Мөһсин Гираәти


﴿فَلَمَّا رَأَى قَمِيصَهُ قُدَّ مِن دُبُرٍ قَالَ إِنَّهُ مِن كَيْدِكُنَّ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌ﴾



Yüklə 2,28 Mb.
səhifə5/22
tarix24.05.2018
ölçüsü2,28 Mb.
#51232
1   2   3   4   5   6   7   8   9   ...   22

﴿فَلَمَّا رَأَى قَمِيصَهُ قُدَّ مِن دُبُرٍ قَالَ إِنَّهُ مِن كَيْدِكُنَّ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌ﴾

Elə ki, (Əzizi-Misr) onun arxadan cırılmış köynəyini gördü, (həqiqəti anladı və) dedi: “Şəksiz, bu siz qadınların hiylələrindəndir. Əlbəttə, sizin hiyləniz böyükdür.”

Nöqtələr

● Şeytanın hiyləsini zəif sayan Qur’an1, ayədə qadınların hiyləsini böyük hesab edir. “Təfsire-Safi”də bildirildiyinə əsasən, şeytanın hiyləsi ona görə zəif sayılır ki, gözə görünmür, anidir və oğurluqdur. Qadının hiyləsi isə göz qabağındadır, daimidir və məhəbbətlə müşayiət olunur.

● Bə’zən Allah böyük işləri kiçik vasitələrlə həyata keçirir. Məsələn, Əbrəhənin əzəmətli qoşunu əbabil quşları vasitəsilə məhv edildi. İslam Peyğəmbəri (s) hörümçək toru vasitəsilə qorundu. Dəfn qaydası qarğa vasitəsilə öyrədildi. Məryəmin paklığı uşağın danışması ilə sübuta yetdi. Yusifin paklığı köynəyinin necə cırılması ilə təsdiqləndi. Bir ölkə hüd-hüd (şanapipik) quşu vasitəsilə iman gətirdi, Kəhf əshabı bir pul sikkəsi ilə tapıldı.

Bildirişlər

1. Mühakimədə dəlillərə istinad olunması, məhəbbət və kinə yer verilməməsi ədalətin tələbidir.

2. Məntiqi ədalət hər bir insanı müti edir. (Əzizi-Misr şahidin dediklərinə tabe oldu.)

3. Cinayət səhnəsindəki izlər və detallar diqqətlə araşdırılmalıdır.

4. Qəti bir nəticə əldə etdikdə hökmü yubanmadan e’lan edin.

5. Əzizi-Misrdə nisbi ədalət vardı və o, məsələlərə insafla yanaşırdı. (O kimsəni sual-cavabsız ittiham etmədi, sorğu-sualdan sonra Yusifə haqq qazandırdı.)

6. Haqq pərdə arxasında qalmır, günahkar bir gün rüsvay olur.

7. Haqq sözü acı və zərərimizə olsa da, qəbul edək. (Əziz qəbul etdi ki, günahkar onun öz arvadıdır.)

8. Günahkar qadınların hiyləsindən qorxun. Onların hiyləsi təhlükəlidir.

9. Məkr və hiylə nə qədər böyük olsa da, ifşa oluna bilər.

Ayə 29:


﴿يُوسُفُ أَعْرِضْ عَنْ هَـذَا وَاسْتَغْفِرِي لِذَنبِكِ إِنَّكِ كُنتِ مِنَ الْخَاطِئِينَ﴾

(Əzizi-Misr dedi:) Yusif, bu məsələyə göz yum (onu açıqlama; zövcəsinə xitabən dedi:) günahına görə tövbə et, çünki xətakarlardan olmusan.”


Bildirişlər

1. Əzizi-Misr istəyirdi ki, məsələ məxfi qalsın. Amma Yusifin paklığı sübuta yetsin deyə, bütün əsrlərin insanları bu macəradan xəbər tutdular.

2. İnsanların çirkin əməlləri açıqlanmamalıdır.

3. Əzizi-Misr öz məqamına xatır Yusifdən bu məsələyə göz yummasını istədi.

4. Əzizi-Misr də digər saray adamları kimi namus və qeyrət məsələsinə biganə idi. O öz arvadının tövbə etməsi ilə kifayətləndi və onu ciddi cəzalandırmadı.

