MüƏLLİF: ustad müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: AĞabala mehdiyev kitabın adı: İlahi ədalət Müəllif: Ustad Mürtəza Mütəhhəri



Yüklə 5,32 Mb.
səhifə22/24
tarix02.07.2018
ölçüsü5,32 Mb.
#55517
1   ...   16   17   18   19   20   21   22   23   24

İSLAM FİLOSOFLARI BAXIMINDAN


İslam filosofları bu məsələni başqa cür bəyan ediblər. Amma əldə etdikləri nəticə bizim ayə və rəvayətlərdən əldə etdiyimiz nəticə ilə uyğundur. Əbu Əli ibni Sina belə deyir:

«İnsanlar cismi sağlamlıq və bədənlərinin gözəlliyi baxımından üç qrupa bölünürlər. Onların bir qrupu tam sağlam və ya gözəlliyin tam zirvəsində olurlar. Başqa bir qrup isə çirkinlik və ya xəstəliyin son həddində olurlar. Bu iki qrupun hər ikisi azlıq təşkil edirlər. Çoxluq təşkil edən qrup, sağlamlıq və xəstəlik, gözəllik və çirkinlik baxımından orta vəziyyətdə olanlardır. Onlar nə tam sağlam və nə də naqis yaradılmış varlıq kimi həmişə xəstə olurlar və həmçinin nə həddindən artıq gözəl və nə də həddindən artıq çirkindirlər.

İnsanlar mənəvi və ruhi cəhətdən də belədirlər. Bir qrup həqiqət vurğunu, bir qrup isə həqiqətin qatı düşmənidir. Üçüncü qrup əksəriyyət və ortabab olanlardır ki, nə birinci qrup kimi həqiqət vurğunu və nə də ikinci qrup kimi həqiqət düşmənidirlər. Bunlar həqiqətə çatmayan insanlardırlar. Həqiqət onlara təqdim edilsə, onlar onu qəbul etməkdən boyun qaçırmazlar.»

Başqa sözlə desək, onlar islami və fiqhi baxımdan müsəlman deyildirlər, amma həqiqət baxımından «müslim», yəni ona təslim olanlar və ona qarşı inadkarlıq göstərməyənlərdir».

Əbu Əli bu bölmədən sonra belə deyir:

«Allahın rəhmətini geniş bil və onu az saylı bir qrupa məxsus hesab etmə!»

Molla Sədranın «Əsfar» kitabının xeyir-şər bəhslərində gətirdiyi iradlardan biri də budur:

«Siz xeyirin şərdən çox olmasını necə deyirsiniz halbuki, kainatın ən şərəflisi olan insana nəzər salanda görürük ki, onların əksəriyyəti əməl baxımından çirkin əməllər, etiqad baxımından isə batil və puç əqidə və nadanlığa düçardırlar, çirkin əməllər və puç əqidələri onların məad işlərini xarab edərək onları bədbəxtliyə layiq edib. Deməli varlığın meyvəsi və gülü olan insanın aqibəti bədbəxtçilikdir».

Molla Sədra bu iradın cavabında Əbu Əlinin sözlərinə işarə edərək belə deyir:

«İnsanlar o dünyadakı sağlamlıq və səadətləri baxımından bu dünyadakı sağlamlıqları kimidirlər. Bu dünyada tam sağlam, tam gözəl və həmçinin tam xəstə və tam çirkin azlıq təşkil etdiyi və çoxluq, nisbi sağlamlığa malik ortabablarla olduğu üçün, o dünyada da kamillər — Quranın dili ilə desək, «Əs-sabiqun» ilədir və həmçinin bədbəxtlər — Quranın dili ilə desək, «Əshabuş-şimal» azdırlar və əksəriyyət Quranın «Əshabul-yəmin» adlandırdığı ortabab insanlarla olacaq. Molla Sədra bu sözünün davamında belə deyir: Deməli hər iki dünyada çoxluq rəhmət və sağlamlıq əhli ilədir».

Filosoflar demək istəyirlər ki, İslam dinini qəbul etməyə nail olanların az olmalarına baxmayaraq, fitri İslama malik olan insanlar və İslam ilə məhşərə gətirilənlər əksəriyyət təşkil edir.

Bu əqidə tərəfdarlarının fikrincə, Quranda peyğəmbərlərin, dinlərini bəyəndikləri şəxslərə şəfaət edəcəkləri barəsindəki mətləbdən məqsəd, qüsur nəticəsində çata bilmədikləri və inadkarlıq da göstərmədikləri kəsb edilməli olan din deyil, fitri dindir.


MÜSƏLMANLARIN GÜNAHLARI


İndi isə müsəlmanların günahları barəsində danışacağıq. Bu məsələ eyni ilə birinci məsələnin (yəni qeyri-müsəlmanların xeyir işləri məsələsinin) əksidir və keçən bəhsin yekunu sayılır. Sual budur ki, müsəlmanların günahlarının cəzası qeyri-müsəlman şəxslərin cəzası kimi olacaq, yoxsa yox?

Keçən bəhsimiz elmi əqidə olduğu üçün onun irəli sürülməsi zəruri idi, amma bu məsələnin irəli sürülməsi əməli bir zərurətdir. Çünki indiki əsrdə müsəlman cəmiyyətlərin tənəzzülə uğraması və məhv olmasının səbəblərindən biri, son zamanlarda müsəlmanların bir qrupunda, xüsusilə şiələrin əksəriyyətində yaranmış yersiz qürurdur.

Əgər onlardan «şiə olmayanların yaxşı əməlləri Allah dərgahında qəbul ediləcək?» deyə soruşulsa, onların çoxu «yox» cavabını verəcəklər. Onlardan «şiələrin pis və günah işlərinin hökmü nədir?» deyə soruşulanda isə onlar «şiələrin bütün pis və günah işləri bağışlanacaq» deyə cavab verirlər.

Bu iki cümlədən belə məlum olur ki, dəyəri olmayan yeganə şey əməldir. Onun nə mənfi və nə də müsbət bir dəyəri var. Səadət və xoşbəxtliyin yeganə lazımı və zəruri şərti, insanın öz adını şiə qoymasıdır.

Bu qrup adamlar adətən belə dəlil gətirirlər:

1. Əgər bizimlə başqalarının günahları bir cür nəzərə alınaraq hesablanacaqsa, bəs onda şiə ilə qeyri-şiə arasında nə fərq var?

2. Belə məşhur bir rəvayət var: «Əlinin (ə) məhəbbəti elə bir gözəllikdir ki, onun olması ilə insana heç bir günahı zərər gətirməz.»

Onların birinci dəlillərinin cavabında demək lazımdır ki, şiə ilə qeyri-şiə arasındakı fərq, şiə öz rəhbərlərinin verdiyi proqramlara, qeyri-şiə də öz dini proqramlarına əməl edəndə məlum olur. Bəli, onda həm dünya və həm də axirətdə şiənin başqalarından üstün olması aydınlaşır. Fərqi mənfi deyil, müsbət cəhətlərdə axtarmaq lazımdır. «Şiə ilə qeyri-şiə, dini poqramlarını ayaq altına qoyanda fərqə malik olmalıdırlar və onlar arasında fərq olmasa, bəs şiə ilə qeyri-şiə arasında nə fərq var?» demək lazım deyil.

Bu eynilə iki xəstənin həkimə müraciət etməsi kimidir. Həmin xəstələrdən biri dərin məlumatlı həkimə, digəri isə səthi məlumatlı həkimə müraciət edir, amma həkimdən nüsxə alandan sonra onların heç biri ona əməl etmirlər. Sonra birinci xəstə gileylənir ki, bəs mənimlə dərin məlumatı olmayan həkimə müraciət edən xəstə arasında nə fərq var? Nə üçün mən də onun kimi xəstə qalmalıyam, halbuki mən dərin məlumatlı həkimə, o isə səthi məlumatlı həkimə müraciət edib?!

İndi bizim də Əli (ə) ilə başqalarının fərqini biz o həzrətin göstərişlərinə əməl etməyəndə ziyan görməyəcəyimizdə, onların isə öz rəhbərlərinin sözlərinə əməl etsələr də, etməsələr də ziyan görəcəklərində görməyimiz düz deyil!

İmam Sadiqin (ə) səhabələrindən biri o həzrətə deyir ki, sizin şiələrinizdən bəziləri yollarından çıxıblar və haramları halal sayaraq deyirlər ki, əsas məsələ ancaq imamı tanımaqdır, imamı tanıdınsa istədiyin işi görə bilərsən. İmam Sadiq (ə) onun cavabında belə buyurur:

«İnna lillah və inna iləyhi raciun! Bu kafirlər bilmədikləri şeyi öz ağılları ilə yozurlar. Söhbət bundan gedir ki, imamı tanı və sonra itaət olunası əməllərdən nə istəyirsənsə et, Allah qəbul edəcək, çünki Allah-taala agahlıqla olmayan əməli qəbul etmir.»1

Məhəmməd ibni Marid imam Sadiqdən (ə) soruşur ki, siz doğrudan da «İmamı tanıyandan sonra istədiyini et» cümləsini demisiniz?

İmam deyir ki, bəli demişəm.

Məhəmməd ibni Marid deyir ki, hər əməl hətta zina, oğurluq və içki içmək?!

İmam buyurur: «Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq. Allaha and olsun ki, bizim barəmizdə insafsızlıq ediblər. Biz öz əməllərimizə məsuliyyət daşıyırıq, bizim şiələrimizin məsuliyyətlərinin götürülməsi necə mümkündür? Mən demişəm ki, imamı tanıyan kimi istədiyin qədər xeyir iş gör, qəbul olacaq».

«Əlinin(ə) məhəbbəti elə bir gözəllikdir ki, onun olması ilə insana heç bir günahı zərər gətirməz.» hədisinə gəldikdə isə, onun təfsirinin nə olmasını araşdırmaq lazımdır. Böyük alimlərdən biri - deyəsən Vəhid Behbəhani - bu hədisi xüsusi bir tərzdə təfsir edib. O, buyurub ki, hədisin mənası budur ki, əgər Əlinin (ə) məhəbbəti düzgün məhəbbət olsa, günah insana heç vaxt zərər gətirməz, yəni insanlıq, ibadət, itaət və əxlaqın kamil nümunəsi olan Əlinin məhəbbəti, yalançı və qondarma deyil, həqiqi məhəbbət olsa insanın günah etməsinə mane olar. Bu məhəbbət mühafizə yaradaraq xəstəliyin insana yol tapmasına mane olan peyvənd kimidir. Əməl, təqva və pərhizkarlıq simvolu olan Əli kimi rəhbərin məhəbbəti, adamı onun rəftarının vurğunu edir, günah fikrini onun başından çıxardır. Əlbəttə bunların hamısı məhəbbətin həqiqi olması şərti ilədir. Əlini (ə) - onun təqvasını, ah-nalələrini, gecə yarısı olan nalələrini dərk edən, ona məhəbbət bəsləyən şəxsin həmişə təqva və əmələ sifariş edən Əlinin (ə) göstərişlərinə zidd işlər görməsi qeyri-mümkündür. Hər bir aşiq öz sevgilisinin istəklərinə hörmət bəsləyir və onun göstərişlərini əziz tutur. Sevgiliyə tabe olaraq onun göstərişlərinə əməl etmək düzgün məhəbbətin zərurətlərindəndir. Bu təkcə Əliyə (ə) aid deyil və Peyğəmbərə (s) olan düzgün və həqiqi məhəbbət də belədir. Deməli «Əlinin (ə) məhəbbəti elə bir gözəllikdir ki, onun olması ilə insana heç bir günah zərər gətirmir» hədisinin mənası budur ki, Əlinin məhəbbəti günahın insana zərər vurmasına mane olur, yəni günahın insana yol tapmasına mane olur. Bəli həmin hədisin mənası nadanların güman etdikləri şey, yəni Əli məhəbbətinin hər bir günahı təsirsiz edən bir şey olması deyil.

Bəzi dərvişlər bir tərəfdən Allahın dostu olmalarını iddia edir, digər tərəfdən isə bütün günahkarlardan çox günah edirlər. Onlar da yalançı iddiaçılardırlar.

İmam Sadiq (ə) buyurub: «Allah məhəbbəti iddiası ilə Ona asi olursan; Canıma and olsun ki, bu çox təəccüblü işlərdəndir; əgər sənin məhəbbətin həqiqi məhəbbət olsaydı ona itaət edərdin; çünki hər bir dostun öz dostuna tabe olması təbiidir».

Əmirəl-möminin (ə) həqiqi dostları həmişə günahlardan uzaqlaşıblar. O həzrətin vilayəti günaha təşviq və sövq edən deyil, günahdan saxlayan bir amildir.

İmam Baqir (ə) buyurub:

«Bizim vilayətimizə yaxşı əməl və günahdan çəkinməkdən başqa heç bir şey ilə çatmaq mümkün deyil».

İndi də bu mətləbi təsdiq edən bir neçə rəvayətə nəzər salaq.

1. Tavus Yəmani deyir:

Mən Əli ibni Hüseyni axşamdan səhərə kimi Allah evinin başına təvaf edən və ibadətlə məşğul olan halda gördüm. O, ətraf sakitləşən kimi heç kəsin olmadığını görüb göyə baxaraq belə dedi: «İlahi, ulduzlar göydən yoxa çıxdılar, camaatın gözü yuxuya getdi və Sənin qapıların dua edənlərin üzünə açıqdır...»

Tavus o həzrətin bu barədəki təvazökar və abidanə olan dualarından çoxlu cümlələr nəql edərək belə deyir: O həzrət münacatının ortasında bir neçə dəfə ağladı və sonra torpağın üstünə düşdü və səcdə etdi. Mən onun yanına gedib başını dizimin üstünə qoyub ağladım. Gözlərimdən yaş axdı və damcılar o həzrətin üzünə düşdü. O ayağa durub oturdu və məndən soruşdu ki, sən kimsən ki, məni Allahla danışmaqdan ayırdın? Dedim ki, mən Tavusam, ey Peyğəmbərin oğlu! Bu nalə və ağlamaqlar nə üçündür? Biz belə etməliyik, çünki, günahkar və cəfakarıq? Sənin atan Hüseyn ibni Əli (ə), anan Fatimeyi-Zəhra, baban isə Allahın Peyğəmbəridir. (Yəni belə şərəfli əsil-nəcabətə malik ola-ola sən nədən qorxursan?) O həzrət mənə baxıb belə dedi: «Xeyir, xeyir, ey Tavus! Əsil-nəcabət məsələsini kənara qoy. Allah cənnəti itaətkar və xeyirxah olanlar üçün yaradıb, o, hətta qara qul olsa belə ! Atəşi isə Onun fərmanından çıxan üçün yaradıb, hətta Qureyşin şahzadələrindən olsa belə! Məgər Allahın bu sözünü eşitməmisən ki, buyurub: «Sur çalınanda əsil-nəsəblər aradan gedir və bir-birlərindən heç nə soruşmurlar. Allaha and olsun ki, bu gün göndərdiyin əməldən başqa sənə heç nə xeyir verməyəcək».

2. İslam Peyğəmbəri (s) Məkkənin fəthindən sonra Səfa dağının başına çıxaraq belə fəryad etdi: Ey haşim oğulları! Ey Əbdul-Müttəlib oğulları! Haşim və Əbdul-Müttəlib övladları toplaşdılar. Onlar hamısı toplaşandan sonra o həzrət onlara xitab edərək belə buyurdu:

«Mən Allahın sizə göndərdiyi elçisiyəm, mənim sizə ürəyim yanır. Məhəmməd bizdəndir - deməyin, Allaha and olsun ki, sizin və sizdən başqalarının arasından yalnız pərhizkarlar mənim dostlarımdırlar. Məbada qiyamət günü siz çiyninizdə dünyanı daşıdığınız, başqaları isə axirəti daşıdıqları halda gələsiniz. Mən özümlə siz və sizinlə Allah arasında heç bir üzr yeri qoymadım. Bizim hər birimiz üçün yalnız öz əməlimiz qalacaqdır.»

3. Tarix kitablarında yazılıb ki, əziz İslam Peyğəmbəri ömrünün son günlərində, bir gecə təkcə çölə çıxaraq Bəqi qəbristanlığına gedir və Allahdan orada yatanların günahlarının bağışlanmasını istəyir. Sonra səhabələrinə belə deyir: Cəbrail Quranı mənə hər il bir dəfə gətirərdi, bu il isə iki dəfə gətirib, məncə bunun səbəbi ölümümün yaxınlaşmasıdır. Səhəri gün minbərə çıxaraq ölümünün yaxınlaşmasını elan etdi və dedi ki, kimə nə vəd vermişəmsə gəlsin yerinə yetirim və kimə borcluyamsa gəlsin borcunu qaytarım.

Sonra sözünü belə davam etdirdi:

«Ey camaat! Allahla heç kəs arasında əməldən başqa heç bir qohumluq əlaqəsi və ya digər bir bağlılıq yoxdur ki, Allah ona görə həmin adama xeyir yetirsin və ya ondan şəri uzaqlaşdırsın. Heç kəs əməldən başqa bir şeyin ona xeyir gətirəcəyini iddia etməsin, arzulamasın və güman etməsin. Məni peyğəmbərliyə göndərən Allaha and olsun ki, əməllə Allahın rəhmətindən başqa heç nə insana nicat verməyəcək. Əgər mən də günah etsəydim süqut edərdim. İlahi! Öz vəzifəmi yerinə yetirdiyimə şahid ol».

4. Həzrət Əli ibni Musa Rzanın (ə) Zeydunnar adlı bir qardaşı olub. İmam bu qardaşının rəftarından elə də razı deyildi. İmam Mərvdə olanda bir gün çoxlu adamın iştirak etdiyi bir məclisdə söhbət edirdi. Zeyd də həmin məclisdə idi. O həzrət söhbət əsnasında onun bir dəstəyə üz tutub peyğəmbər nəslinin məqamından dəm vurmasını və qürurla «biz belə etdik, biz elə etdik» söyləməsini eşitdi. İmam söhbətini yarımçıq kəsib Zeydə üz tutaraq belə dedi: «Bu nə sözlərdir danışırsan? Əgər sənin sözlərin düz olsa və peyğəmbər övladları istisnai şəraitə malik olsalar, Allah onların pis iş görənlərinə əzab verməyərək onlara mükafat versə, onda sən Allah yanında atan Musa ibni Cəfərdən (ə) daha əzizsən? Çünki o, Allaha bəndəlik etməklə Ona yaxınlıq məqamına nail olub, amma sən güman edirsən ki, Allaha bəndəlik etmədən Musa ibni Cəfərin məqamına çata bilərsən!»

İmam sonra Kufə alimlərindən olan və həmin məclisdə iştirak edən Həsən ibni Musa Vəşşaya üz tutaraq belə buyurdu: Kufə alimləri «Qalə ya nuhu...» ayəsini necə qiraət edirlər?

O dedi: Onlar bu ayəni «İnnəhu əməlun ğəyru salihin» şəklində oxuyurlar. (Yəni o, sənin oğlun deyil, sənin nütfəndən deyil, o zinakar bir kişinin oğludur.)

İmam buyurdu: Xeyr, belə deyildir, onlar ayəni səhv oxuyur və yanlış də təfsir edirlər. Ayə belədir: (İnnəhu əməlu ğəyri salihin» Yəni sənin övladın özü nasaleh adamdır. O, doğrudan da Nuhun (ə) oğlu idi. Onun Allah dərgahından qovularaq boğulmasının səbəbi, özünün nasaleh olmasıdır. Deməli, peyğəmbər və ya imamın oğlu olmaq və ya onlara bağlılığın heç bir xeyiri yoxdur, bunun üçün saleh əməl lazımdır.


Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin