Quruluşun və hövzənin yekdil olmaması Hövzə və İslam quruluşunun qarşılıqlı münasibətləri
Qarşılıqlı olaraq iki başqa həqiqət və məfhum var; onlar dəyər məfhumları və dəyər yaradanlardır. Biri budur ki, quruluş nəzəri və elmi cəhətdən din alimlərinə və elmi hövzələrə ehtiyaclıdır və onların elmi fəaliyyətinə arxalanır. Quruluş elmi hövzələrə, din alimlərinə, dini nəzər sahiblərinə və görkəmli şəxsiyyətlərə söykənir. Başqa bir məfhum da budur ki, hövzə və ruhanilik dini quruluşa biganə qalmır. Heç bir ruhani, heç bir din alimi, heç bir İslam xadimi İslam əsasında yaranan, İslam hissi ilə hərəkət edib işləyən bir quruluşa laqeyd qala, özünü yad saya bilməz... Digər tərəfdən, elmi hövzələr də laqeyd qala bilməzlər. Elmi hövzə, xüsusən də Qum Elmi Hövzəsi bu quruluşun anasıdır. Bu inqilabı və bu əzəmətli hərəkəti ərsəyə gətirən odur. Bir ana necə öz övladını unuda, ona laqeyd qala və lazım olanda onu müdafiə etməyə bilər?! Mümkün deyil. Buna əsasən, elmi hövzələrlə İslam Respublikası quruluşu arasındakı münasibət qarşılıqlı himayədən ibarətdir; quruluş hövzələri himayə edir, hövzələr quruluşu; həmkarlıq edir və bir-birinə kömək göstərirlər.
Hövzənin quruluş qarşısında əsas vəzifələri 1. Quruluş üçün nəzəriyyə yürütmək
Dediyimiz birinci məsələ - yəni quruluşun elmi hövzələrə arxalanması ona görədir ki, bir xalqın və bir ölkənin bütün idari məsələlərində nəzəriyyə yürütmək və siyasi nəzəriyyəçilik işi İslam quruluşunda din alimlərinin üzərinə düşür. İqtisadi sistemdə, idarəçilikdə, müharibə və sülh məsələlərində, tərbiyə məsələlərində və digər çoxlu məsələlərdə din mütəxəssisləri və din alimləri İslamın görüşünü ortaya qoya bilərlər. Əgər bu nəzəriyyəçi olmasa, əgər din alimləri bu işi görməsələr, Qərb nəzəriyyələri, qeyri-dini və materialist nəzəriyyələr onların yerini tutacaq. Heç bir quruluş, heç bir cəmiyyət nəzəriyyəsiz idarəçilik edə bilməz; materialist beyinlərin məhsulu olan başqa bir idarəçi, iqtisadi və siyasi sistem gəlib onun yerini tutar. Bu boşluqların duyulduğu və mövcud olduğu yerlərdə bu baş verdi.
Mən universitetlərdə mövcud olan humanitar elmlərə və mahiyyətcə zəhərli olan bu elmlərin təhlükəsinə dair həm universitetlərə, həm də məmurlara xəbərdarlıq etmişəm. Həmin xəbərdarlıqlar bundan ötrüdür. Bu gün geniş yayılmış humanitar elmlərin İslam hərəkətinə və İslam quruluşuna mahiyyətcə müxalif və zidd olan, başqa bir dünyagörüşə əsaslanan, başqa sözü və məqsədi daşıyan məzmunları var. Bunlar öyrədildikdə müdirlər onların əsasında yetişirlər, sonra həmin müdirlər gəlib universitetin, ölkə iqtisadiyyatının, daxili və xarici siyasətin, təhlükəsizlik və digər məsələlərin başında dururlar.
Elmi hövzələr və din alimləri ilahi mətnlərdən İslam nəzəriyyələrini çıxarıb müəyyən etməyə, müxtəlif plan və proqramlar hazırlamaq üçün onları hamının ixtiyarına buraxmağa borcludurlar. Deməli, İslam quruluşunun dayağı din alimləri, nəzər sahibləri və İslam nəzəriyyələridir. Buna görə quruluş elmi hövzələri himayə etməyə borcludur, çünki onun istinadgahıdır.
