2.2. İstehsal ehtiyatlarının hərəkətinin sənədləşdirilməsi
Müəssisələrdə aparılan bütün təsərrüfat əməliyyatları mövcud qanunçuluq tələblərinə uyğun olaraq müvafiq ilkin sənədlərlə rəsmiyyətə salınmalıdır.
Materiallar müəssisələrə satınalınmaqla, habelə malsatan təşkilatlardan təhtəlhesab şəxslər vasitəsilə nəğd pulla alınmaqla, eyni zamanda əsas vəsaitlərin və azqiymətli və tezköhnələn əşyaların ləğv edilməsindən əldə olunmaqla və s. daxil olur.
Bir qayda olaraq müəssisələrə daxil olan materiallar üzərində nəzarətlə ilk növbədə təchizat şöbələri məşğul olurlar. Materialların tələbata uyğun daxil olmasını təmin etmək üçün satıcılarla müqavilə bağlanılır.
Müəssisəyə daxil olmuş materiallar üzrə sənədlər təchizat şöbəsi tərəfindən yoxlanılır və bundan sonra daxil olmuş materialların dəyərinin ödənilməsi üçün mühasibatlığa razılıq verilir. Bu məqsədlə müəssisəyə daxil olan bütün materialların qeydiyyatı aparılır.
Müəssisə ünvanına daxil olmuş materiallar ekspeditor (daşıyıcı) tərəfindən qəbul olunur və müəssisənin anbar müdirinə təhvil verilir. Anbar müdirinin qəbul etdiyi materiallara mədaxil-orderi (M-4 saylı formada) tərtib olunur və ekspeditor və anbar müdiri tərəfindən imzalanır.
Materiallar malsatan müəssisənin öz nəqliyyat vasitəsilə, yəni avtonəqliyatı ilə daxil olduqda material göndərən əmtəə-nəqliyyat qaiməsi tərtib edir və həmin qaimə vasitəsilə yük alıcı təşkilatın anbar müdiri tərəfindən qəbul olunur. Beləliklə, daxil olmuş materiallar alıcı təşkilatın anbarına mədaxil olunur. Əməliyyatlar bu qaydada sənədləşdirildikdən sonra həmin sənədlər anbar müdirinin gündəlik tərtib etdiyi mal-hesabatı ilə birlikdə müəssisə mühasibatlığına təqdim olunur. Həmin sənədlər əsasında malsatan təşkilatla hesablaşma aparlır.
Bir sıra hallarda alıcı təşkilatın ünvanına daxil olmuş materiallar qəbul olunarkən onların yüklənmə sənədlərinə uyğun olmadığı, yəni əskik və artıq olması müəyyənləşdirilir. Daxil olmuş material həcmində əksikgəlmə müəyyən olunduqda, xüsusi komissiya tərəfindən və akt (kommersiya aktı) tərtib olunmalıdır. Tərtib olunmuş akta əsasən müəssisə materialın çatışmayan məbləği üçün iddia vermək hüququ əldə edilir. Bunun əsasında əskiki gəlmiş material həcminin malsatan tərəfindən ödənilməsi üçün ona iddia-ərizəsi təqdim edilir. Əgər malsatan təşkilat verilmiş iddianı təmin etməzsə iqtisadi-arbitraj məhkəməsinə müraciət edilə bilər.
Material müəssisədə əsas vəsaitlərin, azqiymətli və tezköhnələn əşyaların silinməsi nəticəsində əldə edilərsə, bunun üçün 2 nüsxədən ibarət mədaxil-qaiməsi tərtib edilir və bu sənəd əsasında materiallar anbara təhvil verilir. Tərtib olunmuş mədaxil-qaiməsinin bir nüsxəsi materialı təhvil verəndə, ikinci nüsxəsi isə anbar müdirində saxlanılır.
Təhtəlhesab şəxslər tərəfindən nəğd pulla alınan materiallar (mal çeki, arayış və akt) onu təsdiq edən sənədlər əsasında müəssisə anbarına mədaxil edilir. Daxil olmuş materiallar müəssisə anbarından istehsal təsərrüfat ehtiyatlarına, kənar təşkilatlara, emal məqsədilə və ya tələbatdan artıq olan hissənin kənara satışı üçün və s. buraxılır. Mövcud qaydalara görə hər bir müəssisədə materialların anbara daxil olması və məxaric olunmasına icazə vermək və həmin sənədlərə imza atmaq hüququ olan şəxslər müəssisə rəhbərliyi tərəfindən əmrlə rəsmiyyətə salınmalıdır. Bu siyahı müəssisədə materialların hərəkəti ilə əlaqədar olan bütün xidmətlərdə olması vacibdir.
Anbarlardan material buraxılışı limit-zabor kartları, tələbnamə və qaimə əsasında icra oluna bilər.
Limit-zaber vərəqələri (kart M-8 və ya M-9 saylı formada) materialların gündəlik olaraq istehsalat və təsərrüfat ehtiyacları üzrə tərtib olunur. Bu sənədləri bilavasitə materialların istifadəsinin limtləşdirilməsi ilə məşğul olan təchizat şöbəsi tərtib edir. Materialın sərf olunması limiti müəssisə üçün müəyyən olunmuş normalar və istehsalat proqraması üzrə hesablanır.
İki nüsxədə yazılmış limit-zaber kartının bir nüsxəsi materialları alan sexə, ikincisi isə material anbarına verilir. Anbar müdiri kartın hər iki nüsxəsində buraxılan materialların miqdarını və limitin qalığını qeyd edərək sexin kartına imza atır. Ayın sonunda və ya müəyyən olunmuş limit qurtardıqdan sonra limit kartı müəssisə mühasibatlığına təqdim olunur.
Müəyyən olunmuş normadan artıq material buraxıldıqda və bir materialı digəri ilə əvəz etmək lazım olduqda onun səbəbləri və təqsirkar şəxs müəyyən olunmaqla tələbnamə yazılır (M-11 saylı formada). Belə halda materialın buraxılmasına direktor və baş mühəndis icazə verməlidir. Tələbnamə iki nüsxədən ibarət tərtib edir, onlardan bir nüsxəsi anbar müdirinin imzası ilə sexdə, ikinci nüsxə materialı alan şəxsin imzası ilə anbarda saxlanılır.
Müəssisə daxilində (sexlər, anbarlar arasında) materialların buraxılması qaimə (M-13 saylı formada) vasitəsilə sənədləşdirilir. Qaimə iki nüsxədən ibarət tərtib olunur. Onların bir nüsxəsi materialı buraxanda, digəri isə materialı alanda imza atılmaqla saxlanılır. Qaimə də hesablaşma əməliyyatını icra etmək üçün əsaslı sənəd sayılır.
Müəssisə daxilində müəyyən olunmuş qayda və günlərdə materialların mədaxil və məxaric olunmasını əks etdirən sənədlər tərtib olunmuş reyestr əsasında mühasibatlığa təqdim olunur.
Dostları ilə paylaş: |