1.1. Məhəmməd Hüseyn Təbrizi və onun “Bürhani-qate” lüğəti
İlkin yazılı qaynaqların verdiyi bilgilərə görə Yaxın və Orta Şərqdə lüğətçilik ənənəsinin əsası ərəblər tərəfindən qoyulmuşdur. Bu fakt birbaşa İslam dininin yaranması və möhkəmlənməsi ilə bağlıdır. Ərəb dili sonuncu səmavi din yenicə ortaya çıxarkən Qurani-Kərimin dili olaraq müsəlman cəmiyyətində özünə möhkəm yer tutmuş və böyük nüfuz qazanmışdır. İslamı qəbul edən digər xalqlar da məhz Quranı öyrənmək, bu dinə xas olan dini-mənəvi və əxlaqi dəyərləri mənimsəmək üçün ərəb dilini dərindən bilməli idilər. Bu da öz növbəsində ərəb dilçiliyinin, o cümlədən onun ən qədim sahələrindən biri olan leksikoqrafiyanın yaranmasına və inkişafına təkan verdi.
Lüğətçilik orta əsrlərdə müsəlman Şərq xalqlarının elmi-mədəni həyatında mühüm yer tutan sahələrdən biri kimi diqqət cəlb edir. Bu dövrdə müsəlman Şərq xalqları arasında mədəni əlaqələrin inkişafı, elmi ədəbiyyatın yeni sahələrlə zənginləşməsi, coxlu sayda bədii ədəbiyyat nümunələrinin yaranması, eləcə də müsəlmanlar arasında ərəb və farsdilli mənbələrdən istifadəyə marağın artması bir sıra lüğətlərin ortaya çıxmasını şərtləndirən səbəblər sırasındadır. Erkən fars dili leksikoqrafiyası haqqında dəyərli araşdırmaların müəllifi, görkəmli rus alimi S.İ.Bayevski bu sahədə materialların zənginliyini xüsusi olaraq qeyd edir: “Lüğətlər, fars dilinin tarixi leksikologiya və İran dialektologiyası, klassik ədəbiyyat və mətnşünaslığı, həmçinin etnoqrafiya, tarixi coğrafiya və mədəniyyət tarixi üçün zəngin material verir” [74, s.3]. Bu rəngarənglik də öz növbəsində zənginliyi və çoxşaxəliliyi ilə seçilən fars leksikoqrafiyasının qədim tarixi dövrlərə qədər uzanan keçmişindən xəbər verir.
Y.A.Rubinçik, S.İ.Bayevski, V.Q.Axvlediani kimi görkəmli dilçi alimlər öz tədqiqatlarında fars lüğətçiliyinə ərəb leksikoqrafiyasının güclü təsirini xüsusi olaraq qeyd edirlər. Y.A.Rubinçik “Fars dilinin leksikoqrafiyası” adlı kitabında fars leksikoqrafiyasının qədim tarixi olduğunu vurğulayaraq yazır: “Fars leksikoqrafiyasının başlanğıc tarixi IX əsrə, Avropada isə daha sonralara (fransız – XVI, ingilis – XVII, Rusiyada XVIII əsrə) təsadüf edir” [98, s.7]. Alim eyni zamanda farsdilli lьрətlərin bu dцvrdə yaranmasэ səbəbini “yeni fars dilində olan ədəbiyyatэn geniю inkiюafэ” [98, s.11] ilə əlaqələndirərək fars lьрətзiliyinə ərəb leksikoqrafiyasэnэn təsiri məsələsini də qeyd edir: “Fars leksikoqrafiyasэnэn inkiюafэna (onun ilkin baюlanрэcэnda) ərəbdilli izahlэ lьрətlərin tərtib qaydalarэ və ənənələri təsir etmiюdir. Farsdilli izahlэ lьрətlərin tərtibi məsələsində ərəb leksikoqraflarэndan ən зox fəsillərə bцlmə, fəsil iзərisində izahэ verilmiю sцzьn sonuncu hərfə əsasən yerləєdirilməsi kimi bəzi prinsiplər mənimsənilmiєdir. Bununla belə, fars leksikoqrafiyasэnэn inkiюafэ цzьnəməxsusluрu ilə seзilmiю, həmзinin forma və məzmun baxэmэndan fərqli xьsusiyyətlərə malik olmuюdur. Bunun ən baюlэca səbəbi ondan ibarətdir ki, farsdilli lьрətlər poetik və bədii nəsr əsərləri ьzərində qurulmuю, ərəb lьрətləri isə Quran və klassik poeziya əsasэnda tərtib olunmuюdur” [98, s.16].
