Mövzu 10 -Korporativ idarəetmədə etika və peşəkar davranış Məcəlləsi - Korp İd 10 sehife
II.Etik prinsiplər 1)Şirkətin xarici əlaqələrini tənzimləyən etik prinsiplər. a) Tərəf müqabillər, rəqiblər, istehlakçılar ilə münasibətlər. Şirkət tərəf müqabillər, rəqiblər, istehlakçılar ilə münasibətlərini əməkdaşlıq, qarşılıqlı hörmət və üzərinə düşən öhdəliklərin vaxtında tam və lazımınca icra edilməsi əsasında qurur. Bu münasibətlərin formalaşdırılması zamanı aşağıdakı məqamlara xüsusi ilə diqqət yetirilir:
1) Şirkət həmişə öz öhdəliklərini vaxtında, tam və lazımi qaydada yerinə yetirir və eyni vəziyyəti öz tərəf müqabillərindən də tələb edir.
2) Şirkət öz fəaliyyəti ilə yanaşı, tərəf müqabillərinin də fəaliyyətinin inkişafında maraqlıdır.
3) Şirkət istehlakçılar ilə münasibətlərini qarşılıqlı razılıq və uzun müddətli əməkdaşlıq, ədalət və etimad əsasında qurur. Şirkət üçün əsas məram istehlakçının hüquq və qanuni mənafeləridir. Məhz bu baxımdan şirkət çalışır ki, istehsal etdiyi məhsulun (gördüyü işin, göstərdiyi xidmətin) yüksək keyfiyyətini, təhlükəsizlik tələblərinə uyğunluğunu təmin etsin.
4) Şirkət öz fəaliyyətinin təkmilləşdirilməsi üzərində mütəmadi olaraq işləyir. Bunun üçün monitorinq və sorğular keçirir. Şirkətin ünvanına daxil olan müraciətləri və şikayətləri diqqətlə araşdıraraq, özünün işgüzar nüfuzunun daima yüksək səviyyədə olması üçün zəruri tədbirlər görür.
5) Şirkət ədalətli rəqabət aparır, öz rəqiblərinin işgüzar nüfuzuna xələl gətirən, onların əleyhinə qanuna zidd və etikaya uyğun olmayan hərəkət etməkdən çəkinir.
6) Şirkət öz fəaliyyətini hesabatlıq və şəffaflıq əsasında qurur.
b) Cəmiyyət ilə münasibətlər. Cəmiyyətin müxtəlif zümrələri ilə qarşılıqlı əməkdaşlığın formalaşması, sosial layihələrin həyata keçirilməsi və bu layihələrdə iştirak şirkətin sosial siyasətinin əsasını təşkil edir. Bununla bağlı:
1) Şirkət həm ölkə üzrə, həm də fəaliyyət göstərdiyi ərazi üzrə əhalinin rifahının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və s. sosial baxımdan əhəmiyyət kəsb edən layihələri dəstəkləyir, bu layihələrdə iştirak edir və onların təşviqi və icrası ilə bağlı zəruri tədbirlər görür.
2) Şirkət yeni iş yerlərinin yaradılması, işsizliyin və yoxsulluğun azaldılması istiqamətində müvafiq ixtisaslar üzrə kadrların seçilməsi ilə bağlı ali məktəblərlə əməkdaşlıq edir. Öz kadr potensialını formalaşdırmaq üçün seçiləcək kadrlara ali məktəbdəki təhsil dövründə yardım göstərir.
3) Şirkət sosial layihələrin maliyyələşdirilməsi zamanı şəffaflıq və hesabatlıq prinsiplərindən istifadə edir. Layihələr üzrə namizədlərin seçilməsinin dəqiq və birmənalı meyarlarını müəyyən edir.