◘Ayənin nazilolma şəni haqqında deyilmişdir: Vəhy yazmaqla məşğul olan Əbd ibn Səd adlı bir şəxs mürtədlik etdiyi üçün həzrət Peyğəmbər (s) tərəfindən qovulmuşdu. O, camaatı ətrafına toplayıb deyirdi: “Mən də Quran kimi ayələr gətirə bilərəm.” (Bəzi təfsirçilərin fikrincə, ayə həmin bu şəxsin peyğəmbərlik iddiası münasibəti ilə nazil olmuşdur. O da qeyd olunur ki, ayə peyğəmbərin həyatının sonlarında Mədinədə nazil olmuşdur.
◘“Ğəmərat” ölüm astanasındakı çətinliklər mənasını bildirir. Bu hallarda insanı əcəl öz kamına alır.
◘Peyğəmbərlik iddiasına düşənlərdən bəziləri ilə tanış olaq: Yəməndə Müsəylimə, Əsvəd Ənsi, Bəni-Əsəddən Təlihə Əsədi.1
◘İmam Sadiq (ə) buyurmuşdur: “Hun” dedikdə susuzluq halındakı ölüm nəzərdə tutulur:2
◘Yersiz imamlıq iddiasına düşənləri imam Baqir (ə) bu ayənin müxatəbi sayır.3
Bildirişlər
1. Allaha qarşı iftira əqidə zülmüdür. Azğınların rəhbərlik iddiasına düşməsi isə ən böyük zülmdür.
2. Haqqın düşməni ya haqqı alçaldır, ya da özünü yuxarı qaldırır. Əvvəlcə deyir: “Quran əfsanədir.” Müvəffəq olmadıqda sözünü dəyişir: “Mən Qurandakı kimi cazibəli sözlər söyləyə bilərəm.”. Bu məsələyə “Ənfal” surəsinin 31-ci ayəsində də toxunulur.
3. Haqsız və yalançı iddiaçılar can verəsidirlər.
4. Axirət cəzaları ölüm anından başlayır. Kafirlərə deyilir: “Can ver, öl.” Bu sözlər alçaldılma ilə müşayiət olunur.
5. İnsanın ruhu onun cismindən ayrı və müstəqildir.
6. Vəhy və dinin təhqir cəzası qorxunc və zəliledici əzabdır.
94. ﴿وَلَقَدْ جِئْتُمُونَا فُرَادَى كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُم مَّا خَوَّلْنَاكُمْ وَرَاء ظُهُورِكُمْ وَمَا نَرَى مَعَكُمْ شُفَعَاءكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاء لَقَد تَّقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنكُم مَّا كُنتُمْ تَزْعُمُونَ﴾
“Həqiqətən, sizi ilk dəfə yaratdığımız kimi indi də tək-tənha (ölüm zamanı və ya qiyamət anında) yanımıza gəldiniz. Sizə verdiyimiz bütün mal-mülkü arxada qoydunuz. (Taleyinizin təyinində) şəfaətçi olaraq Allaha şərik qoşduqlarınızı sizinlə birlikdə görmürük. Doğrusu aranızda (bağlar) qırılmışdır. (Şərik və şəfaətçi) güman etdikləriniz sizi qoyub getdi.”
Nöqtələr
◘Bu formada ölüm və ya qiyamət zamanı müşriklərə xitab olunur.
◘“Xəvələ” sözündən olan “xəvvəlna” sözü qəyyuma ehtiyaclı olan şeyi bildirir. Adətən, mal-mülk belə adlandırılır.
Bildirişlər
1. Qiyamətdə insan tənhadır.
2. Məad cismanidir.
3. Müşriklər dörd şeyə istinad edirdilər: Qövm-qəbilə, mal-mülk, böyüklər və ağalar, büt və məbudlar.
Ayədə hər dörd istinadgahın qiyamətdə səmərəsiz olduğu bildirilir. Bununla bağlı “qövm və qəbiləsiz”, “var-dövlətsiz”, “dost-yoldaşsız”, «bütün xəyali qüdrətlərin məhvi» təbirləri işlədilir.
4. Əsassız gümanlar bir çox azğınlıqların səbəbidir.
5. Qiyamətdə həqiqətlər üzə çıxır, xəyallar məhv olur.
95. ﴿إِنَّ اللّهَ فَالِقُ الْحَبِّ وَالنَّوَى يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَمُخْرِجُ الْمَيِّتِ مِنَ الْحَيِّ ذَلِكُمُ اللّهُ فَأَنَّى تُؤْفَكُونَ﴾
“Həqiqətən, Allah dən və toxumu çatladan, ölüdən diri çıxaran, diridən ölü çıxarandır. Odur sizin Allahınız. Bəs necə olur ki, (haqdan) azırsınız?”
Nöqtələr
◘“Faliq” sözü “fələq” sözündən olub parçalanmaq, çırtlamaq mənalarını bildirir. Buğda və arpa dəni kimi yeməli dənlər “həbb”, “həbbə” adlandırılmışdır. “Nəva” çəyirdək, tum mənasını bildirir.
◘Cansız otdan canlı heyvan, canlı heyvandan cansız süd yaranır. Cansız toxumdan canlı ağac, inkişaf etmiş ağacdan cansız toxumlar ərsəyə gəlir.
◘Rəvayətlərə əsasən, ayədə nəzərdə tutulur ki, bəzən imansız insanlardan mömin övladlar, bəzən imanlı insanlardan kafir övladlar vücuda gəlir.1
Bildirişlər
1. Toxumu əkmək insanın işidir. Amma onu torpağın altında çırtladıb göyərtmək Allaha aiddir.
2. Təbiət əsərlərinə diqqət ən üstün allahşünaslıq yollarındandır.
3. İnsanın ruzisi Allahın göyərtdiyi həmin toxumlardan yaranır. Bu halda nə üçün başqasına üz tutmalıyıq?!
96. ﴿فَالِقُ الإِصْبَاحِ وَجَعَلَ اللَّيْلَ سَكَنًا وَالشَّمْسَ وَالْقَمَرَ حُسْبَانًا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ﴾
“(Allah) dan yerini sökəndir, gecəni aramlıq üçün, günəşlə ayı (günlərin) say vasitəsi qərar vermişdir. Qüdrətli və bilən Allahın ölçü aparması belədir.”
Nöqtələr
◘“İsbah” sözü həm sübh, həm də gecənin ötüb sübhün açılması mənasını verir. Burada isə həmin söz sübh ağartısının görünməsinə işarədir.
◘Ötən ayədə Allahın yerdəki üç qüdrəti bəyan olunmuşdu. Bu ayədə Allahın səmadakı qüdrətinə nəzər salınır. Gecə və gündüz günəş və ayın nizamlı hərəkəti ilə ortaya çıxan ilahi qüdrət nişanəsidir.
◘Gecə istirahət üçündür. Gecə iş görmək, çalışmaq, səfərə çıxmaq məzəmmət edilmişdir.1 Ayədə gecə aramlıq vaxtı sayıldığından, məlum olur ki, sübh iş və səy üçündür.
◘İmam Riza (ə) buyurmuşdur: “Evlənməni gecəyə müəyyənləşdirin. Çünki gecə və həyat yoldaşı hər ikisi sakitlik və rahatlıq vasitəsidir.”2
Bildirişlər
1. Gecə və gündüzün ortaya çıxması bu işi dəqiq təqdir edən və ölçü ilə həyata keçirən qüdrət və biliyə ehtiyaclıdır.
2. Günəş və ay nizam, hesab və proqramlaşdırma vasitəsidir. (Bəlkə də bu ayədə günəş və ayın hesab vasitəsi kimi tanıtdırılması həm günəş (şəmsi), həm də ay (qəmər) təqviminin mötəbərliyini göstərir. Ya da hər iki ölçünün birlikdə dəqiq hesab rəmzi olduğu nəzərə çatdırılır. Necə ki, “Zeyd ədalətdir” cümləsi Zeydin tamamilə ədalətli olduğunu göstərir.
3. Dəqiq proqramlaşdırma və kamil icranın elm və qüdrətə ehtiyacı var.
4. Səma cisimlərinin dəqiq nizamı haqqında düşüncə allahşünaslıq yoludur.
97. ﴿وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ النُّجُومَ لِتَهْتَدُواْ بِهَا فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ﴾
“Odur ulduzları sizin üçün qərarlaşdıran. (Bununla) quru və dəniz qaranlıqlarında onlar vasitəsi ilə yolu tapasınız (deyə). Şübhəsiz, Biz nişanələri agah və bilən bir qövm üçün ətraflı aydınlaşdırdıq.”
Dostları ilə paylaş: |