NƏZARİYYƏ, MÜSTƏ`LİYYƏ, DƏRUZİYYƏ VƏ MUQNİƏ
296-cı hicri-qəməri ilində Afrikada zahir olan Übeydullah Məhdi camaatı ismailiyyə yolu ilə öz imamətinə də`vət edərək fatimi səltənətinin əsasını qoydu. Ondan sonra onun nəsli Misri özləri üçün xilafət mərkəzi seçdilər. Yeddi nəsil ardıcıl olaraq heç bir münaqişə və parçalanma olmadan ismailiyyə ardıcıllarına imamət və hökumət etdilər. Yeddinci imam Müstənsir Billahdan sonra Sə`d ibni Əli onun yerini tutdu. Sə`din iki oğlu Nəzar və Müstə`li xilafət və imamət üstündə bir-biri ilə mübarizə apardı; uzun-uzadı davam edən çəkişmələrdən və qanlı müharibələrdən sonra Müstə`li qələbə çaldı və öz qardaşı Nəzarı ömrünün axırına qədər zindanda saxladı. Bu çəkişmələr nəticəsində fatimiyyə ardıcılları nəzariyyə və müstə`liyyə ardıcılları olaraq iki hissəyə bölündülər.
a) Nəzariyyə;
Nəzariyyə – Həsən Səbbaha iman gətirənlərə deyilir. O, Müstənsirin ən yaxın adamlarından idi və ondan sonra nəzarilərə tərəfdarlıq etdiyinə görə Müstə`linin hökmü ilə Misirdən çıxarıldı. O, İrana gəldi və bir müddətdən sonra Ələmut qalasına gəlib çıxdı;1 Ələmut qalasını və başqa bir neçə qalanı ələ keçirib hakimiyyətə başladı. Əvvəldə xalqı nəzariyyə firqəsinə doğru də`vət edirdi. Həsənin ölümündən sonra (518-ci H.Q.) Bozorg Ümid Rudbadi və ondan sonra da onun oğlu Kiya Məhəmməd Həsən, Səbbahın tutduğu yolla hakimiyyəti ələ aldılar. Ondan sonra da oğlu və Ələmut qalasının dördüncü padşahı Həsənəli Zikruhus-səlam Həsən Səbbahın üslubunu tərk edərərək fatimilərə qoşuldu.
Nəhayət İrana hücum edən Hulakuxan Monqol ismailiyyə qalalarını fəth etdi; onların hamısını qılıncdan keçirib, qalalarını yerlə yeksan etdi. Ondan sonra 1255-ci hicri ilində nəzariyyə firqəsindən olan Ağaxan Məhəllat İranda Məhəmməd şah Qacarın əleyhinə qiyam etdi. Kerman nahiyələrində etdiyi müharibədə məğlub olaraq Bombeyə qaçdı və öz imaməti ilə batiniyyə əqidəsində olan nəzariliyi yaymağa başladı. Bu cərəyan indiyə qədər də davam edir və nəzariyyə hal-hazırda “ağaxaniyyə” adlandırılır.
b) Müstə`liyyə;
Müstə`la Fatiminin ardıcıllarına müstə`liyyə deyilir. Onların imaməti 557-ci hicri qəməri ilinə qədər Misrin fatimi xəlifələri tərəfindən qorunub saxlanırdı; bir müddətdən sonra həmin məzhəb ətrafında Hindistanda bəhrə firqəsi zahir oldu və o da indiyə qədər qalmaqdadır.
v) Dəruziyyə;
Şamın Dəruz dağlarında sakin olan dəruziyyə ardıcılları ilk əvvəllərdə Misrin fatimilər firqəsinin ardıcılları idilər. Onlar altıncı fatimi xəlifəsinin dövründə Neştəgin Dəruzinin də`vəti ilə fatimiyyəyə qoşuldular. Qeyd olunanlara görə dəruziyyə, öldürülən Əl-hakimu Billahda dayanıb; onların əqidəsinə görə o, qeybə çəkilmiş, asimanlara doğru getmiş və nə vaxtsa yenidən camaatın arasına qayıdacaqdır!
q) Muqniə.
Əta Mərvinin ardıcılları ilk əvvəldə muqniə adı ilə tanınırdılar. Tarixçilərin qeyd etdiklərinə görə onlar Əbu Müslüm Xorasaninin ardıcılları idilər və Əbu Müslümün ruhunun onda hülul etdiyini iddia edirdilər. O, bir neçə müddətdən sonra əvvəlcə peyğəmbərlik, sonra isə Allahlıq iddiası etdi! Nəhayət 162-ci hicri ilində Dəclə-Fərat çayları arasında yerləşən Kiş qalasında mühasirəyə düşdü. Tutulub öldürüləcəyini yəqin etdiyinə görə od yandırıb öz ardıcılları ilə birlikdə tonqalın içinə girib yandılar. Əta Müq`niənin ardıcılları bir müddətdən sonra ismailiyyə məzhəbini qəbul edib batiniyyə firqəsinə qoşuldular.
Dostları ilə paylaş: |