Ключевые слова: Анар, проза, мифологический мотив, сказка, символика цветов
Özündə xalqın düşüncə tərzini, istək və arzularını ifadə edən mifoloji mətnlər və folklor nümunələri hər bir xalqın mədəniyyətində və ədəbiyyatında misilsiz yer tutur. Odur ki, bu zəngin mənbəyə bütün dövrlərdə və bütün nəsillər tərəfindən müraciət olunmuşdur. İstər klassik, istərsə də müasir yazılı ədəbiyyat nümunələrində xalqın şifahi söz sənətindən, onun mifologiyasından qaynaqlanan motivlərlə tez-tez rastlaşırıq. Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı Anarın 2003-cü ildə qələmə aldığı utopik və antiutopik nağıllardan ibarət olan “Ağ qoç, qara qoç” əsəri də bu baxımdan diqqəti cəlb edir. Qeyd edək ki, bu əsər öz janrına, üslubuna, problematikasına görə müasir ədəbiyyatımızda tamamilə yeni, orijinal bir əsərdir. Anar Ağ qoç və Qara qoçun timsalında həyatın gələcək yüksəlişinə folklorizm çevrəsində nəzər yetirir, dərin təzad və ziddiyyətlər içərisindəki cəmiyyətin işıqlı sabahına bəslədiyi pozitiv ümidlərini oxucuları ilə bölüşür.
Simvolik başlıqla adlandırılan əsər əslində iki povestin birləşməsindən yaranan, arxetipik struktur üzərində qurulan romandır. Yazıçının ikinci nağılın əvvəlində verdiyi qeyddən məlum olur ki, utopik və antiutopik cəmiyyətdəki hadisələr eyni zamanda baş verir. Qeyddə deyilir: “İkinci nağılda cərəyan edən hadisələr xronoloji zaman etibarilə birinci nağılın davamı deyil. Bu iki bir-birinə alternativ olan olaylar eyni vaxt kəsiyində təsəvvür edilir” (3, 357).
Dünya yarandığı gündən Xeyirlə Şər daim mübarizə aparmışdır. Ağ qoç əsərdə «ağ dünya»nın, qara qoç «qaranlıq dünya»nın təmsilçisidir. Tarixən bir çox filosoflar və yazıçılar öz əsərlərində utopik, yaxud antiutopik cəmiyyət yaratmışdılar. Məsələn, dahi ingilis humanisti, filosof və dövlət xadimi Tomas Mor 1516-cı ildə yazdığı “Utopiya”, italyan filosofu və yazıçısı Tommazo Kampanella isə 1602-ci ildə qələmə aldığı “Günəş şəhəri” əsərlərini bu mövzuya həsr etmişlər. Ədəbiyyat nümunələrinə gəldikdə isə italyan şairi Dantenin «İlahi komediya»sı, Nizaminin «İskəndərnamə»si və s. buna nümunə ola bilər. Bu əsərlərin hər birində yazıçı təxəyyülü özünü müxtəlif cür göstərir. Böyük Nizaminin «İskəndərnamə»sindəki utopik cəmiyyət «Ədalət şəhəri», yaxud «Xoşbəxtlər ölkəsi»ndə insanlar şad, firavan yaşayır, çünki burada yalan, nəfs, kin, riya yoxdur, bu dünyanın insanlarının əsas dini də ədalətdir. Buna görə də yeni dünyaya gələn övladlar, yerə səpilən toxumlar ancaq Allaha tapşırılırdı. Bu ölkə o qədər təmiz və saf ölkədir ki, burada evlərin qapısında nə bir qıfıl, nə casus, oğru, nə də şəhər gözətçisi var. İnsanlar heyvanları incitmir, ölülər üçün isə kədərlənmirlər. Qeyd edək ki, Xeyir və Şərin mübarizəsi motivi hələ qədim «Avesta»dan gəlir.
Povestdəki birinci nağılın başlığında verilən aşağıdakı hissə - epiqraf eynilə “Məlikməmməd” nağılındakı kimidir.
“O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq. Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən” (3,174).
Əsərin baş qəhrəmanı olan Məlik Məmmədli “Çağdaş” Radio - TV kanalında jurnalist və telerejissor kimi fəaliyyət göstərir. Ölkənin tanınmış telejurnalist və telerejissorunu əsərə baş qəhrəman gətirmək yazıçının təsadüfi seçimi deyil. Çünki xəyalında canlandırdığı cəmiyyəti, onun həyatındakı hadisələri çatdırmaq üçün bu obraz-vəzifə əla vasitədir. Bu cəmiyyət elə bir cəmiyyətdir ki, burada hamı firavan yaşayır. Eyni zamanda bu cəmiyyətdə hər gün səhər Dövlət Himninin səsinə oyanan, içində doğma torpağının qürurunu, təəssübkeşliyini daşıyan vətənpərvər Məlik kimi şəxslər yetişir. Ölkə əhalisinin yaşayış səviyyəsi o qədər yüksəkdir ki, orta əmək haqqı ayda 1000 dollardır. Kommunal xidmət, ali və orta təhsil – hamısı pulsuzdur. Bütün bu yüksək yaşayış səviyyəsinə baxmayaraq, Məlik Məmmədli Novruz bayramını evdə tək qeyd edir. Çünki həyat yoldaşı Aypəri Təbrizdə teatr rəssamı, oğlu Beyrək Şuşada nəqliyyat mühəndisi, qızı Burla isə Kərkükdə ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. Bu cəmiyyətdə artıq Qarabağ problemi həll olunmuşdur. Azərbaycanın sərhədləri Şərqdən Şah dəniz, Şimaldan Dərbənd, Şimal-qərb istiqamətində Sınıq körpü, Qərb istiqamətində Sədərək, Cənub-qərb istiqamətində Urmiya, cənub istiqamətində Zəncana qədər olan məsafədədir. Bu ölkədə onlarla partiya əvəzinə 5 partiya var: ikisi iqtidar, ikisi müxalifət, biri bitərəfdir. Ancaq onlar da ümumi məsələlərdə bir araya gələ bilirlər. Qarabağda Beyrək Cıdır düzündən Topxana meşəsinə kimi funikulyor qurul-masına rəhbərlik edir. Qarabağın bütün yerlərində – Ağdamda, Şuşada turistlər üçün fəaliyyət göstərən otellər fəaliyyət göstərir, tez-tez musiqi festivalları keçirilir. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının nəticəsində saziş imzalanmışdır. Eyni zamanda ölkənin hər yerində müxtəlif tədbirlər, festivallar keçirilir. Bunlar haqqında məlumata Məliyin jurnalistik fəaliyyətində şahid oluruq. Azərbaycan artıq dünyanın beynəlxalq, tanınmış firmaları ilə birgə layihələr işləyir, dünya standartlarına uyğun «Maral», «Ceyran» adlı avtomobillər istehsal edir. Bir çox bölgələrin dəyişdirilmiş adlarına da təsadüf olunur. «8-ci km qəsəbəsi» «Bayat» məhəlləsinə, «Respublika» sarayı «Füzuli» sarayına, «Respublika» meydanı «Səlcuq» stadionuna, «Ermənikənd» bulvarı «Aşıqlar» bulvarına, «Hökumət» evi «Odlar sarayı»na, «İliç buxtası» amerikalıların saldığı «Disney nağıl dünyası»na, «Hövsan» qəsəbəsi «Universitetlər şəhərciyi»nə çevrilmişdir. Şəhərdə bulvarların da sayı çoxalmışdı. Milli elementlərlə bəzədilmiş bu ölkədə öz oxu ətrafında fırlanan «Bulud» restoranından bütün yerləri seyr edən Məlik yazıçının canlandırdığı utopik cəmiyyətin ümumi mənzərəsini daha da parlaq və əlvan edir. Artıq cəmiyyətdə problemlər az olduğundan, həyatı obrazlı şəkildə əks etdirən ədəbiyyatda insanın qəlbini titrədən əsərə rast gəlmək mümkün deyil.
