Kağız, karton və parça ilə görülən işlər üzrə məşğələlərin
təşkili və keçirilməsi
P l a n
1. Kağız və kartonun alınması, növləri və xassələri.
2. Kağız və kartonla görülən işlər.
3. Parça və onun alınması.
4. Parça ilə görülən işlər.
Nəticə
Ədəbiyyat
1. Kağız və kartonun alınması, növləri və xassələri. Qeyd etmək lazımdır ki, istehsalatın bütün sahələrində geniş istifadə olunan məhsullardan biri də kağızdır. Kağız hazırda dünyada insanlar tərəfindən ən çox istifadə olunan sənaye məhsullarından biridir. Kağız - özü bir-birini ilişkənlik qüvvəsi ilə tutan, nazik vərəqlər şəklində olan lifli materialdır, yaxud kağız - yazı yazmaq, şəkil çəkmək və ya nəyi isə qablaşdırmaq üçün istifadə edilən xüsusi materialdır. Kağız Çinin dörd möhtəşəm (barıt, kompas, kağız və kitap çapı) kəşfindən biri sayılır. İlk kağız bizim eranın II əsrində Çində, ipəkdən hazırlanmışdır. Səlnamələrə əsasən kağız Tsay Lun tərəfindən Çində icad olunub. Tan sülaləsinin saray əyanı Çay Laan yazırdı ki, o, b. e. 105-ci ilində tut ağacından kağızı kəşf - istehsal etmişdir. VI-VIII əsrlərdə kağız Asiya ölkələrində də istehsal edilməyə başladı. Belə ki, VI - VIII yüzilliklərdə Yaponiyada, Hindistanda, Orta Asiyada və s. ölkələrdə ağac kötüklərindən, kətan və kəndirdən istifadə edərək kağız əldə etmişlər. Azərbaycanda isə kağız istehsalının tarixi IX-X əsrlərə gedib şıxır. O, dövrdə Azərbaycanda istehsal olunan kağızlar “Təbriz kağızı” kimi bütün dünyada tanınıb. Müasir dövrdə 200-dən artıq kağız növü vardır. Kağız mexaniki, fiziki və texnoloji xassələrə malikdir. Fiziki xassələrə - rəng, hamarlılıq, istilik keçirmə, hiqroskopiklik (kağızın havadan nəm çəkmək, habelə yaş kağızın öz nəmliyini ətrafdakı havaya vermək qabıliyyətinə onun hiqroskopikliyi deyilir) və elektrik keçirmə; mexaniki xassələrə - möhkəmlik, kəsilmə, yuyulma; texnoloji xassələrə isə müxtəlif emal prosesləri aiddir. Karton istehsalı kağız istehsalından fərqlənmir. Kağızlar möhkəmliyinə, sıxlığına və qalınlığına, habelə səthinin hamarlığına, rənginə və dıgər cəhətlərinə görə bir-birindən fərqlənirlər. Texnologiya üzrə təlim prosesində aşağıdakı kağız növlərindən istifadə olunur. Yazı kağızı - praktik məşğələlərdə əşyaların hazırlanması üşün əlverişlidir, yaxşı rənglənir, suda tez xarab olmur, səthi hamardır. Çertyoj kağızı - möhkəm və davamlıdır, səthi hamar deyil, yapışdırmaq bir qədər çətindir, asanlıqla rənglənir. Vatman kağızı - rəsmxət və şəkil üçün əla, yüksək keyfiyyətli, möhkəm kağız növüdür. Qəzet kağızı - ucuz, səthi bir qədər nahamar, tez köhnələn, hər hansı mayeni özünə tez çəkir. Papye - maşedən müxtəlif məmulatlar hazırlamaqda qəzet kağızı faydalıdır. Rəngli albom kağızı - həm hamar, həm də kələ-kötür olmaqla, sıxlıgı da müxtəlif olur. Kitab cildlərində və kartonlara üz çəkməklə geniş tətbiq olunur. Rəngli parıldayan kağız - qutulara üz çəkmək, kitab cildlərinə yapışdırmaq, ala -bəzək naxışları almaq üçündür. Papiros kağızı - nazik və şəffaf oldugu üçün xüsusi yerlərdə istifadə olunur. Kartonlar da növlərinə və rənglərinə görə seçilir. Ag karton – asanlıqla kəsilir, davamlı deyil, kövrəkdir. Bu çür karton yapışqanı özünə çox çəkir və qırışır. Ondan balaca əşyalar hazırlamaq əlverişlidir. Sarı karton - ağ kartondan davamlıdır, elastikidir, asanlıqlqa kəsilir və yapışqanın təsirindən qırışmır. Boz karton - ağ və sarı kartonlardan davamlıdır, onu kəsmək çətin olur. Çünki tərkibində qum zərrəçikləri oldugu üçün kəsən aləti tez kütləşir. Möhkəmliyinə görə böyük əşyaları hazırlamaqda istifadə edilir. Bristol kartonu - nazik, yaxşı qatlana bilən, səthi parıldayan müxtəlif rəngli olur. Xırda əşyalar, qovluq və kitabca cilidləri üçün istifadə olunur. 2. Kağız və kartonla görülən işlər. Uşaq bağçasında kağız və kartonla müxtəlif məşğələlər təşkil etmək olar. Kiçik yaşlı uşaqlar üçün, uşaq bağçasına yenicə daxil olmuş böyük yaşlı uşaqlar üçün də kağız və kartonla işləmək üzrə ən sadə məşğələlər keçirmək lazımdır. Tərbiyəçi özü ilk məşğələlərdə rəngli kağızlardan sadə formalar: kvadrat, üçbucaq, dairə zolaqları kəsir. Bu formalar çox da kiçik olmamalıdır. Belə ki, uşaqlar onları yapışdırarkən çətinlik çəkməsinlər. Məşğələ zamanı tərbiyəçi rəngbərəng formalara baxmağı uşaqlara təklif edir. Uşaqlar qırmızı dairəcikləri, sarı kvadratları, göy zolaqları, üçbucaqları və s. əllərində tutaraq bunlardan çox xoşlanırlar. Tərbiyəçi bu formaların gözəlliyi haqqında uşaqlarla söhbət apara bilər. “Gəlin bu formaları kağız üzərində düzək. Baxım görüm kim nə cür düzəcəkdir”. Uşaqlar öz istədiyi kimi düzürlər, belə ki, uşaqlardan biri üçbucaqları diş-diş naxış şəklində düzəcək, digəri bəlkə də kvadrat və üçbucaqlardan ev quracaq və ya traktor, vaqon kimi düzəcəklər. Tərbiyəçi onların bu fiqurları necə düzmüş olduqlarına baxır və fiqurları kağız üzərində yapışdırmaq qaydasını göstərir. O, yapışqanı kağızın rəngli üzünə deyil, tərs üzünə çəkmək lazım olduğunu göstərir, səliqəli olmalarını, fırçanı yapışqana çox batırmamalarını, əllərini, kağızı, stolu bulamamalarını onlara məsləhət görür. Uşaqlar bir işi bacarmadıqda tərbiyəçi onlara kömək edir, daha yaxşı və daha asan kəsmək yollarını məsləhət görür. Məsələn, bir fiqurun əvvəl ayrı - ayrı hissələrini hazırlayıb sonra da yapışdırmağı təklif edir: adam fiqurunu kəsmək çətin olarsa əvvəlcə bunun başı üçün bir dairəcik, sonra da qollarını və qıçlarını göstərmək üçün ensiz zolaqlar, daha sonra bədənini göstərmək üçün ondan enli zolaq kəsmək mümkündür. Bu qayda ilə uşaqlar meşəni, qatarı, yük maşınını, evləri və s. fiqurları da kəsib hazırlaya bilərlər. Bəzən böyük yaşlı uşaqlara bir şeyi birlikdə hazırlatmaq daha yaxşıdır; onlardan hər biri bir və ya iki fiqur kəsir, sonra da bir kağız üzərində yapışdırırlar. Məsələn, uşaqlardan biri alma, o biri armud, üçüncüsü gavalı kəsir. Uşaqlardan biri də böyük bir səbət hazırlayır. Öz hazırladıqları meyvələri düzüb yapışdırmaq uşaqlar üçün çox maraqlı olur. Nəticədə içərisində meyvələr düzülmüş səbət şəklində ortaq bir iş alınır. Uşaqlar bu şəklə baxdıqda birgə işləmək nəticəsində bunu tez hazırlamış olduqlarını qiymətləndirirlər. Tərbiyəçi uşaqların diqqətini əlbir işləmənin yaxşı olmasına cəlb edir. Uşaqların işi səliqəli alınmazsa da tərbiyəçi onu düzəltməyə çalışmamalıdır. Çünki məlumdur ki, uşaqlar hələ bir çox şeyləri yaşlı adamlar kimi yaxşı hazırlaya bilməzlər. Uşaqlar evin yanında kartondan hazırlanmış ağaclar düzürlər. Ağacları belə hazırlamaq olar. Yaşıl rəngli 3 - 4 qalın kağız zolağını uzununa istiqamətdə qatlamaq, küknar və ya başqa bir ağac şəklinin yarısını kəsmək lazımdır. Ağacın gövdəsini aşağıdan bir qədər enli etmək lazımdır. 3. Parça və onun alınması Parça ilə görülən işlərlə bağlı məşğələlərin aparılması üçün uşaqlara əvvəlcə toxuculuq lifləri haqqında müəyyən biliklər aşılanmalıdır. Qeyd olunmalıdır ki, parçanın alınması üçün xammal lifdir. Uzunluğu en kəsiyindən dəfələrlə böyük olan nazik və elastik materiala lif deyilir. Lif pambığın, baramanın incə saçaqları və ya ipliyidir. Toxuculuq lif və sapları mənşəyi və kimyəvi tərkibinə görə təbii və kimyəvi olmaqla iki yerə bölünür. Təbii liflərə heyvan və bitki mənşəli liflər (pambıq, kətan, yun və ipək), kimyəvi liflərə isə oduncaqdan, neftdən, təbii qazdan, daş kömürdən süni yolla alınan liflər aiddir. Bitki mənşəli liflər tərkibcə yüksək karbohidrogenlərdən və sellülozdan (sellüloz-bitki hüceyrələri pərdəsinin əsas tərkib hissəsini təşkil edən maddədir) ibarətdir. Bunlara pambıq, kətan və s. aiddir. Təbii lif və saplarda hiqroskopiklik xassəsi vardır, yəni onlar buxarı və suyu özünə çəkir. Süni liflərdə isə belə xassələr yoxdur. Toxuculuqda ən çox işlədilən təbii liflər pambıq, yun, kətan və ipəkdir. Pambıq lifləri - yüksək texnoloji xassələrə malikdir. O, başqa təbii liflərə nisbətən ucuz başa gəlir və toxuculuq sənayesinin əsas xammal bazasını təşkil edir. Pambıq lifinin əsas keyfiyyəti onun hiqroskopikliyində, möhkəmliyində, sürtünməyə davamlı olmasında, uzun müddət işıq, hava və suyun təsiri ilə öz keyfiyyətini itirməməsi ilə müəyyən olunmuşdur. Azərbaycanda pambıq becərilməsi üçün əlverişli iqlim şəraiti vardır. Hazırda respublikamızda pambıqçılıq yüksək səviyyədə inkişaf etdirilməkdədir. Kətan - müxtəlif formalarda yetişən birillik ota oxşar bitki hesab olunur. Həmin bitkinin özündən və onun gövdəsindən alınan liflərə kətan deyilir. Toxuculuq sənayesində istifadə edilən liflərin 20-25%-ni kətan təşkil edir. Yun lifləri - toxuculuq sənayesində ən keyfiyyətli və mühüm liflərdən biridir. Bizim ölkəmizdə təbii yunun əsas kütləsi qoyundan alınır. Odur ki, sənayedə ən çox qoyun yunu işlədilir. Ən keyfiyyətli yun merinos və metis cinsli qoyundan alınır. Kimyəvi liflər - təbii və sintetik yüksəkmolekullu birləşmələrin kimyəvi üsulla işlənməsindən alınan liflərə deyilir. Demək olar ki, xammal mənbələrinə və istehsalından asılı olaraq kimyəvi liflər iki böyük yerə süni və sintetik liflərə (qeyri-üzvi birləşmələrdən alınan liflər də kimyəvi liflərdir) bölünür. Parçanın alınması üçün xammal lifdir. Ona görə də parça hazırlanmasında ilkin mərhələ liflərdən ipliyin alınmasıdır. İplik üçün xammal - pambıq, yun, kətan və s. liflərdən ibarətdir. Parça istehsalında saplardan istifadə edilir. Sap (iplik) pambığın, yaxud yunun daranmasından alınan paralel liflərin əyirmə maşınlarında əyirib onlara burum verilməsilə alınır. Toxucu dəzgahından çıxan parça ağardılır, boyanır və naxışlanır. Parça - asanlıqla əyilə bilən (elastik), müxtəlif uzunluqda nisbətən çox enli və az qalınlığa malik olan möhkəm olmaqla bir-birinə qarşılıqlı surətdə perpendikulyar olaraq iki sistem (əriş və arğac) sapların toxunmasından alınır. Toxuma zamanı saplar bir-biri ilə hörülərək gah əriş, gah da arğac saplar parçanın üzünə çıxır. Parçanın üzündə hansı sap sistemi çox olarsa toxuma onunla adlanır. Parçanın boyu uzunu örtülən (işlənən) saplara əriş, eninə örtülən (işlənən) saplara arğac deyilir. Parçalar nömrəli iplik və saplardan toxunur. Parçanın iki tərəfi vardır: üz və astar. Onlar bir-birindən parlaqlığı, naxışları və tiftiyinə görə fərqlənirlər. İpək - tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq saplar və bu saplardan toxunan qiymətli parçadır. 4. Parça ilə görülən işlər. Məktəbəqədər müəssisələrdə uşaqlar iynənin saplanması, sapın tələb olunan uzunluqda kəsilməsi, ucunun düyünlənməsi, paltara düymə və asqının tikilməsi, torbanın tikilməsi üzrə sadə praktik işlər görməlidirlər. Uşaqların belə işlərdə ilk dəfə məşğul olduqlarını nəzərə alaraq tərbiyəçi uşaqlara bu barədə ətraflı məlumat verməlidir. Hazırlıq qruplarında parça ilə bağlı nəzərdə tutulmuş praktik işlərdən ən çətini kukla üçün paltarın tikilməsidir. Bunun üçün əvvəl biçmə əməliyyatını kağız üzərində aparmaq lazımdır. Tərbiyəçi ülgünü kağız üzərinə qoyaraq kontur üzrə xətt çəkir və uşaqlar ülgü əsasında kağızı kəsirlər. Sonra həmin ülgü parça üzərinə qoyulur və onun əsasında biçmə əməliyyatı təşkil olunur. Tərbiyəçi hissələrin tikilməsini əyani şəkildə uşaqlara göstərir. İstifadə olunan tikiş növünü yada salır. Tikmənin başlanğıcını, istiqamətini və qurtarma nöqtəsini göstərir, təhlükəsiz işləmə qaydalarını xatırladır və nəhayət müstəqil iş təşkil olunur. Bu işdə tərbiyəçi uşaqların işinə nəzarət edir və yeri gəldikcə zəruri köməklik göstərir. Burada parçaların bütün növləri və onların xüsusiyyətləri haqqında məlumat verməyə o qədər də ehtiyac yoxdur. Çünki onların hamısından istifadə olunur. Onun üzərində kəsmə və tikmə əməliyyatı aparmaq asandır. Uşaqlar iynənin saplanması, sapın tələb olunan uzunluqda kəsilməsi, ucunun düyünlənməsi, parçanın düz xətt boyunca kəsilməsi və s. qaydaları bilməlidirlər. Məşğələ zamanı tərbiyəçi uşaqları istifadə ediləcək alət və materiallarla tanış