Mövrə (Nəza., D., Yu., Au.) – üzümün kəsilmiş çubuqları. Mörə şəklində Qubadlı rayonu şivələrində də eyni mənanı verir [20, s.330].
Kəsməx (Au) – quru budama.
Şişəx möv (Büt.ş.) – ilk bəhər gözlənilən üzüm kolu.
Kudara (Au.) – daldırma. Üzüm kolunu artırmaq üçün tənəyin bir qolunu ayırıb yerə basdırmağa deyilir.
Yarma peyvas (Büt.ş.) – calaq növü.
Üsküx peyvas (Büt.ş.) – göz calağı.
Milax (Büt.ş.) – salxımı hündür yerdən asıb qışa saxlamağa deyilir.
Üzüm növləri
Ağ şanı (Büt.ş.).
Qara şanı (Büt.ş.).
Qızıl üzüm (Büt.ş.).
Hanaqırma (C., P., Buz.) // hənəqırma (Mya., Cava., Q., Sova.) payızda yetişən üzüm növüdür. Gilələri iri, göy rəngdə olur, baxanda tumları görsənir. Əsasən milaxda asılaraq qış aylarına, Novruz bayramına saxlanılır.
Xəlili (Büt.ş.) – tezyetişən dənəsiz ağ süfrə üzümüdür. Qabığı zərif olduğundan tez əzilir.
Kürdəşi (Büt.ş.) – salxımları sıx giləli olur. Gilələri ətli və şirin olur.
Nəbi üzümü (C.) – iri və uzunsov gilələri olur. Giləsi ətli və xoş tamlıdır. Bu üzüm də təzə halda yeyilir, həm də qurudulur.