Frank krallığının yaranması
Barbar dövlətlərindən ən güclüsü Qalliyada yaranmış Frank karllığı idi. Bu dövləti qədim alman tayfa birləşməsi olan franklar yaratmışdılar.
Franklar əvvəllər Reyn çayının orta və aşağı boyunda, Reyndən qərbə doğru Şimal dənizi sahillərində yaşayırdılar. Frank tayfaları, ümumiyyətlə iki qrupa bölünürdü: salik frankları, ripuar frankları. Aşağı Reyn boyunda və Reyn çayından qərbə doğru Şimal dənizi sahillərində yaşayan franklar salik frankları adlanırdılar. Orta Reynboyunda Reyn çayının hər iki sahilində yaşayan franklara isə ripuar frankları və ya sahil frankları deyilirdi. “Ripa” latınca “sahil” deməkdir.
Franklar hələ eramızın 3-4-cü əsrlərində tez-tez Qalliyaya hücum edirdilər. Salik franklardan olan bir tayfa başçısı Xlodviqin (481-511) zamanında - 486-cı ildə Suasson yaxınlığında, keçmiş Roma canişini Siaqrinin qoşunları məğlub edildi. Bütün Şimali Qalliya franklar tərfindən alındı. Xlodvia Qalliyanı işğal etmiş başqa frank tayfalarını da özünə tabe etdi. O, 496-cı ildə hərbi dəstəsi ilə birlikdə xristianlığı qəbul etdi. Bununla Xlodviq Qalliyanın qalan yerlərini də işğal etmək üçün yerli Qalliya Roma ruhanilərindən ibarət ictimai dayaq qazandı. Xristian dini kral hakimiyyətinin möhkəmləndirilməsi üçün də mühüm əhəmiyyətə malik idi.
Cənubi Qalliyaya nisbətən Luaradan şimalda franklar kütləvi şəkildə - qan qohumluğuna əsaslanan böyük ailələr halında məskən saldılar.
Franklar, başqa barbar tayfalarından fərqli olaraq, Almaniya ilə sıx əlaqə saxlayırdılar. Reyn sahillərindən Qalliyaya köçən frankların sayı getdikcə artırdı. Bu, da frankların işğal etdikləri Qalliya torpaqlarında qüvvətli hərbi-siyasi, həmçinin etnik amilə çevrilməsinə səbəb olurdu. Frank krallığı Qərbi Avropa tarixində tədricən ən iri erkən orta əsr dövlətlərindən birinə çevrildi.
Dostları ilə paylaş: |