NÜBUVVƏT VƏ İMAMƏTƏ İMAN
İndi də məsələnin digər bir tərəfini araşdıraq. Görəsən təkallahlı və qiyamətə imanı olan və Allah yolunda iş görən qeyri-müsəlmanların vəziyyəti necə olacaq?
Kitab əhli arasında elələri var ki, onlar nə İsanı və nə də Üzeyri Allahın oğlu hesab edir və nə də atəşpərəst və dualistdirlər. Onlar nə «İsa Allahın oğludur», nə «Üzeyr Allahın oğludur» və nə də «Əhrimən pisliklər allahıdır» deyirlər. Belə adamlar qiyamət gününə də inanırlar. Bu qism adamların aqibəti necə olacaq?
Burada bizim söhbətimiz materialist və Allahı inkar edən və təbii ki, elmi məqsədləri maddiyyat çərçivəsindən kənara çıxmayan ixtiraçı alim və bəşəriyyət xidmətçilərindən getmir. Keçən söhbətimizdə bizim, onlar barəsində İslam məntiqi əsasında olan nəzərimiz məlum oldu. İndiki söhbətimiz dünyanın başlanğıc və sonuna imanı olan və təbii ki, əməl cərəyanında yuxarı gedə bilən və qeyri-maddi məqsədlər üçün iş görə bilən şəxslər barəsindədir. Deyirlər ki, Edison və Pastor bu cür adam olublar. Onların dindar və Allahpərəst insan olmaları da bildirilir. Belə ki, onlar dindar müsəlmanlar kimi işə Allahın razılığı üçün və ilahi niyyətlərlə başlayırlarmış. Bunlar əslində xristian olmayan xristianlardırlar, çünki onlar həqiqi xristian olsaydılar və xristianlığın mövcud əsaslarına iman bəsləsəydilər və İsanı allah hesab etsəydilər, onların təkallahlı olmaları mümkün olmazdı. Bu günki xristian alimlər bəlkə də triada etiqadı (üç üqnumaya inam) xurafatına daha az inam bəsləyirlər.
Bu bölmədə irəli sürülən suallara cavab vermək üçün nübüvvət və imamətə imanın nə üçün lazım olmasına nəzər salmaq lazımdır. Nübüvvət və imamət nə üçün lazımdır və onlar nə üçün əməlin qəbul olma şərti sayılırlar?
Peyğəmbərlər və Allah övliyalarına imanın əməllərin qəbul edilməsində aid olması iki səbəbdəndir.
Həmin səbəblərdən biri onların tanınmalarının Allahın tanınmasına bağlı olmasıdır. Əslində Allah və Onun sifətlərinin tanınması Allah övliyalarını tanımayınca kamilləşmir. Başqa sözlə desək, Allahı tam surətdə tanımaq hidayət və istiqamətləndirmə nümunələrini tanımaqdır.
Digər bir səbəb isə peyğəmbər və imamların məqamlarının tanınmasının lazımlığı, onları tanımayınca kamil və düzgün həyat proqramı əldə etməyin mümkün olmamasıdır.
Bir xeyirxah müsəlmanla xeyirxah kafir arasındakı fərq budur ki, xeyirxah kafir düzgün proqrama malik olmadığı üçün onun müvəffəqiyyət qazanma ehtimalı çox azdır.
Amma müsəlman özünü hərtərəfli və düzgün proqramı olan dinə tapşırdığı üçün öz proqramını düzgün həyata keçirsə müvəffəqiyyət qazanması qətidir. Saleh əməl təkcə xalqa yaxşılıq etməkdə deyil. Bütün vacib, haram, müstəhəb və məkruhlar saleh əməl proqramına daxil olan şeylərdəndirlər. İslamdan uzaq düşdüyü üçün bu düzgün proqrama malik olmayan dindar xristian, bu proqramın böyük nemətlərindən məhrumdur. Çünki o, yerinə yetirilməsi qadağan edilmiş bir sıra işlər, məsələn içilməsi qadağan edilmiş şərab içir. Bildiyiniz kimi, şərab içilməsinin qadağan edilmə səbəbi onun fərdi, ictimai və ruhi ziyanlarına görədir və onu içən şəxs təbii ki, həmin ziyanlara düçar olur. həmin şəxs bu baxımdan həkimin məsləhətlərindən məhrum qalmış şəxsə bənzəyir. O, həmin məhrumluq nəticəsində öz qəlb, ciyər və sinir sisteminin vaxtından qabaq xəstəliyə tutulması və ömrünün qısalmasına səbəb olan işlər görür.
İslami proqramlarda bir sıra göstərişlər var ki, onlara əməl edilməsi ruhi və mənəvi təkamülə çatmağın şərtlərindəndir. Məlumdur ki, bir nəfər qeyri-müsəlman hər nə qədər təəssübsiz və inadsız olsa da, kamil insanlıq proqramından məhrumluğuna görə onun üstünlüklərindən məhrum və bəhrəsiz qalacaq.
Belə şəxs beş vaxt namaz, Ramazan ayının orucu və Allah evinin ziyarəti kimi böyük ibadətlərdən məhrum qalır. O, əkinçilik proqramına malik olmadan toxum əkən şəxsə bənzəyir. Bu cür proqramsız əkinçiliklə məşğul olan şəxsin əldə etdiyi məhsul heç vaxt düzgün və hərtərəfli proqram üzrə torpağı əvvəlcə şoxumlayan, münasib vaxtda toxum səpən və alaqları təmizləyən, bir sözlə lazım olan bütün texniki və elmi hazırlıqlarla əkin əkən şəxsin məhsulu kimi olmayacaq.
Müsəlman xeyirxahla qeyri-müsəlman xeyirxah arasındakı fərq barəsində belə demək olar ki, müsəlman xeyirxah dərin məlumatlı bir həkimin nəzarəti altında müəyyən proqrama malik olan və bütün dava- dərman və yeməklərini həkimin nəzarəti altında qəbul edən xəstəyə bənzəyir. Amma müsəlman olmayan xeyirxah şəxs isə proqrama malik olmayan və əlinə düşən dərman və yeməyi özbaşına qəbul edən xəstəyə bənzəyir. Bu xəstənin faydalı bir dərman ataraq sağalması mümkündür. Lakin onun, ziyanlı bir dərmandan istifadə edərək həlak olmaq ehtimalı da vardır. Həmçinin ola bilər ki, faydalı bir yemək yesin, amma sonra pərhizkarlıq etməməsi və münasib olmayan yeməklər yeməsi səbəbindən əvvəlki faydalı yeməyin təsirini də aradan aparsın.
Bu bəyanla məlum olur ki, müsəlmanla müsəlman olmayan Allahpərəst arasındakı fərq, müsəlmanın düzgün proqrama malik Allahpərəst, qeyri-müsəlmanın isə işləri düzgün proqramla olmayan Allahpərəst olmasıdır. Başqa sözlə desək, müsəlman hidayət yolunda olan, qeyri-müsəlman isə Allahı tanımasına baxmayaraq, hidayət yolunda olmayandır. Qurani-kərim bu barədə belə buyurur:
«...Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar...»1
Son iki fəsildə dediklərimizin hamısından belə məlum oldu ki, qeyri-müsəlman şəxslərin hamısı xeyir əməllərinə görə Allah tərəfindən mükafatlandırılmaq baxımından bərabər deyildirlər. Allah və qiyamətə inamı olmayan qeyri-müsəlmanla Allah və qiyamətə imanı olan, amma nübüvvətə iman bəsləməkdən məhrum olan qeyri-müsəlman arasında çox böyük fərq vardır. Birinci dəstənin Allah dərgahında qəbul edilən iş görmək imkanı yoxdur, amma ikinci dəstə üçün bu imkan var. Bu dəstə müəyyən şərtlərlə cənnətə gedə bilər. Amma birinci dəstənin cənnətə getməsi mümkün deyil. Deyəsən İslamın birgə yaşayış prinsipi baxımından kitab əhli ilə müşrik arasında fərq qoyması, kitab əhlinə güzəştə gedərək müşrikə güzəştə getməməsi, müşriki əqidəsini tərk etməyə məcbur etməsi, kitab əhlini isə həmin işə məcbur etməməsinin fəlsəfəsi müşrik və ya Allahı inkar edən şəxsin şirk və inkarla nicat qapısını əbədi olaraq öz üzünə bağlaması və özünü maddi təbiətdən keçərək mələkut aləmi və əbədi cənnətə tərəf ucalmaqdan həmişəlik məhrum etməsi, kitab əhlinin isə naqis də olsa saleh əməl yerinə yetirmək və onun nəticəsini görmək şəraitində yerləşməsidir. Qurani-kərim kitab əhlinə xitab edərək belə buyurur:
«...Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəli! (O kəlmə budur ki, Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!...»2
Qurani-kərim kitab əhlinə belə bir çağırış verib, amma müşriklərə heç vaxt bu şəkildə müraciət etməyib.
Dostları ilə paylaş: |