Mühafizə olunan rejimdə ünvanlaşdırılma. Yaddaşın mühafizə olunan rejimi yalnız 80286-80486 və Pentium arxitekturları üçün mövcuddur. Bu rejimdə yaddaşın birinci 1 MB-lıq sahəsindən kənardakı xanaları ünvanlaşdırmağa imkan verir. Real rejimin ünvanlaşdırma sxemindən fərqli olaraq, seqment ünvanı əvəzinə seqment registrində yerləşən seqment selektorundan istifadə edilir. Seqment selektoru diskriptoru seçir ki, burada seqmentin yaddaşdakı ünvanı, onun uzunluğu və ondan məlumatın seçilmə qaydası təyin edilir.
Real yaddaş rejimi üçün yazılmış proqramların əksəriyyəti mühafizə olunan rejimdə yerinə yetirilə bilir. Bunun üçün seqment registrindən istifadə edilir.
Seqment registrində saxlanılan selektor 8192 deskriptorlardan birini 2 müxtəlif diskriptorlar cədvəlindən birində seçir(GDTR və ya LDTR ilə təyin edilən). Deskriptorlar cədvəli qlobal və lokal olmaqla 2 qrupa ayrılır. Qlobal deskriptor bütün proqramlar üçün yararlı ola biləcək seqmenti təyin edir. Lokal deskriptor isə hər bir tətbiqi proqram üçün fərdidir.
Şəkil 6-da 80286-80486 və Pentium MP üçün deskriptorun formatı təsvir edilmişdir. Hər bir deskriptorun uzunluğu 8 baytdır, çünki qlobal və lokal deskriptorlar cədvəlinin uzunluğu 64 KB-a qədərdir.
Deskriptorun əsas ünvan sahəsi (baza) seqmentin yaddaşdakı başlanğıc ünvanını təyin edir. 80286 üçün baza ünvanı 24 mərtəbəlidir, çünki seqment 16 MB-lıq yaddaş sahəsinin oyuqlarından birindən başlaya bilər. 80386-80486 və Pentium arxitekturları 32 mərtəbəli baza ünvanından istifadə edilir. Bu MP üçün sürüşmə ünvanı 16 mərtəbəlidir.
Dostları ilə paylaş: |