1.3. Əsas vəsaitlərin köhnəlməsinin (amortizasiyasının) uçotu
Əsas vəsaitlər istifadə olunması nəticəsində köhnəlir, özünün ilkin keyfiyyətini və istifadə olunması imkanlarını azaldır. Köhnəlmə fiziki və mənəvi formada özünü göstərir.
Əsas vəsaitlərin fiziki köhnəlməsi ilə əlaqədar özünün fiziki keyfiyyətini texniki-iqtsadi xassəsini itirir və yararsız vəziyyətə düşür. Əsas vəsaitlərin mənəvi köhnəlməsi ölkələrdə aparılan elmi-texniki inkişafla, əlaqədar olaraq onların dəyərinin aşağıya düşməsi və daha məhsuldar vəsaitlərin yaranması ilə əlaqədardır.
Başqa sözlə əsas vəsaitlərin aşınmasının (köhnəlməsinin) pula ifadəsi köhnəlmə adlanır.
Əsas vəsaitlər istehsal prosesinin əsas elementlərindən biri olduğu üçün onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibinə daxil edilməlidir. Bu əsas vəsaitlərə köhnəlmə (amortizasiya) hesablamaqla həyata keçirilir. Bunun üçün amortizasiya olunan əmlak üçün amortizasiya (köhnəlmə) normaları müəyyən edilmişdir.
Azərbaycan Respublikasının11 iyul 2000-ci il tarixli, 905-11 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsi»nin 114-cü maddəsində amortizasiya ayırmaları və gəlirdən əsas vəsaitlər üzrə çıxılan məbləğlər üzrə bir sıra yeni qaydalar müəyyən edilmişdir. Beləliklə, əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:
a) binalar, tikililər və qurğular - 7 faizədək;
b) maşınlar, avadanlıqlar və hesablama texnikası – 25 faizədək;
v) nəqliyyat vasitələri – 25 faizədək;
q) iş heyvanları – 20 faizədək;
d) geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 25 faizədək;
e) qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün – 10 faiz, istifadə müddəti müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
k) digər əsas vəsaitlər – 20 faizədək.
Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər bir kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq edilməklə hesablanır.
Binalar, tikililər və qurğular (bundan sonra tikililər) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.
Müəssisələr əsas vəsaitlərə ayrı-ayrılıqda hər ay köhnəlmə (amortizasiya) hesabladıqları üçün qəbul olunmuş illik köhnəlmə (amortizasiya) normalarını 12 aya bölməklə aylıq köhnəlmə normalarını müəyyən edirlər.
Mövcud qanunvericiliyə görə torpaq, incəsənət əsərləri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur.
Mühasibat uçotunda aylıq hesablanmanı köhnəlmə (amortizasiya) məbləği 02 «Əsas vəsaitlərin köhnəlməsi» hesabında əks olunur. 02 «Əsas vəsaitlərin köhnəlməsi» hesabı passiv hesab olub müəssisənin öz mülkiyyətində olan, uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Vəsaitlərə qanunvericilikdə nəzərdə tutulmuş normalarla hesablanmış köhnəlmə (amortizasiya) məbləği 02 «Əsas vəsaitlərin köhnəlməsi» hesabının kreditində, istehsal (tədavül) xərclərini uçota alan hesabların, yəni 20 «Əsas istehsalat», 23 «Köməkçi istehsalat», 25«Ümumi istehsalat xərcləri», 26Ümumtəsərrüfat xərcləri», 44«Tədavül xərcləri» hesabının debetində əks etdirilir. Bu müxabirləşmədə əsas vəsaitin harada yerləşməsindən asılı olaraq həmin hesabda yazılış aparılır.
İcarəyə verilmiş əsas vəsaitlərə (uzun müddətə icarəyə verilənlərdən başqa) hesablanmış köhnəlmə (amortizasiya) məbləğləri 02«Əsas vəsaitlərin köhnəlməsi» hesabının kreditində və 80Mənfəət və zərər» hesabının debetində əks etdirilir. Tam amortizasiya olunmuş əsas vəsaitlərə köhnəlmə hesablanmır.
Müəssisələrin mülkiyyətində olan əsas vəsait obyektləri təsərrüfatdan çıxdıqda (satıldıqda, silindikdə, əvəzsiz olaraq verildikdə və s.) onlara hesablanmış köhnəlmə məbləği 02 «Əsas vəsaitlərin köhnəlməsi» hesabının debetində və 47 «Əsas vəsaitlərin satışı və sair xaricolmaları» hesabının kreditində əks etdirilir. Tamamilə xarab olmuş yaxud çatışmayan əsas vəsaitlərə hesablanan köhnəlmə məbləğlərinin silinməsi zamanı da eyni yazılış tərtib edilir.
Dostları ilə paylaş: |