◘Əvvəlki ayələrdə haram yemək qadağan olundu. Bu ayədə isə haram yeməyin köklərinə işarə olunur. Bildirilmişdir ki, bunun səbəbi tamah, arzu və rəqabətdir.
◘Ədalət bərabərlik demək deyil. Ədalət daim dəyərlidir. Bərabərlik isə bəzən dəyərsiz də ola bilər. Hətta bərabərlikdə zülm də müşahidə olunur. Məsələn, həkim bütün xəstələrə eyni dərman verərsə, müəllim bütün şagirdlərə eyni qiymət yazarsa, bu iş bərabərlik olsa da, ədalət olmaz. Ədalət odur ki, hər bir kəsə onun haqqını verək. İnsanın ləyaqət və kamalına görə onu dəyərləndirmək haqqın bərpası, batilin süqutudur. “Təbiz” heç bir əsas olmadan fərqləndirməkdir. Adi halda isə hansısa meyarlara əsasən fərqləndirməyin heç bir eybi yoxdur. Bütün deyilənləri nəzərə alsaq, bərabərlik yox, ədalət arzusunda olmalıyıq. Hamının və hər şeyin eyniliyini arzulamaq yersizir. Bir əzanın üzvləri, bir mexanizmin hissələri forma, material və funksiya baxımından fərqlənə bilər. Amma bütün bu fərqlərdə bir hikmət var. Əgər Allah hər şeyi eyni şəkildə yaratmayıbsa bu onun hikmətini göstərir. Ona görə də bizdən asılı olmayan xüsusiyyətlərə görə, məsələn, gözəlliyə, istedada, nitqə, yaddaşa, ömrün uzunluğuna görə və bütün bunların bölgüsünə şükür edib Allahın təqdirindən razı olmalıyıq. Əgər Allahı ədalətli və hikmət sahibi kimi tanıyırıqsa, anlamadığımız işlərdə tələsik mühakimə yürütməməliyik. Hansısa bir bölgünün hikmətini anlamadığımız üçün hikmət sahibi olan Allaha sui-zənn etməməliyik. Əgər hansısa xüsusiyyətlərinə görə bir insan bizdən üstündürsə, ona həsəd aparmağa dəyməz. Çünki kimə çox verilmişsə, çox da tələb olunacaq. Yəni çox nemət çox məsuliyyət deməkdir. Neməti əldə etməyin sevinci ilə onu itirməyin qəmi arasında elə də böyük fasilə olmur. Bu məsələ “Nəhcül-bəlağə” də yetərincə işıqlandırılmışdır.
Əgər öz əlimizdədirsə çalışmalı, səy göstərməli, tənbəllikdən çəkinməli və sağlam rəqabətlə güc və müstəqillik əldə etməliyik. Amma məhrumiyyəti aradan qaldırmaq öz əlimizdə olmadıqda yaranmış fərqləri cəmiyyətin inkişaf, imtahan və təhrik amili saymalıyıq. Çünki bütün xalq eyni imkanlara malik olsaydı, səxavət, şücaət, isar kimi səciyyələr istifadəsiz qalardı. İnsanın xarakteri eniş-yoxuşlarda açılır. İnsanı başqaları ilə bağlılığa sövq edən onun ehtiyaclarıdır.
◘İmam Sadiqdən (ə) bu ayə haqqında soruşulduqda buyurmuşdur: “Kimsə başqasının zövcə və övladına göz dikməsin. Amma Allahdan onlar kimisini istəsin.”1
◘Bu ayə nazil olduğu vaxt səhabələr peyğəmbərdən soruşmaq istədilər ki: “Allahın fəzlindən istəyin” təbirində məqsəd nədir?” Belə bir qərara gəlindi ki, Həzrət Əli (ə) bu mövzunu həzrət Peyğəmbərə (s) açıqlasın. Peyğəmbər (s) uyğun sualın cavabında buyurdu: “Allah ruziləri xalq arasında halal yolla bölmüşdür. Haram da onların qarşısındadır. Kim haram ruzidən əldə etsə, halal ruzisindən həmin qədər azalar və harama görə hesaba çəkilər.”2
Bildirişlər
1. Allahın verdiklərinə razı olaq. Həsəd göstərib başqalarından üstün olmaq istəməyək.
2. İslamda iqtisadi və əxlaqi məsələlər bir-birlərindən təcrid olunmuş şəkildə deyil.
3. Zalımların, istismarçıların yaratdıqları fərqlər Allahın qərar verdiyi fərqlərdən köklü şəkildə ayrıdır.
4. Yaranış və xarakter baxımından qadın və kişi arasındakı fərqlər Allahın Öz yaratdıqlarına üstünlük verməsi nümunələrindəndir.
5. Həm qadın, həm də kişi öz nailiyyətlərinə bərabər şəkildə malikdirlər.
6. Başqalarında olanı təmənna etmək əvəzinə, səy və təlaş göstərək.
7. İnsan öz qazancının yalnız bir hissəsinə sahibdir. Onun qazancının digər bir hissəsi fəqirlərin və İslam hökumətinin payıdır.
8. Həm iş lazımdır, həm də dua.
9. Başqalarının əlində olana göz dikmək əvəzinə, Allahın fəzl və lütfünə göz dikmək lazımdır.
10. Meyllərimizi düzgün istiqamətə yönəldək. İnsanda arzu var. Amma bu arzunun yönünü Allahdan nemət diləməyə istiqamətləndirək. Başqalarından nemətlərin alınması istəyində olmayaq.
11. Allahın Öz bəndəsinə bir şeyi verməsi və ya ondan bir şeyi alması hikmət və agahlıq əsasında baş verir. (Allahın elminə iman insanın tamahının və başqalarının əlində olana göz dikməsinin qarşısını alır.)
33. ﴿ وَلِكُلٍّ جَعَلْنَا مَوَالِيَ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ وَالَّذِينَ عَقَدَتْ أَيْمَانُكُمْ فَآتُوهُمْ نَصِيبَهُمْ إِنَّ اللّهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدًا ﴾
“Ata-ana, qohumlar və peyman bağladığınız kəslərdən qalan şeylərin hər biri üçün varislər qərar vermişik. Onların payını ödəyin. Çünki Allah hər şeyə şahiddir.”
Nöqtələr
◘“Movla” sözünün cəm forması olan “məvali” sözünün müxtəlif mənaları vardır. Amma burada “məvali” deyərkən varislər nəzərdə tutulmuşdur.
◘“Əqədət əymanukum” təbiri İslamdan qabaq iki nəfər arasında bağlanmış peymana işarədir. İslam azacıq dəyişikliklə onu qəbul etdi və bu, fiqhi kitablarda öz əksini tapdı. Qərarın mətni belə olub ki, iki nəfər həyatda bir-birlərinə yardım edəcəklərini, zərərlərinin ödənməsində bir-birlərinə yardımçı olacaqlarını və bir-birlərindən irs aparacaqlarını əhd ediblər. Bugünkü sığorta həmin dövrdəki qərarın oxşarıdır. Əgər peyman bağlanmış şəxslərdən birinə zərər dəyərdisə, onun yoldaşı dəymiş zərərin ödənməsində yardımçı olardı. İslam bu peymanı qəbul etdi. Amma irs məsələsində həmin şəxsin varisinin olmaması şərt qoyuldu.
◘İmam Riza (ə) “vəlləzinə əqədət əymanukum” cümləsi haqqında buyurmuşdur: “Məqsəd xalqın ilahi və məsum rəhbərlə bağladığı peymandır.”1
Bildirişlər
1. İrsin qədəri Allah hökmü ilə təyin olunur.
2. Ən yaxın qohumlar irsdən pay almaqda üstünlüyə malikdirlər.
3. Mülkiyyət haqqına malik olan insan peyman və qərar vasitəsi ilə öz işini başqasına tapşıra bilər.
4. İnsanın öz həyatı dövründəki əhdləri onun ölümündən sonra da möhtərəmdir.
5. Əhd-peymana vəfa vacibdir.
6. Borclular öz borclarını ödəmək üçün tələbkarların (borc sahiblərinin) sorağına getməlidirlər.
7. Allahın hazır olmasına iman təqva rəmzi və əhdini pozanlara bir xəbərdarlıqdır.
34. ﴿الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاء بِمَا فَضَّلَ اللّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنفَقُواْ مِنْ أَمْوَالِهِمْ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِّلْغَيْبِ بِمَا حَفِظَ اللّهُ وَاللاَّتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ فَإِنْ أَطَعْنَكُمْ فَلاَ تَبْغُواْ عَلَيْهِنَّ سَبِيلاً إِنَّ اللّهَ كَانَ عَلِيًّا كَبِيرًا﴾
“Allah onlardan bəzilərini (kişiləri) bəzilərindən (qadınlardan) üstün etdiyindən və öz mallarından nəfəqə etdikləri üçün kişilərin qadınlar üzərində vilayəti, ixtiyarı vardır. Layiqli qadınlar Allaha mütidirlər, Allahın hifz etdiyini qoruyandırlar, gizlində olanı (ərin hüquq və sirlərini) qoruyandırlar. Amma itaətsizliyindən qorxduğunuz qadınları (əvvəlcə) moizə edin, (əgər təsir etməsə) yataqda onlardan uzaq olun, (əgər öyüd-nəsihət də təsir etməsə) onları vurun (tənbeh edin), sizə itaət etsələr bəhanə axtarmayın. Həqiqətən, Allah böyükdür və uca mərtəbə sahibidir.”
Dostları ilə paylaş: |