Ərəb dustaqlar
Qurana sığınıb ucadan oxumağa başladım. Mənim qiraətimdə fars ləhcəsi yoxdur, eşidən ərəb olduğumu zənn edir. Oxuduğum yerdə bir nəfər qapının kiçik dəliyinin örtüyünü çəkib mənə baxdı. Ondan sonra başqa biri gəldi, sonra da daha birisi. Mən onları nəzarətçi sanırdım, amma biri mənimlə xuzistanlılara xas ərəb ləhcəsi ilə danışanda nəzarətçi olmadıqlarını anladım. Nə dediyini başa düşməyib cavabını da vermədim. Başqa birisi gəlib ərəbcə soruşdu: "Sən əhvazlısan?" Dedim ki, xeyr, məşhədliyəm. Onlar getdilər və daha qayıtmadılar. Sonradan öyrəndim ki, Ərəb Azadlıq Cəbhəsinin1 üzvləridir. Bu cəbhəni əvvəlcə Camal Əbdülnasir2 dəstəkləyirdi, sonra İraq bəəsçiləri himayələri altına aldılar və İslam inqilabına qarşı istifadə etməyə başladılar. Onların anti-ərəb və anti-islam şah rejimini devirmiş bir inqilabla vuruşmaları qəribə idi.
Əlbəttə, Xuzistan ərəbləri dindardırlar, Peyğəmbər Əhli-beytini (ə) sevirlər. Mən bu dindarlığı onlarda inqilabdan öncə gördüm, inqilabdan sonra isə daha çox şahid oldum. Xüsusən müharibə başlayandan sonra xuzistanlı kişi və qadınlar İslam vətənlərini Bəəs rejiminin işğalından qorumaq üçün qəhrəmancasına mübarizə apardılar, onların əməkdaşlığına ümid bəsləyən bəəsçiləri məyus etdilər. Xuzistanlılar müharibə vaxtı özlərinin dinlə və İslam quruluşu ilə ideoloji bağlarını sübuta yetirdilər; qəhrəmancasına müqavimət göstərdilər, karvan-karvan şəhid verdilər, bombardman altındakı şəhərlərindən didərgin düşdülər, Allahın razılığından ötrü çoxlu əzab-əziyyətlərə dözdülər. Buna görə də, bəəsçilərə bağlı olan həmin irqçi və laik qrup İslam inqilabından sonra sürətlə Xuzistan əhalisindən təcrid olundu, indi də diqqətəlayiq təşkilatları yoxdur.
Həbs olunandan sonra bir neçə gün koridora çıxmaq məsələsində çətinlik yaratmadılar. Odur ki bu adamlarla tanış oldum, qarşılıqlı ünsiyyət qurduq. Hamısı iranlı olduqlarına görə farsca bilirdilər, ancaq mən ərəb dilini çox sevdiyimə görə onlarla bu dildə danışırdım.
Onların arasında şeir və ədəbiyyatla tanış olan, çoxlu şeirlər bilən bir kişi vardı. Ondan eşitdiyim şeirlərin bir çoxunu yadda saxlamışam. Adı Seyid Baqir Nəzari idi. Zindandakı ərəb qardaşlar həmçinin Əbu-zəyyə adlı yerli şeir üslubunda da oxuyurdular. Onların arasında Ali-Nasir əl-Kəbi adlı savadlı və aydın bir gənc də vardı. Artıq onun haqqında danışmışam.
Seyid Baqir Nəzari həm də dindar idi. Yadımdadır, hər gün ucadan Aşura ziyarətnaməsini oxuyur, Əhli-beytə (ə) salavat deyir, düşmənlərini lənətləyirdi. Sonra da zikr deyə-deyə dəhlizdə gəzişirdi.
Onlardan Şeyx Hənəş adlı biri qonşu kamerada qalırdı. "Şeyx" onun qəbiləsindəki mövqeyini göstərirdi. Digər tərəfdəki qonşum həmin təşkilatın 20-30 yaş arasında olan gənc üzvü Şeyx İsa idi. Yaraşıqlı və vüqarlı gənc idi. Öyrəndim ki, ailənin yeganə oğludur və qəbiləsində böyük nüfuzu var. Onların başqa birisi Şeyx Dəhrab əl-Kəbi idi. O da qəbiləsinin şeyxi idi, digər dustaqlar ona hörmət edirdilər. Yadımdadır, xuzistanlı qardaşlar açıq havada gəzinti zamanı bəzən zarafatlaşır, bir-birlərini vururdular. Lakin onlardan hansı Dəhraba sığınsaydı, heç kim ona yaxınlaşmazdı. Onlardan biri də Əbdülzəhra Behişti idi və öndəki kamerada qalırdı.
Həmin zindandan xuzistanlı qardaşlarla çoxlu xatirələrim var. Onların bəzisini söyləyəcəyəm:
Ali-Nasir Kəbi ilə xüsusi söhbətlərim olurdu. O kişi digərlərindən fərqli idi, hamı ona hörmət edirdi. Təşkilat üzvlərinin yanından keçəndə ayağa qalxırdılar. O, dostcasına zarafat və əyləncələrə qatılmırdı, təkəbbürdən uzaq idi, amma həmişə vüqar və mətanətlə onlardan uzaq gəzirdi. Mənim onunla ərəb, ingilis və türk dili dərslərim olurdu. Ərəb qrammatikası sahəsində də işləyirdik. Sonra isə müasir dövrdə İslamın problemləri və zalım rejimlərin istismarı haqda danışmağa başladıq. Daha sonra mövzu genişləndi və təşkilati əlaqələr barədə söhbət açdım. O bunu yaxşı qarşıladı. Əlbəttə, bizim əlaqəmiz bu həddə inkişaf etməmişdi və bu məsələyə giriş hər ikimiz üçün ehtiyatsızlıq sayılırdı.
Azadlığa çıxandan sonra qəzetdə onun, Dəhrab əl-Kəbinin və Şeyx İsanın edam olunduğunu oxuyub çox kədərləndim.
Ali-Nasir Kəbi alicənab bir şəxsiyyət idi. Qonşum Şeyx Hənəş də qəbiləsində möhtərəm adam sayılırdı. O, ortaboylu, 60 yaşlı və vüqarlı idi. Bir dəfə ondan Hənəş sözünün mənasını soruşdum, amma cavab vermədi. Seyid Baqir Nəzari dedi ki, bir də ona bu barədə sual verməyim. Təəccübümü görəndə dedi ki, mənası yaxşı bir şey deyil. Daha çox təəccüblənib nə üçün ona belə ad qoyulduğunu soruşdum. Mənə dedi: "Həmin bölgənin əhalisi düşünür ki, oğlana ən pis adı versələr, sağ qalar və müxtəlif səbəblərdən ölməz!" Bu, qəribə inancdır. Amma daha qəribəsi odur ki, Hənəşin bütün qardaşları ölmüş, yalnız o, sağ qalmışdır.
Dostları ilə paylaş: |