Fars lьрətзiliyinin ərəb leksikoqrafiyasэndan qaynaqlanmasэ haqqэnda ərəbşünas alim V.Q.Axvlediani yazır: “Ərəb leksikoqrafiyası Şərq (İran, Türkiyə, qismən Hindistan), eləcə də Avropa xalqlarının leksikoqrafiyasına böyük təsir etmişdir” [72, s. 93).
Fars lüğətçiliyi ərəb leksikoqrafiyasından müəyyən dərəcədə bəhrələnsə də özünəməxsus zəngin tarixi yol keçmişdir. Belə ki, rus dilçi alimi L.S.Peysikov “farsdilli lüğətlərin inkişaf tarixinin on əsrdən çox davam etdiyini” [85, s.191] qeyd edərək, onun keçdiyi bu dövrün əldə olan mənbələrə istinadən daha qədim zamanlara uzandığını xüsusi olaraq vurğulamışdır.
S.İ.Bayevskinin “XI-XV əsrlərdə erkən fars leksikoqrafiyası” kitabında verdiyi bilgilər və əldə etdiyi nəticələr orta yüzilliklərdə İranda lüğətçilik ənənəsinin inkişafı haqqında müəyyən təsəvvür yaradır. Belə ki, o yazır: “Orta əsrlərdə İranda lüğətçilik ənənəsindən danışarkən qeyd etmək lazımdır ki, fars leksikoqrafiyası öz başlanğıcını VIII əsrdən götürmüş ərəb leksikoqrafiyası ilə yanaşı inkişaf etmişdir. Ərəb dilində izahlı lüğətlərin tərtibi təcrübəsi, sözsüz ki, fars-tacik leksikoqrafiya ənənəsinin yaranmasına böyük təsir göstərmişdir. Ərəb dilində olan izahlı lüğətlər İranda, ədəbiyyat və dinin (İslam dininin – A.Əliyeva) dili kimi qəbul olunduğu bir çox müsəlman ölkələrində məhz yerli leksikoqrafların ərəb dilini öyrətmə, mənimsətmə məqsədilə yaranmışdır” [74, s. 86].
Maraqlıdır ki, qədim yazı mədəniyyətinə sahib olan iranlılar İslamdan sonra elm, ədəbiyyat və mədəniyyətin inkişafında bir sıra yeni uğurlar qazandılar. Məhz bu dövrdə fars dili və ədəbiyyatı İranın hüdudlarından kənarda – Hind yarımadasından tutmuş Kiçik Asiyaya qədər geniş bir ərazidə yayılmağa başladı. Bu coğrafi məkanlar sırasında qədim Hindistan xüsusi yer tutur. Qədim tarixi və zəngin ənənələri olan fars lüğətçiliyinin İran hüdudlarından kənarda, o cümlədən Hindistanda geniş vüsət alması isə öz növbəsində bu sahənin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Hindistanda fars leksikoqrafiyasının inkişafını və səciyəvi xüsusiyyətlərini araşdırmış S.İ.Bayevski bu dilçilik sahəsini mərhələli şəkildə dövrlərə bölmüş və onun bu bölgədə inkişaf səbəbini belə açıqlamışdır: “XIII əsrdən başlayaraq XIX əsrə qədər fars leksikoqrafiyasının əsas inkişaf mərkəzi Hindistan olmuşdur. Fars dili Hindistanda XI əsrin əvvəllərindən başlayaraq, yəni Şərqi İran, Mərkəzi Asiyanın cənub hissəsi, Əfqanıstan və şimali Hindistanın geniş bir hissəsi də daxil olmaqla böyük bir dövlət yaradan Mahmud Qəznəvinin (999-1030) Hindistanı fəth etmək məqsədilə etdiyi yürüşlər zamanından geniş yayılmağa başladı. Fars dili Hindistanda rəsmi və ədəbi dilə çevrildi. Bu dil Hindistanda yaşayan müxtəlif dilli xalqlar arasında mühüm rol oynamağa başlamış və qarşılıqlı mədəni əlaqəyə səbəb olmuşdur... Hindistanda fars leksikoqrafiyası tarixini üç əsas dövrə bölmək olar: XIII-XV əsrlər – Hindistanda ilk farsdilli lüğətlərin yaranması; XVI-XVII əsrlər – fars leksikoqrafiyasının intensiv inkişaf dövrü; XVIII-XIX əsrlər – mövcud ənənələrin inkişafı” [74, s.48-49]. S.İ.Bayevski digər bir araşdırmasında da bu məsələyə toxunaraq yazır: “XIII-XIV əsrlərdən başlayaraq fars dili Dehli sultanlığı və ayrı-ayrı əyalətlərdə rəsmi dilə çevrilir. Bu dil Hindistanda XVI əsrdə Baburun yürüşləri zamanı daha geniş yayılmağa başlayır. Fars dili bu dövrdə dəftərxana idarələrinin, saray tarixşünaslığı və poeziyasının dilinə çevrilir. Saraylarda böyük ədəbi mərkəzlər yaranır və inkişaf edir. Burada farsdilli poeziyanın Məsud Səd Səlman və Əmir Xosrov Dəhləvi kimi məşhur klassikləri yazıb yaradırdılar. Farsdilli erkən klassik poeziya Hindistanda da geniş yayıldı. Bütün bunlar fars leksikoqrafiyasının inkişafına təkan verdi” [75, s.118]. Həqiqətən, fars leksikoqrafiyasının Hindistanda geniş yayılmasına bariz nümunə olan və əsrlərdən bəri dövrümüzə qədər gəlib çatan farsdilli lüğətlər fars lüğətçiliyinin zəngin irsə malik olmasını sübut edir. Bu dəyərli qaynaqlar isə müasir dövrümüzdə tərtib olunan farsdilli lüğətlər üçün ilkin bir mənbə kimi böyük əhəmiyyətə malikdir.
Ümumiyyətlə, Hindistanda tərtib olunmuş fars dili lüğətləri sırasında Fəxrəddin Mübarəkşah Qəvvas Qəznəviyə məxsus “Fərhəngi-Qəvvas” (XIV əsr), Şeyx Məhəmməd ibn Lad Dəhləvinin “Müəyyədül-füzəla” (XVI əsr), Cəmaləddin Hüseyn bin Fəxrəddin Həsən İncu Şirazinin “Fərhəngi-Cəhangiri” (XVII əsr), Əbdürrəşid bin Əbdülqəfur Hüseyn əl-Mədəniyə məxsus “Fərhəngi-Rəşidi” (XVII əsr), Məhəmməd Əli Dai əl-İslamın “Fərhəngi-Nizam” (XIX əsr) və s. mənbələrin adını çəkmək olar.
Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu bu baxımdan istər bədii, istərsə də elmin müxtəlif sahələrinə aid olan, uzaq keçmişi özündə əks etdirən və ilkin mənbə kimi misilsiz əhəmiyyət daşıyan yazılı abidələrin mühafizə olunduğu bir elm məbədidir. Burada zəngin ədəbi-bədii və mədəni irsi özündə hifz edən həmin əlyazma nüsxələrinin bir qismini də klassik lüğət nümunələri təşkil edir.
Belə yazılı abidələrdən biri də “Bürhan” təxəllüslü Məhəmməd Hüseyn bin Xələf Təbrizi tərəfindən qələmə alınmış XVII əsrin dəyərli və qiymətli mənbələrindən biri hesab olunan farsca izahlı “Bürhani-qate” (“Tutarlı sübut”) lüğətidir. Təəssüflər olsun ki, bu görkəmli azərbaycanlı leksikoqrafın həyat və yaradıcılığı haqqında məlumatlar olduqca az və yetərli deyildir [71, s.56]. Belə ki, İran alimlərindən, Əli Əsğər Hikmət tarixi mənbələrə istinad edərək, Məhəmməd Təbrizinin tərcümeyi-halı haqqında dolğun və ətraflı məlumatların olmadığını qeyd edir [149, s.199]. Təzkirələrdə və digər qaynaqlarda da alimin həyat və yaradıcılığı haqqında [54, s.110;58, s.55;104, s.98-99;112, s.122;114, s.253-54;117, s.241-243; 119, s.83] geniş və müfəssəl məlumatlara rast gəlmirik. Sözügedən mənbələrdə sadəcə olaraq hicri XI (miladi XVII) əsrin leksikoqraf və şairlərindən olan “Bürhan” təxəllüslü Məhəmməd Hüseyn Xələf Təbrizinin Hindistanda yaşaması haqqında qısa məlumat verilir. Həmin qaynaqlarda vurğulanır ki, Məhəmməd Hüseyn Təbrizi Qütbşahlar dövləti sultanlarından olmuş Abdullah Qütbşaha həsr etdiyi “Bürhani-qate” adlı lüğətin müəllifi kimi məşhurdur. Mənbələrdə müəllifin həyat və yaradıcılığı haqqında dolğun məlumatlar verilməmiş və ona aid edilən şeirlər divanı da günümüzə qədər gəlib çatmamışdır. Fikrimizcə, “Bürhani-qate” lüğətinin müqəddiməsinin Məhəmməd Təbriziyə məxsus şeir parçası ilə başlanması, həmçinin əsərin yazılma tarixinin də bu şəkildə verilməsi müəllifin şairlik qabiliyyətindən də xəbər verir.
