1.2. “Bürhani-qate” lüğətinin əlyazma və çap nüsxələri
1.2.1. Lüğətin əlyazma nüsxələri
“Bürhani-qate” lüğəti əlyazma nüsxələrinin sayca çoxluğuna görə fars dilinin tarixi izahlı lüğətləri və ikidilli klassik lüğətlər (farsca-türkcə, ərəbcə-farsca) sırasında birinci yerdə durur. Belə ki, mövcud kataloqlara, əsasən, dünyanın müxtəlif muzey və kitabxanalarında lüğətin çoxlu sayda əlyazması saxlanılır.
Adətən, klassik bədii əsərlərin əlyazma nüsxələri say baxımından daha çoxdur ki, bu fakt da həmin əsərlərin nə dərəcədə geniş şöhrət tapmasının göstəricisidir. Belə ki, farsdilli bədii əsərlər sırasında əlyazmaları daha çox olan əsərlər dünyaca məşhur olan Əbülqasim Firdovsinin “Şahnamə”, Nizami Gəncəvinin “Xəmsə”, Sədi Şirazinin “Gülüstan” və “Bustan” əsərləri sayılır. Daha çox oxucusu olan bu əsərlər sırasında tək Sədi əsərlərinin dünyanın müxtəlif muzey və kitabxalarında saxlanılan əlyazmalarının ümumi sayı 1000-dən çoxdur [51, s.138].
“Bürhani-qate” lüğəti bədii əsər olmasa da, əlyazmalarının sayı kifayət qədərdir. Bununla bağlı, “İran, Avropa və Hindistanda çox az sayda kitabxanalar vardır ki, onlarda “Bürhan”ın külli miqdarda nüsxələrinə rast gəlinməsin” [104, s.88] fikri yerinə düşür.
İndi isə, “Bürhani-qate” lüğətinin mövcud kataloqlar üzrə dünyada olan əlyazma nüsxələri haqqında məlumat verək. İlk olaraq lüğətin İran İslam Respublikasında mühafizə olunan əlyazma nüsxələri haqqındakı qısa bilgiləri təqdim edirik. Ümumiyyətlə, farsdilli əlyazmaların kataloqları iki prinsip üzrə tərtib edilir: birinci prinsip ayrı-ayrı kitabxanalar üzrə, ikinci prinsip isə bütün mövcud kataloqlar əsasında ümumi məlumat xarakterli qaynaqlardır. Fars dilində əlyazmalar üzrə İranda indiyədək ümumi məlumat xarakterli iki kataloq nəşr edilmişdir:
1. Əhməd Münzəvinin kataloqu (h.ş. 1350/m.1971); 2. Mustafa Dirayətinin kataloqu (h.ş. 1379/m. 2000).
Əhməd Münzəvinin kataloquna İran və dünya xəzinələrinin kataloqlarında yer alan əlyazmalar daxil edilmişsə, Mustafa Dirayətinin kataloqunda yalnız İranın müxtəlif kitabxanalarında saxlanılan əlyazma nüsxələri daxildir.
Mustafa Dirayətinin tərtib etdiyi “Fehrestvare-ye dəstneveştha-ye İran (DNA)” (“DNA”) [147] adlı kataloq son dövrlərdə İranda tərtib olunmuş kataloqlar içərisində əlyazma nüsxələrinin sayına görə öndə durur. Burada İran İslam Respublikasında mövcud olan bütün əlyazma nüsxələri toplanmışdır. Lakin görkəmli İran alimi Əhməd Münzəvinin dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan farsca əlyazmalar əsasında tərtib etdiyi kataloqu yuxarıda adı çəkilən kataloqdan öncə tərtib olunmuşdur. Bu səbəbdən əvvəlcə Əhməd Münzəvi kataloqunda toplanmış “Bürhani-qate” lüğətinin əlyazma nüsxələrinə nəzər salmaq məqsədəuyğundur. Öz dövrünə görə külli miqdarda əlyazma nüsxələri toplanmış bu kataloqda lüğətin 49 əlyazma nüsxəsi haqqında məlumat verilmiş və tərtibçi onları xronoloji ardıcıllıqla sıralamışdır [142, s.1922-24].
Qeyd edək ki, burada toplanan bəzi əlyazma nüsxələrinin geniş və sadə elmi-paleoqrafik təsvirinə əldə etdiyimiz digər kataloqlarda da rast gəlirik. Eyni zamanda bu kataloqda verilmiş bəzi əlyazma nüsxələri doktor M.Müinin redaktəsi ilə hazırlanan “Bürhani-qate” lüğətinin nəşr variantının müqəddiməsinə də daxil edilmişdir. Bu səbəbdən təkrara yol verməmək üçün yeri gəldikcə həmin əlyazma nüsxələrinin verildiyi digər kataloqlarla yanaşı, “Bürhani-qate” lüğətinin nəşr variantı da mənbə kimi göstərilmişdir. Ə.Münzəvi kataloquna daxil edilmiş əlyazma nüsxələri aşağıdakılardır:
1) Nəvvab mədrəsəsi: nəsx xətti ilə köçürülmüş nüsxə avtoqraf hesab olunur. Tarixi göstərilməmiş nüsxə “Bürhani-qateyə əlavələr”dir (“ملحقات برهان قاطع”). Başlanğıcda doqquz bölmə (“فایده”) vardır.