2. Müxtəlif şübhələrin dəf edilməsi
Bundan əlavə, başqa bir məsələ də var. O da budur ki, bu gün quruluşu hədəf seçən çoxlu şübhələr ortaya qoyulur, xüsusən gənclər arasında dini, siyasi və etiqadi şübhələr yayılır. Məqsəd yalnız insanları bir düşüncədən başqa bir düşüncəyə yönəltməkdir; məqsəd quruluşun ictimai bazasını dağıtmaq, quruluşun xalqın beynində olan əsas təməllərini sıradan çıxarmaqdır; məqsəd quruluşla düşmənlikdir. Odur ki, din alimlərinin bu şübhələri dəf etməsi, bunlarla mübarizə aparması, bu tozları cəmiyyətin zehnindən silməsi İslam quruluşu üçün başqa bir dayaq və dəstəkdir. Deməli, İslam quruluşu müxtəlif cəhətlərdən din alimlərinə, elmi hövzələrin nəzəriyyəçilərinə, tədqiqatçılarına və alimlərinə arxalanır.
Burada bir məsələ var; mən onu deyəcək və sonra inşallah hövzənin mühüm məsələlərindən bir neçəsi haqda danışacağam. Bu məsələ hövzələrin müstəqilliyindən ibarətdir. İslam quruluşunun elmi hövzələri dəstəkləməsi onların müstəqilliyinə zərər vurur, yoxsa yox? Bu iş düzgündür, yoxsa yox? Bu mühüm mövzudur. Əvvəla elmi hövzələr tarix boyu həmişə müstəqil olmuşlar; yalnız şiəliklə zidd olan hökumətlər dövründə yox, hətta Şiə hökumətləri dövründə də. Yəni Səfəvilər iş başına gəldikdə, Mühəqqiq Kərəki, Şeyx Bəhainin atası kimi böyük alimlər İrana gəlib müxtəlif dini vəzifələr tutduqda bu alimlər, onların şagird və yetirmələri heç zaman Səfəvilərin siyasətinə tabe olub onların ixtiyarına keçmədilər. Bəli, kömək edirdilər, həmkarlıq edirdilər, onları tərifləyirdilər, amma onların əlində deyildilər. Qacarlar dövrünün bir hissəsində də belə olmuşdur. Kaşif əl-ğita kimi böyük bir alim İrana gəlib "Kəşf əl-ğita" kitabını yazdı. O bu kitabın həm müqəddiməsində, həm də cihad mövzusunda Rusiya və İran müharibələri münasibəti ilə Fətəli şahı çox tərifləyir. Amma Kaşif əl-ğita elə adam deyildi ki, Fətəli şahın və onun kimilərin əlində olsun. Onlar müstəqil idilər. Mirzə Qumi Qumda öz evində dövrünün şahı tərəfindən hörmət görür və uca tutulurdu, amma onun istəyinə tabe olmurdu. Onlar israr edirdilər ki, Mirzə onların istədiyi fətvanı versin, amma o qəbul etmir, tabe olmurdu. Mirzə Quminin Abbasiyyə risaləsi adlı bir kitabı var. O, bu kitabda özünün cihad haqda görüşlərini bəyan etmişdir. Bu kitab bir neçə il öncə ilk dəfə çap və nəşr olundu. Ona elə sual verirlər ki, onun tərəfindən cihad etməyə vəkillik versin, amma o qəbul etmir. Zənnimcə bu məsələ "Came əş-şətat" kitabında yazılmışdır. Şiə ruhaniliyi həmişə belə olmuşdur; həmişə müstəqil olmuş və heç zaman hakimlərin ixtiyarına keçməmişdir. Bu gün də belədir, bundan sonra da belə olmalıdır və Allahın yardımı ilə belə də olacaq. Amma ehtiyatlı olun ki, burada başqa bir səfsətə yaranmasın, hövzələrin müstəqilliyi quruluşun hövzəni və hövzənin quruluşu himayə etməməsi kimi başa düşülməsin. Bir qrup bunu istəyir. Bəzi adamlar müstəqillik adı ilə hövzənin quruluşla rabitəsini kəsmək istəyirlər. Bu yolverilməzdir. Asılılıq himayədən başqa bir şeydir, həmkarlıqdan başqa bir şeydir. Quruluş hövzəyə borcludur və ona kömək etməlidir.
Dostları ilə paylaş: |