5. Qeyri-ilahi rəhbərlər öz yaxınlarının pis işləri ilə sərt rəftar etmək gücündə deyildirlər.

6. Qadının öz ərindən başqası ilə rabitə qurmağa çalışması çirkin və qeyri-şər’i bir işdir.

7. Qeyri-qanuni cinsi əlaqə hətta dindar olmayanlar arasında da xoşagəlməz sayılır.


Ayə 30:

﴿وَقَالَ نِسْوَةٌ فِي الْمَدِينَةِ امْرَأَةُ الْعَزِيزِ تُرَاوِدُ فَتَاهَا عَن نَّفْسِهِ قَدْ شَغَفَهَا حُبًّا إِنَّا لَنَرَاهَا فِي ضَلاَلٍ مُّبِينٍ﴾

Şəhərdəki qadınlar dedilər: “Əzizin zövcəsi öz qulamına meyl edib, ondan kam almaq istəyib. Həqiqətən, onu bir qulam özünə vurğun etmişdir. Həqiqətən, biz onu aşkar azğınlıqda görürük.”


Nöqtələr

● “Şəğaf” dedikdə ürəyi qulaq tək örtülmüş nazik pərdə nəzərdə tutulur. “Şəğəfəha hubbən” dedikdə Züleyxanın qəlbində Yusifin məhəbbətinin kök atması, şiddətlənməsi başa düşülür.1

● Yusifin haqqında iki dəstə belə dedi: “Ona həddi aşan məhəbbət azğınlıq nişanəsidir.” Bu dəstələrdən biri Yusifin qardaşları idi. Onlar atalarını Yusifi sevdiyi üçün azğın sayırdılar. Digər bir dəstə Misir qadınları idi. Yusifi həddən artıq sevdiyi üçün onlar Züleyxanı azğınlıqda ittiham edirdilər.

● Hər kəs Yusifi özü üçün istəyir: Yə’qub onu öz övladı sayır; karvan onu özü üçün sərmayə bilir; Əzizi-Misr onu oğulluğu sanır; Züleyxa onu mə’şuq kimi istəyir; məhbuslar onu yuxularının tə’biri üçün arzulayır; amma Allah-təala Yusifi Öz rəsulu sayır və Yusifə qalan da elə həmin bu risalət məqamıdır.

Bildirişlər

1. Vəzifəlilərin ailəsində baş verən hadisələr tez yayılır. Onlar öz rəftarlarına qarşı diqqətli olmalıdırlar.

2. Günahkarın qapıları bağlaması onu rüsvayçılıqdan qurtara bilməz.

3. Ailə üzvlərinin nöqsanları kişinin, ailə başçısının ayağına yazılır.


● Ayə 31:

﴿فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَأً وَآتَتْ كُلَّ وَاحِدَةٍ مِّنْهُنَّ سِكِّينًا وَقَالَتِ اخْرُجْ عَلَيْهِنَّ فَلَمَّا رَأَيْنَهُ أَكْبَرْنَهُ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَاشَ لِلّهِ مَا هَـذَا بَشَرًا إِنْ هَـذَا إِلاَّ مَلَكٌ كَرِيمٌ﴾

(Əzizin zövcəsi) (misirdəki) qadınların hiyləsini (pis sözünü) eşitdi və onların ardınca adam göndərdi. Onlar üçün məclis qurdu və (meyvə üçün) hərəsinə bir bıçaq verdi. Yusifə dedi ki, qadınların yanına gəlsin. Qadınlar onu əzəmətli görüb əllərini kəsdilər və dedilər: “Aman Allah, bu, bəşər deyil, əziz bir mələkdir.”


Nöqtələr

● “Qəttə’nə” sözü “qət” kökündəndir və kəsmək mə’nasını bildirir. Bu söz “təf’il” babından olduğu üçün bir çox yeri kəsmək və doğramaq mə’nasını çatdırır.

● “Haşa” dedikdə haşiyədə, kənarda olmaq nəzərdə tutulur. Bir şəxsin eybdən uzaq olduğunu bildirmək üçün öncə Allahı pak bilmək bir qayda olub.2

● Əzizi-Misrin zövcəsi siyasətçi bir qadın idi. O bir qonaqlıq verməklə rəqiblərini öz yerlərində oturtdu.

