İKİNCİ YOL: ƏQLİ BƏHSLƏR
Əqli, fəlsəfi və kəlami təfəkkür:
Əvvəldə qeyd olundu ki, Qur`ani-Kərim əqli araşdırmaları təsdiq edərək onu dini təfəkkürün bir hissəsi qərar vermişdir. Əlbəttə, bunun əksi də mövcuddur; yə`ni əqli təfəkkür Peyğəmbəri-Əkrəmin (s) nübuvvətini və haqq olmasını təsdiq etdikdən sonra asimani vəhy olan Qur`ani-Kərimin, Peyğəmbəri-Əkrəmin (s) və onun Əhli-beytinin (ə) kəlamlarının zahiri mə`nalarını əqli höccətlərlə bir sırada qərar vermişdir. Ümumbəşəri nəzəriyyələri ilahi fitrətlə isbat edən əqli höccətlər də iki qismdir: “Bürhan” və “cədəl”.
Bürhan o höccətlərə deyilir ki, onun maddələri hətta məşhur, yaxud aksioma olmasa belə, haqq və aşkar müqəddimələrdən təşkil olunsun. Başqa sözlə desək, elə qəziyyələr olmalıdır ki, insan öz ibtidai şüuru ilə çətinlik çəkmədən onları dərk və təsdiq edə bilsin. Məsələn üçün dörddən kiçik olması əqli təfəkkür hesab olunur. Əgər varlıq aləminin külliyyatında olarsa, yaradılış aləmini icad edən, dünya və onda olanların işinin axırı barədə fikirləşmək də fəlsəfi təfəkkür adlanır.
Cədəl elə bir höccətdir ki, onun maddələrinin hamısı, yaxud bə`zisi məşhur və aksiom məsələlərdən götürülmüş olsun. Belə ki, din və məzhəb ardıcılları arasında mövcud olan bir qaydaya görə onlar daxildə öz e`tiqadi nəzəriyyələrini həmin məktəbin inkarolunmaz prinsipləri ilə isbat edirlər. Qur`ani-Kərim hər iki üslubdan istifadə etmişdir və bu asimani kitabın bir çox ayələrində hər iki üslub nəzərə çarpır:
Əvvəla: Varlıq aləminin külliyyatında, aləmin ümumi qanunlarında, eləcə də onun xüsusi sistemlərində, o cümlədən asiman, ulduzlar, gecə-gündüz, yer, bitkilər, heyvanlar, insan və s. barədə dərindən fikirləşməyə əmr edir, azad əqli araş-dırmaları ali dərəcədə tə`rif və təşviq edir.
İkincisi: Adətən kəlami bəhslər adlandırılan əqli, cədəli araşdırmaların ən gözəl tərzdə aparılmasına əmr edir (məqsəd, gözəl əxlaqla yanaşı və inadkarlıqdan uzaq olmaqla haqqın izhar olunmasıdır). Belə ki, buyurulur:
“Öz Rəbbinin yoluna hikmət və gözəl moizə ilə də`vət et, onlarla gözəl olan mücadilə ilə mübahisə et.”1
Dostları ilə paylaş: |