Мөһсин Гираәти


Ayətullah hacı Seyyid Mehdi Ruhanidən bir neçə xoş söz



Yüklə 2,28 Mb.
səhifə2/22
tarix24.05.2018
ölçüsü2,28 Mb.
#51232
1   2   3   4   5   6   7   8   9   ...   22

Ayətullah hacı Seyyid Mehdi Ruhanidən bir neçə xoş söz


Rəhman və Rəhim Allahın adı ilə

Bəşər həyatında, tarixi dönəmlərdə, xüsusi ilə də müsəlman tarixində böyük tə’sirə malik olan Qur’ani-kərimə onun məqamına layiq səviyyədə diqqət yetirilmədiyindən bu ilahi kitab xalq arasında qərib qalmışdır. Hansı ki, Qur’anda “Biz Qur’anı öyüd üçün asan etdik” buyurulur. Bununla belə, bir çoxları Qur’an dəyərlərini yaddan çıxarıb ona diqqətsizlik göstərmişlər. Necə ki, keçmiş ümmətlər haqqında Qur’anda buyurulur: “Onlara xatırladılanların bir hissəsini unutdular...”1

Qur’ani-məcid əvvəldən axıradək bəşər üçün ilahi göstərişlərdən ibarətdir. Bütün bu bəyanatlarla tanış olmaq zəruridir. Xüsusi ilə də bəşəriyyətin dünyəvi və əbədi səadət yolunu göstərən ayələr və onlardakı nöqtələr haqqında düşünmək lazımdır. Qur’ani-məciddə həzrət Peyğəmbərə (s) belə müraciət olunur: “Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri öyüd götürsünlər.”2

Bu müqəddimənin istəyi Qur’ani-məcidin bütövlükdə elə bir təfsirinin hazırlanmasıdır ki, bu təfsirdə əsas diqqət ayələrin mə’nasının dərk olunmasına yönəldilsin. Mə’lum olsun ki, hər bir ayənin məqsədi nədir, nəyə e’tiraz edir? Müasir dillə desək, bu təfsir “bəyani” bir təfsir olsun.

Adətən, təfsir kitabları daha çox ədəbiyyat, onun şö’bələri, kəlam elmi, məzhəbi mübahisələr istiqamətində peşəkar araşdırmalarla məşğul olur. Hər bir mütəxəssis öz ixtisasına aid terminlərlə araşdırma aparır. Bundan əlavə, mövzu haqqında söhbətlər olduqca uzun çəkir və bu hal insanların Qur’ani-məcidlə bütövlükdə tanış olmasına mane olur. Bə’ziləri isə Qur’an ayələrini öz şəxsi, çox vaxt isə yanlış əqidələrinin sübutu üçün əsas gətirirlər.

Son zamanlar elm adamlarının ehtiyacına cavab verəcək bir təfsirin hazırlanması zəruri görünürdü. Həmin təfsirin hazırlanmasında aşağıdakı məsələlərə diqqət yetirilməli idi:

1. Təfsir həm sadə və yetərli, həm də güclü olmalı idi;

2. Qur’anın dərk olunmasını çətinləşdirən xüsusi terminlərdən pəhriz edilməli idi;

3. Həyat problemlərini həll edən, müsəlman cəmiyyətinə təqdim olunası, hətta tərcümə edilib bütün dünyaya yayılası (bəşəriyyəti, təqva sahiblərini hidayət edəsi) mövzular araşdırılmalı idi. Çünki Qur’an mətləbləri konkret bir zaman, fərd və ya cəmiyyətə aid deyil;

4. Ayələrdən alınan nəticələrdə Qur’an ayələrinə istinad olunmalı idi. Rə’yə və şəxsi istəklərə, zəif rəvayətlərə əsaslanmaq olmazdı;

5. Həzrət Peyğəmbərin (s) göstərişi əsasında “Səqəleyn”dən (iki əmanətdən) biri olan Əhli-beytdən nəql olunmuş mö’təbər rəvayətlərə diqqət yetirilməli idi.

Bu prinsiplər Möhsün Qəraətinin təfsirində nəzərə alınmışdı. Əgər həmin prinsiplərdən kənarlaşma müşahidə edilərsə, bu, məqsədli şəkildə edilməmişdir və inşallah, gələcəkdə islah olar.

