Başqa bir dönəm 1977-ci ildir. O zaman Böyük İmamı təhqirə dair düşmən təxribatının əsl mahiyyətini dərk etdilər, məsələnin nə olduğunu anladılar; çünki məsələ yalnız təhqirlə bitmirdi. Həmin vaxt Qum şəhərində sözügedən xəyanətkar hərəkət əleyhinə izdihamlı xalq yürüşü təşkil olundu. Bu xiyabanlarda - İrəm xiyabanında, Çahar mərdan xiyabanında qumlu gənclərin qanı töküldü. Onlar canlarını verdilər, öz qanları ilə sözlərinin doğruluğunu sübuta yetirdilər.
İnqilabdan sonrakı dövrdə Qum əhalisinin rolu
İnqilabın qələbəsindən sonrakı bu otuz il boyu bu xalq bütün dönəmlərdə ixlasla, sədaqətlə, səmimiyyətlə və nümunəvi agahlıqla meydana atılmışdır. Düşmənin Qum haqda proqramı və layihəsi vardı. Əgər Qum əhalisi sayıq olmasaydı, agah olmasaydı, düşmənlərin Quma dair təhlükəli layihələri çox ziyan vuracaqdı. Xalqın sayıqlığı və bu şəhərdə elmi hövzənin olması onun agahlıq mərkəzinə çevrilməsinə bais oldu.
Qum - alimlərin və elmi hövzənin sığınacaq yeri
Elmi hövzənin təsisçisi olan mərhum Ayətullah Hairinin dövründən bu şəhərdə böyük təqlid müctəhidləri olmuşdur; mərhum Ayətullah Bürucerdi, mərhum Ayətullah Gülpayiqani, mərhum Ayətullah Əraki, mərhum Ayətullah Mərəşi, mərhum Ayətullah Bəhcət. Bu gün də Allaha şükür olsun ki, bu şəhərdə böyük təqlid müctəhidləri və görkəmli din alimləri var. Elmi hövzə xeyir-bərəkət amilidir. Doğruçu, agah və Allah yolunda mücahid olan bu şəhər hövzənin qədrini bildiyini, ruhaniliyin qədrini bildiyini, lazımi yerdə meydana atıldığını göstərmişdir. Bu şəhər dövrün böyük insanı olan həzrət İmam Xomeyninin hərəkata başladığı yer olduğuna görə inqilabın mərkəzinə və ümidinə çevrilmişdir. Bizim bu izdiham qarşısında çıxış müddətimiz məhduddur. Təəssüf ki, gələrkən xalqın sevgisi üzündən küçələrdə çox gecikdik; odur ki, vaxt ötmüşdür. Mən yalnız bir neçə qısa cümlə deyəcəyəm.