Bildirişlər

1. Bə’zən başqaları haqqında danışmaqda məqsəd canıyananlıq yox, həsəd, qurğu olur.

2. Ola bilsin ki, Misir qadınları Yusifi görmək məqsədi ilə Züleyxanın eşqini aləmə yayırdılar.

3. Bə’zən hiyləyə hiylə ilə cavab vermək lazım gəlir. (Misir qadınları Züleyxanın sirrini açmaqla qurğu qurdular, Züleyxa qonaqlıq təşkil etməklə onların qurğusuna qarşı cavab verdi.)

4. Züleyxa özünə qarşı qurğunu nəzarət altına almaq üçün bu qurğunu Qur’an ümdə fərdlərə qarşı plan cızdı. (Aydın məsələdir ki, Züleyxa təkcə məhəllə qadınlarını də’vət etməmişdi.)

5. Xilafkar insan özünü paka çıxarmaq üçün bə’zən həmin günaha geniş meydan verir və onu adi bir iş kimi təqdim etmək istəyir.

6. Hər bir qonaq üçün ayrıca xidmət bəyə’nilmiş işdir.

7. Ağa günaha yol verməyənədək ona itaət etmək lazımdır.

8. Eşitmək görmək kimi deyil.

9. İnsan fitri olaraq əzəmət qarşısında təvazö göstərir.

10. Züleyxa qadınlara anlatmaq istəyirdi ki, əgər onlar Yusifi bir an görməklə çaşırlarsa, Yusiflə gecə-gündüz bir evdə olan kəs nə etsin?!

11. Tənqidə tələsməyin. Ola bilsin ki, siz də qarşı tərəfin yerində olsaydınız onun kimi hərəkət edərdiniz. (Züleyxanı məzəmmət edənlər Yusifi görən kimi onun halına düşdülər.)

12. İnsan nə qədər ki, imtahana çəkilməyib, iddialıdır. Amma imtahana çəkilən insan özündən xəbərsiz olaraq mahiyyətini göstərir.

13. Eşq tüğyan edən yerdə insan özündən xəbərsiz əlini kəsir. (Namaz vaxtı Əlinin (ə) ayağından ox çıxarılarkən onun xəbər tutmamasına təəccüblənməyin. Əgər dünyəvi eşq insanı əlinin kəsilməsindən xəbərsiz saxlayırsa, həqiqi eşq nəyə qadirdir?!)

14. Yusif gözəllikdə oxşarsız, iffətdə hamıya nümunə idi.

15. Bir qadının hiyləsi Yusifin qardaşlarının hiyləsindən böyük idi. (Əgər Əzizin zövcəsi bir qonaqlıqla eşqinə haqq qazandıra bildisə, Yusifin qardaşları öz həsədlərinə don geyindirə bilmədilər.)

16. Yusifin camalı Züleyxanı dərdə saldı. Amma onun elm və təqvası qurtuluşuna səbəb oldu. (Bəli, mənəvi gözəllik zahiri gözəllikdən mühümdür).

17. Həmin dövrdə Misir camaatı Allaha və mələklərə inanırdı.


● Ayə 32:

﴿قَالَتْ فَذَلِكُنَّ الَّذِي لُمْتُنَّنِي فِيهِ وَلَقَدْ رَاوَدتُّهُ عَن نَّفْسِهِ فَاسَتَعْصَمَ وَلَئِن لَّمْ يَفْعَلْ مَا آمُرُهُ لَيُسْجَنَنَّ وَلَيَكُونًا مِّنَ الصَّاغِرِينَ﴾

(Əzizi-Misrin zövcəsi əlini kəsmiş arvadlara) dedi: “Bu həmin şəxsdir ki, ona görə məni məzəmmət edirdiniz. Həqiqətən, mən ondan kam almaq istədim, amma o paklıq göstərdi. Əgər ona verdiyim göstərişi yerinə yetirməsə, zindana salınacaq və zillətə düşənlərdən olacaq.”


Nöqtələr

● İctimai və psixoloji durum insanın reaksiyasına tə’sir göstərir. Əzizin zövcəsi öz çirkin işinin ifşa olacağından qorxduğu vaxt qapıları bağladı. Amma Misir qadınlarını özü ilə eyni münasibətdə görüb dedi: “Mən ondan kam almaq istədim”. Cəmiyyət də belədir. Çirkin iş adi hal aldıqda günah etmək asanlaşır. Bəlkə də belə bir halın qarşısını almaq üçün Kumeyl duasında oxuyuruq: “Pərvərdigara! Həya pərdəsini yırtan günahlarımı bağışla.” Çünki günahı birinci dəfə etmək çətin olur. Həya pərdəsi yırtıldıqdan sonra günah etmək asanlaşır.

Bildirişlər

1. Başqalarını qınamayın, özünüz giriftar olarsınız.

2. Günah yolla eşq rüsvayçılıq səbəbidir.

3. Yalançı rüsvay olar. Dünən “Yusifin pis məqsədi vardı” deyən, bu gün “mən ondan kam almaq istədim” dedi.

4. İxlas, iffət və paklıq çirkin insanları rüsvay edir.

5. Bə’zən düşmən də qarşı tərəfin paklığına şəhadət verir. (Bə’zən günahkarın da vicdanı oyanır.)

6. Paklıq peyğəmbərlik şərtidir.

7. Bə’zən pak insan qarşı tərəfin kam alma istəyi səbəbindən zindana düşür.

8. Günahkarlar öz məqsədlərinə çatmaq istəyir və bu yolda istənilən vasitədən bəhrələnirlər.

9. Qüdrətli insan imanlı və təqvalı olmadıqda öz qüdrətindən nəfs istəkləri üçün istifadə edir.

10. Züleyxanın Misir hökuməti aparatında nüfuzu vardı.

11. Qüdrətdən sui-istifadə zalım hakimlərin rəftarıdır.

12. Həbs və təhqirlə hədələmə zalım hakimlərin üslubudur.

13. Nəfs istəyi o qədər güclüdür ki, hətta rüsvayçılıqla razılaşıb yoluna davam edir.

14. Məğlub olmuş aşiq düşmənə çevrilir.

15. Saray əhval-ruhiyyəsi qeyrəti öldürür. (Əzizi-Misr arvadının xəyanətinə əmin olsa da, onu Yusifdən ayırmadı).

16. Nəfsə uyanlar və zalım hakimlər təqva və iffəti zəlillik səbəbi sayırlar.
● Ayə 33:

﴿قَالَ رَبِّ السِّجْنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدْعُونَنِي إِلَيْهِ وَإِلاَّ تَصْرِفْ عَنِّي كَيْدَهُنَّ أَصْبُ إِلَيْهِنَّ وَأَكُن مِّنَ الْجَاهِلِينَ﴾

«(Yusif) dedi: “Pərvərdigara! Mənim üçün zindan məni də’vət etdikləri işdən daha əzizdir. Əgər onların hiyləsini məndən uzaqlaşdırmasan, onlara meyl edərəm və cahillərdən olaram.”»
Nöqtələr

● Yusif qəlbi geniş bir insan idi. Qardaşlarının həsədinə düçar olduğu vaxt düşmənçilik etmədi. Züleyxanın eşqi ilə üzləşdikdə günaha batmadı. Qüdrətə çatdığı vaxt qardaşlarından intiqam almadı. Ölkəni təhlükədə gördüyü zaman vətənə dönmək əvəzinə iqtisadi tədbirlər görmək, ölkəni pis vəziyyətdən qurtarmaq yolunu seçdi.

● Hər bir insan üçün əziz şey var. Yusif üçün paklıq daha əziz idi. Bə’ziləri üçün dünya daha əziz olur.1 Mö’minlər üçün isə Allah daha əzizdir.2

Bildirişlər

1. Allahın rübubiyyətinə (Rəbliyinə) diqqət dua qaydalarındandır.

2. Allahın övliyaları şərəfli həyatın sıxıntısını günah yoldakı rifahdan üstün tuturlar.

3. Bə’zi hallarda azadlıqda olmaq dəyər, zindanda olmaq eyb sayılmır.

4. İnsan Allahdan yardım almaqla bütün vəziyyətlərdə günahdan uzaq ola bilər.

5. Əziyyət və çətinlik günaha batmaq üçün səbəb deyil.

6. Dua, ah-nalə və Allahdan yardım istəmək günah və cinsi azğınlıqdan qorunma yollarından biridir.

7. İnsanın şəxsiyyəti onun cismindən yox, ruhundan asılıdır. Əgər ruh azad olsa, zindan behiştdir. Ruh sıxıntıda olduqda isə saray da zindandır.

8. İnsanları günahdan qorumaq üçün mühit ayırmaq yaxşı işdir. (Yusif zindan bahasına olsa belə, düşdüyü mühitdən ayrılmaq istəyirdi.)

