Müəssisə və şirkətlərə əsas vəsaitlər yeni tikilmiş obyektlərin istifadəyə verilməsi, başqa təşkilatdan əvəzsiz daxil olması, müəssisə yaradılarkən nizamnamə kapitalı formasında səhmdarların verdikləri əsas vəsaitlər, digər müəssisə və şəxslərdən pulla alınma, müəssisənin özü tərəfindən hazırlanan əsas vəsaitlər və s. formasında daxil olur. Mövcud olan əsas vəsaitlərin mühasibat uçotu onların təsnifat qrupu və yerləşdiyi obyektlər üzrə təşkil olunur.
Əsas vəsaitlərin daxil olması və onların əsas vəsait kimi uçotda əks olunması qəbul-təhvil aktı ilə rəsmiləşdirilir. Yeni tikilmiş və istifadəyə verilən əsas vəsaitlər isə xüsusi qayda ilə dövlət tərəfindən təşkil olunmuş qəbul komissiyası vasitəsilə yoxlanıb, qəbul olunur və həmin dövlət komissiyasının aktı ilə sənədləşdirilir. Mövcud qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qəbul-təhvil aktı tərtib olunur. Tərtib olunmuş aktda obyektin tam xarakteristikası, tikilmə, onun texniki göstəricilərə uyğunluğu, istifadə verildiyi tarix və s. göstərilir. Tərtib olunmuş akt ona əlavə olunmuş istehsal-texniki sənədlərlə birlikdə əsas vəsait kimi mədaxil olunması və inventar kartı açmaq üçün müəssisə mühasibatlığına təqdim olunur. İnventar karatları müəssisədə əsas vəsaitlərin obyektlər üzrə uçotunun təşkili üçün açılır. İnventar kartında obyektin inventar nömrəsi, onun əsas göstəriciləri, ilkin dəyəri, amortizasiya norması, köhnəlmə həcmi və s. göstərilir. İnventar kartı mühasibatlıqda xüsusi ayrılmış əsas vəsaitlərin uçotu üzrə jurnalda əks olunur. Əsas vəsait müəssisədən çıxarkən inventar kartı uçotdan çıxarılır. İnventar kartına əsasən müəssisə mühasibatlığında daxil olmuş və çıxarılmış əsas vəsaitlərin qruplar üzrə hərəkəti uçotu aparılır. Kiçik müəssisələrdə az miqdarda əsas vəsaitlərin olduğu halda onların obyektlər üzrə uçotu inventar kitablarında aparılır.
Əsas vəsaitlərin sintektik uçotu aktiv hesab olan 01«Əsas vəsaitlər» hesabında aparılır. 01«Əsas vəsaitlər» hesabı müəssisənin mülkiyyətindəki istismarda, ehtiyatda olan, müvəqqəti dayandırılan, yaxud icarəyə verilən (uzunmüddətli icarəyə götürülənlərdən başqa) əsas vəsaitlərin mövcudluğu və hərəkəti haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. 01«Əsas vəsaitlər» hesabının debetində əsas vəsaitlərin daxil olması, yenidən qiymətləndirilməsi, kreditində isə əsas vəsaitlərin çıxması və qiymətlərinin aşağıya salınması əməliyyatları əks olunur. Əsas vəsaitlərin köhnəlməsi 02«Əsas vəsaitlərin köhnəlməsi» (amortizasiyası) hesabında uçota alınmalıdır.
Azərbaycan Respublikası Maliyyə Naztirliyinin 20 oktyabr 1995-ci il tarixli «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»da müəyyən olunduğu kimi 01«Əsas vəsaitlər» hesabında əsas vəsaitlər ilk dəyərləri ilə uçota alınır. Həmin dəyərlər obyektlər üzrə aşağıdakı qaydada müəyyən edilir:
- təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan obyektlər üçün tərəflərin müqavilə qiyməti ilə;
- müəssisənin özündə hazırlanmış, həmçinin başqa müəssisə və şəxslər tərəfindən pulla alınmış obyektlər üçün daşınma və quraşdırma üzrə xərclər də daxil edilməklə quraşdırılmış (tikilmiş), yaxud alınmış obyektlərə faktiki məsrəflərdən asılı olaraq;
- dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış obyektlər üçün ekspert yolu ilə yaxud qəbul-təhvil sənədlərindəki məlumatlar üzrə müəyyən edilmiş dəyərlə.
Əsas vəsaitlərin daxil olmasının xarakterindən, yəni hansı mənbəədən daxil olması ilə əlaqədar olaraq müvafiq mühasibat yazılışı aparılır.
Təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına pay kimi qoyulan əsas vəsaitlər mədaxil edildikdə 01«Əsas vəsaitlər» hesabının debetində və 75«Təsisçilərlə hesablaşmalar» hesabının «Nizamnamə (yığım) kapitalına qoyuluşlar üzrə hesablaşmalar» subhesabının kreditində əks etdirilir.
Dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən əvəssiz alınmış əsas vəsaitlərin mədaxili 01«Əsas vəsaitlər» hesabının debetində və 87«Əlavə kapital» hesabının «Əvəzsiz olaraq alınmış sərvət» subhesabının kreditində əks etdirilir. Əgər əvəssiz daxil olan əsas vəsaitlər qeyri-istehsal təyinatlıdırsa onda 87hesabın əvəzinə 88«Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» hesabının müvafiq subhesabı tətbiq edilir.
Müəssisənin özü tərəfindən yaradılmış yaxud başqa müəssisə və şəxslərdən pulla alınmış əsas vəsaitlər 01«Əsas vəsaitlər» hesabının debeti və 08 «Kapital qoyuluşları» hesabının kreditinə mühasibat yazılışını tərtib etməklə mədaxil edilir.
Göstərilən qaydada tikintisi başa çatmış və istismara verilmiş əsas vəsaitlər mühasibat uçotunda əks olunur. Burada obyektin tikintisi ilə əlaqədar olan və smeta-titul siyahısı, kapital qoyuluşu üzrə müəyyən olunmuş bütün məsrəflər tikintinin təsərrüfat və ya podrat üsulu ilə aparılmasından asılı olmayaraq 08«Kapital qoyuluşları» hesabında əks olunmalıdır.
Dostları ilə paylaş: |