Anarın utopik dünyası daha çox məhz bu xüsusiyyətlərinə görə insana Nizaminin «İskəndərnamə»sindəki «Xoşbəxtlər ölkəsi»ni xatırladır. Əli bəy Hüseynzadənin türkçülük, müasirlik, islamlaşmaq (sonralar Ziya Göyalp tərəfindən təkrarlanan türkləşmək, islamlaşmaq, avropalaşmaq) konsepsiyası əsərin mərkəzindən keçən əsas xətdir. Keçmiş «Hökumət evi»nin, indiki «Odlar sarayı»nın qülləsinin üstündə 16 daimi məşəl yanır. Bunlar «Güney və Quzey Azərbaycan»ın 16 tarixi şəhərinin adını xatırladır. Hətta əyləncə mərkəzlərinin adları da milli xarakterlidir. «Min bir gecə», «Ömər Xəyyam», «Bəhlul Danəndə». Bu ölkə tarixinə o qədər sadiqdir ki, hətta M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, F.Xoylunun, N.Nərimanovun, Nəsiminin, Füzulinin, M.F.Axundovun nəşləri Bakıya gətirilmiş, dəfn olunaraq üzərində türbələr ucaldılmışdı. Utopik dünyadakı Ərxan Məlik Məmmədli ilə «Çağdaş» radiosunda çalışır. Novruz bayramında Novruz adlı ağpapaqlı, ağçuxalı, ağatlı oğlan Yanardağdan məşəl götürüb il təhvil olunan saatda Qız qalasının başına gətirməli idi. Bütün bunları televiziya vasitəsi ilə ekranlaşdıranlar isə Ərxan və Məlikdir. Yazıçı Türk dünyasının mənəvi mərkəzi olan Türkan şəhəri haqqında ətraflı bir mənzərə yaradır. Şəhərin girəcəyində – Dinlər meydanında Əhməd Yəsəvinin məscidi, xristian qaqauzları üçün kilsə, yəhudi qaraimlərinin sinaqoqu, Tuvanın hədiyyə etdiyi Budda məbədi, yakutların şaman otağı var. «Ötükən» ormanında bütün dünyadan gətirilmiş bitkilər böyük bir flora yaradıb. Anarın utopik dünyasında saldığı «Qarabağ» bulvarı öz kədərli kompozisiyasına görə bizə tarixi keçmişimizi, xüsusilə də, Xocalı faciəmizi daima xatırladır. Mustafa Kamal Atatürk Universiteti, «Turan» oteli, «Hunlar» meydanı isə Bakını Türk dünyasının ən böyük mərkəzlərindən biri edir. Yazıçı Nargin adasının adını dəyişib Nərgiz adası adlandırır. O, özünün obrazını utopik cəmiyyətdə kiçik ştrixlərlə səsləndirir: «Sonra kimsə xatırladır ki, indi çoxdan unudulmuş Anar adlı bir yazıçının hekayəsində bu ada Nərgiz adlanır. (Bu Anar, deyilənə görə, o vaxt mövcud olan Yazıçılar Birliyinin sədri olub, sonra ömrünün axırınadək Suraxanı – Əzizbəyov avtobusunda konduktor işləyib)» (3, 325).
Povestin ikinci nağılı isə aşağıdakı epiqrafla başlayır:
“Bir də gördü ki, ağ qoçnan qara qoç budu döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat sıçrayıb ağ qoçun belinə mindi. Amma ağ qoç bunu qara qoçun belinə tulladı. Qara qoç da Məlikməmmədi götürüb qaranlıq dünyaya apardı” (3, 357).
İkinci nağılda qara qoç Məlik Məmmədi tərkinə alıb qaranlıq dünyaya aparır. Qara qoçun rəng antoqonizminin də öz mifoloji mənası var. «Qara rənglə ifadə olunan «qara yer» Oğuz təsəvvüründə üstündə, üzərində gəzilən, ev, otaq tikilən dünyanın alt, qaranlıq, yəni qara rəngli qara qatıdır. Məsələ belədir ki, qara yerin alt qatına birbaşa dəxli olan və insanın dünyasını dəyişməsini bildirən «ölüm» də «Kitab» da elə «qara ölüm» şəklində deyilir» (1, 67-68). Türklərdə qara rəng türk olmayanlara, yaxud düşməni bədii təyinlə işarə edən zaman söylənirdi: «qaraca kafir», «qara dinli kafir». «Kitabi-Dədə Qorqud» dastanında işlənən «qara başım qurban olsun» ifadəsindəki «qara» türkün başına gələn qəmli, kədərli anlarından xəbər verir.
Yazıçı «Məlikməmməd» nağılının süjetinə sadiq qalmışdı. Çünki nağılda da Məlikməmməd birinci ağ qoçun tərkinə minir, ancaq ağ qoç onu qara qoçun tərkinə atır. Antiutopik cəmiyyətdə Məlik Məmməd utopik cəmiyyətdəki Dövlət himninin səsi ilə deyil, sabah azanının səsinə oyanır. Telejurnalist kimi Bakıdan İstanbula ezam olunan Məlik uzun illər doğma vətəninə qayıda bilməmişdi. Onun doğma Bakısı isə 3 ölkənin təsiri ilə 3 zonaya: farsların təsiri ilə Behişti-Badi-Kubə, rusların təsiri ilə Bakı Kommunası, ingilislərin təsiri ilə Baku sitiyə ayrılıb. Məlik Ərxanın oğlunu xilas etdiyinə görə Ərxan ona bu üç zonaya getmək üçün kömək edir. Onu 3 zona haqqında materiallar hazırlayıb gətirən jurnalist adıyla yola salır, ancaq gördüklərinə görə təəccüblənməməyi, bədbinləşməməyi tövsiyə edir. Məlik ilk əvvəl yaşıl bayraqlı Behişti-Badi-Kubəyə gəlir. Yaşıl rəng – islamlaşmaq rəmzidir. Burada onun xatirəvi qalstukunun alınmaması üçün gömrüyə 50 dolların verməsi bu ölkənin ab-havasının ümumi səciyyəsi haqqında məlumatlandırır. Behişti-Badi-Kubə o qədər əsarətcil bir ölkədir ki, şəhər sərhədlərinin məftilləri elektriklidir. Məlik yolda İsmailiyyə, Əlyazmalar İnstitutunun binalarını dağılmış vəziyyətdə, filarmoniyanın binasında isə cümə məscidinin olduğunu görür. Məlik Aypəriyə zəng edib görüşür, ancaq çox təəssüflər olsun ki, Aypəri əvvəlki Aypəri deyildi. Adını da dəyişib Mahrux qoyub, mədrəsədə xəttatlıq dərsi deyir. O, söhbətin sonunda bundan sonra Məliyin onu ölmüş bilməsini pıçıldayır. Ancaq son anda bu sözləri deyəndə Aypərinin gözləri dolur. Məlik onu xilas etmək istəyini bildirsə də Aypəri bunun qeyri-mümkün olduğunu deyib ayrılır. Məlik Aypəridən ayrıldıqdan sonra Qız qalasının, İçərişəhərin divarlarını sökülmüş görür. Hər kəs törədilən bu vəhşiliyin, şovinistliyin qarşısında laldır. Çünki hər kəs özünü gücsüz və aciz hesab edirdi. Bakı Kommunasına oğlunun arxasınca gələn Məlik ilk əvvəl Nizami muzeyinin heykəllərinin Engels, Lenin, Stalin, Maratla əvəz olunduğunu görür. Dilənçilərlə bol olan bu şəhərdə hər bir şey Maratın adınadır. Hətta «Mart» ayının adı dəyişdirilərək «Marat» adlandırılmışdı. O, oğlunun işlədiyi Komissarlıq binasına gələrək erməni əsilli, müsavatçıları cəzalandıran Telman Qaraxanovla görüşür. Maratın baxışlarına görə, bir millət var, o da proletariatdır. Oğlu ilə səmimi görüşmək istəyən Məlik ətrafdakı şəraiti nəzərə alıb oğlu Boris Mamedov (Beyrək Məmmədli) ilə soyuq bir tərzdə görüşür. İnsanların qanına bais olduğuna görə Marat gözünə qara eynək taxırdı. Bu səbəbdən də bu binada çalışanların hamısı qara eynək taxır. Özünü idarə etdiyi zamanın Allahı sayan Marat Stalinlərin, Brejnevlərin xarakterini özündə cəmləyən surətdir. Ata ilə oğulun söhbətindən məlum olur ki, oğul bütün bu kommunistlərə nifrət edir, ancaq burada məcburən Borisi (Beyrəyi) də Azərbaycan dilini bildiyinə görə saxlayırlar. Söhbət zamanı Ermənistanda atom stansiyasının partlamasından, Qarabağın 300 il insanlar üçün yaşanılmaz hala gəlməsindən, Mingəçevir su elektrik stansiyasının partlayıb əhalinin dağlara qaçmasından söz açılır. Məlik oğlu ilə vidalaşanda oğlu Türkiyədə insanların necə yaşamasını xəbər alır. Ata «insan kimi» yaşadıqlarını deyir.