9. Allahın razılığı xalqın və toplumun razılığından üstündür.

10. Kimsə Allahın lütfü olmadan qoruna bilməz. Böhranlı şəraitdə yeganə qurtuluş yolu Allaha sığınmaqdır.

11. İlahi sınaqlar hər an çətinləşə bilər. (Yusif öncə bir qadınla üz-üzə gəlmişdisə, sonra bir dəstə qadınla üzləşdi.)

12. Yusif günah haqqında danışarkən «meyl», zindan haqqında danışarkən «daha əziz» sözünü işlədir. Mə’lum olur ki, paklıq Yusifin ruhunun dərinliyində qərar tutmuşdu.

13. Allahı narazı salmaq bahasına xalqın razılığını əldə etmək cəhalətdir.

14. Günah ilahi elm və ətaları insanın əlindən alır. (Ötən ayədə Yusifə hikmət və elm əta olunduğu bildirilirdisə, bu ayədə Yusif günah səbəbindən cahillərə qatılacağından ehtiyatlanır.)

15. Cəhalət təkcə savadsızlıq deyil. Bir anlıq ləzzətə görə Allahın razılığını yaddan çıxarmaq əsl cəhalətdir.

16. Günah cahilcəsinə bir işdir.

17. Bildiyinə əməl etməmək insanı cahillər zümrəsinə qatır.
● Ayə 34:

﴿فَاسْتَجَابَ لَهُ رَبُّهُ فَصَرَفَ عَنْهُ كَيْدَهُنَّ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ﴾

Belə ki, Rəbbi onu (duasını) qəbul etdi və qadınların hiyləsini ondan pak etdi. Çünki O (Allah) eşidən və biləndir.”


Bildirişlər

1. İlahi insanların duası qəbuldur.

2. Bə’zən çətinliklər ilahi yardımların nazil olması və qurtuluş yolunun açılması üçün zəmin olur.

3. Paklıq və iffət duanın qəbul olması üçün zəmindir.

4. Allahdan xaliscəsinə, səmimi qəlbdən istəmək Onun lütfü ilə nəticələnir.

5. Yusifin Misir qadınlarının hiyləsindən qurtarmaq üçün etdiyi dua dərhal qəbul oldu. (“Fəstəcabə” sözündəki “fa” hərfi sür’ət rəmzidir.)

6. Allaha pənah aparan şəxs hifz olunur.

7. Bə’zən düşmənin gördüyü iş bizim xeyrimizə tamamlanır. (Düşmən Yusifi zindana atmaqla onu Züleyxanın əlindən xilas etdi.)

8. İsmətli olmaq üçün peyğəmbər olmaq zəruri deyil. (Yusif günahdan pak olduğu vaxt peyğəmbərliyə çatmamışdı.)

9. Duanın qəbul olması Allahın eşidən, görən və alim olmasının dəlilidir.

10. Xalqın müraciət etdiyi kəs öncə yaxşı eşitməyi bacarmalı, sonra öz elmi ilə problemi aradan qaldırmalıdır. Allah-təala da duanın qəbul məqamında belədir.
● Ayə 35:

﴿ثُمَّ بَدَا لَهُم مِّن بَعْدِ مَا رَأَوُاْ الآيَاتِ لَيَسْجُنُنَّهُ حَتَّى حِينٍ﴾

Gördükləri nişanə və şahidlərdən sonra onlara elə göründü ki, onu (Yusifi) bir müddət zindana salsınlar.”


Bildirişlər

1. Bir dəlinin quyuya atdığı daşı yüz ağıllı çıxara bilmir. Bir qadın aşiq oldu, bir bu qədər kişi, dövlət adamı həmin rüsvayçılığın qarşısını ala bilmədi.

2. Saray həyatında, adətən, harınlıq və sırtıqlıq müşahidə olunur. Yusifin paklığına bir bu qədər dəlil olduğu halda yenə o, zindana salındı.

3. Gözəllik həmişə xoşbəxtlik gətirmir, onun həm də baş ağrısı var.

4. Zalımların saraylarında adətən mühakimə qiyabi, dəbdəbə üçün aparılır. Beləcə, günahsız insanlar məhkum edilir. (Əlbəttə ki, bə’zi hallarda belə olmur).

5. Günahkar cəmiyyətdə həvəsbazlar azadlıqda, müttəqilər isə zindandadır.

6. Xətakar insanlar, xüsusi ilə zövq sahibləri çox vaxt öz əməllərinin məs’uliyyətini qəbul etmir, başqalarını qurban vermək istəyirlər.

7. Zalım quruluşlarda ən mə’sum insan ən məzlum insandır.

8. Paklanmağın və pak qalmağın zəhməti var.

9. Yusifin zindana salınmasında məqsəd Əzizi-Misrin ailəsini rüsvayçılıqdan qurtarmaq, şayiələrə son qoymaq idi.

10. Məhkəmə orqanları zalımların istəyi əsasında hökm çıxarırsa, zindanda qalma müddəti qeyri-müəyyən olur.
● Ayə 36:

﴿وَدَخَلَ مَعَهُ السِّجْنَ فَتَيَانَ قَالَ أَحَدُهُمَآ إِنِّي أَرَانِي أَعْصِرُ خَمْرًا وَقَالَ الآخَرُ إِنِّي أَرَانِي أَحْمِلُ فَوْقَ رَأْسِي خُبْزًا تَأْكُلُ الطَّيْرُ مِنْهُ نَبِّئْنَا بِتَأْوِيلِهِ إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ﴾

Yusiflə birlikdə iki gənc də zindana düşdü. Onlardan biri dedi: “Mən yuxuda gördüm ki, şərab üçün (üzüm) sıxıram. Digəri dedi: “Mən yuxuda gördüm ki, başımda çörək aparıram və quşlar onu yeyir. Bizim yuxumuzu tə’bir et! Həqiqətən biz səni yaxşı əməl sahibi kimi görürük.”


Nöqtələr

● Hədisdə oxuyuruq: Məhbuslar Yusifi ona görə yaxşı əməl sahibi adlandırdılar ki, o, zindanda xəstələrə yardım göstərir, ehtiyaclılara əl tutur və başqaları üçün şərait yaradırdı.1

Bildirişlər

1. Yusifin düşdüyü zindan ümumi idi.

2. Yuxuya yüngül yanaşmayın. Onlardan bə’zilərində mə’na var. (Adi insanlar da mühüm yuxu görə bilərlər.)

3. İnsan hər yerdə, o cümlədən zindanda da fayda verə bilər.

4. Yaxşı əməl sahibləri saf qəlb sayəsində başqalarının dərk etmədiklərini dərk edirlər.

5. Xalq bir insana inandıqda bütün sirlərini ona açır.

6. Dəyərli insanlar zindandakı məhbuslara da tə’sir göstərirlər.

7. Hətta günahkarlar da yaxşı əməl sahiblərini dəyərləndirirlər.

8. Yaxşı əməl sahibləri zindanda da ehtiram sahibi və xalq üçün sığınacaqdırlar.

9. Yusifin xeyirxahlığı ilk addımda cazibə və təbliğdə idi. (Onun zindandakılara ehsan və xidməti onların qəlbini ələ almışdı və Yusifi «yaxşı əməl sahibi» deyə çağırırdılar.)

10. Var-dövlət və azadlıq olmadan da yaxşı əməl sahibi olmaq mümkündür. (Yusifin zindanda nə sərvəti, nə də azadlığı vardı.)

11. Əvvəl öz xeyirxahlığınızı sübuta yetirin, sonra dinin təbliğinə başlayın. (Xalqın gözündə xeyir əməl sahibi kimi tanınan Yusif zindan yoldaşlarının yuxusunu yozmazdan qabaq təbliğ edərək onları təkallahçılığa də’vət etmişdir.)

12. Düzgün yol göstərmək ehsan nümunələrindəndir. («Bizi gördüyümüz yuxunun sirrindən agah et.»)
● Ayə 37:

﴿قَالَ لاَ يَأْتِيكُمَا طَعَامٌ تُرْزَقَانِهِ إِلاَّ نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِ قَبْلَ أَن يَأْتِيكُمَا ذَلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّي إِنِّي تَرَكْتُ مِلَّةَ قَوْمٍ لاَّ يُؤْمِنُونَ بِاللّهِ وَهُم بِالآخِرَةِ هُمْ كَافِرُونَ﴾

(Yusif yuxu görmüş həmin iki şəxsə) dedi: “Yemək payınız gəlməmişdən öncə yuxunuzun tə’birini deyəcəyəm. Bu, Rəbbimin mənə öyrətdiyi işlərdəndir. Həqiqətən, mən Allaha imanı olmayan, qiyaməti inkar edən qövmün ayinini boşlamışam.”


Nöqtələr

● Ayə’nin ilk hissəsinin tərcüməsində belə bir ehtimal da vardı: “Mən Allahım tərəfindən bilirəm ki, sizin üçün gətiriləcək yemək nədir. Belə ki, sizin yuxunuzu tə’bir edə bilərəm.” Yə’ni Yusif yuxu tə’birindən əlavə başqa məsələlərdən də xəbərdar idi.

Sual: Nə üçün həzrət Yusif zindan yoldaşlarının yuxusunu dərhal tə’bir etmədi, bu işi sonraya saxladı?

Cavab: Fəxr Razi “Təfsire-Kəbir”də bu məsələ ilə bağlı bir neçə ehtimal irəli sürür:

1. Yusif onları intizarda saxlayırdı ki, az da olsa təbliğ edə bilsin. Ola bilsin ki, e’dam ediləsi insan təbliğ nəticəsində iman gətirdi və dünyadan imansız getmədi.

2. Yusif hələ ki, gəlib çıxmamış qidaların nə olduğunu öncədən bildirməklə yoldaşlarının e’timadını qazanmaq istədi.

3. Onları intizarda saxlayırdı ki, daha yaxşı dinləsinlər.

4. Yuxulardan birinin tə’biri e’dam olduğundan Yusif sıxıntı yaratmağa tələsmədi.
Bildirişlər

1. Bə’zən daha çox tə’sir göstərmək üçün insan öz elmi qüdrətini və kamilliyini başqalarına bildirməli olur.

2. Başqalarına fayda vermək üçün öz elminizdən istifadə edin.

3. Öz bildiklərinizin Allah tərəfindən olduğuna inanın.

4. Elm və təhsilin də məqsədi tərbiyədir.

5. Allah hikmət sahibidir və səbəbsiz yerə kimsənin üzünə qapı açmır.

6. Küfr zülmətindən qaçan şəxs elm nuruna çatır.

7. Fürsətlərdən imkan həddində faydalanın.

8. Təbərra və təvəlla (Allah dostu ilə dostluq, Allah düşməni ilə düşmənlik) imanın əsasıdır. Bu ayədə kafirlərdən uzaqlıq, növbəti ayədə övliyalara tabeçilik məsələsi ortaya qoyulur.

9. İnsanları birbaşa ittiham etməkdən çəkinin. Dolayı yolla təbliğ etməyə çalışın. (Yusif “küfrdən əl çəkin” demədi. Buyurdu ki, mən küfr yolunu boşlamışam.)

10. Bütün dinlərdə tövhid və məad əqidəsi yanaşı olmuşdur.
● Ayə 38:

﴿وَاتَّبَعْتُ مِلَّةَ آبَآئِـي إِبْرَاهِيمَ وَإِسْحَقَ وَيَعْقُوبَ مَا كَانَ لَنَا أَن نُّشْرِكَ بِاللّهِ مِن شَيْءٍ ذَلِكَ مِن فَضْلِ اللّهِ عَلَيْنَا وَعَلَى النَّاسِ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَشْكُرُونَ﴾

Atalarım İbrahim, İshaq, Yə’qubun ayinlərinə tabe olmuşam. Bir şeyi Allaha şərik qoşmaq bizə layiq deyil. Bu, Allahın bizə və xalqa olan fəzlidir. Amma xalqın çoxu şükür etməz.”


Nöqtələr

● Ailə bünövrəsi şəxsiyyətin tərbiyəsinə tə’sir göstərdiyi kimi, xalqın qəbuluna da tə’sir göstərir. Həzrət Yusif özünü tanıtdırarkən Allahın peyğəmbəri olmuş ata-babalarını yada salır. Bununla da həm ailə bünövrəsini nəzərə çatdırır, həm də də’vətinin müqəddəsliyini. İslam Peyğəmbəri (s) də özünü bu sayaq tanıtdırmışdır. O buyururdu: “Mən ad və nişanım Tövrat və İncildə qeyd olunmuş həmin dərs oxumamış peyğəmbərəm.” İmam Hüseyn (ə) Kərbəlada, imam Səccad (ə) Şam əhli qarşısında özlərini belə tanıtdırırlar: “Biz Fatimə (s) övladlarıyıq.”

