2. Həyat səviyyəsi və onu müəyyən edən göstəricilər
Həyat səviyyəsi dedikdə, adətən insanın yaşayışı üçün zəruri olan maddi və mənəvi nemətlərlə əhalinin təmin olunması və onların bu nemətlərə olan tələbatlarının ödənilməsi səviyyəsi başa düşülür.
BMT-nin təklifinə əsasən həyata səviyyəsi geniş göstəricilər sistemi vasitəsilə əks olunur. Bu sistemə daxil olan göstəricilərdən aşağıdakıları göstərmək olar:
- səhiyyənin vəziyyəti;
- təhsilin səviyyəsi;
- orta ömür müddəti;
- əhalinin məşğulluq səviyyəsi;
- əhalinin alıcılıq qabiliyyəti;
- siyasi həyata daxil olma.
Hazırda həyat səviyyəsini əks etdirən vahid ümumiləşdirici göstərici yoxdur. BMT həyat səviyyəsini əks etdirən hər hansı bir inteqral göstəricidən imtina etmişdir. Bununla belə, həyat səviyyəsini beynəlxalq miqyasda müqayisə etmək məqsədi ilə 1990-cı ildən başlayaraq BMT-də yeni göstəricidən istifadə edilir. Bu “İnsan inkişaf indeksi” göstəricisidir.
İnsan inkişaf indeksini müəyyən edən göstəricilər sistemindən 3 əsas göstəricini ayırırlar: adambaşına düşən ümumdaxil məhsul, gözlənilən ömür uzunluğu, təhsilin səviyyəsi. Belə hesab edilir ki, insan inkişafı indeksi 0,5-dən az olan ölkələrdə insan inkişafı aşağı səviyyədə, göstərici 0,5-lə 0,8 arasında olan ölkələrdə orta və göstərici 0,8-dən yuxarı olan ölkələrdə yüksək səviyyədədir. BMT hesabatına əsasən Azərbaycan dünya ölkələri arasında 106-cı yeri tutmuşdur. BMT-nin müəyyən etdiyi normalara görə ölkədə “insanın inkişafı indeksi” 0,5- ə qədər olarsa o, aşağı, 0,5 - 0,8 arasında olarsa orta, 0,8-dən yuxarı olarsa yüksək həyat səviyyəli hesab olunur. “İnsanın inkişafı indeksi” göstəriciləri içərisində adambaşına düşən real ÜDM göstəricisi xüsusi rol oynayır. Ölkədə adambaşına nə qədər çox real ÜDM düşərsə, digər şərtlər dəyişməz qaldıqda əhalinin gəlirləri, buradan da həyat səviyyəsi bir o qədər yüksək olar.
“İnsanın inkişafı indeksi” göstəriciləri içərisində doğulandan gözlənilən ömrün uzunluğu da əhəmiyyətli rol oynayır. Bu göstərici həm əhalinin gəlirləri, həm də onların istehlak səviyyəsi ilə sıx bağlıdır. Dünyada ən uzun ömürlülər ölkəsi Niderlandiya, Norveç, Yaponiya, İsveç, İsveçrə, Finlandiya, Fransa, İtaliya, Böyük Britaniya, Belçika, Kanada, Avstraliya, Avstriya, Almaniyadır (orta ömür 78-82 il).
“İnsanın inkişafı indeksi” ümumiləşdirici göstərici olub, qlobal səviyyədə müxtəlif ölkələrdə həyat səviyyəsini müqayisə etmək və ölkədə həyat səviyyəsində baş verən dəyişiklikləri müəyyən etmək baxımından qiymətli olsa da, ölkə daxilində həyat səviyyəsi haqqında tam və dolğun təsəvvürə malik olmağa imkan vermir. Odur ki ölkədə həyat səviyyəsini dolğun xarakterizə etmək üçün istehlak səviyyəsi göstəricisindən də istifadə etmək lazımdır.
Dostları ilə paylaş: |