ZƏRƏR-ZİYANA UĞRAMA
İmanın dəyəri barəsindəki söhbətimizə uyğun olaraq diqqət edilməsi lazım olan üçüncü məsələ, küfr və inadkarlığın mənfi dəyəridir. Yəni, görəsən küfr və inadkarlıq xeyir əməlin məhv olaraq təsirini əldən verməsinə səbəb olur və bir «bəla» kimi onu xarab edirmi? Başqa sözlə desək, görəsən insan bütün lazımı şərait və faili və feli yaxşılığı ilə bir yaxşı iş görsə və digər tərəfdən həqiqət, xüsusilə dinin əsaslarından olan bir həqiqət müqabilində inadkarlıq etsə, onun öz zatında xeyir, mələkuti və nurani olan, ilahi və mələkuti baxımdan naqisliyi olmayan əməli bu inadkarlıq və ya digər ruhi azğınlıq ucbatından məhv olurmu? Burada söhbət afət və bəladan gedir.
Əməl həm feli və həm də faili yaxşılığa, başqa sözlə desək, həm normal bədən və həm də sağlam ruha malik ola bilər və həm mülki və təbiət, həm də mələkuti cəhətdən xeyir ola bilər, amma eyni zamanda bəlaya uğraması səbəbindən mələkuti cəhətdən məhv olaraq puça çıxa bilər. Məsələn münasib yerdə əkilən və məhsul verən, amma istifadə edilməmişdən qabaq bəlaya düçar olan, çəyirtəgə və ya ildırımın məhv etdiyi toxum kimi. Qurani-kərim bu zərər-ziyan və bəlaya uğramağı «hubt» adlandırır.
Ziyanverici və bəlaya düçar olmaq ancaq kafirlərə məxsus deyil. Bu müsəlmanların yaxşı əməllərində də baş verə bilər. Məsələn ola bilər ki, bir mömin müsəlman Allah yolunda və Allaha xatir bir yoxsula sədəqə versin və onun sədəqəsi Allah dərgahında qəbul edilsin, amma o, sonra minnət qoymaq və ya ona başqa cür ruhi əziyyət verməklə həmin sədəqəni məhv edərək puça çıxarsın.
Qurani-kərim buyurur:
«Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın...»1
Xeyir əməlin afətlərindən biri həsəddir. Hədislərin birində bu barədə belə deyilir: «Alov, odunu yandıraraq aradan apardığı kimi, həsəd də insanın xeyir əməllərini udaraq məhv edir.»
Həmin afətlərdən biri «cuhud», yəni həqiqət qarşısında dayanaraq onunla mübarizə aparmaqdır. Cuhudun mənası, insanın həqiqəti dərk etməsinə baxmayaraq, onun əleyhinə çıxmasıdır. Başqa sözlə desək, cuhud fikir və düşüncənin dəlil vasitəsi ilə təslim olması və həqiqətin əqli baxımdan aydınlaşması, ruh və hisslərin isə eqoistlik və təkəbbürcəsinə boyun qaçıraraq təslim olmamasıdır. Küfrün ruhu, həqiqəti tanıya-tanıya onunla mübarizə apararaq onun əleyhinə çıxmaqdır. Biz təslimin dərəcələri barəsində danışanda bu hal barəsində bəzi izahlar verdik. İndi isə afətlərə düçar olma bəhsi ilə əlaqədar məlumat verəcəyik.
Əmirəl-möminin Əli (ə) İslamın tərifində belə buyurub: «İslam həqiqətə təslim olmaqdır».
Yəni, şəxsi mənafe, təəssübkeşlik və adəti həqiqətlə üz-üzə dayananda insan özünü həqiqətə təslim edərək ondan başqa bütün şeylərdən üz döndərməlidir.