Təəssüflər olsun ki, müraciət etdiyimiz mənbələrdə Məhəmməd Təbrizinin anadan olma və vəfat tarixlərinə belə rast gəlmirik. Onun yaşadığı dövrü məhz “Bürhani-qate” lüğətinin yazılma tarixi ilə (1062/1652) müəyyən etmək olur.
İran mənbələrində Məhəmməd Təbrizi haqqında verilmiş məlumatlar, müəllifin Hindistanda tutduğu mövqeyi və yaradıcılığı haqqında müəyyən təsəvvür yaradır: “O, öz zəmanəsinin bir çox elmlərinə bələd idi, həm də şeir yazırdı. Əvvəl Heydərabadda Şeyx Bəhaəddin Amilinin şagirdi Şəmsəddin Məhəmməd bin Əli Xatun Amilinin nədimi olmuşdur. Şeyx Bəhaəddin Amilinin “Cameyi-Abbasi” əsərinin şərhinə haşiyə yazmış və onu 1054/1644-cü ildə kitab halına salmışdır. Sonra Gülkəndə getmiş və orada Sultan Məhəmməd Qütbşahın nədimi olmuşdur. Abdullah Qütbşahın zamanında baş vəzir vəzifəsinə kimi yüksəlmişdir” [167]. Məhəmməd Təbrizinin “Cameyi-Abbasi” əsərinin şərhinə yazdığı haşiyənin 1054/1644-cü ilə aid olduğunu nəzərə alsaq, müəllifin Hindistana mühacirət etdiyi dövrün bundan əvvəlki illərə təsadüf etdiyini söyləyə bilərik. Deməli, Məhəmməd Hüseyn Təbrizi mühacirətdə yaşadığı dövrdən təxminən on ildən çox zaman keçdikdən sonra, daha doğrusu, 1062/1652-ci ildə “Bürhani-qate” lüğətini tərtib etməyə başlamışdır. Onun Hindistanda uzun müddət mühacirətdə yaşaması, istər bu bölgənin ədəbi-mədəni, coğrafi mühiti, istərsə də leksikası və s. haqqında geniş məlumata malik olması lüğətdən də aydın olur. Belə ki, Məhəmməd Təbrizi Hindistana məxsus kifayət qədər toponimləri toplamaqla yanaşı, bəzi sözlərin nümunəsində onların bu bölgənin ədəbi və ya danışıq dilində işlənməsini belə ön plana çəkməyə çalışmışdır. Bu zaman dilçi alim yeri gəldikcə “be zəban-e əhl-e hend” (Hindistan əhalisinin dilində) “be zəban-e elmi-ye hend” (Hindistanın elmi dili), “be zəban-e elmi-ye əhl-e hend” (Hindistan əhalisinin elmi dilində), “be zəban-e motəaref-e əhl-e hend” (Hindistan əhalisinin danışıq dilində) ifadələrindən istifadə etmişdir.
Bundan əlavə digər qaynaqlarda da Məhəmməd Təbrizi ilə Hindistanda görüşmüş bəzi tanınmış alimlər haqqında məlumatlar verilir. Həmin məlumatlarda XVII əsrin ən görkəmli şair və həkimlərindən biri məşhur “Vərqa və Gülşa” məsnəvisinin müəllifi Rüknəddin Məsud Məsihinin Məhəmməd Hüseynlə görüşdüyü məlum olur [168]. Həmçinin Azərbaycan şairi, Böyük Möğol imperiyasının saray şairi - tarixçisi, vəzir və sərkərdəsi Mirzə Əsədulla xan Qalib (27 dekabr 1797-15 fevral 1869) haqqında olan məlumatda belə bir maraqlı fakta rast gəlirik: “Qalibin tənqidi əsərləri də var. 1859-cu ildə “Şərhi-Qate” adlı bir əsər yazıb. Bu tənqidi qeydlər onun həmyerlisi Mövlana Məhəmməd Hüseyn Təbrizinin yazdığı “Bürhani-qate” əsəri haqqındadır. O, nümunəvi lüğət kimi qiymətləndirilən “Bürhane-qate”dəki səhvləri göstərmişdir. Şərq aləmində tənqid təhqirlə eynidir. Qalib bu əsərlə özünü cəncələ salmışdır. Hindistan, Orta Asiya və İranda Məhəmməd Hüseyn Təbrizinin ardıcılları, sevənləri çox idi. Onlar Qalib haqqında elə şeylər yazdılar ki, qələmə almaq mümkün deyildir. Hətta onu din düşməni elan etdilər. Qalibin şagirdi Hali sonralar qeyd edirdi ki, ustadı bu yazıdan çox əziyyət çəkmişdi. O, hər kəsə deyərdi ki, mən Allahın təkliyinə inanıram. Dilindən “La ilahə illəllah” kəlməsi əskik olmurdu. Mövlana Məhəmməd Hüseyn Təbrizi Bürhan Hindistanda yaşayarkən həmyerlilərindən ibarət dayaq dəstəsi yaratmışdı. Onun xətri bu adamların və törəmələrinin yanında əziz idi. Təzkirəçi Mirzə Tahir Nəsrabadi yazır ki, Benqalda olarkən Məsihi “Bürhani-qate” lüğətinin müəllifi ilə görüşmüş, ondan yaxşılıqlar görmüşdür” [169]. Bu məlumatlara əsasən, Hindistanda yaşamış və çox böyük hörmət sahibi olmuş Məhəmməd Hüseyn Təbrizini təkcə görkəmli alim kimi deyil, eyni zamanda xalqın sosial həyatında fəal iştirak edən tanınmış ictimai xadim kimi də qiymətləndirmək olar. Lakin qeyd olunduğu kimi, Məhəmməd Hüseyn bin Xələf Təbriziyə məşhurluq gətirən onun XVII əsr fars dili leksikoqrafiyasına bəxş etdiyi “Bürhani-qate” lüğətidir. “Bürhani-qate” lüğətinin ərsəyə gəlməsinə təkan verən “XI/XVII əsrdə Hindistanda fars dili və ədəbiyyatına yaranan marağın günü-gündən artması və fars dilində yazılmış divanlarda olan çətin sözlərin anlaşılması üçün belə bir lüğətin tərtib olunmasına ehtiyacın yaranması” [167] fikri vurğulanır ki, bu da fars leksikoqrafiyasının Hindistanda inkişaf səbəblərindən biri sayılır.
Özündən əvvəl tərtib olunmuş lüğətləri nəzərdən keçirərək, onlardan daha üstün bir lüğət tərtib etmək qərarına gələn Məhəmməd Təbrizinin böyük zəhmətlə ərsəyə gətirdiyi və istər həcminə, istərsə də tərtib prinsipinə görə fars leksikoqrafiyasının dəyərli mənbələrindən sayılan “Bürhani-qate” lüğəti əvvəlcə Hindistanda, sonra isə İranda, eləcə də onun hüdudlarından kənarda böyük şöhrət qazanmışdır. Hətta “Bürhani-qate” lüğətində yol verilmiş nöqsanlar belə ona olan marağı azaltmadı, əksinə artırdı. Belə ki, həmin tənqidi qeydlərin nəticəsi olaraq istər lüğətə əlavələr yolu ilə onu daha da təkmilləşdirmək, istərsə də orada buraxılan səhvləri önə çəkmək baxımından yazılmış əsərlər, həmçinin “Bürhani-qate” lüğətindən bəhrələnmə yolu ilə çoxlu sayda lüğətlər ərsəyə gəldi. Bütün bunlar haqqında Əli Əkbər Dehxudanın məşhur “Lüğətnamə” kitabının müqəddiməsində Əli Əsğər Hikmət tərəfindən yazılmış geniş həcmli məqalədə məlumat verilmişdir [149, s.199-217]. Burada həm “Bürhani-qate”də olan səhvlərdən bəhs edən əsərlər, həmçinin həmin əsərlərin özünü tənqid edən, başqa sözlə, bilavasitə “Bürhani-qate”yə dəstək olan əsərlər haqqında çox qısa bilgilər toplanmışdır [149, s.214-217].
Əli Əsğər Hikmətin adı çəkilən məqaləsində “Bürhani-qate”yə istinadən tərtib edilmiş lüğətlərin də adları qeyd olunur. Burada farsca izahlı lüğətlərdən Rzaqulu xan Hidayətin “Əncümənarayi-Nasiri”, Şad Fərnudsar ləqəbli Məhəmməd şahın “Fərhəngi-Anəndrac”, Əli Əkbər Nəfisinin “Nazimül-ətibba”, Əli Əkbər Dehxudanın “Lüğətnamə” kimi məşhur mənbələrin adları çəkilir. Bunlarla yanaşı, fars və müxtəlif dillər əsasında tərtib edilmiş lüğətlərə misal olaraq J.A.Vullersə məxsus farsca-latınca, F.Consun farsca-ərəbcə-türkcə, F.Şteinqasın farsca-ingiliscə və s. lüğətlər diqqətə çatdırılır. Bütövlükdə, Əli Əsğər Hikmətin “Bürhani-qate” lüğəti haqqındakı məqaləsi bu dəyərli mənbə haqqında kiçik bir tədqiqat işi kimi qiymətləndirilməlidir.
V.A.Kapranov XI əsr müəllifi Əsədi Tusinin “Lüğəti-fürs” lüğətinə həsr etdiyi kitabında “Bürhani-qate” haqqında məlumat vermiş və burada J.Vullersin öz lüğətinə “Bürhani-qate”ni bütünlüklə daxil etməsi faktı qeyd olunmuşdur [80, s.17-19; s.185].
Bunlardan başqa, hal-hazırda fars dili üzrə masaüstü kitablardan sayılan görkəmli İran alimi Məhəmməd Müinin “Fərhəngi-farsi” adlı altı cildlik farsca izahlı lüğətinin tərtibində “Bürhani-qate”dən geniş istifadə edilmişdir. M.Müin bundan başqa nəinki öz dövründə, hətta sonrakı əsrlərdə belə uzun müddət ən dəyərli qaynaq rolunu qoruyub saxlayan və zəngin söz ehtiyatını özündə toplayan “Bürhani-qate” lüğətini nəşrə hazırlamışdır. Qeyd edək ki, M.Müin lüğəti nəşrə hazırlayarkən onun bütün nüsxələri hələ məlum deyildi və sonralar digər dəyərli nüsxələr də aşkara çıxarıldı. Buna baxmayaraq, alimin ağır zəhmətinin bəhrəsi olan bu işi “Bürhani-qate” lüğətinin leksikoqrafiya sahəsində ən dəyərli mənbələrdən biri olmasını sübut edir. Lüğətin dörd cildlik ilk çapları h.ş. 1330-35/m.1951/56-cı illərdə, daha sonralar alimin əlavələri ilə beş cilddə h.ş. 1342/m.1963-cü ildə Tehranda nəşr edilmişdir [104, s.1; 68, s.432].
“Bürhani-qate”nin M.Müin tərəfindən hazırlanmış nəşrinin müqəddimə hissəsi çox dəyərli məlumatlar toplanmış tədqiqat işi kimi diqqəti çəkir. Belə ki, burada Məhəmməd Müin, İbrahim Pur Davud, Əli Əkbər Dehxuda, Səid Nəfisi, Əli Əsğər Hikmət kimi görkəmli alimlərin fars dili və ləhcələri, İran dilləri, “Bürhani-qate” lüğəti haqqındakı maraqlı məlumatları təqdim edilmiş və Məhəmməd Təbrizinin bu dəyərli əsərinin üstün cəhətləri, məziyyətləri açıqlanmışdır [104, s.1-158].
M.Müin “Bürhani-qate” lüğətini nəşrə hazırlayarkən lüğətin hər bir səhifəsində çıxarışlara yer ayırmış və burada ehtiyac duyduğu hər bir sözə fərdi şəkildə yanaşmışdır. Kitabın çıxarışlar hissəsindəki şərhlər nəinki söz sırasında yer alan baş sözləri, hətta onların mənaları içərisində rast gəldiyi hər bir yanlış kəlmələri belə əhatə edir. M.Müin çıxarışlardakı izahlarını digər dəyərli mənbələrə söykənərək əsaslandırmışdır. Ümumiyyətlə, “Bürhani-qate” lüğəti ilə bağlı aparılacaq böyük və ya kiçik həcmli hər hansı bir tədqiqat işində M.Müinin hazırladığı bu müasir nəşrə müraciət etməmək mümkün deyil. Bu baxımdan “Bürhani-qate” ilə bağlı indiyədək aparılmış tədqiqat işləri sırasında M.Müinin sözügedən nəşrinin müstəsna yeri və əhəmiyyəti vardır.
“Bürhani-qate” lüğəti haqqında yazılmış bəzi məqalələrdə lüğətdə, əsasən, mövcud olan nöqsanlardan bəhs edilməsinin şahidi oluruq. Lakin bu yanaşma öz hüdudlarından kənarda belə geniş əks-səda doğurmuş adıçəkilən mənbənin əhəmiyyətini heç də azaltmır. Belə ki, “Bürhani-qate” lüğəti yalnız İranda deyil, Türkiyədə də böyük maraq dairəsinə səbəb olmuş və tədqiqat obyektinə çevrilmişdir. Görkəmli alim-tərcüməçi Asim Əfəndi “Bürhani-qate” lüğətini Osmanlı türkcəsinə çevirərək onu “Tibyani-nafe dər tərcümeyi-Bürhani-qate” adlandırmışdır ki, bu haqda irəlidə məlumat veriləcəkdir.
Türkiyədə yüksək qiymətləndirilən “Bürhani-qate” lüğətinin bu tərcüməsi haqqında aparılan araşdırmaların birində “Türk mədəniyyəti tarixi baxımından son dərəcə önəm daşıyan bu sözlüyü sadəcə lüğət olaraq dəyərləndirmənin yanlış olduğunu” qeyd edən tədqiqatçı “türk folkloru baxımından böyük bir dəyərə sahib olan bu mənbənin sıradan bir lüğət deyil, türk mədəniyyətini tanıtmaq baxımından hazırlanmış bir ensiklopediya kimi qəbul etmək lazım” olduğunu önə çəkmişdir [65, s.4;s.10;s.30]. Tədqiqat işində rast gəldiyimiz bu fikirlər “Bürhani-qate” lüğətinin tərcüməsi olan “Tibyani-nafe dər tərcümeyi-Bürhani-qate” lüğəti, eləcə də onun farsca orijinalına verilən dəyərin bariz nümunəsidir.
Bundan əlavə görkəmli Türkiyə ədəbiyyatşünası və dilçisi, şairi Orhan Şaik Gökyay “Bürhani-qate” tərcüməsinin türk dili baxımından önəmi” adlı məqaləsində bu lüğətin Türk mədəniyyəti tarixində əhəmiyyətindən bəhs etmişdir [66, s.160-176].
Görkəmli dilçi alim Afad Qurbanovun lüğətlərin əhəmiyyəti haqqında qeyd etdiyi, “Xalqın yaradıcı təfəkkürü əsasında mədəni səviyyəsi, dünyagörüşü artdıqca onun tələb və arzularını ödəmək üçün müəyyən vasitəyə ehtiyac hiss olunmuşdur. Belə bir ehtiyacın əsasında lüğət yaradılmışdır. Lüğətlərin vasitəsilə sözün düzgün yazılması, düzgün tələffüz edilməsi göstərilir ki, bu da öz növbəsində xalqın yazılı və şifahi mədəniyyətinin zənginləşməsinə, inkişaf etməsinə səbəb olur” [40, s.152-153] fikirlərini birbaşa “Bürhani-qate”yə də aid etmək olar.
Hindistanda farsdilli lüğətlərin inkişaf dövrü hesab edilən XVII əsrın dəyərli əsərlərindən olan “Bürhani-qate” lüğət kimi dil və ədəbiyyat, tarix və mədəniyyət, coğrafiya və bir çox elm sahələri üzrə məlumatların cəmləşdiyi qiymətli mənbədir.
Dostları ilə paylaş: |