edir, onlara işləmək qaydalarını bir daha başa salır. Tikiş üçün təmiz parça, iynə və rəngli saplar hazırlamaq lazımdır. Məşğələdən əvvəl parçalar ütülənməli və kənarları səliqə ilə kəsilərək düzəldilməlidir. Yumuşaq rəngli yumaq sapları müəyyən ölçüdə kəsilməli və bunların dolaşıq düşməməsi üçün kiçik saç kimi hörülməlidir. Sap çox da nazik olmamalıdır: naxış vurmaq üçün solmayan parlaq rəngli saplar hazırlamaq daha yaxşıdır. Seçilmiş belə parçalardan kukla stolları üçün süfrə və dəsmal (salfet) hazırlamaq; kukla üçün əl-üz dəsmalları tikmək olar. Bu işləri yerinə yetirməklə uşaqlar parçaları sadə naxışlarla bəzəməyi, qəşəng rəngli saplar seçməyi, təmiz və səliqəli iş görməyi tədricən öyrənirlər. Uşaqlar yaxası açıq köynək və qız paltarı tikirlər. Bunları tikmək asan olmaq üçün tərbiyəçi onları özü biçir. Uşaqlara parçanın kənarlarını tikmək, büzmək, kuklanın paltarı üçün qol tikmək kimi işləri də onlara vermək lazım deyildir. Tikiş işlərini asan bacaran uşaqlar bəzən özləri də götürülmüş parçalardan kukla üçün balınc üzü, köynək, döşlük kimi şeyləri özləri də biçə bilər. Uşaq bağçasında düymə ehtiyatı olmalıdır. Uşaqlardan birinin paltarındakı bir bənd açılarsa və ya düyməsi qırılarsa onları bu cür işləri də tikməyə tədricən alışdırmaq lazımdır. Bağçada böyük uşaqlar bəzən kiçik uşaqların qayğısına da qala bilərlər. Tikiş məşğələlərində uşaqların yorulmamasına, bellərini əyərək oturmamasına, parçanı özlərinə yaxın tutmasına çalışaraq buna xüsusi diqqət vermək lazımdır. Əks halda belə işlərin hamısı uşaqların səhhətinə pis təsir edər. Onlar bina daxilində tikişlə məşğul olarkən işığa yaxın yerdə oturmalıdır. Göründüyü kimi əsas praktik işə başlanmazdan əvvəl uşaqlar bir sıra bilik, bacarıq və vərdişlərə yiyələnməklə, bəzi nəzəri məsələlərlə tanış olmalıdırlar. Doğrudur, bunların bir qismi praktik iş prosesində yeri gəldikcə uşaqlara öyrədilir. Tikiş işinə başlamazdan əvvəl tərbiyəçi uşaqlara tikiş zamanı necə oturmaları və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verir. Parçanı tutmaq, sapı ölçmək, kəsmək və iynəni saplamaq qaydasını izah edir. Tikiş işlərinin ilk mərhələlərində aşağıdakı qaydalardan istifadə etmək olar. a) Davamlı kağız üzərində tikmə. b) Qalın kağız üzərində tikmə. Bu zaman əvvəlcədən biz, yaxud yoğun iynə ilə deşiklər açılmalıdır. c) Bəzən tikməni əvvəlcədən nişanlanmış parça üzərində də başlamaq olar. Bəzən bunlar düzgün istiqamətdə tikmək və tikişin düzgün alınmasına kömək edən vasitələrdir. Uşaqlara tikmə sahəsində müəyyən vərdişlər əldə etdikdən sonra müstəqil olaraq müəyyən məmulatın tikilməsinə aid məşğələlər təşkil etmək olar. Beləliklə, kağız, karton və parça ilə görülən işlər üzrə məşğələlərin düzgün təşkili məktəbəqədər yaşlı uşaqlarda bir sıra bacarıq və vərdişlərin yaranmasına səbəb olacaqdır ki, bu da onların gələcəkdə başqa materiallarla işləyə bilmələrinə zəmin yaratmış olacaqdır.
Dostları ilə paylaş: |