Ümid edirəm ki, dəyərli alim höccətül-islam Möhsün Qəraəti elmi keyfiyyətlərindən əlavə, təfsir sahəsində zövq sahibidir və ilahi kəlmələrin lətafətini yaxşı dərk edir. Onun öz təfsirini bu üsul və imtiyazlarla sona çatdıracağına ümidvaram.

Həmin təfsirin bir cüzdən çoxunu müəlliflə birlikdə müzakirə etdik və bə’zi qeydlərimi ona bildirdim.

Əziz müəllif hər bir ayəni sadə və yetərli bir şəkildə tərcümə etdikdən sonra onun mahiyyətini şərh etmişdir. Həmin şərhlərdə müəllifin “bildirişlər” adlandırdığı nöqtələrə toxunulmuşdur. Əslində bu nöqtələr təfsirin ruhunu açıqlayır. Düzünə qalsa, bir çox məqamlarda həmin nöqtələr müəllifin xüsusi ixtirasıdır və xüsusi təravətə malikdir.

Ümid edirəm ki, Qur’ani-kərim bir gün hövzə və universitetlərdə əsas mehvər olacaq. Necə ki, imam Zeynəlabidin (ə) “Səhifeye-səccadiyyə” kitabında Qur’anın xətm duasında buyurur: “Qur’an elə bir ədalət tərəzisidir ki, haqqın bəyanında dili qısa deyil.”

Ümid edirəm ki, əziz müəllifin təfsir şivəsi və ixtiraçılıq yolu Qur’anın ali mətləblərinin gerçəkləşməsində irəliyə doğru bir addım olacaq. İnşallah, bu addım son addım olmaz və nəzər sahibləri növbəti addımlarda bu üsulu təkmilləşdirərlər.

09 Rəbius-sani, 1414

Mehdi Hüseyni Ruhani

Müəllifdən


Şəmsi 1378-ci ildə ilk cildin yenidən nəşri üçün növbəti dəfə “Nur təfsirini” diqqətlə mütaliə etdim. İxtisarlar və əlavələr oldu. Allahın lütfü ilə ağlıma gələn yeni mətləblər və “Təfsiri-rahnüma”, “Nüxbətut-təfsir” kitablarındakı bə’zi nöqtələr mətnlərə əlavə edildi.

Bir anlıq fikrə getdim. Düşündüm ki, cəmi iki-üç il keçmiş öz əlimlə dəyişdiyim yazı əgər qiyamətə çatsa, övliyaların, mələklərin, ən əsası Allahın nəzərindən keçsə, nə qədər dəyişəcək?! Bütün bu dəyişikliklər o zaman faydalı olur ki, işin canında qeyri-ilahi niyyət olmasın.

Hər halda xeyli zəhmət çəkdim. Amma qiyamətdə bu təfsirin bir səhifəsinin də mənim qurtuluşuma səbəb olub-olmayacağını bilmirəm!

Sözsüz ki, Qur’an nurdur. Təfsirdə nə nöqsan varsa, bizim nöqsanımızdır. Gülzarda torpaq gülə döndüyü kimi, ümid edirəm ki, Qur’anın nurani ayələri sayəsində bizim də yazılarımız nura çevrilsin. Amin!



Möhsün Qəraəti


BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

“YUSUF” SURƏSİ

(12-ci surə, 111 ayə)

On iki, on üçüncü cüzlər

“Yusuf” surəsinin siması


111 ayədən ibarət olan “Yusuf” surəsi Məkkədə nazil olmuşdur. Həzrət Yusifin adı Qur’anda 27 dəfə zikr olunmuşdur. Bunlardan 25-i “Yusuf” surəsindədir. Bu surənin ayələri bir-birinə bağlı şəkildə və bir neçə yığcam, cazibəli hissədə həzrət Yusifin uşaqlığından Misirin dövlət xəzinədarı məqamınadək olan ömrü, iffət və paklığı, ona qarşı qurğuların puça çıxması və Allahın bir sıra cilvələri bəyan olunur.

Digər peyğəmbərlərin əhvalatı müxtəlif surələrdə nəql olunduğu halda, həzrət Yusifin əhvalatı yalnız bu surədə zikr olunmuşdur. Həzrət Adəm və Nuhun hər birinin əhvalatı 12 surədə, həzrət İbrahimin əhvalatı 18 surədə, həzrət Salehin əhvalatı 11 surədə, həzrət Davudun əhvalatı 5 surədə, həzrət Hudun və Süleymanın hər birinin əhvalatı 4 surədə, həzrət İsa və Zəkəriyyanın hər birinin əhvalatı 3 surədə nəql olunmuşdur.1

Həzrət Yusifin əhvalatı Tövratda da yaranış kitabının2 37-ci – 50-ci fəsillərində də zikr olunur. Amma bu mə’lumat Qur’andakı mə’lumatla müqayisə olunduqda Qur’anın fundamentallığı və Tövratın təhrif olunması üzə çıxır. Ədəbi əsərlər arasında da Yusif və Züleyxa dastanının xüsusi yeri var. Nizami Gəncəvinin və Firdovsinin uyğun mövzulardakı əsərlərini nümunə göstərmək olar.

Digər peyğəmbərlərin əhvalatlarında daha çox onların inadkar müxalifləri haqqında danışılırsa, Yusifin əhvalatında daha çox onun şəxsiyyəti və başına gələn hadisələr nəql edilir.

Bə’zi rəvayətlərdə “Yusuf” surəsinin qadınlara və qızlara tə’lim olunması qadağan edilir. Amma bə’zi nəzər sahiblərinin fikrincə, bu qəbildən olan rəvayətlərin e’tibarlı sənədi yoxdur.3 Bu qadağanın səbəbi uyğun əhvalatda Əzizi-Misrin arvadı Züleyxa tərəfindən Yusifə eşqin bəyan olunmasıdır. Hansı ki, Qur’anda bu əhvalatda mənfi nöqtənin olmadığı bildirilir.
﴿بسم الله الرحمن الرحيم﴾

Bağışlaya və mehriban Allahın adı ilə
Ayə 1:

﴿الر تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ﴾
Əlif, Lam, Ra; Odur aydınladan kitabın ayələri.”
Ayə 2:

﴿إِنَّا أَنزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ﴾

Həqiqətən, Biz onu ərəbcə Qur’an olaraq nazil etdik. Ola bilsin ki, düşünəsiniz.”


Nöqtələr

● Müqəttəə hərfləri haqqında müxtəlif münasibətlər bəyan olunmuşdur. O cümlədən:

1. Qur’an, bu ilahi mö’cüzə hamının ixtiyarında olan əlifba hərflərindən tərtib olunmuşdur.

2. Həmin hərflərlə başlamış surənin adıdır.

3. Allaha and növüdür.

4. Allahla Onun rəsulu arasında rəmzdir.

Müqəttəə hərflərlə başlamış 29 surədən 24-ündə həmin hərflərdən sonra Qur’an və onun mö’cüzəsindən danışıldığını nəzərə alsaq, birinci münasibət daha üstün olar.

● Qur’an hansı dildə olsaydı, başqaları bu dillə tanış olmalı idi. Onun ərəb dilində nazil olmasının bir sıra məziyyətləri var. O cümlədən:

a) Ərəb dilində başqa dillərdə mövcud olmayan söz ehtiyatı və qrammatik qaydalar var. Rəvayətlərə əsasən behişt əhlinin dili ərəb dilidir.

b) Qur’anın nazil olduğu məntəqənin əhli ərəbdilli idi. Onlara başqa bir dildə xitab olması mümkünsüz sayılır.

● Allah-təala həm Qur’an, həm də yağış haqqında “nazil oldu” tə’birini işlədir. Qur’anla yağış arasında bir sıra oxşarlıqlar vardır. O cümlədən:

a) Qur’an, həm də yağış səmadan nazil olur.1

b) Həm Qur’an, həm də yağış pakdır.2

v) Qur’an da, yağış da həyat vasitəsidir.3

q) Hər ikisi mübarək və bərəkət gətirəndir.4

d) Yağış damla-damla, Qur’an isə ayə-ayə nazil olur (tədrici nüzul).