Üçüncü şəhərə gələndə Məlik Məmmədli qızı məşhur rəqqasə, pop ulduz, göbək rəqsinin mahir ifaçısı, ancaq hal-hazırda şəhər meri olmağa hazırlaşan Bura (Burla Xatun) ilə rastlaşır. O, atasının keçmiş evini bərpa edib 3 mərtəbəli villa tikdirmişdi. Çünki o zaman, barrikadalar Bakıya gələndə Burla evdə zökəm xəstəliyindən yatırdı. Qardaşı və anası isə fabrikdə çalışırdılar. Bura qardaş və anasından fərqli olaraq atasını gözəl qarşılayır. Məliyə həyat yoldaşından, oğlundan daha çox qızı neçə illər ondan ayrı olduğunu xatırladır. Çünki hamıdan çox Bura atasına qovuşmağın həsrətində idi. Buranın yaşadığı Baku siti çox inkişaf etmiş Avropa şəhərlərindən birinə çevrilmişdi. Binanın otağında pultla idarə olunan dağ və dörd fəslin özünəməxsus havası, həmin havanın xüsusi səsləri Məliyi çox təəccübləndirir. Təəssüflər olsun ki, avropalaşmaq, müasirləşmək ideyalarının carçısı olan Baku siti Qərb dünyasının mənəvi, estetik, fəlsəfi, demokratik siyasi dəyərlərini deyil, acınacaqlı tərəflərini aşılayır. Yolda vaxtilə yazıçı olmuş, ancaq hal-hazırda acından ölməmək üçün zibilliklərdə yemək axtaran bələdçiyə rast gəlir. Məlik Şirvanşahlar sarayında müxtəlif iyrənc şou görüntüləri, kazinolar görür. Şəhərdə bölünməmiş yer qalmayıb, hətta Xəzər dənizinin altını, üstünü, içini də bölüblər. Boş qalan isə mazutlu sahillərdir. Neftçilər prospekti qumlu, mazutlu sahilə çevrilib. Məlik buradan keçəndə Xəzərə axıdılan kanalizasiyasının üfunətli qoxusundan burnunu tutur. O, üfunətli sahildən uzaqlaşanda Ərxanla rastlaşır. Onu buradan aparmasını istəyir. Ərxan burada sanki Zümrüd quşu rolunu oynayan obrazdır, o, ağ qoçu qara qoçdan seçməyi tövsiyə edir. Məlik irəliləyərək ağ qoça doğru çatmaq istəyir. Yazıçı əsəri 3 nöqtə ilə qurtarır. Çünki ağ qoça çatmaq üçün cəmiyyət daha da inkişaf edərək kamilləşməlidir. Yazıçı Məliyi mübariz qəhrəman obrazında vermir. Çünki yazıçı əsas diqqəti cəmiyyət üzərində cəmləyib. Məlik Məmmədlinin cəmiyyət uğrunda hansı savaş və mübarizəni aparacağını yazıçı oxucuların öhdəsinə buraxır.
Bu əsər bir növ dünya türk xalqlarının vəhdəti ideyasını ehtiva edir. İkinci tərəfdən əsərdə dərin duyğular, xəyallar, həmçinin mifoloji qatlar özünü göstərir. Povestdə şifahi xalq ədəbiyyatının motivlərindən də istifadə olunmuşdur. Qeyd edək ki, əsər iki nağıldan ibarətdir. Bunlardan birincisi utopik, ikincisi isə antiutopik nağıldır. Hər iki nağıl “Məlikməmmədin nağılı”nın süjeti ilə başlayır. Burada həm də rənglərin simvolikasından məharətlə istifadə olunmuşdur. Dünya yarandığı gündən dualizm də özünü göstərir: gecə və gündüz, xeyir və şər, ağ və qara. Yazıçı “Məlikməmmədin nağılı”nın süjetinə sadiq qalaraq birinci nağılda ağ qoçu işıqlı dünyanın, ikinci nağılda isə qara qoçu qaranlıq dünyanın təminatçısı kimi göstərir. Hadisələr nağılların hər birinin başlanğıcında verilmiş qeydlərə uyğun olaraq təsvir olunur. Utopik nağılda Azərbaycanın parlaq gələcəyi öz əksini tapmışdır. Antiutopik nağılda isə Azərbaycanın gələcək taleyi əksinə bölünmüş, parçalanmış şəkildə göstərilmişdir.
Rənglərin simvolikasına gəldikdə isə «ağ rəng» ilk dəfə səslənəndə insanın gözündə paklıq, təmizlik rəmzi kimi təsəvvür olunur. Ancaq ağ rəngin özünün rəng simvolikası əsərdə heç də ötəri xarakter daşımır. Bu element arxaik düşüncədəki şamançılıq ənənələri və sufi simvolikası ilə bağlanır. Ağ rəng şamanlarda ululuq, ədalət və güc mənaları daşıyırdı. Eyni zamanda ağ rəng ümid, inam, qalibiyyət, ehtiram, paklıq, xoşbəxtlik rəngidir. Qədim türklərdə sərkərdələr (Mete, Kül Tigin xaqan) döyüşə gedən zaman ağ at minərmişlər.
Görkəmli Azərbaycan şairi Rəsul Rza da «Rənglər» silsiləsində ağ rəngin sevinc və məhəbbət çalarlarını tərənnüm etmişdir. Ümumiyyətlə, rənglər şairin qəlbində təzə duyğular oyadır, yaddaşı canlandırır və beləliklə, hər rəng sadəcə adi boya deyil; şairə görə onların sevinc, kədər, ümid, inam, təsəlli, məhəbbət, nifrət çalarları vardır:
Ağ, qara, sarı, yaşıl, qırmızı;
hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi xatırladır,
biri dərdimizi, biri arzumuzu (7, 227).