●”Millət” sözü Qur’anda ayin mə’nasında işlədilmişdir. “İbrahimin milləti” dedikdə İbrahimin ayini nəzərdə tutulur. Bu ayinin siması belə təsvir olunur: “Bütün gücünüzlə Allah yolunda vuruşun, namaz, zəkat əhli olun və Allaha bağlanın. Dində heç bir çətinlik yoxdur, Allaha təslim olun, budur atanız İbrahimin ayini.”1

Bildirişlər

1. Yalnız batili tanımaq və tərk etmək sayəsində haqqa çatmaq olar.

2. Baba da ata hökmündədir. “Əb” dedikdə baba da nəzərdə tutula bilər.

3. Peyğəmbərlər pak ailədən olmalıdırlar.

4. Peyğəmbərlərin vahid hədəfi olmalıdır.

5. Həzrət Yusif ilk dəfə zindanda öz əsl-nəsəbini bildirdi.

6. Mənfi yollarla yanaşı müsbət yolu da göstərək.

7. Atalar haqq və tövhid yolunda olmuşsa, onların yolunu davam etdirmək olar.

8. Peyğəmbərlərin ata-babası müşrik olmamışdır.

9. Şirkdən çəkinmək və onunla mübarizə ilahi dinlərin əsasıdır.

10. Şirk bütün hallarda mənfurdur.

11. Şirkdən çəkinmək və tövhidə üz tutmaq üçün ilahi tövfiqə (yardıma) ehtiyac var.

12. Peyğəmbərlərin tə’limi ilahi bir ne’mətdir və bu ne’mətə görə şükür etmək lazımdır.

13. Peyğəmbərlik və hidayət Allahın bütün bəşəriyyət üçün nəzərdə tutulmuş tövfiqi və fəzlidir.

14. Çoxluq düzlüyü və haqlılığı göstərmir.

15. Peyğəmbər yolundan üz döndərmək ən böyük naşükürlükdür.
● Ayə 39:

﴿يَا صَاحِبَيِ السِّجْنِ أَأَرْبَابٌ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ اللّهُ الْوَاحِدُ الْقَهَّارُ﴾

Ey mənim iki zindan yoldaşım! Müxtəlif tanrılar yaxşıdır, yoxsa ixtiyar sahibi olan bir Allah?”


Nöqtələr

● İnsanlar üç qrupdur: Bir dəstə formasını dəyişir. Onlar hava və su kimi düşdükləri qabın formasını alır. Digər bir qrup dəmir və polad kimi möhkəmdir, xarici tə’sirlərə qarşı müqavimət göstərir. Üçüncü qrup isə başqalarını haqq rənginə boyayan imam və rəhbərlərdir. Yusif üçüncü zümrənin nümunəsidir. O, zindanda da müşrikləri təkallahlığa doğru yönəldir.

● Qur’anın müxtəlif yerlərində müqayisə və sorğu-sual üsulundan istifadə olunur. Bu üsulun Allaha münasibətdə işlədilmiş nümunələrinə nəzər salaq:

1. “Allahın əvəzinə seçdiyiniz şəriklərdən yaradıb, sonra geri qaytara biləni varmı?”1

2. “Allaha qoşduğunuz şəriklərdən hidayət edəni varmı?”2

3. “Bir olan Allah hər şeyin Rəbbi olduğu halda Ondan başqasını tanrımı qəbul edim?”3

4. “Allah üstündür, yoxsa Ona qoşulan şəriklər?”4

Bildirişlər

1. Xalqı məhəbbət və sevgi ilə çağırın.

2. Fərdlərin fitrətini oyatmaq üçün məhəbbət və ehsan yolundan faydalanın.

3. İnsan yanaşı əyləşdiyi fərdlər qarşısında da məs’uliyyət daşıyır.

4. Həssas məkan və zamanlardan təbliğ üçün istifadə edin. (Yusif görəndə ki, onun yuxu tə’bir etməsinə ehtiyac var, bu fürsətdən istifadə edib təbliğə başladı.)

5. Sual və müqayisə təbliğ və hidayət yollarından biridir.

6. Tövhidə e’tiqad imanın əsasıdır. (Yusif öz də’vətinə tövhiddən başladı.)

7. Çoxsaylı tanrılar təfriqə və pərakəndəlik amilidirlər. Vahid Allah isə vəhdəti tə’min edir.

8. Bəşərin fitrəti təfriqə və parçalanmalardan zara gəlmişdir. Yusif həmin təzahürdən tövhidin isbatı üçün faydalandı.

9. Vəhdət və birlik qüdrət və qələbə amilidir.
● Ayə 40:


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin