Əvvəla, həm dövlət, həm də özəl təhsil sistemi vahid milli təhsil siyasətinin həyata keçirilməsinə xidmət etməlidir. Ona görə də ilk növbədə təhsil siyasətinin özü formalaşmalıdır. Təhsil qarşısında nə kimi tələblər qoyulduğu aydınlaşdırılmalı və təhsilin məzmunu baxımından, müəyyən zəruri standartlara uyğunluq baxımından qoyulan tələblər həm dövlət, həm də özəl məktəblər üçün eyni olmalıdır. Heç şübhəsiz, əlaqələndirici rolunu burada Təhsil Nazirliyi, Dövlət Ali Ekpert Komissiyası və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası oynamalıdır. Lakin bu üç qurumun öz aralarındakı əlaqələrin zəifliyi, özəl təhsil müəssisəsinə isə ögey münasibət vahid təhsil siyasətinin nə formalaşmasına, nə də həyata keçirilməsinə imkan verir. Bircə faktı qeyd etmək istəyirəm: dövlət tərəfindən tanınan ali məktəblər təşkilati formadan və maliyyələşmə mənbəyindən asılı olmadan vahid standartlara uyğun, mərkəzləşmiş nömrələnmə sistemi ilə diplom verməlidirlər. Hər ali məktəb bir cür diplom çap etsə və öz bildiyi kimi nömrələsə, Təhsil Nazirliyi diplomların verilməsinə heç cür nəzarət edə bilməz. Lakin təəccüblüdür ki, dönə-dönə müraciət etdiyimizə baxmayaraq, Təhsil Nazirliyi diplom verilməsində mərkəzləşdirilmiş sistem yaratmır.