşdırılmasında yardımçı ola bilər. Belə ki, müxtəlif xalqların etnogenezinin araşdırılmasında klassik lüğətlərin dəyərli bir mənbə kimi rolunu “Bürhani-qate” lüğətinin timsalında bir daha təsdiq edə bilərik.
Ümumiyyətlə, müxtəlif xalqların tarixini öyrənərkən həmin xalqın etnogenezində iştirak etmiş etnonimlər haqqında müəyyən məlumatlar əldə etmək mümkündür. Bu etnonimlərin müəyyən bir hissəsi öz növbəsində toponimlərin yaranmasında iştirak edir. Beləliklə, bir-biri ilə bağlı olan onomastikanın bu bölmələrinin müqayisəli şəkildə araşdırılması, eyni zamanda, həmin xalqların qədim tarixi, mədəniyyəti, adət-ənənəsi ilə bağlı olan bir çox faktların üzə çıxarılmasına imkan vermiş olar.
Dostları ilə paylaş: |