Rənglər xatirələr oyadır,
Duyğular oyadır.
Gördüyümüzdən artıq görmək istəməsək,
Hər rəng adicə bir boyadır (7, 228).
Başqa sözlə, şair rənglərin insan hissləri, insan əhvali-ruhiyyəsi, insanın yaddaşı ilə bağlı olduğunu demək istəyir və yalnız fırça vasitəsi ilə yox, söz vasitəsi ilə rəngin insanda oyatdığı təəssüratı, fikri, hissi ifadə etmək olar və mümkündür – həqiqətini bəyan etmiş olur.
Rənglərin və sayların simvolik, rəmzi yozumları vardır. Burada mifik təfəkkürdən qaynaqlanan, inanc və sınamaları ifadə edən təsəvvürlər üstünlük təşkil edir. Azərbaycan xalqının rəng simvolikası (yozumları) elə rənglərin aşıladığı assosiativ duyğular qədər rəngarəngdir.
Folklorşünas alim Bəhlul Abdulla “Kitabi-Dədə Qorqud”un poetikası” monoqrafiyasında ağ rənglə bağlı yazır: “Ağboz atı Oğuzlar arasında minənlər çoxdur. Fikrimizcə, Ağboz atın abidədə xüsusi vurğu ilə tanıdılması da səbəbsiz deyil. Və bu səbəbin bir ucu “Ağboz”dakı “ağ” la bağlıdır. Bilindiyi üzrə, “ağ” rəng olaraq təmizlik, paklıq anlamlarına da gəlir. Tanrılara qurban olaraq ağ rəngli at kəsmək də elə bu görüşlə bağlıdır. Dəyərlidir ki, Manas anadan olanda atası Yaqub xan bu şərəfə Ağboz at qurban kəsir. Bundan savayı, ağ rəngin önəmli, qutsal, uğurlu olması da mübahisəsizdir. Odur ki, ağ rəngli at da həmişə uğur rəmzi olaraq qəbul edilmişdir. “Kitabi – Dədə Qorqud”dakı Ağboz atlar da bilavasitə uğurla, şad xəbərlərlə bağlı məqamlarda, ələlxüsus, daha çox yağı üstünə gediləndə minilir” (2, 54).
Təkcə yazılı ədəbiyyatımızda deyil, şifahi xalq yaradıcılığında da bu günə qədər yaşayan günəş, od, atəş, zülmət, nur, qaranlıq və işıqlı dünya kimi anlayışların, nağıl və əfsanələrimizdəki divlər, huri və pərilər kimi rəngarəng mifoloji obrazların məhz qədim dindən-atəşpərəstlikdən qaynaqlandığı şübhə doğurmur. Məsələn, məşhur “Məlikməmməd” nağılında qəhrəman dual aləmin övladı kimi təzahür edir: o, işıq və zülmət dünya arasında sınağa çəkilir, onun bütün cəhdləri zülmətdən işığa çıxmaq, qara qüvvələrdən xilas olmağa yönəlib.
Kosmoqonik miflərdə dünyanın yaradılması başlıca ikili qarşıdurmaların ardıcıl yerləşdirilməsi nəticəsidir. Başlanğıc dövrlərin ən köklü qarşıdurmaları içərisində xaos-kosmos, ölüm-həyat, qara-ağ, sol-sağ, qadın-kişi, isti-soyuq və s. kimi binar oppozisiyalar daha çox seçilir. Bu ikişər qarşıdurmalar içərisində rəng simvolikası ilə bağlı olan ağ-qara qarşıdurması daha çox seçilir. Bu dünya güclərinə qarşı dayanan o biri dünya qüvvələri qaranlıq aləmdədirlər və s. Prof. C.Bəydili “Türk mifoloji sözlüyü” kitabında belə yazır: “Ağ – qara” rəng simvolikası üzərində dayanan qarşıdurma etnik mədəniyyətin özünüdərk prosesində əhəmiyyətli olan “özümüz – özgələr” (biz – onlar) qarşıdurması ilə də semantik baxımdan sinonimlik təşkil etmişdir” (4, 163).
Oğuzların etnopsixologiyası baxımından isə maraqlıdır ki, Dədə Qorqud boylarında da daş oğuzların ana yurdu Aladağ, iç oğuzlarınkı isə Qaradağ olaraq göstərilir. Buradan da göründüyü kimi, ağ – qara simvolikasının ilkin semantikası məkan anlamı ilə bağlanılır.
Ağ – qara kimi binar oppozisiyalar “Kitabi-Dədə Qorqud” eposunda özünü tez-tez göstərir. Məsələn, birinci boyun mətnindən aydın olur ki, xanlar xanı Bayandır xan ildә bir dəfə şadlıq edib, oğuz bәylәrini qonaq edәrdi. Yenә şadlıq mәclisi qurub, atdan ayğır, dәvәdәn buğra, qoyundan qoç qırdırmışdı. Bir yerdə ağ otaq, bir yerdə qırmızı otaq, bir yerdә qara otaq qurdurmuşdu: “Kimin ki, oğlı-qızı yoq, qara otağa qondurun, altına qara keçә döşәyin, qara qoyun yaxnısından öninə gәtürün, Yer isə yesün, yeməzsә, dursun getsün – demişdi. Oğlı olanı ağ otağa, qızı olanı qırmızı otağa qondurun, oğlı-qızı olmayanı Allaһ Taala qarğayıbdır, biz dәxi qarğarız; bəllü bilsün!” – demiş idi (6, 39). Buradan açıq-aşkar görünür ki, ağ və qara rənglərinə oğuzlar arasında münasibət necə idi.
Beləliklə, sonda belə nəticəyə gəlmək olar ki, əgər Anar ötən əsrin 60-cı illərinin başlanğıcında cəmiyyət həyatının üst qatında yaşayan görüntüləri bütün yasaq və qadağalardan yan keçərək qələmə alırdısa, "Ağ qoç, Qara qoç"da yaşadığı yeni dövrün inkişaf və gedişat problemlərini, ziddiyyət və təzadlarını gündəmə gətirir, şüuraltdakı neqativ düşüncənin gözəgörünməz mifologizmini yaradırdı. Bununla da Anar insanları qabaqcıl, işıqlı düşüncənin qorunub saxlanmasına səfərbər olmağa çağırır. Yazıçı təkcə düşüncənin alt laylarındakı dəyərləri bərpa edib üzə çıxarmır, həm də cəmiyyətin üst düşüncə qatının deformasiyasından nigarançılığını ifadə edir. Bütün bunlar isə narın yaranmaqda olan ən yeni dövr ədəbiyyatına bəxş etdiyi folklorizm dəyərləri, yeni yaradıcılıq modelləri idi.
İşin elmi nəticəsi. Araşdırmada Anarın folklorizm ənənələri əsasında yazdığı və əslində mövzusunu xalq yaradıcılığı qaynaqlarından götürdüyü əsərlərindən biri olan "Ağ qoç, qara qoç" povestindəki mifoloji elementlər və rənglərin simvolikası məsələsi aydınlaşdırılmış, folklor nümunələri ilə müqayisələr aparılmışdır.