● Bə’ziləri iddia edirdilər ki, Peyğəmbərə (s) Qur’anı başqa millətdən olan bir şəxs öyrətmişdir. Qur’anın ərəbcə nazil olmasında məqsəd bu iddianın rədd edilməsi ola bilər.5
Bildirişlər

1. Qur’an əlimizdəki əlifba hərflərindən tərtib olunmuşdur.

(Ey inadkarlar,) əgər bacarırsınızsa, siz də bu hərflərdən Qur’an kimi bir kitab tərtib edin.

2. Qur’an yetərincə uca məqama malikdir.

3. Qur’an başlanğıcda öz dinləyicisini ayələrinin möhkəmliyindən xəbərdar edib, sonra digər mətləblərin bəyanına başlayır.

4. Qur’anın ərəb dilində nazil olması və onun ayələrinin dərk olunması ilə bağlı göstəriş zəruri edir ki, müsəlmanlar ərəb dili ilə tanış olsunlar.

5. Qur’an təkcə tilavət və təbərrük üçün yox, əsasən düşünmək və inkişaf etmək üçündür.

6. Hər hansı yazı aydın, aydınladan, məqsədli və tərbiyəvi olmalıdır.

7. Qur’anın nazil olması əbəs deyil. Onun ayələri haqqında düşünmək lazımdır.
Ayə 3:

﴿نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَـذَا الْقُرْآنَ وَإِن كُنتَ مِن قَبْلِهِ لَمِنَ الْغَافِلِينَ﴾

Biz sənə vəhy etdiyimiz bu Qur’anla sənin üçün ən üstün əhvalatı danışırıq. Halbuki sən bundan öncə xəbərsizlərdən idin.”


Nöqtələr

● “Qəsəs” dedikdə həm əhvalatı, həm də onun nəql olunması başa düşülür.

● İnsanın tərbiyəsində hekayə və əhvalat dinləyib xatırlamağın xüsusi yeri var. Çünki əhvalat bir ümmətin həyatının və əməli təcrübəsinin təcəssümüdür. Tarix millətlərin güzgüsüdür. Tarix və keçmişdəkilərlə tanış olduqda sanki onların həyatını yaşayırıq. Həzrət Əli (ə) “Nəhcül-bəlağənin” 31-ci məktubunda oğlu imam Həsənə (ə) buyurur: “Ey oğlum! Mən keçmişdəkilərin başına gələnləri elə mütaliə etmişəm ki, sanki onlarla yaşamışam, onlar qədər ömür sürmüşəm.”

Hekayə və əhvalatın insana güclü tə’sir etməsinin bir səbəbi də onun qəlbən hekayəyə meyilli olması ola bilər. Adətən, tarixi kitablar və dastanlar bəşər tarixi boyu rövnəqli olmuş, əksər insanlar tərəfindən başa düşülmüşdür. Hansı ki, əqli dəlillərlə müşayiət olunan mövzuları az insanlar anlayır.

● Rəvayətlərdə Qur’an bütövlükdə “əhsənul-qəsəs”, yə’ni “əhvalatların gözəli” adlandırılır. Səmavi kitablar arasında Qur’anın, Qur’an surələri arasında bu surənin “əhsənul-qəsəs” adlandırılmasında heç bir təzad yoxdur.1

● Qur’an əhvalatlarının digər əhvalatlarla bir sıra fərqləri var. O cümlədən bu əhvalat Allah tərəfindəndir, məqsədlidir, xəyal yox, həqiqətdir, güman yox, elmə əsaslanır, əyləncə yox, düşüncə vasitəsidir, baş qatmaq yox, ibrət üçündür.2

● Həzrət Yusifin əhvalatının “əhsənül-qəsəs” adlandırılmasının səbəbləri var:

1. Əhvalatların ən mö’təbəridir;

2. Bu əhvalatda ən böyük cihad olan nəfslə cihaddan danışılır;

3. Əhvalatın qəhrəmanı bütün insani kamilliklərə malik bir gəncdir (səbr, iman, təqva, iffət, əmanətdarlıq, hikmət, əfv, ehsan);