2) Tehran, Milli: Bu nüsxə 1063/1653-cü ildə (əsər tamamlanandan bir il sonra) Heydərabadda Əbdül Hüseyn bin Abdullah tərəfindən köçürülmüşdür. Nüsxə 1082 səhifə, 25 sətirdən ibarətdir. Başlığı nümunədəki kimidir.
Nüsxə “Bürhani-qate” lüğətinin müqəddiməsində [104, s.117-118] və Milli kitabxanaya məxsus olan kataloqun III cildində də verilib [137, s.166]. “DNA” kataloqunda 42071-ci sırada verilmiş nüsxənin nəsx xətti ilə yazılması qeyd edilib [147, s.483].
3) Kəlküttə: Əsər tamamlanandan 9 il sonra, yəni 1071/1661-ci ildə Məhəmməd Haşım Kəşmiri tərəfindən köçürülmüşdür.
Əlavə olaraq qeyd etmək istərdik ki, “Bürhani-qate” lüğətinin ən qədim çap nüsxəsi də Kəlküttə çapı hesab olunur. Bu çap nüsxəsi 1813-23-cü illər Hindistan hakimi olmuş Lord Hestengin başçılığı və elm adamı Seyid Kərəm Hüseyn əl-Hüseyni Belgeraminin müqqəddiməsi ilə miladi 1818-ci ilin iyul ayında (hicri 1233, ramazan) tamamlanmışdır” [104, s.124-126].
4) Tehran: Məhəmməd Möhsün 1082-ci ilin rəbiüləvvəl ayının 1-də (08.07.1671) nəstəliq xətti ilə köçürmüşdür. 525 vərəqdən ibarət olan nüsxənin hər səhifəsi 33 sətirdən ibarətdir. Digər mənbəyə əsasən əsər İsfahan kağızına köçürülmüşdür [146, s.48]. “DNA” kataloqunda 42074 saylı nüsxədir [147, s.483].
5) Məşhəd, Əbdülhəmid Mövləvi: Məhəmməd Saleh Qumi tərəfindən İsfahanda 1089-cu ilin cəmadiülaxir ayında (1678, iyul) köçürülmüşdür. Əlyazma “DNA” kataloqunda 42077 saylı nüsxədir və nəsx xətti ilə yazılmışdır [147, s. 483].
6) Məlek: Nüsxə 1096-cı ilin rəbiüləvvəl ayının 15-də (19.02.1685) Murtuzaqulu Əfşar bin Məhəmməd Yusif tərəfindən qara mürəkkəb və nəstəliq xətti ilə köçürülmüş əlyazma 501 vərəqdən ibarətdir. Həmçinin “Bürhani-qate” lüğətinin müqəddiməsində yer almış bu nüsxə [104, s.122] “DNA” kataloqunda 42079 saylıdır [147, s.483].
7) Tehran, Dehxuda: XI/XVII əsrə məxsus olan nüsxə nəstəliq xətti ilə köçürülmüşdür. Əlyazma “DNA” kataloqunda 42069 saylı nüsxədir [147, s.482].
8) Tehran, Milli: 1126/1714-cü ildə nəsx xətti ilə köçürülüb. Başlanğıcı nümunədə olduğu kimidir. Milli kitabxanaya məxsus əlyazmalar kataloqunun III cildinə istinadən, Avropa kağızına yazılmış 712 vərəqdən ibarət olan əlyazma [137, s. 151] “DNA” kataloqunda 42089 saylı nüsxədir [147, s.483].
9) Britaniya muzeyi: 1129-cu ilin cəmadiüləvvəl ayında (1717, aprel) şikəstə nəstəliq xətti ilə köçürülən nüsxə 303 səhifədən ibarətdir. Nüsxəyə Britaniya muzeyinə məxsus olan kataloqun II cildində [101, s.500] və “Bürhani-qate” lüğətinin nəşr variantının müqəddiməsində [104, s.124] rast gəlirik.
10) Britaniya muzeyi: 1135-ci ilin ramazan ayında (1723, iyun) nəstəliq xətti ilə köçürülmüş nüsxə 735 səhifə, 19 sətirdən ibarətdir.
Britaniya muzeyinə məxsus kataloqun II cildində yer almış nüsxə [101, s.500] “Bürhani-qate” lüğətinin nəşr variantının müqəddiməsində verilmişdir [104, s.124].
11) Qahirə, Darül-kütüb: 1141/1729-cu ildə təliq xətti ilə köçürülmüş nüsxə iki hissədən ibarətdir. I hissə 228 vərəq, hər səhifə isə 27 sətirdən ibarətdir. Sətirlərin sayı müxtəlif olan II hissədə isə 290 vərəq vardır [129, s.38].
12) Qahirə, Darül-kütüb: Qasımzadə kimi məşhur olan Məhəmməd tərəfindən 1156/1743-cü ildə köçürülmüşdür. Vərəqlərinin sayı 522-dir [129, s.38].
13) Qahirə, Darül-kütüb: 1157/1744-cü ildə təliq xətti ilə köçürülmüş nüsxənin əvvəli nümunədəki kimidir. Bəzəkli sərlövhəyə malik olan nüsxənin sətirlərinin sayı 33-dür [129, s.38].
14) Məclis: Katibi Osmanlı məktəblərindən birinin müəllimi olan Lütfullah Əfəndizadə kimi məşhurlaşan Məhəmməd Sədullahdır. 1179/1765-ci ildə köçürülən və bəzəkli sərlövhəyə malik olan nüsxənin vərəqlərinin sayı 529-dur. Digər kataloqa istinadən, bu nüsxə Səmərqənd kağızına köçürülmüşdür [131, s.82]. “DNA” kataloqunda isə 42096 saylı nüsxədir [147, s.483].
15) Məlek: Molla Hacı Ağa qara mürəkkəb və nəstəliq xətti ilə 1195-ci ilin zilqədə ayının 25-də bazar ertəsi günü (12.11.1781) Mazandaranda Mirzə Ələkbərin xahişi ilə köçürülmüş nüsxə 453 vərəqdən ibarətdir. “DNA” kataloqunda 42100 saylı bu nüsxəyə [147, s.483] həmçinin “Bürhani-qate” lüğətinin nəşr variantının müqəddiməsində rast gəlirik [104, s.121].
16) Harvard, Höten: XII/XVII əsrə məxsus olub nəstəliq xətti ilə köçürülmüşdür. 566 vərəqdən və hər səhifəsi 31 sətirdən ibarət olan nüsxənin sərlövhəsi bəzəklidir.
17) Britaniya muzeyi: Miladi tarixlə XVII əsrdə köçürüldüyü ehtimal olunan nüsxənin xətti nəstəliqdir. Səhifələrin sayı 866, sətir sayı isə 21-dir.
Qeyd edək ki, tədqiqat nəticəsində Britaniya muzeyində saxlanılan bu nüsxənin “Bürhani-qate” yox, digər bir lüğət olması müəyyən edilmişdir. Belə ki, Britaniya muzeyinə məxsus olan kataloqun II cildində lüğətin üç ədəd əlyazma nüsxəsi haqqında məlumat verilir [101, s.500]. Bu kataloqa istinadən [101, s.498-500], Əhməd Münzəvi kataloqunda 17-ci sırada verilmiş nüsxə əslində “Məcməül-fürs” lüğətidir.
18) Tehran, Dehxuda: XII-XIII/XVIII-XIX əsrlərə məxsus olan və nəstəliq xətti ilə köçürülmüş nüsxəninn sərlövhəsi bəzəklidir. “DNA” kataloqunda 42102 saylı nüsxədir [147, s.483].
19) İlahiyyat: 502 vərəq, 24 sətirdən ibarət olan və nəsx xətti ilə köçürülmüş nüsxə hicri XII-XIII əsrlərə məxsusdur. Digər mənbədə nüsxənin Hind kağızına yazılması qeyd edilmişdir [143, s.16]. “DNA” kataloqunda 42101 saylı nüsxədir [147, s.483].
20) Məclis, Təbatəbai: 1203-cü ilin rəcəb ayında (1789, aprel) səliqəli nəsxlə köçürülən nüsxə 1000 səhifə və hər səhifə də 25 sətirdən ibarətdir.
21) Sepəhsalar: Seyid Məhəmməd bin Yusif 1205/1791-ci ildə Avropa kağızına köçürmüşdür. Nüsxənin ilk vərəqləri qızılı xətlərlə çərçivəyə alınmışdır. 326 vərəqdən ibarətdir. “DNA” kataloqunda 42120 nömrəli nüsxədir və xətti nəsxdir [147, s.484]. “Bürhani-qate” lüğətinin nəşr variantının müqəddiməsinə də daxil edilmişdir [104, s.120].
22) Rezəvi: 1210/1795-ci ildə nəsx xətti ilə köçürülüb. Həcmi 555 vərəqdir.
23) Daneşqah: Əbdülməcid Əşayi Kəşmiri 1211-ci il səfər ayının 1-də (5.08.1796) nəstəliq xətti ilə köçürmüşdür. “Şin” hərfinə kimi mövcud olan nüsxənin həcmi 384 vərəqdir. “DNA” kataloqunda 42122 saylı nüsxədir [147, s.484].
24) Tehran, Əllamə Qəzvini: “Tehran, Milli 18240” nüsxənin katibi Məhəmməd Mehdi bin Məhəmməd Əli, tarixi 1224-cü il zilqədə ayının 5-i (13.12.1809)-cu ildir.
25) Məclis: 1226/1811-ci ilə məxsusdur. Müqəddimə və IV fəsildən (گفتار) bəzi hissələr düşmüş və 364 vərəqdən ibarət olan nüsxə bir cümlədən sonra “sin” hərfi ilə başlayır. Digər kataloqa istinadən əlyazma nüsxəsinin kağızı mavi rəngli Avropa istehsallıdır [131, s.83]. “DNA” kataloqunda 42133 saylı nüsxədir [147, s.484].
26) Tehran, Milli: Məhəmməd Mehdi bin Məhəmməd Əli Hüseyni 1227-ci il rəbiülaxir ayında çərşənbə axşamı (1812, aprel) nəstəliq xətti ilə köçürmüşdür. Əllamə Qəzvininin qeydləri vardır. Digər mənbədə bu nüsxənin 421 vərəqdən ibarət olması və Avropa istehsallı kağıza köçürülməsi qeyd edilmişdir [137, s.325-26]. “DNA” kataloqunda 42136 saylı nüsxədir [147, s. 484].
27) Sepəhsalar: 1227/1812-ci ildə Ədbül Hüseyn İsfəhani tərəfindən nəstəliq xətti ilə köçürülmüşdür. 473 vərəqdən ibarətdir. “Bürhani-qate” lüğətinin nəşr variantının müqəddiməsində [104, s.120] verilmiş nüsxə “DNA” kataloqunda 42135 saylıdır [147, s.484].
