8- Müxalif elmi nəzərlərlə məntiqli və əsaslı rəftar; kafir və fasiq elan etməkdən çəkinmək
Elmi hövzədə müxalif nəzəri rədd etmək üçün qeyri-elmi üsullardan istifadə etmək olmaz. Elmi üsul nədir? Əsaslandırma və cavab vermək; əqli cəhətdən qane etmək, yaxud ən azı əsaslandırmaq. Qeyri-elmi üsul nədir? Kafir və fasiq elan etmək. Bu düzgün deyil. İstər fiqhdə, istər bəzi etiqadi mövzularda ixtilaflı nəzərlərin olması mümkündür; ola bilsin bir nəfərin müxalif fikri olsun. Bunu fasiq elan etməklə rədd etmək olmaz. Bəli, o görüşü əsaslandırma çomağı ilə bərk döyəcləyin; heç bir eybi yoxdur. Onun əleyhinə dəlil göstərin, yazın, birinin əvəzinə onunu yazın. Bu iş elmi hövzədə adət olmuşdur. Bəzən bir kitabın yazıldığını və on nəfərin, beş nəfərin onun əleyhinə yazı yazdığını görmüşdük. Bu çox yaxşı idi. Yazsınlar. Bu yazılar çox yaxşıdır. Amma fasiq, dindən və məzhəbdən xaric elan etmək məsləhət deyil. Bu, elmi üsul deyil. Bu da hövzənin elm mərkəzi olmasından irəli gələn bir məsələdir. Yəni hövzəni elm mərkəzi kimi qəbul etməyimiz bunu tələb edir.