4. Əhvalatdakı bütün simaların aqibəti xoş olur. Məsələn, Yusif hakimiyyətə çatır, qardaşları tövbə edir, atasının gözü açılır, ölkədə qəhətlik aradan götürülür, qəm və həsəd vüsal və məhəbbətə çevrilir;

5. Bu əhvalatda bir sıra ziddiyyətlər yanaşı zikr olunur: Ayrılıq və vüsal, qəm və şadlıq, qıtlıq və bolluq. Vəfasızlıq və vəfadarlıq, ağa və qul, quyu və saray, yoxsulluq və var-dövlət, bəndəlik və sultanlıq, korluq və görmə, paklıq və pislikdə ittiham.

● Yalnız ilahi dastanlar yox, Allahın bütün işləri “əhsən”dir. Çünki: O, ən üstün yaradandır; Ən üstün kitaba malikdir; Ən üstün surət verəndir; Ən üstün dinə malikdir; Ən üstün mükafatı verir.3

Bütün bu üstün ne’mətlər müqabilində Allah insanlardan ən üstün əməli istəmişdir.4

● “Qəflət” Qur’anda üç mə`nada zikr olunur:

a) Pis qəflət:

Həqiqətən, xalqın çoxu Bizim ayələrimizdən qəflətdədir.”5

b) Yaxşı qəflət:

Pak və pis işdən xəbərsiz (qəflətdə olan) qadınları zinada ittiham edənlər dünya və axirətdə lə’nətlənmişlər.”6

v) Təbii qəflət: Hazırkı ayədə nəzərdə tutulan qəflət.


Bildirişlər

1. Qur’an əhvalatlarını Allah bəyan edir.

2. Əhvalatı danışan (və ya yazan) mö’təbər olmalıdır.

3. Psixoloji və tərbiyəvi baxımdan daha güclü tə’sir etmək üçün müqəddiməyə yer verilməlidir. (Əhvalata başlamazdan öncə müqəddimə verilir ki, Allah ən gözəl əhvalatı nəql etmək əzmindədir.)

4. Ən üstün sözlər ən üstün fərdlərin ixtiyarındadır.

5. Başqalarına nümunə göstərmək üçün ən üstünləri seçib təqdim edək.

6. Qur’an əhvalatları ən üstün və ən gözəl şəkildə bəyan edir.

7. Ən üstün hekayə vəhyə əsaslanmalıdır.

8. Peyğəmbər (s) vəhy olan məsələləri bilməlidir.

9. Peyğəmbər (s) ona vəhy nazil olmamışdan öncə keçmişlərin tarixindən xəbərsiz idi.

10. Qur’an qəfləti aradan götürür.
Ayə 4:

﴿إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَا أَبتِ إِنِّي رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًا وَالشَّمْسَ وَالْقَمَرَ رَأَيْتُهُمْ لِي سَاجِدِينَ﴾

O zaman ki, Yusuf öz atasına dedi: “Ey ata! Həqiqətən, mən (yuxuda) günəş və ayla on biri ulduz gördüm. Gördüm ki, onlar qarşımda səcdə edir.”


Nöqtələr

● Həzrət Yusifin əhvalatı rö’yanın nəqli ilə başlayır. Əllamə Təbatəbainin “Əl Mizan” təfsirində bəyan etdiyi kimi, Yusifin əhvalatı ona müjdə verən, gələcəyə ümidvar edən bir yuxu ilə başlayır. Məqsəd onu ilahi tərbiyə yolunda səbirli və dözümlü etməkdir.

● Yusif qardaşı Benyamindən sonra dünyaya gəlmişdir. Digər qardaşları başqa anadan olmuşlar. Həzrət Yə’qub həzrət İshaqın, həzrət İshaq isə həzrət İbrahimin övladıdır.1

● İlahi övliyaların yuxusu fərqlidir. Bə’zən bu yuxular həzrət Yusifin yuxusu kimi tə’bir olunmalıdır və həqiqətdir. Həzrət İbrahimin yuxusu da belə idi. Ona yuxuda əmr olunmuşdu ki, oğlu İsmaili zibh etsin.



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin