Bildirişlər
1. Yersiz inhisarçılıq qadağandır. Yəhudilər və məsihilər heç bir dəlilə malik olmadan təkcə özlərini doğru yolda bilirdilər.
2. Ad və ünvan mühüm deyil. Mühüm iman və əməldir. Yəhudi və ya məsihi yalnız ləqəbdir. Dəyərli olan isə tövhid, təkallahlılıqdır.
3. Başqalarının mənfi təbliğatına cavab verin.
4. İbrahim heç vaxt müşriklərdən olmamışdır. Yəhudilər və məsihilər şirkə düçar olanlardır.
136. ﴿قُولُواْ آمَنَّا بِاللّهِ وَمَآ أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَقَ وَيَعْقُوبَ وَالأسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَمَا أُوتِيَ النَّبِيُّونَ مِن رَّبِّهِمْ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ﴾
“(Ey müsəlmanlar,) deyin ki, biz Allaha, bizə və İbrahimə, İsmailə, İshaqa, Yaquba, Əsbata (Yaqub övladından olan peyğəmbərlərə), eləcə də, Musaya, İsaya və başqa peyğəmbərlərə Allah tərəfindən nazil edilənə iman gətirmişik. Biz onların heç birini bir-birindən ayırmırıq və Allahın qarşısında təslimik.”
Nöqtələr
◘Ayədə müsəlmanlara göstəriş verilir ki, öz müxaliflərinə belə desinlər: Biz Allaha, haqq olan bütün peyğəmbərlərə və Allah tərəfindən nazil edilənə iman gətirmişik. Özünəgüvənmə və ya irqi təəssüblər hansısa hökmü qəbul, hansısa hökmü inkar etməyimizə bais olmur. Biz istər həzrət İbrahimdən qabaq gəlmiş Adəm, Şeys, Nuh, Hud, Saleh kimi peyğəmbərlərə, istərsə də İbrahimdən sonra gəlmiş Süleyman, Yəhya, Zəkəriyya kimi peyğəmbərlərə iman gətirmişik. Aşkar dəlil və möcüzə ilə gəlmiş bütün peyğəmbərləri ağlımızın hökmü ilə qəbul edirik.
◘“Əsbat” nəvə mənası verən “sibt” kökündəndir. Bu söz Yaqubun on iki övladından vücuda gəlmiş on iki Bəni-İsrail qəbiləsinə işarədir. Onların arasında peyğəmbərlər olmuşdur.
◘“Və ma utiyə Musa və İsa”, yəni sizdə olan hər şeyi yox, həmin iki peyğəmbərdə olan hər şeyi qəbul edirik. Ona görə də “və ma utiytum” təbiri işlədilməmişdir. Əgər çıxış yolunu yalnız məsihilik və ya yəhudilikdə gördüyünüz üçün dəvətinizi qəbul etmiriksə, dəlilimiz budur ki, Allahın dinində xurafatlar yaratmısınız. Əslində isə biz həqiqi Tövrat və İncili qəbul edirik. Bu həmin səmavi kitablardır ki, onlarda İslam peyğəmbərinin zühur və besəti haqqında xəbər verilmişdir.
Bildirişlər
1. Bütün peyğəmbərlərə və səmavi kitablara inanmaq lazımdır.
Bəzi peyğəmbərlərin inkarı bütün peyğəmbərlərin inkarıdır. Həqiqi müsəlman bütün ilahi peyğəmbərlərə imanlıdır.
2. Biz bu gün Tövrat və İncil adı ilə təqdim olunan təhrif olunmuş kitablara yox, Musa və İsaya nazil olanlara imanlıyıq.
3. Qəlbi imanla yanaşı, əməldə təslimçilik lazımdır.
137. ﴿فَإِنْ آمَنُواْ بِمِثْلِ مَا آمَنتُم بِهِ فَقَدِ اهْتَدَواْ وَّإِن تَوَلَّوْاْ فَإِنَّمَا هُمْ فِي شِقَاقٍ فَسَيَكْفِيكَهُمُ اللّهُ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ﴾
"Əgər onlar (da) sizin iman gətirdiyiniz kimi iman gətirsələr, şübhəsiz, hidayət olmuşlar. Əgər boyun qaçırsalar, bundan başqa cür deyil ki, onlar (haqla) düşmənçilikdədirlər. Allah onların şərini səndən dəf edər. O eşidən, biləndir."
Nöqtələr
◘Əgər kitab əhli, yəhudilər və məsihilər inadkarlıq və özünə qürrələnmə əvəzinə irqi və milli məsələləri bir kənara qoyub, siz müsəlmanlar kimi bütün peyğəmbərlərə və səmavi kitablara inansalar, şübhəsiz , hidayət olarlar. Amma əgər keçmişdəki kimi yalnız özlərini haqlı saysalar və başqalarını azğın bilsələr, haqla düşmənçilikdədirlər və haqdan ayrılacaqlar. Siz müsəlmanlar öz yolunuzda möhkəm olun, təhqir və qurğulardan qorxmayın. Çünki Allah onların şərini sizdən dəf edib, sizi himayə edər. Çünki O eşidən və biləndir.
Bildirişlər
1. Müsəlmanlar doğru yolu tapmışların gerçək nümunəsidirlər. Çünki onlar bütün peyğəmbərlərə, səmavi kitablara etiqadlıdırlar.
2. Allah müsəlmanları himayə və qane edəcəyini buyurmuşdur.
3. Yəhudi və məsihilərin iman gətirməmələrinin səbəbi onların inadkarlığı və düşmənçilik axtarmasıdır. Onların heç bir məntiqi və dəlili yoxdur. İmam Sadiq (ə) düşmənçiliyi küfr saymışdır.1
138. ﴿صِبْغَةَ اللّهِ وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ صِبْغَةً وَنَحْنُ لَهُ عَابِدونَ﴾
“(Budur) ilahi rəng? Rəngdə Allahdan üstünü kimdir?! Biz yalnız Ona ibadət edirik.”
Nöqtələr
◘İnsan öz həyatında hansısa rəngi qəbul etməli olur. Amma bütün rənglərdən üstün ilahi rəngdir. Aydın məsələdir ki, irq, qəbilə, nəfs istəkləri rəngini bir kənara qoymasaq, vəhdət, qardaşlıq, Allah əmrinə təslimçilik rəngini götürə bilməyəcəyik. Bütün rənglər zaman keçdikcə solur. İlahi rəng isə həmişə təravətli və davamlıdır.2 İbadət və bəndəlik etdiyimiz Allahın rəngindən hansı rəng üstün ola bilər?!
◘Ən gözəl rəng səfalı və davamlı rəngdir. Bu rəng Allah övliyalarının diqqətini özünə cəlb edir. Bu rəng fitrət və məntiqə uyğundur. Onun müştərisi Allah, dəyəri isə behiştdir. Bütün rənglər, irq və qəbilə rəngləri gec ya tez məhv olub gedəsidir. Əbədi və davamlı olan isə ilahi rəng, yəni ixlas və imandır.
◘Hədisdə nəql olunmuşdur: Bir şəxs evinin divarında dəlik açırdı. İmam Sadiq (ə) ondan nə iş gördüyünü soruşur. Həmin şəxs cavab verdi: “İstəyirəm ocağın tüstüsü mənzildən bayıra çıxsın.” İmam buyurdu: “Bu işdə belə bir məqsədin də ola bilər ki, namazın vaxtını bilmək üçün otağa işıq düşməsini istəyirsən.” Yəni əgər divardan baca açılırsa, nə üçün məqsəd təkcə otaqdan tüstünün çıxması olsun?! Nə üçün insanın niyyəti mənzilə işıq düşməsi olmasın?!3 Bəli, hər bir işə ilahi rəng vermək olar.
◘İlahi yol birdir. Əgər ilahi rəng olmasa, başqa rənglər insanın ağlını əlindən alar. Əksəri azğınlığa düçar olmuş camaatla eyni rəngə boyanmaq özü qiyamətdə rüsvayçılıq və zəlillikdir.
Bildirişlər
1. Allaha iman, peyğəmbərlər və ilahi kitablara etiqad, Allaha təslimçilik ilahi rənglərdəndir. Əvvəlki və hazırkı ayələrdə bu məsələlərə toxunulmuşdur.
2. Ən üstün və ən gözəl rənglər ilahi rənglərdir.
3. Başqalarının yox, yalnız Allahın bəndəsi olmaq lazımdır.
139. ﴿قُلْ أَتُحَآجُّونَنَا فِي اللّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ وَنَحْنُ لَهُ مُخْلِصُونَ﴾
“(Ey peyğəmbər! Kitab əhlinə) de ki, yoxsa Allah haqqında bizimlə mübahisə edirsiniz? Bir halda ki, O bizim və sizin Allahınızdır. Bizim əməllərimiz bizim üçün, sizin əməlləriniz isə sizin üçündür. Biz Onun üçün xalisanə ibadət edirik.”
Dostları ilə paylaş: |