28) Sepəhsalar: Naməlum katib tərəfindən 1234/1819-cu ildə nəstəliq xətti ilə köçürülmüş nüsxə 517 vərəqdən ibarətdir. “DNA” kataloqunda 42142 saylı bu nüsxə [147, s.484] “Bürhani-qate” lüğətinin nəşr variantının müqəddiməsində yer almışdır [104, s.120].
29) Rezəvi: 1237/1821-ci ildə nəstəliq xətti ilə köçürülmüş nüsxənin katibi Məhəmməd Nəbi bin Ağa Möhsündür. Sərlövhəsi incə zövqlə işlənmiş nüsxənin vərəqlərinin sayı 376-dir. “DNA” kataloqunda 42146 saylı nüsxədir [147, s.484]. “Bürhani-qate” lüğətinin nəşr variantının müqəddiməsində də vardır [104, s.123].
30) Məclis: Məhəmməd Əli bin İsmayılın 1238/1823-cü ildə İsfahanın Əhmədabad məhəlləsində səliqəli nəstəliq xətti ilə köçürdüyü nüsxə 338 vərəqdən ibarətdir. Digər kataloqda bu nüsxənin tirmə kağıza köçürülməsi qeyd olunmuşdur [131, s.82-83]. “DNA” kataloqunda 42149 saylı nüsxədir [147, s.485].
31) Tehran, Ağa Yəğma Cəndəği: Məşhur şair Əbu Həsən Yəğma Cəndəğinin nəsx xətti ilə köçürdüyü nüsxə sonralar oğlu Ağa Həbib Yəğmayiyə çatmışdır. Şair 1240/1824-cü ildə Kaşanda köçürməyə başladığı nüsxəni həmin şəhərdə də tamamlamışdır. Lüğətin bu nüsxəsinin digər əlyazma və çap nüsxələri ilə müəyyən fərqləri vardır. Nüsxəyə “Bürhani-qate” lüğətinin nəşr variantıının müqəddiməsində rast gəlirik [104, s.122-23].
32) Sepəhsalar: Nüsxə 1242/1826-cı ildə Məhəmməd Mehdi bin Məhəmməd Əli tərəfindən nəstəliq xətti ilə köçürülmüşdür. Sərlövhəyə malik olan nüsxənin ilk səhifələri qızılı və mavi rəngli xətlərlə çərçivəyə alınmışdır, sayı 357-dir. “DNA” kataloqunda 42154 saylı nüsxədir [147, s.485]. “Bürhani-qate” lüğətinin nəşr variantının müqəddiməsində də verilmişdir [104, s.120].
33) Daneşgah: Bu nüsxə 1243-cü il rəbiüləvvəl ayının 15-də (5.11.1827) köçürülüb, 414 vərəqdən ibarətdir. Digər mənbəyə istinadən nüsxə Avropa kağızına yazılmışdır [133, s.113]. “DNA” kataloqunda 42157 saylı nüsxədir [147, s.485].
34) Tehran, doktor Meftah: Mirzə Baba Nuri 1245-ci ilin çərşənbə axşamı ramazan ayının 27-si (23.03.1830) Simnanda nəstəliq xətti ilə köçürmüşdür.
35) Tehran, muzey: 1247/1831-ci ilə məxsus olan bu nüsxə Əbu Talib tərəfindən köçürülmüşdür. “DNA” kataloqunda 42157 saylı nüsxə nəsx xətti ilə köçürülüb [147, s. 485].
36) Məşhəd, Əbdül Həmid Mövləvi: 1248/1832-ci ildə nəstəliq xətti ilə köçürülmüşdür. Sərlövhəsi bəzəklidir. “DNA” kataloqunda 42163 saylı nüsxədir [147, s.485].
37) Sepəhsalar: Nüsxə 1252/1837-ci ildə Mirzə Baba ibn Mirzə Məhəmməd tərəfindən nəstəliq xətti ilə köçürülmüşdür. 372 vərəqdən ibarətdir. “Bürhani-qate” lüğətinin nəşr variantının müqəddiməsində verilmişdir [104, s.121]. “DNA” kataloqunda 42168 saylı nüsxədir [147, s.485].
38) Məclis: Nüsxə 1255/1839-cu ildə nəstəliq xətti ilə köçürülmüşdür. 500 vərəqdən ibarət olan nüsxənin sərlövhəsi bəzəklidir. Başqa bir mənbədə də bu nüsxə haqqında məlumat verilmişdir [130, s.271]. “DNA” kataloqunda 42171 saylı nüsxədir [147, s.485].
39) Daneşgah: Feyzullah tərəfindən 1255-ci il cəmadiülaxir ayının 20-si (31.08. 1839) nəsx xətti ilə köçürülüb. Sərlövhəsi bəzəklidir. “DNA” kataloqunda 42172 saylı nüsxədir [147, s.485].
40) İlahiyyat: XIII/XIX əsrə məxsus olub və nəstəliq xətti ilə yazılmış nüsxənin sonu Mohbəli Yeganlu tərəfindən 1269-cu il cəmadiülaxir ayının 9-da (19.03.1853) yenidən köçürülmüşdür. Digər kataloqda Avropa kağızına yazılmış nüsxənin 401 vərəqdən ibarət olması göstərilmişdir [143, s.16]. “DNA” kataloqunda 42187 saylı nüsxədir [147, s.486].
41) Sepəhsalar: Murad Əli Qomşeyi nəsx xətti ilə 1284/1868-ci ildə miladi tarixi ilə 1818-ci ildə yazılımış Kəlküttə çapı üzərində Mirzə Əli Əkbərin xahişi ilə köçürülmüşdür. Kağızı filiqranlı Avropa istehsallıdır. Nüsxədəki vərəqlər sayı 377-dir. “Bürhani-qate” lüğətinin nəşr variantının müqəddiməsində verilmiş nüsxə [104, s.121) “DNA” kataloqunda 42189 saylıdır [147, s.486].
42) Məclis: XIII/XIX əsrə məxsus olan cəmadiüləvvəl ayında nəstəliq xətti ilə köçürülmüş nüsxə 616 səhifə və hər səhifəsi 24 sətirdən ibarətdir. Digər kataloqa istinadən bu əlyazma nüsxəsinin kağızı filiqranlı Avropa istehsallıdır [131, s.47]. “DNA” kataloqunda 42107 saylı nüsxədir [147, s.483].
43) Məclis: Nəstəliq xətti ilə cəmadiülaxir ayında köçürülən nüsxə 606 səhifə və hər səhifəsi 24 sətirdən ibarətdir. Digər mənbədə nüsxənin kağızının Avropa istehsallı olması qeyd olunmuşdur [131, s.47].
44) Məclis: XIII/XIX əsrə məxsus olan və nəstəliq xətti ilə köçürülmüş bəzəkli sərlövhəli nüsxə 660 səhifədən ibarətdir. Digər kataloqda nüsxənin Avropa istehsallı kağıza köçürülməsi qeyd olunmuşdur [131, s.233]. “DNA” kataloqunda 42108 saylı nüsxədir [147, s.483].
45) Daneşgah: XIII/XIX əsrə aid olub nəsx xətti ilə köçürülmüşdür.
46) Tehran, Dehxuda: XIII-XIV/XIX-XX əsrə məxsus olub nəstəliq xətti ilə köçürülmüşdür.
47) Rezəvi: 1237/1822-ci ildə nəstəliq xətti ilə köçürülmüş nüsxədə lüğət vahidləri qırmızı boya ilə yazılımışdır. 376 vərəqdən ibarət olan əlyazma 1337/1919-cu ildə Murtuzaqulu xan tərəfindən vəqf olunmuşdur.
Nüsxə “Bürhani-qate” lüğətinin nəşr variantının müqəddiməsində verilmişdir [104, s.123].
48) Hindistan, Rampur, Rza kitabxanası: Burada lüğətin 6 nüsxəsi saxlanılır.
49) Britaniya muzeyi: 843 səhifə, 14 sətirdən ibarət olan nüsxənin tarixi qeyd olunmamışdır. Vərəqlərin haşiyəsində Con Haddon Hindley adlı şəxsin xətti ilə qeydlər vardır.
Britaniya muzeyinə məxsus olan kataloqun II cildində yer alan bu nüsxə [101, s. 500] “Bürhani-qate” lüğətinin nəşr variantının müqəddiməsinə də daxil edilmişdir [104, s.124].
Göründüyü kimi, lüğətin Əhməd Münzəvi kataloquna daxil edilmiş bir çox nüsxələrinin yer aldığı digər kataloqlar da yeri gəldikcə qeyd edildi. Aşağıda isə istər həmin kataloqlar, istərsə də digər kataloqlarda yer almış növbəti əlyazma nüsxələri haqqında müxtəsər məlumat verilir. Həmin kataloqlar aşağıdakılardır:
“Fehrest-e nosəx-e xətti-ye ketabxane-ye melli” adlı əlyazmalar kataloqunun bir neçə cildində lüğətin aşağıdakı nüsxələrinə rast gəlirik. Bu kataloqun III cildində dörd nüsxə öz əksini tapmışdır [137, s.132;s.151;s.166;s.325-326]. III cilddə olan nüsxələrdən üçü Əhməd Münzəviyə məxsus kataloqa daxil edilib. Dördüncü nüsxə isə 1022-ci il rəcəb ayının 28-də (13.09.1613) Məhəmməd Əkrəm tərəfindən köçürülmüşdür (Nüsxədə tarix belə göstərilib. “Bürhani-qate”nin 1062/1652-ci ildə yazıldığını nəzərə alsaq, əsərin yazılma tarixi ilə köçürülmə tarixi uyğun gəlmir. Çox güman ki, nüsxədə tarix 1202/1788-ci il kimi göstərilməliydi). Əlyazmanın cildi karton üzərinə çəkilmiş bəzəkli, medalyonlu qırmızı rəngli tumac dəridən ibarətdir. Rəngli Avropa kağızına yazılmış nüsxə 587 vərəqdən ibarətdir [137, s.132]. “DNA” kataloqunda 42119 saylı nüsxədir [147, s.484].
Kataloqun IV cildində iki nüsxə verilmişdir. Bunlardan birincisi 1237/1822-ci ildə nəstəliq xətti ilə köçürülmüşdür. Kağızı açıq-yaşıl rəngli Avropa istehsallı olan nüsxə 513 vərəq və hər səhifəsi 23 sətirdən ibarətdir [137, s.232]. “DNA” kataloqunda 42148 saylı nüsxədir [147, s.485].
Digər nüsxə isə 1331/1913-cü ildə Məhəmməd Hadi Kəlarsənani tərəfindən nəstəliq xətti ilə köçürülmüşdür, 436 vərəqdən ibarətdir [137, s.218]. “DNA” kataloqunda 42194 saylı nüsxədir [147, s.486].
Həmin kataloqun V cildində lüğətin aşağıdakı iki nüsxəsinin təsviri verilmişdir:
1) Mirzəxan adı ilə məşhur olan Məhəmməd Tahir bin Abdullah Mövləvi Hüseyni Şəhir tərəfindən 1088/1677-ci ildə nəsx xətti ilə köçürülmüşdür. Əlyazmanın tünd-yaşıl, narıncı və açıq-narıncı rəngdə basmanaxışlı cildi lak təbəqəsi ilə örtülmüşdür. Avropa kağızına yazılımış əlyazma 587 vərəqdən ibarətdir [139, s.102]. “DNA” kataloqunda 42705 saylı nüsxədir [147, s.483].
2) 1096/1685-ci ildə nəsx xətti ilə köçürülmüş əlyazmada sərlövhə qırmızı, qızılı və mavi rəngli xətlərlə çərçivəyə alınmışdır. Cildi karton üzərinə çəkilmiş qızılı rəngdə gül-çiçəkli basmanaxışlı qırmızı tumac dəridən ibarətdir. Dövlətabadi kağızına yazılmış nüsxənin vərəqlərinin sayı 458-dir [139, s.107]. “DNA” kataloqunda 42080 saylı nüsxədir [147, s.483].
Yenə həmin kataloqun VI cildində lüğətin iki əlyazma nüsxəsinin elmi-paleoqrafik təsviri verilmişdir:
Birinci nüsxə 1232/1817-ci ildə Qəzvinli olması ehtimal edilən ustad Məhəmməd Hüseynin oğlu Nəcəfqulu tərəfindən nəstəliq xətti ilə köçürülmüşdür. 438 vərəqdən ibarətdir [140, s.204-205]. Nüsxə “DNA” kataloqunda 42140 saylıdır [147, s.484].
İkinci nüsxə isə 1240/1825-ci ilə məxsus olub, nəstəliq xətti ilə köçürülmüşdür. 376 vərəqdən ibarətdir [140, s.34-35]. “DNA” kataloqunda 42151 saylı nüsxədir [147, s.485].
Məşhədin dörd kitabxanasına məxsus olan “Fehrest-e nosxeha-ye xətti-ye çəhar ketabxane-ye Məşhəd” adlı əlyazmalar kataloqunda lüğətin dörd nüsxəsi haqqında məlumat verilmişdir [141, s.73].
1254/1838-ci ildə nəstəliq xətti ilə köçürülmüş birinci nüsxədə Məhəmməd Sadiq Hüseyniyə məxsus möhür vardır.
Musa adlı şəxs tərəfindən nəsx xətti ilə köçürmüş ikinci nüsxənin tarixi qeyd edilməmişdir. Burada Məhəmməd Bağır bin Məhəmməd Tağı Musəvinin şəxsi möhürü vardır.
Kataloqdakı ücüncü nüsxə Məhəmməd Mömin Mirzə Baba həkim Aştiyani 1260/1844-ü ildə nəstəliq xətti ilə köçürmüşdür. Bu nüsxə “DNA” kataloqunda 42179-cu sırada yer almışdır [147, s.486].
1080/1669-cu ildə nəstəliq xətti ilə köçürülmüş dördüncü nüsxə 1346/1927-ci ildə Hindistanda redaktə olunmuşdur. “DNA” kataloqunda 42073 saylı nüsxədir [147, s.483].
“Fehrest-e nosxeha-ye xətti-ye ketabxaneha-ye Rəşt və Həmədan” adlı kataloqda lüğətin iki ədəd əlyazma nüsxəsi vardır [144, s.14].
1215/1800-cü ildə nəsx xətti ilə köçürülmüş və 131 səhifədən ibarət olan birinci nüsxə naqisdir. “DNA” kataloqunda 42124 saylı nüsxədir [147, s.484].
Digər nüsxə isə 1258-ci ilin zilhiccə ayında (1843, yanvar) Həsən bin Məhəmməd İbrahim Kuhini Təfrişi İran İraqının valisi Məhəmməd Həsən xanın tapşırığına əsasən, səliqəli nəstəliq xətti ilə köçürmüşdür. Nüsxə 883 vərəqdən ibarətdir. “DNA” kataloqunda 42178 saylı nüsxədir [147, s.485].
Nəcəfi Mərəşi kitabxanasında lüğətin bir ədəd əlyazma nüsxəsi mühafizə edilir [145, s.140-41]. Bu nüsxə Məhəmməd Əli bin Məhəmməd İsmayıl İsfəhani tərəfindən 1224-cü il cümə günü rəbiülaxir ayının 25-də (09.06.1809) nəstəliq xətti ilə köçürülmüşdür. 486 vərəqdən ibarətdir. “DNA” kataloqunda 42129 saylı nüsxədir [147, s.484].
“Fehrest-e ketabxane-ye mərkəzi-ye daneşqah-e Tehran” adlı kataloqun üç cildində aşağıdakı nüsxələr haqqında məlumat verilmişdir. Bunlardan biri Əhməd Münzəvi kataloqunda nüsxələr sırasına daxil edilmişdir.
İkinci nüsxə Əbdülməcid Əşayi Kəşmiri Bombeydə 1211-ci il səfər ayının 1-də (06.08.1796) Hind kağızına nəstəliq xətti ilə köçürmüş nüsxə 374 vərəqdən ibarətdir [134, s.868]. “DNA” kataloqunda 42122 saylı nüsxədir [147, s.484].
Digər nüsxə isə XIII/XIX əsrə məxsus olub nəsxlə köçürülmüşdür. Əlyazma 1330/1912-ci ilə qədər Əbdülhəmid Qacara məxsus olmuşdur. Vərəqlərin sayı 404-dür [135, s.1614] . “DNA” kataloqunda 42109 saylı nüsxədir [147, s.483].
Qahirə kataloqunda verilmiş dörd nüsxədən biri yuxarıda qeyd etdiyimiz Əhməd Münzəvi kataloqunda toplanan lüğətin çox sayda nüsxələri sırasına daxil edilməmişdir. Bu nüsxə Məhəmməd Əmin ibn Mustafa tərəfindən adi nəsx xətti ilə məhərrəm ayında köçürülmüşdür. Köçürülmə ili qeyd olunmayan nüsxənin vərəqlərinin sayı 434-dür [129, s.38].
Son dövrlərdə tərtib olunmuş farsdilli kataloqlar içərisində İran İslam Respublikasında mövcud olan əlyazma nüsxələrinin sayına görə öndə duran Mustafa Dirayətinin tərtib etdiyi “DNA” kataloqudur. Burada “Bürhani-qate” lüğətinin xronoloji ardıcıllıqla verilmiş 148 ədəd əlyazma nüsxəsi haqqında məlumat verilir [147, s.482-487]. Qeyd edək ki, dissertasiyanın həcmini nəzərə alaraq, həmin nüsxələr haqqında ayrıca məlumat vermək mümkün deyil. Ümumiyyətlə, “Bürhani-qate” lüğətinin “DNA” kataloqunda verilmiş 148 ədəd əlyazma nüsxəsindən 34-ü müraciət etdiyimiz əvvəlki kataloqlara daxil edilmişdir. 114 ədəd əlyazma nüsxəsinin xronoloji ardıcıllığı zamanı 10 ədəd XVII əsrə, 15 ədəd XVIII əsrə, 66 ədəd XIX əsrə, 2 ədəd əlyazma nüsxəsinin isə XX əsrə aid olması məlum olur. Bu kataloqa daxil edilmiş 21 nüsxə tarixsizdir.
Kataloqlardan başqa İran mənbələrinin birində lüğətin 80 əlyazma nüsxəsi xronoloji ardıcıllıqla təqdim edilmişdir [170]. Lakin bunlardan tarixi bəlli olan 16 ədəd əlyazma nüsxəsi ilə yanaşı, tarixi məlum olmayan 20 ədəd əlyazma nüsxələri əldə etdiyimiz məlum kataloqlara daxil edilməmişdir.
Əlbəttə ki, lüğətin əlyazma nüsxələri bununla tamamlanmır. “Bürhani-qate” lüğətinin dünyanın digər ölkələrinə məxsus olan kataloqlarında da cox sayda nüsxələrinə rast gəlirik. Həmin kataloqlar aşağıdakılardır:
“İndia Office” kitabxanasının farsdilli əlyazmalar kataloqunda lüğətin aşağıda sadalanan 9 ədəd əlyazma nüsxəsi haqqında məlumat verilmişdir [100, s.1347-49].
1) Oxunaqlı nəstəliq xətti ilə köçürülmüş bu nüsxə “Bürhani-qate”nin ən qədim nüsxələrindən biridir. 526 vərəqdən ibarət olan nüsxə orijinal əsərdən köçürülmüşdür. Burada müəllifin işini tamamladıqdan sonra özünün etdiyi əlavələr də vardır.
2) Nüsxə 1071-ci il məhərrəm ayının 16-da (21.09.1660) Kəşmirli Məhəmməd Haşim tərəfindən oxunaqlı nəstəliq xətti ilə köçürülüb, 622 vərəqdən ibarətdir.
3) Astarabadlı Məhəmməd Sadiq bin Hadi Zeynəlabidin 1081-ci il şəvval ayının 27-də (9.03.1671) Heydərabadda nəstəliq xətti ilə köçürmüşdür. Katibin köçürdüklərini bir yerə toplayan Məhəmməd Riza bin Mövlana Cəfər bu işi 1082-ci il cəmadiüləvvəl ayının 8-də (12.09.1671) tamamlamışdır. 542 vərəqdən ibarətdir.
4) Haşiyəsində eyni xətlə yazılmış çox sayda və dəyərli əlavələri olan əla nüsxədir. Tarixi göstərilməyən əlyazmanın 1a vərəqində müxtəlif əlavələr qeyd olunmuşdur. Bu əlavələrin ən qədimi cəmadiüləvvəl ayının 1-i, Məhəmməd Şahın hakimiyyətinin 21-ci ilinə aiddir (1152; 1739, 6 avqust). Bu nüsxə əvvəllər mr. Riçard Consona məxsus olmuşdur (1174/1180). Nəstəliq xətti ilə köçürülmüşdür, 534 vərəqdən ibarətdir.
5) Bu nüsxəni Şaiq Bürhanəddin Abbasi 1178-ci il səfər ayının 20-si (19.08.1764) səliqəsiz nəstəliq xətti ilə ilə köçürmüşdür. Vərəqlərinin sayı 438-dir.
6) Müxtəlif xətlər, həm nəstəliq, həm də şikəstə ilə yazılmış nüsxənin tarixi 1200-ci il ramazan ayının 19-na (16.07.1786) aiddir. Həcmi 832 vərəqdir.
7) Tarixi qeyd olunmayan bu əlyazma mükəmməl nüsxədir. 558 vərəqdən ibarətdir.
