02 «Əsas vəsaitlərin köhnəlməsi» hesabı üzrə analitik uçot hər bir əsas vəsaitlərin növləri və ayrı-ayrı inventar obyektləri üzrə aparılır.
1.4. Əsas vəsaitlərin təmirinin uçotu
Əsas vəsaitlərin işlək vəziyyətdə təmin etmək üçün onların təmiri vacib məsələlərdən hesab olunur. Təmirin öz vaxtında və yüksək keyfiyyətlə aparılması işin ahəngdarlığına müsbət təsir göstərir, maşın və avadanlıqların boş dayanmasının qarşısını alır. Hər bir müəssisədə aparılan işin həcmindən və xarakterindən asılı olaraq əsas vəsaitlərin cari və əsaslı təmiri bir-birindən fərqləndirilir.
Əsaslı təmir nəticəsində əsas vəsaitlərin bir sıra hissələrinin dəyişilməsi və bərpa olunması həyata keçirilir. Cari təmirin aparılması nəticəsində isə əsas vəsaitlərin vaxtından əvvəl köhnəlməsinin qarşısı alınır. Əsas vəsaitlərin əsaslı və cari təmiri təsərrüfat üsulu və podrat üsulu ilə aparıla bilər.
Podrat üsulla təmirin aparılması zamanı ixtisaslaşdırılmış tikinti təşkilatları ilə müqavilə bağlanılır və aparılan təmir işi həmin təşkilata tapşırılır. Əsas vəsaitin təmiri ilə əlaqədar olan bütün məsrəflər podratçı təşkilatın mühasibatlığında uçota alınır. Podratçı tikinti təşkilatları tərtib olunmuş smeta əsasında yerinə yetirilən işlərin həcminə müvafiq olaraq sifarişçi təşkilata hesabnamə təqdim edir. Hesab-qaiməyə əsasən yerinə yetirilən təmir işlərinin dəyərini sifarişçi təşkilat podratçı təşkilata ödəyir. Podratçı təşkilatla aparılan təmir üzrə hesablaşmaların uçotu 60«Malsatan və podratçılarla hesablaşmalar» hesabında aparılır. Həmin hesabın kreditində görülmüş təmir işləri üzrə podratçı təşkilata hesablanan (ödənməli borc məbləği) məbləğ, debetində isə hesablaşma hesabından onlara ödənmiş məbləğ əks olunur.
Təsərrüfat üsulu ilə yerinə yetirilən təmir işlərində bütün məsrəflərin uçotu müəssisənin özünün mühasibatlığında aparılır. Bir sıra hallarda müəssisələrin tərkibində təmir-tikinti qruppası və ya təmir sexi yaradılır ki, belə halda sərf olunmuş məsrəflər 23«Köməkçi istehsalat» hesabında uçota alınır. Təmirlə aparılan bütün faktiki məsrəflər istehsal xərclərinə və ya tədavül xərclərinə keçirilir. Məsrəflərin mühasibat uçotunda əks olunması təmirin aparılması formasından, təmir həcmindən və aparılma vaxtından asılıdır.
Əgər aparılan təmirlə əlaqədar məsrəflər istehsal xərclərinə və ya tədavül xərclərinə daxil olunursa, mühasibat uçotunda aşağıdakı qaydada yazılış aparılır:
a) təmir təsərrüfat üsulu ilə müəssisənin özü tərəfindən icra olunursa 20 № -li «Əsas istehsalat», 23 «Köməkçi istehsalat», 25 «Ümumi istehsalat xərcləri», 26 «Ümumtəsərrüfat xərcləri», 44 «Tədavül xərcləri» hesablarının debetinə və 10 «Materiallar», 70 «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar», 69 «Sosial sığorta və təminat üzrə hesablaşmalar», 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» və s. hesabların kreditinə;
b) təmir podrat üsulu ilə kənar təşkilat tərəfindən həyata keçirildikdə 20 «Əsas istehsalat», 25 «Ümumi istehsalat xərcləri», 26 «Ümumtəsərrüfat xərcləri», 44 «Tədavül xərcləri» hesablarının debetinə və 60 «Malsatan və podratçılarla hesablaşmalar» hesabının kreditində əks olunur.
Müəssisələrdə böyük həcmdə təmir işlərinin aparılmasını təmin etmək üçün təmir fondu yaradılır. Təmir işlərinə məsrəflərin tərtib olunmuş plan-smetasına əsasən bu fonda ayırmaların həcmi müəssisənin özü tərəfindən müəyyən edilir. Bu fond mühasibat uçotunda 89 «Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» adlı passiv hesabının «Təmir fondu» subhesabında uçota alınır.
İstehsal və tədavül xərcləri hesabına ehtiyat məbləğlərinin yaradılması qaydası müvafiq qanunvericiliyə və digər normativ aktlara əsasən nizamlanır. Bu və ya digər məbləğlər üzrə ehtiyatların yaradılması istehsal məsrəfləri yaxud tədavül xərclərini uçota alan hesablarla müxabirləşdirilməklə 89«Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» hesabının kreditində əks etdirilir.
Əvvəlcədən ehtiyatı yaradılmış faktiki xərclər və ödənişlər müəssisənin sexləri tərəfindən aparılmış əsas vəsaitlərin təmiri dəyərində 23«Köməkçi istehsalat» və digər hesablarla müxabirləşməklə, 89«Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» hesabının debetinə yazılır.
Dostları ilə paylaş: |