Ana tərəfdən babam ərəbdilli və Nəcəfabadın Mirdamadi ailəsindən idi. Onlar İsfahandan Nəcəfə köçmüşdülər. Bəzi Mirdamadi ailələri indi də Nəcəfdə yaşayırlar.
Anam ərəb cəmiyyətində və ərəbcə danışan bir ailədə böyümüş, həddi-büluğa çatmazdan öncə ailəsi ilə birgə İrana qayıtmışdı. O, Nəcəfin yerli ləhcəsi ilə ərəbcə danışırdı. Anam Quranı yaxşı bilirdi, hədislərlə və ərəbcə yazılmış digər kitablarla da tanış idi.
Mən ərəb dilinin qrammatikasını ibtidai məktəbdə Camiül-müqəddimat kitabından öyrənməyə, 11-12 yaşımdan isə onunla ciddi və davamlı məşğul olmağa başladım. Bütün qardaşlarım mənim kimi idilər, amma mənim bu dilə xüsusi rəğbətim vardı.
İraqdan Məşhəd şəhərinə ziyarət karvanları gəlirdi. Onlar İmam Rzanın (ə) məqbərəsinə toplaşıb şeir və qəsidələr oxuyurdular. Mən saatlarla dayanıb onları dinləyir, çox diqqətlə sözlərinə qulaq asırdım.
Ərəb dilini dinləyəndə xüsusi hisslər keçirirəm, çox təsirlənirəm. Əslində, bütün iranlılar, xüsusən dindarlar ərəb dilini az-çox sevirlər. İslam tarixi boyu iranlılarla ərəb qonşuları arasında mövcud olmuş qardaş münasibətlərin əhatəlilik və dərinlik baxımından dünyanın heç bir xalqları arasında misli yoxdur. Buna görə bəzi ərəblərin ərəb millətçiliyi adı altında İran İslam quruluşuna qarşı zülmkar təcavüzü müdafiə etmələri çox böyük cinayətdir. Halbuki onlar işğalçının xislətindən xəbərdar idilər, mövqelərinin bu misilsiz insani hissləri məhv etməkdə nə qədər təsirli olacağını bilirdilər.
Dostları ilə paylaş: |