Üçüncü hicri əsrinin başlanması ilə şiələr bir neçə səbəbə görə nisbətən rahat nəfəs almağa başladılar:
Əvvəla, bir çox elmi və fəlsəfi kitablar yunan, siryani və s. dillərdən ərəb dilinə tərcümə olunmuşdu; camaat əqli və istidlali elmləri öyrənməyə həddən artıq maraq göstərməyə başlamışdılar. Bundan əlavə, Abbasi xəlifəsi Mə`mun (195-218) mö`təzilə məzhəbindən olduğuna görə, məzhəbdə əqli istidlalların aparılmasına xüsusi əhəmiyyət verirdi. Buna görə də dinlərdə və məzhəblərdə istidlali bəhslər aparılmasına tam azadlıq verdi. Şiə alimləri bu azadlıqdan istifadə edərək elmi fəaliyyətlərə başladılar, Əhli-beyt məzhəbinin təbliğ olunması üçün yaranan münasib fürsətdən lazımınca istifadə etdilər.1
İkincisi, Mə`mun Abbasi öz siyasətinin tələbinə uyğun olaraq, vəliəhdlik məqamını şiələrin səkkizinci imamına vermişdi; bunun sayəsində ələvilər və Əhli-beyt ardıcılları müəyyən qədər dövlət valilərinin təzyiqlərindən amanda idilər. Lakin çox keçmədi ki, iti qılınclar yenidən şiələrə tərəf tuşlandı və keçmiş xəlifələrin unudulmuş üslubu bir daha təkrarlandı. Xüsusilə, Mütəvəkkil Abbasi Əli şiələrinə qarşı qatı düşmənçilik hissi bəsləyirdi; buna görə də onun dövründə (232-247) şiələrin üçüncü imamı Hüseyn (ə)-ın Kərbəladakı qəbri yerlə yeksan edilmişdi.2