Ümumiyyətlə, yeni təhsil qanununda təklif etdiyiniz vahid milli test sistemi nəyə hesablanır?
– Qeyd etməliyəm ki, vahid milli test ilk növbədə məktəblərdə subyektiv münasibətlərin, neqativ halların qarşısının alınmasına imkan yaradır. Orta məktəblər mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı verəndə təxminən 700 ballıq sistemdə 300 baldan aşağı toplayanlara attestat verməmək olar. Lakin onların hüququ qalır ki, gələn il növbəti dəfə gəlib bu imtahanı versinlər. Yəni, icbari yolla hamıya attestat vermək yox, bütün orta məktəb məzunlarına vahid meyarla yanaşmaq və minimum dövlət standartını mənimsəməmiş şagirdlərə attestat verməkdən imtina etmək olar. Hesab edirəm ki, bu yolla həm şagirdlərin məsuliyyəti artar, həm də ali məktəblərə qəbul müsabiqəsində iştirak edənlərin sayı azalar. Sovet dövründən bəri orta məktəblərdə belə bir neqativ praktika formalaşıb ki, hamı attestat alır və gəlir ali məktəbə qəbul müsabiqələrində iştirak edir. Bəzən də təsadüflər nəticəsində tam savadsız adamlar ali məktəbə daxil olurlar. Yəni, bir neqativ hal ikinci bir neqativ hal üçün əsas olur.
–
Dostları ilə paylaş: |