Cuhud, Əbu Cəhlin malik olduğu qərəzli kafirlik halətidir. O, Peyğəmbərin (s) öz peyğəmbərlik iddiasında düzgün olduğunu bilirdi, amma qərəzli kafirlik halətinə düçar oduğu üçün iman gətirmirdi. Bəzən bəzilərinin «biz cəhənnəmə getməyə hazırıq, amma bu işi görmərik» kimi ifadələr işlətdiklərini eşidirik. Bunun mənası odur ki, həmin iş həqiqət olsa da, onu qəbul etməyə razı deyilik. «Sərquz oftadən» «iki ayağı bir başmağa dirəmək» kimi ifadələr də həmin cuhud sifətinin nişanələrindəndir. Qurani-kərim bu çirkin sifətin bəzi şəxslərdə olmasını çox ali formada təsvirə çəkib. Ənfal surəsinin 32-ci ayəsində belə oxuyuruq: «Bir zaman da: Ya Allah! Əgər bu sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!- demişdilər.»
Quran necə də qəribə bir səhnəni canlandırıb! Bir cümlə ilə bəzi insanların ruhi xəstəliklərini necə də gözəl təsvir edib?
Sözləri bu ayədə nəql edilmiş bu tərs insan «ilahi, əgər bu məsələ haqdırsa və Sənin tərəfindəndirsə mənim qəlbimi onu qəbul etməyə doğru yönəlt» demək əvəzinə, «ilahi, əgər haqdırsa əzab göndərərək məni məhv et», mənim sağ qalıb onu görməyə taqətim yoxdur, deyir.
Bu hətta çox kiçik məsələlərdə olsa belə, çox qorxulu bir haldır. Bizim çoxumuz, Allah eləməmiş, ona düçar ola bilərik. Məsələn ola bilər ki, dünya şöhrətli çox yüksək məqama malik bir təbib, müctəhid və ya mütəxəssis öz elmi sahəsində bir söz deyərək nəzərini bildirsin və sonra tanınmamış bir təbib və ya tələbə həmin şəxsin nəzərinə zidd bir fikir söyləyərək qəti dəlillər gətirsin. Belə bir vəziyyətdə yüksək məqama malik olan həmin şəxs, öz ürəyində həmin gəncin sözlərini təsdiq edir, amma camaat həmin nəzərdən xəbərsiz qalır. Belə olan halda əgər həmin məşhur mütəxəssis bu tələbənin sözlərinə təslim olsa, yəni həqiqətə təslim olsa və öz səhvini etiraf etsə, doğrudan da «müsəlman» (təslim olan)-dır. Çünki İslam həqiqət müqabilində təslim olmaqdır. Demək olar ki, o, bir növ Quranın «...Özünü Allaha təslim edənlər» təbirinin nümunəsidir. Belə olan şəxs çirkin cuhud sifətindən pak və uzaqdır. Amma əgər həmin tanınmamış tələbənin sözlərini inkar edərək öz heysiyyət və şöhrətini qorumaq üçün həqiqətlə mübarizə aparsa, inadkar kafir və cuhud edəndir.
Həmin təbib əgər çox insafsız olmasa sözünü yox, əməlini geri götürər. Amma əgər çox insafsız olsa, əməlini də dəyişdirməyərək həmin nüsxəni yazar, xəstəni öldürər və sonra «xəstənin sağalmasına ümid yoxdur» deyər. Yüksək məqama malik olan alimlər də bu cürdür. Bu halətin əksi də çox baş verir. «Kafi» kitabında olan bir rəvayət bu həqiqəti aydınlaşdırır:
Məhəmməd ibni Müslim deyir ki, imam Baqirin (ə) belə buyurduğunu eşitdim: «İqrar, təslim və qəbul etmə ruhunun nəticəsi olan hər bir şey iman, inadkarlıq və haqdan boyun qaçırmanın nəticəsi olan hər bir şey isə küfrdür.»1
Deyirlər ki, «Cəvahirul-kəlam» kitabının müəllifinin şagirdlərindən olmuş və sonralar məşhur müctəhid kimi tanınmış ayətullah Seyyid Hüseyn Kuhkəməri hər gün həmişə olduğu kimi Nəcəf məscidlərindən birinə gələr və orada dərs keçərdi.
Bildiyimiz kimi, fiqh və üsul elmlərinin xaric dərsininin tədrisi, müctəhidliyə hazırlıq kimidir və müctəhid olmaq tələbə üçün sonsuz bir məqama çatmaq deməkdir. Çünki tələbə müctəhid olmayınca heç nə sayılmır və onun rəy və əqidəsinə etina edilmir. Buna görə də müctəhid olmaq ehtimalı olan tələbə həssas bir mərhələ keçir. Mərhum Seyyid Hüseyn Kuhkəməri belə bir mərhələdə olub.
O, bir gün hardansa, məsələn kiminsə görüşündən qayıdırmış. Tədrisinin vaxtına yarım saatdan artıq vaxt qalmayıbmış. Buna görə də özlüyündə fikirləşir ki, bu məhdud vaxtda evə getsə heç nə edə bilməyəcək, ona görə də həmişəki yerdə oturub şagirdləri gözləmək yaxşı olar. O, məscidə gedir və görür ki, şagirdlərindən hələ heç kəs gəlməyib, amma məscidin küncündə köhnə-külə geyinmiş bir qoca və bir neçə şagird oturub və həmin qoca şeyx onlara dərs keçir. Mərhum Kuhkəməri onun sözlərinə qulaq asır və çox maraqlı halda həmin köhnə-külə geyimli şeyxin ondan daha dəqiq dərs keçdiyini hiss edir. O, səhərisi gün bilərəkdən tez gəlir və həmin şeyxin sözlərinə qulaq asır və dünənki əqidəsinə olan inamı bir az da artır. Bu hadisəni bir neçə gün təkrar etdikdən sonra Kuhkəməriyə tam yəqinliklə məlum olur ki, həmin şeyx ondan üstündür və özü də, şagirdləri də onun dərsindən bəhrələnsələr daha yaxşı olar.
Bəli o, burada özünü təslimlə inad, imanla küfr və dünya ilə axirət arasında görür.
Səhəri gün şagirdləri gələndən sonra onlara deyir ki, dostlar bu gün sizə yeni bir mətləb demək istəyirəm və o budur ki, kənarında bir neçə şagird oturmuş bu şeyx dərs deməyə məndən daha layiqlidir və mənim özüm də onun dərsindən bəhrələnirəm, hamımız gedib onun dərsində iştirak edək. O, həmin gündən gözlərində bir az xəstəlik olan və onda yoxsulluq nişanələri görünən həmin şeyxin şagirdləri sırasına qoşulur.
Bu köhnə-külə geyimli şeyx sonralar hacı Mürtəza Ənsari adı ilə tanınan məşhur alim idi. O, Şuştərdən olub və «ustadul-mütəəxxirin» (müasir alimlərin ustadı) ləqəbini alıb.
Şeyx həmin vaxt Məşhəd, İsfahan və Kaşan səfərindən təzə qayıdıbmış və həmin səfərdə Kaşanda Molla Əhməd Nəraqidən çoxlu elmi azuqə əldə edibmiş.
Kimdə bu halət olsa «Özünü Allaha təslim edənlər» ayəsinin nümunələrindəndir.
Deməli, küfr və cuhud qərəzli kafirlik və inadkarlıq etməkdir.
Biz sonra bu məsələni açıqlayacağıq ki, kafir Quran baxımından həqiqəti dərk etməsinə baxmayaraq, onun qarşısında inadkarlıq göstərdiyinə görə kafir adlandırılıb. Elə əməlin puça çıxması və xeyir əməlin afəti də həmin halətdir.
Buna görə də Allah-taala kafirlərin əməlləri barəsində belə buyurub:
«Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir.»
Biz Pastorun, mikrobun kəşf edilməsinə səbəb olan elmi araşdırmalarının Allaha görə olmasını və onun məqsədinin Allaha yaxınlaşmaq niyyəti ilə xalqa xidmət olduğunu fərz etsək, bu, onun Allah dərgahında mükafatlandırılması üçün kifayət deyil.Əgər o, cuhud və bu kimi sifətlərə malik olubsa, yəni məsələn öz əqidəsində təəssübkeşlik göstərirmişsə və ona «xristianlıq sənin üçün coğrafi və irsi bir dindir, sən ondan yaxşı və kamil bir dinin olmasını araşdırmısanmı?» deyilsəydi, o da razılaşmayaraq «varsa da xristianlıqdır, yoxsa da!» cavabını verərmişsə və hətta araşdırma aparmaqla belə razılaşmasaydı, onun əməllərinin puça çıxması barəsində söz ola bilməzdi. Çünki bu fərzdə o, «qərəzli kafir»dir və bu sifət insanın bütün əməllərini məhv edir. Bu sifətə malik olan insanın əməlləri tufan qarşısında olan kül kimidir.
Biz burada Pastoru misal olaraq qeyd etdik və məqsədimiz onun, elə dediyimiz kimi olmasını demək deyil. Allah bilir. Haqqa qarşı inadkarlıq etsək həmin ümumi qanun bizə də şamildir. İlahi, bizi küfr və inadkarlıq halətinə düçar olmaqdan qoru!
Əməllərin, dediklərimizdən başqa afətləri də vardır və bəlkə onlardan biri də haqq və həqiqətin qorunmasına etinasızlıqdır. İnsan nəinki həqiqətin müqabilində inadkarlıq və cuhud göstərməməli, hətta ona qarşı bitərəf və etinasız də olmamalıdır. Bəli, insan haqq və həqiqəti müdafiə etməlidir. Kufə əhalisi imam Hüseynin (ə) haqq olmasını bilir və etiraf da edirdilər, amma haqqı himayə edərək onu müdafiə etməkdə səhlənkarlıq edirdilər, möhkəm dayanaraq müqavimət göstərmirdilər. Əslində haqqı himayə etməmək əməli cuhuddur.
Həzrət Zeynəb (s) kufəlilərə söylədiyi məşhur xütbəsində onları haqqın himayəsində səhlənkarlıqda və ona qarşı zülm və cinayət törətməkdə günahlandıraraq buyurub:
«Ey Kufə əhli! Ey yalançı və vəfasız hoqqabazlar! Göz yaşı tökürsünüz. Sizi görüm göz yaşlarınız heç qurumasın və nalələriniz sönməsin! Siz pambığı əyirərək sap toxuyan və sonra toxuduqlarını sökərək yenidən pambıq edən arvada bənzəyirsiniz.»
Məğrurluq və özünü öymək də əməlin afətlərindəndir.
Əməldən sonra olan riya da həsəd, məğrurluq və cuhud kimi əməli məhv edən amillərdəndir. Hədisdə deyilir:
«İnsan bəzən saleh və nurani bir iş görür və onun əməli «İlliyyun»da yer tutur, amma o, sonralar cəmiyyət içində öz əməlini başqalarına danışır və camaata minnət qoyur. Bu həmin şəxsin əməlinin tənəzzülə uğramasına səbəb olur. Şəxs həmin əməli barəsində bir də danışır və əməl daha bir tənəzzülə uğrayır. O, bu haqda üçüncü dəfə danışanda əməl tamamilə aradan gedərək məhv olur və bəzən hətta şər əmələ çevrilir».
İmam Baqir (ə) buyurub:
«Əməlin qorunması onu yerinə yetirməkdən daha çətindir».
Ravi deyir ki, əməlin qorunmasından məqsədiniz nədir? İmam buyurur:
«Yəni insan Allaha görə camaatın gözündən uzaq bir iş görür və həmin işi onun əməl dəftərində olduğu kimi qeyd edilir, amma o, sonra həmin əməli başqalarına danışır və nəticədə əməl dəftərində gizli əməl formasından xaric olaraq aşkar bir əməl kimi yazılır. Şəxs onu bir daha başqalarına danışır və bu vaxt əməl yaxşılıqlar siyahısından silinərək pis əməllər siyahısına salınır».
Dostları ilə paylaş: |