ŞİƏLƏR - DÖRDÜNCÜ HİCRİ ƏSRİNDƏ
Dördüncü hicri əsrində şiəliyin genişlənməsi və güclənməsi üçün münasib şərait yaranmışdı ki, Bəni-Abbas xilafətinin zəifləməsi və Ali-bəveyh padşahlarının zahir olmasını buna misal göstərmək olar.
Əslən şiə olan Ali-bəveyh padşahları Bağdadda yerləşən xilafət mərkəzinə nüfuz edərək xəlifənin özünə də tə`sir göstərə bilmişdilər. Nəzərə çarpacaq dərəcədə əldə olunan bu qüdrət şiələrə öz məzhəblərini azad şəkildə təbliğ etməyə imkan verirdi.
Tarixçilərin qeyd etdiyi kimi, bu əsrdə Ərəbistan yarımadası bütövlükdə, yaxud böyük şəhərlər istisna olunmaqla, onun əksər hissələrini şiələr təşkil edirdilər; bundan əlavə bə`zi şəhərlərdə, o cümlədən Həcər, Əmman, Sə`də də şiələr var idi. Daim sünnü mərkəzi hesab olunan və Kufə ilə rəqabət edən Bəsrə şəhərində, həmçinin Trablos, Nablos, Təbəriyyə və Həratda da çoxlu şiələr var idi. Əhvaz əyaləti və İranın Fars körfəzi sahillərində də şiələr yaşayırdılar.
Həmin illərdə Nasir Ətruş İranın şimalında uzun illər təbliğat apardıqdan sonra Təbəristanı ələ keçirdi və orada öz hakimiyyətini e`lan etdi; bu hökumət bir neçə nəsil davam gətirə bildi. Ətruşdan əvvəl də Həsən ibni Zeyd Ələvi uzun illər Təbəristanda hakimiyyətdə olmuşdu.
Bu əsrdə İsmaili məzhəbindən olan fatimilər sülaləsi Misri ələ keçirərək orada güclü bir hökumət təşkil etdilər (296-527).1
Bir çox hallarda Bağdad, Bəsrə, Nişapur kimi böyük şəhərlərdə şiələrlə sünnülər arasında ciddi toqquşmalar baş verirdi; bu qarşıdurmalarda şiələr bə`zən qələbə çalır, bə`zən də məğlub olurdular.
Dostları ilə paylaş: |