Müalicə. Xəstəliyin müalicəsi simptomatik aparılır. Xəstələrə öd qovucu preparatlar, antibiotiklər, analgetiklər, fol turşusu, plazmaferez təyin olunur. Kriz yaranma risqi yüksək olduqda hipertransfuziya metodundan istifadə edilir. Donor eritrositlər ümumi qanın 50%-ni təşkil etməlidir. Kriz arası dövrdə xəstəyə fol turşusu təyin edilir. Uşaqlara profilaktik olaraq antibiotiklər təyin edilməli və onlar pnevmokokk infeksiyasına qarşı peyvənd olunmalıdırlar.
Dehidratasiyanın korreksiyası üçün 5%-li qlükoza 5 ml/kq/saat sürəti ilə (300-400 ml), sonra (0,45%) hipotonik natrium xlorid məhlulu köçürülür. İnfuziyanın sürəti hemodinamikanın göstəricilərinə və mərkəzi venanın təzyiqinə əsasən tənzimlənir. Ağır anemiya zamanı yuyulmuş eritrosit, mübadilə yolu ilə eritrosit kütləsi transfuziya olunur. Oraqvariliyi azaltmaq üçün oksigen terapiyası məsləhətdir. Hipersplenizm zamanı splenektomiya məqsədəuyğundur.
Xəstəliyin ağır formasında kiçik yaşlarda kök hüceyrələrinin transplantasiyası aparılır. Həm qohum, həm də qohum olmayan insan donor ola bilər.
Hal-hazırda hidrooksimoçevina 15-30-40 mq/kq sutka dozada müalicə məqsədi ilə istifadə olunur. Preparatın təsirindən fetal hemoqlobinin miqdarının artması hesabına xəstələrdə ağrı tutmalarının tezliyi və ağırlığı azalır. Preparatın təsirindən hətta ən ağır xəstələrdə fetal hemoqlobinin səviyyəsi 15% həddində saxlanılır. Belə bir xüsusiyyət 5-azatiridin, sitarabin, yag turşusu-arqininbutirat, fenilbutirat preparatlarına da xasdır.
Müalicə məqsədi ilə azot oksidindən də istifadə olunur (NO). Azot oksidi vazodilyatasion xüsusiyyətə malikdir, endoteldə adgeziyanı tənzimləyir, işemik-reperfuzion ağırlaşmaları zəiflədir. Lakin azot oksidinin tətbiqi praktikada çətinlik yaratdığı üçün per oralL-arqinin təyin edilir. Bu preparat azot oksidin orqanizmdə sintezini induksiya edir.
Anemiyanın korreksiyası üçün istifadə olunan eritrosit kütləsi xəstənin eritrositlərinin antigen quruluşuna uyğun olmalıdır. Çünki tez-tez aparılan hemotransfuziya nəticəsində alloimmunizasiya riski yüksəkdir ona görə də xəstənin qanında autoantitellər yoxlanılmalıdır. Qanın yapışqanlığının artması fonunda mikrosirkulyasiyanı zəiflətməmək üçün hematokrit 30% səviyyəsində saxlanılmalıdır.
Hipoksemiya ilə müşahidə olunan kəskin döş qəfəsi sindromunda, ağır priapizmdə, sümük iliyi nekrozunda, beyin insultlarının müalicəsində mübadilə transfuziyasından istifadə olunur. Bu halda məqsəd S hemoqlobinin miqdarını 35%-ə qədər və daha aşağı səviyyəyə salmaqdır. Çoxsaylı hemotransfuziya zamanı orqanizmin dəmirlə yüklənməsi-hemosideroz aşkar olunarsa, desferal təyin olunur. Bu məqsədlə mütəmadi olaraq zərdabda ferritinin səviyyəsi yoxlanılmalıdır.
Proqnoz. Proqnoz xəstəliyin ağırlıq dərəcəsindən, ağırlaşmaların qarşısının alınması və vaxtında müalicə olunmasında asılıdır. Ağır gedişatlı homoziqot variantda aparılan terapiya fonunda orta yaşam müddəti 40 ilə yaxındır. Heteroziqot xəstələrdə isə proqnoz qənaətbəxşdir.
Profilaktika. Risk qrupuna aid xəstələr ailə planlaşdırılması zamanı genetik müayinə olunmalıdırlar. Onlar qanda oksigenin parsial təzyiqinin aşağı salan vəziyyətlərdən xəbərdar olmalı, eyni zamanda S hemoqlobini daha təhlükəsiz səviyyədə saxlamaq üçün profilaktik müalicə almalıdırlar. Hamilələrdə prenatal diaqnostika aparılmalıdır. Hamilə qadınlarda ağırlaşmalar həm ana, həm də döl üçün risklidir. Uşaqlara profilaktik olaraq antibiotiklər təyin etmək və pnevmokokk infeksiyasına qarşı peyvənd aparmaq lazımdır.
Dostları ilə paylaş: |