8) Kəlküttədə Murad Əli Qazpuri tərəfindən Münşi Məhəmməd Murad üçün köçürülmüş nüsxədə tarix kimi ancaq şaban ayının 4-ü göstərilmişdir. Nüsxənin xətti nəstəliqdir. Vərəqlərinin sayı 819-dur.
9) Lüğətin dibaçə hissəsindən müəyyən hissələrdir. Burada fars dilinin qrammatikasına aid bəzi məlumatlar da vardır. Səliqəsiz nəstəliq xətti ilə köçürülmüş bu nüsxə sondan naqisdir.
SSR Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun əlyazma nüsxələri əsasında hazırlanmış kataloqda “Bürhani-qate” lüğətinin Əfqanıstanda 1212/1797-ci ildə köçürülmüş bir ədəd əlyazma nüsxəsi haqqında məlumat verilir [73, s.43-44].
Bundan başqa, Leninqradda Saltıkov-Şedrin adına dövlət kitabxanasında “Bürhani-qate” lüğətinin 2 əlyazma nüsxəsi mühafizə edilir. Bunlardan biri Məhəmməd Mehdi Hüseyni tərəfindən 6 şəvval 1245/31 mart 1830-cu ildə köçürülmüş, digər nüsxə isə 168 vərəqdən ibarət olub XIX əsrin ikinci yarısına məxsusdur [86, s.42].
Yuxarıda adları çəkilən kataloqlara istinadən “Bürhani-qate” lüğətinin 197 ədəd əlyazma nüsxəsi müasir dövrümüzə qədər gəlib çatmışdır. Buraya İran mənbələrindən birinə daxil edilmiş 36 ədəd əlyazma nüsxəsini də əlavə etsək, ümumilikdə onların sayı 233 ədədə çatır.
“Bürhani-qate” lüğətinin Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da iki əlyazma nüsxəsi [81, s.216] mühafizə olunur:
1) Paleoqrafik xüsusiyyətlərinə görə XVII əsrin ikinci yarısına aid olan və nəstəliq xətti ilə yazılımış birinci nüsxə C-493 şifrlidir [166]. Əlyazmanın kağızı noxudu rəngli Şərq kağızıdır. Sətirlər iki ədəd qırmızı və bir ədəd göy rəngli xətlə haşiyəyə alınmışdır. Başlıqlar və lüğət vahidləri qırmızı mürəkkəblə yazılmışdır. Haşiyədə mətndə buraxılmış söz və ifadələr verilmişdir. Şərq və müasir üsulla nömrələnmiş əlyazmanın cildi yoxdur. Zamanın təsiri nəticəsində vərəqlərin kənarları bir qədər nəm çəkmiş və bəzi vərəqlər cildin dayaq hissəsindən qopmuşdur. Nüsxə əvvəldən və sondan naqisdir. Əvvəldən آب دستان وار abdəstanvar [166, 1a] sözündən öncə gələn kəlmənin izahı ilə başlayan əlyazma nüsxəsi کیتو kitu sözü ilə [166, 344b] tamamlanır. 344 vərəqdən ibarət olan əlyazmanın hər səhifəsində 27 sətir vardır. Nüsxənin ölçüsü 30,5 x 19,5 sm-dir.
2) 1257 (1841)-ci ilə məxsus olan ikinci nüsxə D-183 şifrlidir [167]. Şikəstə ünsürlü nəstəliq xətti ilə yazılmış əlyazmanın kağızı incə, yaxşı aşılanmış sarımtıl rəngli Şərq istehsalıdır. Nüsxə qırmızı və qara mürəkkəblə yazılmış ənənəvi “بسم الله الرحمن الرحیم” ifadəsi ilə başlayır. Burada lüğət vahidləri, başlıq və yarımbaşlıqlar qırmızı mürəkkəblə yazılmışdır. Şərq və müasir üsulla nömrələnmiş əlyazmanın sonunda müəssisə möhürü vardır. Əlyazmanın cildi qalın karton üzərinə çəkilmiş qara rəngdə dəridən ibarətdir. Cildin hər iki üzü 5 mm. ölçüsündə yarpaqşəkilli basmanaxışla haşiyəyə alınmışdır. Mərkəzdə içərisi yaşıl rəngdə gül-çiçəklə bəzənmiş narıncı rəngli medalyon vardır. Onunla şaquli istiqamətdə isə iki ədəd kiçik açıq-yaşıl rəngdə yarpaqşəkilli medalyon basılmışdır. Cildin içəri tərəfi isə zoğalı rəngli dəri ilə üzlənmişdir. 439 vərəqdən ibarət olan əlyazmanın ölçüsü 21x34 sm-dir.
Dissertasiya işində tam nüsxə olan D-183 şifli əlyazma nüsxəsindən istifadə edilmişdir. Bununla yanaşı, bəzən məlumatı dəqiqləşdirmək və müqayisə aparmaq məqsədilə M.Müinin hazırladığı nəşr variantına da müraciət olunmuşdur.
“Bürhani-qate” lüğətinin yuxarıda qeyd etdiyimiz əlyazmaları, əlbəttə ki, lüğətin bütün nüsxələrini əhatə etmir. Lakin sadalanan nüsxələr zəngin söz ehtiyatını özündə cəmləşdirən “Bürhani-qate” lüğətinin uzun müddət geniş istifadə olunmuş dəyərli mənbə kimi çox məşhur olmasını bir daha sübut etmiş və önə çəkmiş olur.
Dostları ilə paylaş: |