Digər tədbirlər
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli 1047 nömrəli Fərmanına əsasən Masallı, Balakən və Quba rayonlarında “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılmışdır. “ABAD”ın sözügedən regional mərkəzləri tərəfindən qeyd olunan bölgələrdə yaşayan ailə bizneslərinə monoblok-konteynerlər şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. “ABAD”çı ailələrin istehsal etdiyi məhsulların “bir pəncərə” prinsipi əsasında sertifikatlaşdırılması və satışı “ABAD” tərəfindən təşkil olunur.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli 1313 nömrəli Fərmanı ilə “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” təsdiq edilmişdir. Qaydalara əsasən müraciətlər yalnız “ASAN Kommunal” (onlar yaradılanadək isə “ASAN Xidmət”) mərkəzləri vasitəsilə edilir, qoşulma proseduru üç mərhələdən (sifarişçinin mərkəzlərə müraciəti, qoşulma haqqının ödənilməsi, texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsi (göndərilməsi), tikinti-quraşdırma işlərinin aparılması vəşəbəkəyə fiziki qoşulma, Tikinti obyektinə elektrik enerjisinin verilməsi) və maksimum 24 gündən ibarətdir. Həmçinin texniki şərtlərin və layihə sənədlərinin verilməsi, habelə şəbəkəyə qoşulmanı həyata keçirmək məqsədilə “ASAN Kommunal” (onlar yaradılanadək isə “ASAN Xidmət”) mərkəzlərində aidiyyəti qurumların nümayəndələrindən ibarət Texniki Şuraların yaradılması nəzərdə tutulur. Bir sıra tikinti və infrastruktur obyektlərinin “Tik-idarə et-təhvil ver” (TİT) modelinə uyğun maliyyələşmə əsasında tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunması məqsədilə “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli Qanunu qəbul edilmişdir. Qanuna əsasən “TİT” modelinə uyğun həyata keçirilən fəaliyyət dövlət rüsumlarından və yığımlardan azaddır, bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz. Müddət başa çatdıqdan sonra obyektlər bütün borc və öhdəliklərdən azad, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə və əvəzsiz olaraq səlahiyyətli orqanın (İqtisadiyyat Nazirliyinin) idarəçiliyinə verilir. Həmçinin bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2016-cı il tarixli 1149 nömrəli Fərmanı ilə “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilmişdir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda 5 aprel 2016-cı il tarixli Qanunla edilmiş dəyişikliklərə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilmə müddəti 20 gündən 10 iş gününə endirilmişdir.
İstehsal və ixracla məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək, idxaldan asılılığın azalması, bu sahədə istehsalın artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi məqsədilə sahibkarların təşəbbüsü və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə 2017-ci ilin 24 yanvar tarixində “Tikinti Materialları İstehsalçıları Assosiasiyası”, 17 mart tarixində “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”, 7 iyul tarixində “Mebel İstehsalçıları Assosiasiyası”, 11 iyul tarixində “Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası”, 16 avqust tarixində “Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası”, 6 oktyabr tarixində “Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası”, 26 oktyabr tarixində “Qadın Sahibkarları Assosiasiyası”, 3 noyabr tarixində “Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası” və 2018-ci ildə isə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılmışdır. Bununla yanaşı son dövrlərdə yaradılmış Azərbaycan Arıçılar Assosiasiyası, Meyvə-Tərəvəz, Şərab, Nar, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyaları da fəaliyyət göstərir.
Dostları ilə paylaş: |