QAYNAQLAR
-
Abdulla B. Kitabi-Dədə Qorqudda rəng simvolikası. Bakı, “Çaşıoğlu”, 2004, 128
-
Abdulla B. Kitabi-Dədə Qorqud”un poetikası. Bakı, “Elm”, 1999, 224
-
Anar. Seçilmiş əsərləri. Bakı, “Lider nəşriyyat”, 2004, 416
-
Azərbaycan nağılları. 5 cilddə. IV cild. Bakı, “Şərq-Qərb”, 2005, 336
-
Bəydili C. Türk mifoloji sözlüyü. Bakı, “Elm”, 2003, 418
-
Kitabi-Dədə Qorqud Ensiklopediyası. 2 cilddə. I cild. Bakı, Yeni Nəşrlər Evi, 2000, 622
-
Rza R. Seçilmiş əsərləri. Beş cilddə. III cild. Bakı, “Öndər nəşriyyat”, 2005, 256
Validə HƏSƏNOVA
AMEA Mərkəzi Elmi Kitabxana,
valide_a@yahoo.com
“AZƏRBAYCAN FOLKLORU ANTOLOGİYASI”NDA
NAĞILLARIN İNFORMASİYA TƏMİNATI
Xülasə
“Azərbaycan Folkloru Antologiyası” adlı seriyalı nəşr Azərbaycan xalq nağıllarının nəşri tarixində mühüm mövqeyə malikdir. Məqalədə Naxçıvan, Ağbaba, Borçalı və Borçalı-qarapapaq kimi folkor antologiyaları nəzərdən keçirilmişdir. Araşdırmalar zamanı bu kitablarda daha çox nağılların informasiya təminatına nəzər yetirilmiş və onların köməkçi aparatlarla təmin olunması diqqət önündə tutulmuşdur.
Açar sözlər: Antologiya, nağıllar, nağılların informasiya təminatı, Qaraqoyunlu, Borçalı, Naxçıvan, informasiya
DATAWARE OF TALES IN “ANTHOLOGY
OF AZERBAIJAN FOLKLORE”
Summary
The publication series «Anthology of Azerbaijan folklore» has important place in the history of publication of Azerbaijan popular tales. Such folklore anthologies as Nakhichevan, Agbaba, Borchali and Borchali-garapapagh folklores have been looked through in this article. During investigation much information garanty of many popular tales have been looked in this books. And the providing them with subsidary apparatus have been in the focus of attention.
Key words: Anthology of Azerbaijan folklore, tales, the dataware of tales, tales, Garagoyunlu, Bochali, Nakhichevan, information
ИНФОРМАЦИОННОЕ ОБЕСПЕЧЕНИЕ СКАЗОК
В «АНТОЛОГИИ АЗЕРБАЙДЖАНСКОГО ФОЛЬКЛОРА»
Резюме
Серийное издание «Антология азербайджанского фольклора» занимает важное место в истории издания народных сказок. В статье рассмотрена антология фольклора Нахичевана, Агбаба, Борчалы и Борчалы-гарапапага. Во время исследования книг большое внимание уделено информационному обеспечению информационного аппарата.
Ключевые слова: Антология азербайджанского фольклора, cказки, информационное обеспечение сказок, Каракоюнлу, Борчалы, Нахичевана, информация
Milli folkloru dünyaya tanıtmaq, xalq yaradıcılığının coğrafi atlasını yaratmaq məqsədilə folklor örnəklərinin toplanaraq antologiyalar, külliyyatlar və s. formalarda kütləvi folklor nəşrləri çap edilməkdədir. 1994-cü ildən etibarən AMEA Nizami adına Ədəbiyyat İnstitutu, AMEA Dədə Qorqud adına Folklor Elmi-Mədəni Mərkəzi, daha sonra isə AMEA Folklor İnstitutu tərəfindən “Azərbaycan Folklor Antologiyası” Azərbaycanın bölgələr üzrə folklor nümunələrini toplayaraq ardıcıl şəkildə kütləvi oxucu qrupu üçün nəzərdə tutulmuş kitablar nəşr edilmişdir. Antologiyaların nəşrində əsas məqsəd – el ədəbiyyatı örnəklərinin özünəməxsus səciyyəvi xüsusiyyətlərini, onların mövzu, süjet və motiv əlvanlığını üzə çıxarmaq olmuşdur (6, 3). Hər bir bölgənin ayrı-ayrılıqda toplama işinə cəlb edilməsinin vacib şərtlərindən biri bölgələrin folklor örnəklərinin özünəməxsus zənginliyi və fərqliliyidir. Toplama-nəşr işinin davam etdiyi bu nəşrlərin Naxçıvan, İraq-türkmən, Göyçə, Şəki, Qarabağ, Qaraqoyunlu, İrəvan, Şirvan, Dərbənd, Dərələyəz, Ağdaş və s. kimi bölgələrin folklor nümunələri nəşr edilərək oxuculara təqdim edilmişdir. “Azərbaycan Folkloru Antologiyası” seriyasında (AFA) 1994-cü ildə “Sabah” nəşriyyatında işıq üzü görmüş ilk cildi “Naxçıvan folkloru” adlanır (11). Kitab folklorşünas alimlər – T.Fərzəliyev, f.e.d., prof. M.Qasımlı tərəfindən tərtib edilmiş və f.e.d., prof. İ.Abbaslı “Çoxcildli “Azərbaycan folkloru antologiyası”, T.Fərzəlibəyov qələminə məxsus “Naxçıvan folkloru” başlıqlı müqəddimələr yazılmışdır. Bundan sonra folklor mətnləri folklorşünaslığın janr prinsipinə əsasən, həmçinin epik növə daxil olan nağıllardan otuz nümunə təqdim edilmişdir. Kitabın sonunda “Söyləyicilər haqqında məlumat” və “Toplayıcılar haqqında məlumat” kimi informasiya xarakterli bölmələr yaradılmışdır. “Söyləyicilər haqqında məlumat” bölməsindəki bilgilər folklor mətnlərinin janrlarına görə qruplaşdırılmışdır. Lakin bu qeydlər XIX əsrin sonu, XX əsrin əvvəllərindəki müxtəlif tipli nəşrlərdə təqdim edilmiş folklor nümunələrinə aid pasport qeydlərindən fərqlənir. O nəşrlərdəki təsvirlərdə söyləyicinin yaşı və ictimai statusu və s. məsələlər də göstərilmişdir. Məsələn, nağılların “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu”nun (“Sbornik materilaov dlya opisaniya mestnostey i plemyon Kavkaza – SMOMPK”) buraxılışlarındakı nəşrlərində bütün nümunələrə aid olmasa da bir çox nağıllara verilmiş qeydlərdə yalnız ümumi quberniyanı, qəzanı göstərməklə kifayətlənilməmiş, həmçinin kənd, şəhər, toplanılmış ərazilərin adları, yazıya alınma tarixləri, toplayıcıların adları və s. göstərilmişdir. “Naxçıvan folkloru” kitabında verilən nümunələrdəki informasiyalarda söyləyicilərin ünvanları dəqiq göstərilsə də, onların yaşı qeyd edilməmişdir. Toplayıcılar haqqında məlumat bölməsində on nəfər toplayıcı haqqında məlumat verilmişdir. “Göstərici” adlı ümumi başlıq altında akademik nəşrlərə məxsus digər – “Şəxs, mifoloji və folklor obrazları adları” və “Yer adları” kimi bölmələr tərtib edilmişdir.
Azərbaycan xalq ədəbiyyatı ilə ilgili son dövrlərdə AMEA-nın Folklor İnstitutu ilə yanaşı AMEA-nın Naxçıvan bölməsi tərəfindən də müxtəlif coğrafi nəşrlər həyata keçirilməkdədir. 2010-cu ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin sərəncamına əsasən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsi tərəfindən M.Cəfərli, R.Babayevin hazırladığı “Naxçıvan folkloru antologiyası”nın birinci cildi işıqüzü görmüşdür. Cildə Naxçıvan bölgəsindən yazıya alınmış folklor nümunələri toplanılmışdır (11). Bura həm sehirli, həm məişət, həm də bir tarixi nağıl (İskəndərin dirilməsi) – ümumilikdə iyirmi yeddi nağıl daxil edilmişdir. “Mətndəki adlar (Mifoloji personajlar, foklor qəhrəmanları, şəxs adlar)”, teonimlər, etnonimlər, coğrafi adlar, əşya-predmet adları, flora və fauna, dialektik sözlük, söyləyicilər və toplayıcılar və s. kimi informasiya xarakterli bölmələr yaradılmışdır. Bü bölmələrin hamısında nağıllarla əlaqəli informasiyalara rast gəlmək mümkündür. İnformativ xarakterli “Nağıllar” yarım-bölməsi pasport qeydləri funksiyasını yerinə yetirir. Burada nağılların toplanma tarixləri müxtəlif illərə təsadüf edir. Beş nağılın toplanıldığı tarix 1930-cu illəri (Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi, Hazarandastan bülbülü, Hambal Əhməd – 1934-cü ildə, müəllim Baxşəli Sultanovdan toplanıb, Məlik Məmməd və Məlik Əhməd- 1930-cu ildə İbrahim Əli oğlundan toplanıb, Qırx qönçə xanım – 1936-cı ildə Kərbəlayı Yusif Həsən oğlundan qeydə alınmışdır) əhatə edir.
Qeyd edək ki, AR-nın Dövlət Ədəbiyyat və İncəsənət Arxivində H.Zeynallının “Azərbaycan nağılları” adlı arxiv materiallarındakı onuncu saxlama vahidinin (fond №160, siyah №1, s.v.10) “VII Qeydlər” bölməsində 49-cu nağılının pasport qeydi (arxiv sənədində nağılın nömrəsi 50 kimi qeyd edilmişdir) “Hazaran dastan bülbül” - Baxşalı Sultanov yazanı Naxçıvanlı, söyləyəni M.H.Təhmasib-1934-cü il” kimi qeydi verilmişdir (2). Digər nağılların pasport qeydlərində isə bunun əksi göstərilmişdir. Yəni söyləyəni Baxşalı Sultanov, yazanı M.H.Təhmasib. Görünür burada mexaniki yanlışlığa yol verilmişdir. Ümumiyyətlə, isə H.Zeynallının “Azərbaycan nağılları”ı ilə əlaqəli arxiv sənədlərinin içərisində B.Hüseynovun, M.H.Təhmasibin, N.Qatanovun (əlyazmalarından) topladığı nağıllardan geniş istifadə edilmişdir. (Nar qızı (1933), Fərsiz oğul (1928), Üç bacı (1930), Juqin (1930), Muxtarın hekayəsi (1933), “Təlimli pişik” (1930), Dərzinin şagirdi (?), Dərzi qızı (1930), İki arvadın işdəkləri (1930) –Novruz Qatanovun əlyazmaları, Şahzadə İbrahim, Hazaran dastan bülbül (1934), Höcət (1934), Leyləyin nağılı (1934) (söyləyəni Baxşalı Sultanov, yazanı M.H.Təhmasib, Qazının işi (?), Keçəlin nağılı (?) (Baqi Hüseynov) və s. kimi nağılların Naxçıvan ərazisindən toplanıldığı qeyd edilmişdir.
“Naxçıvan folkloru antologiyası”nda digər on doqquz nağılın pasport qeydində söyləyənlər (söyləyənlərdən bəzilərinin yaşları göstərilmişdir), toplayanlar və haradan yazıya alınması haqda təqdim edilmişdir. Yuxarıda adı qeyd edilən beş nağılın isə toplayıcıları və yazıya alındığı ərazisi təsvir edilməmişdir. Sonda “Folklor nümunələri (janrlar) üzrə söyləyicilər və toplayıcılar” haqda bioqrafik informasiya verən bölmə yaradılmışdır. Lakin bu bölmədə nağıllarla yanaşı dastanlar, hekayətlər haqda informasiya bir yerdə verilmiş və nağıllara aid bütün nümunələr əhatə edilməmişdir. Söyləyicilərin yaşları qeyd edilməsə də onların hansı mahal, bölgə və kəndin sakini olduğu göstərilmişdir. Toplanma tarixləri haqda məlumat qeyd edilməmişdir.
Naxçıvan MR-nın folklor nümunələrinin davamı olaraq AFA-nın 2012-ci ildə növbəti – XXIII kitabı “Naxçıvan örnəkləri” ikinci cild kimi təqdim edilmişdir (12). 332 səhifədən ibarət bu cildin nümunələrini A.Cəfərova toplamış, Ə.Ələkbərli və A.Cəfərova tərəfindən tərtib edilmişdir. Kitaba əvvəlki nəşrlərdən fərqli olaraq ön söz yazılmamışdır. On iki nağılın daxil edildiyi iyirmi üçüncü kitabın informsiya təminatı nisbətən fərqlidir. Belə ki, informasiya aparatı yeganə olaraq “Söyləyicilər haqqında məlumatlar” bölməsidir. Oxucu bu bölmədən müəyyən edə bilər ki, nağıllar Ordubad rayonundan və onun Üstüpü kəndindən, Sədərək rayonu və onun Sədərək kəndindən toplanmışdır. İkinci cildə daha öncəki tərtib işlərində də rast gəlinən nağılların Naxçıvan bölgəsindən toplanmış yeni versiyalarını görmək mümkündür. “Bəxtini axtaran oğlan”, “Yaxşılığa yamanlıq”, “Həsən kişi və ilan” və s. deyilənlərə nümunə ola bilər.
Fərqli zamanlarda və fərqli məkanlarda nəşr edilmiş Naxçıvan MR-nın folklor örnəklərindən bəhs edən hər bir antologiyanın informasiya təminatını, daha dəqiq desək, nağılların informasiya təminatının xüsusiyyətlərini müqayisə edərkən hər üç nəşrə aid nümunələrin pasportlaşdırılması, yaxud digər informasiya bölmələri ilə təmin edilməsi zamanı H.Zeynallının “Azərbaycan nağılları” adlı işıqüzü görməmiş tərtib işinə yaratdığı köməkçi informasiya bölmələrinin daha çox tamlıq və ya dolğunluq təşkil etdiyi fikrini demək olar.
AFA-nın digər – Göyçə folklorundan bəhs edən III kitabı Azərbaycanın əzəli torpaqlarından – Qoşabulaq, Ağbulaq, Toxluca, Yarpızlı və s. kimi kəndlərdən toplanmış folklor nümunələri, nağıllar Göyçə mahalının sakinlərindən yazıya alınaraq kitaba daxil edilmişdir. Prof. H.İsmayılovun yazdığı “Uzaq etnik mənşəyin, yaxın milli gələcəyin indi Qürbət Vətəni – Göyçə” adlı müqəddimədə, yaxud kitabın redaktoru f.e.d., prof. Y.Qarayevin qələmə aldığı “Göyçəyə qayıdan yol folklordan keçir” başlıqlı yazısında folklorşünaslıq incələmələrindən çox Vətən nisgili, vətəndaş xiffəti özünü göstərir (8). H.İsmayılov Göyçə ərazisindən toplanıb nəşrə təqdim edilmiş nağılların özəl xüsusiyyətlərini, onun digər janrlarla müqayisəli təhlilini verməklə yanaşı, onların digər bölgələrdən fərqləndirən xüsusiyyətlərini, quruluşunu, daha çox sehirli nağılların üstünlüyü və s. haqda şərhlər vermişdir.
Nağıllar yerli xalqın danışıq formasında əks etdirilmişdir. Nağılların sistemləşdirilməsində “Miflər” (“Mifoloji nağıllar” (8 nağıl), “Xalq təbabəti” (12 nağıl) və “Uşaq folkloru” (6 nağıl) kimi başlıqlardan istifadə edilmişdir. “Söyləyənlər haqqında məlumat” bölməsində “mifoloji nağıllar, mifoloji rəvayətlər, inanclar” üç folklor növü haqda ümumiləşdirilmiş məlumat birlikdə göstərilmişdir. Nümunələrin toplanıldığı ərazilər əks edilmiş, lakin ənənəvi olaraq toplanma tarixləri göstərilməmişdir. Sadəcə olaraq müəllif qeyd edir ki, bütün nümunələr əhatə edilməmişdir. Təbii ki, bunun üçün bir cild yetərsizdir.
AFA-nın növbəti illərdə oxuculara təqdim edilmiş buraxılışlarından biri də Azərbaycanın qədim torpağı olan Ağbaba ərazisindən yazıya alınmış “Ağbaba folkloru”dur (1). Antologiyalar sisiləsindən müxtəlif vaxtlarda Ağbabaya həsr edilmiş iki kitab nəşr edilmişdir. Birinci nəşr 1997-ci ildə, ikinci nəşr isə 2003-cü ildə oxuculara təqdim edilmişdir. İlk nəşrə aid edilmiş nümunələr S.Ağbabalı tərəfindən toplanaraq tərtib edilmiş, “Redaktordan” və “Tərtibçidən” başlıqlı giriş sözləri yazılmışdır. Hər iki ön sözdə Ağbaba torpaqlarının tarixi taleyindən söhbət açılmışdır.
Topluda on doqquz nağıl nümunəsindən beşi məişət, doqquzu sehirli və beşi mifik növə aid edilərək qruplaşdırılmışdır. “Uşaq folkloru” bölməsində də iki (“Eşşək, it, xoruz və pişik”, “Başmaqçı cücələr”) nağıl yer almaqdadır. F.e.d. Q.Namazov kitaba daxil edilmiş “Redaktordan” başlıqlı yazısında qeyd edir ki, bura daxil edilmiş nağıllar başqa mənbələrdə işıq üzü görsə də ilk dəfə olaraq “Ağbaba folkloru” adı altında təqdim edilmiş yeni variantlardır. Folklor nümunələri üçün informasiya bölmələrindən yalnız “Söyləyənlər haqqında” məlumat tərtib edilmişdir. Nağılların söyləyiciləri haqqında bilgilər “Mifoloji nağıllar”, “Sehirli nağıllar”, “Məişət nağılları” və “Uşaq folkloru” bölməsinin “Nağıllar” alt bölməsində təqdim edilmişdir. Nümunələr Qaraçanta, Qaranamaz, Oxçoğlu, Xozu, Qaraçəntey kəndlərinin sakinlərindən yazıya alınmışdır. Ən yaşlı söyləyici 110 yaşında Sultan Baxşı qızı Musayeva olmuşdur. Ondan iki nağıl yazıya alınmışdır. Söyləyicilərin hansı nağılları nəql etdikləri göstərilməmişdir. Həmçinin nağılların adları mündəricatda qeyd edilmədiyi üçün onlarla yalnız kitabın daxili səhifələrindən tanış olmaq mümkündür.
“Ağbaba folkloru”nun davamı olaraq 2003-cü ildə AFA-nın VIII kitabı nəşr edilmişdir. Bölgəyə məxsus folklor örnəklərinin toplayıcı və tərtibçi müəllifləri f.e.n.H.İsmayılov, T.Qurbanov, redaktoru f.e.d., prof. İ.Abbaslıdır. F.e.n.H.İsmayılov “Ağbaba folkloru” başlıqlı geniş müqəddimə yazmışdır. Azərbaycanın digər mühacir torpaqları kimi bu torpaqların da acı taleyi qələmlərdən süzülməklə tükənməz. Müəllif təəssüf hissi ilə qeyd edir ki, “rəsmi sənədlərdən məlum olduğu kimi, əsrin əvvəllərində Ağbabada əllidən artıq kənd olmuşdur. Rus imperiyasının havadarlığı ilə ermənilər tərəfindən bölgə kəndlərinin təxminən yarısı 50-ci illərdə yerlə-yeksan edilmişdir.” (1, 6). 1988-ci ilə qədər 27 kənd mövcud olmuş, onlardan beşində əsrin əvvəllərində Muş, Sarıqamış, Van və s. yerlərdən gəlmiş ermənilər məskunlaşmışdırlar. Son dönəmlərin statistikası isə daha dəhşətlidir. “1988-ci ildən sonra bu ərazilərdən yerli əhali olan türklər (azərbaycanlılar) son nəfərinədək deportasiya olunmuşdur” (1, 11).
Topluya Ağbaba bölgəsinin Təzə İbiş kəndindən üç, Mağaracıq kəndindən bir, Göllü kəndindən iki, Güllücə kəndindən bir, Qaranamaz kəndindən üç nağıl toplanaraq (cəmi on nağıl) “Nağıllar” başlığı altında oxucuya təqdim edilmişdir. 110 yaşılı söyləyici Sultan Baxşı qızı Musayevadan yazıya alınmış “Qarpız” və “Gülxanımın nağılı” mətnləri bu tərtib işinə təkrar daxil edilmişdir. Təəssüf ki, nağılların yazıya alınma tarixləri qeyd edilməmişdir. Örnəklər “Dialektoloji sözlük”, “Göstərici”, “Söyləyicilər və toplayıcılar haqqında” kimi informasiya xarakterli bölmələrlə təmin edilmişdir.
“Göstərici” adlı bölmə şəxs adları, mifoloji və folklor obrazlarının adlarını əks etdirir ki, bu bölmə AFA-nın digər kitablarında da istifadəçilərə təqdim edilmişdir. Bölmənin “Şəxs adları, mifoloji və folklor obrazlarının adlar göstəricisi” kimi adlandırılması da həmçinin münasib olardı. Çünki, “göstərici” sözü ad olaraq elmi nəşrlərdə informasiya təminatını həyata keçirən bölmələrə verilir. “Dialektoloji sözlük”, “Söyləyicilər və toplayıcılar haqqında”, “şəxs adları, mifoloji və folklor obrazları” ayrı-ayrılıqda müstəqil informasiya daşıyan köməkci informasiya göstəricilərdir.
1996-cı ildə Azərnəşr tərəfindən nəşr edilmiş “Azərbaycan Folkloru Antologiyası” seriyası adı altında “Borçalı folkloru” başlıqlı növbəti xalq yaradıcılığını özündə ehtiva edən tərtib işidir. Kitaba daxil edilmiş örnəklərin toplayıcı müəllifi f.e.d., prof. V.Hacılardır. Tərtibçi-müəllifi prof. İsrafil Abbaslı kitaba yazdığı ön sözdə qeyd edir ki, “cild toplanmış söz sənəti örnəklərinin az bir qismini əhatə edir. Onu iki kitabda çap etmək nəzərdə tutulmuşdu. Lakin poliqrafiya-nəşr işlərinin mövcud vəziyyəti buna imkan vermədi. Bu səbəbdən də ayrı-ayrı tarixi kəsimlərdə yazıya alınıb Tbilisinin uyğun arxiv və fondlarında saxlanılan külli miqdarda Azərbaycan folkloru örnəkləri, bölgənin çoxəsrlik ozan-aşıq mühiti qoynunda ərsəyə çatıb püxtələşən, Azərbaycan türkcəsində düzüb-qoşan bir çox gürcü, aysoru, yunan aşıqlarının şeirləri, dastan rəvayətləri və onlarla bu qəbil materiallar tərtibdən kənarda qaldı” (6, 3).
“Borçalı folkloru”nun iyirmi üç nağılı əhatə edən 1996-cı il nəşrinə yalnız bir adda informasiya bölməsi tərtib edilmişdir. “Tərtibdə istifadə olunmuş qaynaqlar və söyləyicilər haqqında məlumat” adlı informativ bölmənin “Nağıllar” yarım-bölməsində on yeddi nağılın pasport qeydi əks etdirilmişdir.
Cildə daxil edilmiş nağılların yazıya alınma tarixləri 1828-ci ildən başlayaraq müxtəlif illəri əhatə edir. Ən son qeydə alınmış nağılın yazıya alınma tarixi 1984-cü ildir. Hətta 1800-cü illərdə N.Asatianinin topladığı “Xıdır İlyaz”, “Mən Qurd gördüm”, “Vermədi Məbud, nə etsin Mahmud” və “Pinti Mahmud” kimi nağılların da antologiyaya daxil edilməsi istifadəçilər üçün əlyetənlilik rolunu oynayır. Təəssüf ki, digər nağılların mühafizə edildiyi mənbələr və yazıya alan şəxslər, bəzi hallarda söyləyicilər haqqında da informasiya verilməmişdir. Bunun səbəbini tərtibçi-müəllif, Tbilisi Pedaqoji İnstitutu Azərbaycan bölməsinin tələbələri tərəfindən toplanıldığını və onların bu haqda toplama işlərində məlumat verməməsindən qaynaqlandığı göstərmişdir. Lakin bu tərtib işində fərq, kitabdakı nağıllar sərhədləri aşmış, xarici arxivdəki xalq nağıllarımızdan xəbər vermişdir (6, 253).
2011-ci ildə nəşri təşkil edilmiş AFA-sı seriyasının növbəti nəşri “Borçalı-Qarapapaq folkloru”nun toplayıcı və tərtibçisi professor Valeh Hacılar (Hacıyev) nağılların nəşr tarixini yeni maraqlı faktlarla zənginləşdirmişdir (7). “Borçalı-Qarapapaq folklorunun təməl özəllikləri” başlıqlı yazısında mərhum professor xalq nağıllarımızdan birinin nəşr tarixini 1852-ci ildən 1930-cu ilə qədər geriyə qaytarmış, eyni nağılın iki ad altında nəşrini müəyyənləşdirmiş (“İnsanlara inanmaq olmaz”, “İnsan və ilan haqqında nağıl”), həmçinin bu nağılın toplayıcısı, tərcüməçisi və naşiri, eyni zamanda söyləyən şəxs haqqında zəngin tarixi faktlar təqdim etmişdir.
Müqəddimədə şərh edilmiş maraqlı faktlardan digəri 1895, 1903, 1904-cü illərdə gürcü mətbuatında işıqüzü görmüş Azərbaycan xalq nağılları, həmçinin nağıllarımızın əlyazma şəklində gürcü mənbələrindəki mövcudluğunun aşkar edilməsidir. Müəllif qeyd edir ki, Niko Asatianinin (1858-1942) topladığı nağıllar (gürcü və Azərbaycan dillərində) Gürcüstan EA, Rustaveli adına Ədəbiyyat İnstiututunun Folklor arxivində (inventar №12073 -12219) mühafizə edilir (3, 19). İndiyə kimi tədqiqat əsərlərində yalnız gürcü mənbələrində işıqüzü görmüş nağıllardan bəhs edilirdisə artıq burada konkret yazılı məxəzlərdəki milli xalq nağıllarımız haqda mənbələr müəyyənləşdirilmişdir. Bu məsələyə müəllif daha öncələri də toxunaraq qeyd edirdi ki, N.Asatianın toplayaraq “tatar xalq yaradıcılığı” adı altında yazıya aldığı nümunələr orjinalla yanaşı onların gürcü dilində də tərcüməsi verilmişdir (9, 39).
Borçalı folkloruna həsr edilmiş hər iki 1996 və 2011-ci il nəşrlərində işıqüzü görmüş nağılları müqayisə etsək birinci nəşrə iyirmi üç, ikinci nəşrə iyirmi altı daxil edilmiş nağıl mətnindən iyirmi biri təkrar nəşrdir. Təbii olaraq onların pasport qeydləri də eynilik təşkil edir. Birinci kitabda “Çoban Məhəmməd” və “Qismətini axtaran”, ikinci kitabda isə “İnsanla ilanın nağılı”, “Bəzirgan arvadı”, “Yoxsul kişinin toyuq bölgüsü”, “Dərisi gerisi” və “İri buğdanın sirri” nağılları yeni edilmiş əlavələrdir. Bu nağıllardan da “İnsanla ilanın nağılı” Borçalının Şamalı kəndində Mehdi Bayram oğlundan 1828-ci il 6 oktyabrda Z...v yazıya almış, 1830-cu ildə “Tiflisskiye vedomosti” qəzetində dərc edilmişdir. “Yoxsul kişinin toyuq bölgüsü”, “Dərisi gərisi” nağılları 1984-cü ildə Marneule rayonunun Ağqulaq kəndində Lətif Hacıxəlil oğlu Mustafayevdən yazıya alınmışdır. “Bəzirgan arvadı” nağılına pasport qeydi verilməmişdir (7, 437-438).
Mətnlərin kitaba təkrar daxil edilməsi haqqında 2013-cü ildə “Borçalı folklor örnəkləri” toplusunun (Azərbaycan Folkloru Antologiyası seriyasından) “Tərtibçidən” başlıqlı yazıda müəllif f.ü.f.d. E.Məmmədli qeyd edir: “Borçalı folklor örnəklərini özündə əks etdirən bu kitab say etibarı ilə ikincidir (4, 4). Əslində bu kitabı üçüncü də hesab etmək olardı” (4, 3). E.Məmmədli Borçalı folkloruna həsr edilmiş ilk kitabın (kitabın toplayıcısı V.Hacılar, tərtib edən İ.Abbaslı) 1966-cı ildə Azərnəşr tərəfindən nəşr olduğunu və 2011-ci ildəki nümunəni isə həmin tərtib işinin təkmilləşdirilmiş forması olduğunu qeyd edir (4, 3). Maraqlıdır ki, 2011-ci ildəki nəşr həmdə 1996-cı ildəki nəşrin əlavəli təkrarıdır.
2013-cü ildə nəşr edilmiş Borçalı folkoru nümunələrini əhatə edən bu cildə fil.ü.f.d. E.Məmmədli, fil.ü.e.d., professor M.Allahmanlı və t.ü.f.d. K.H.Məmmədov tərəfindən dəyərli giriş sözləri yazılmışdır.
T.ü.f.d. K.H.Məmmədov özünün “Borçalı azərbaycanlılarının soykökü” başlıqlı yazısında Borçalı əraziləri haqqında eramızdan əvvəlki dövrlərdən başlayaraq deportasiyalara və son illərə qədər hadisələrin tarixi-xronikasını əks etdirmişdir. Bu kimi yazıların yalnız erməni təcavüzünə yaxud, saxta erməni müddəalarına məruz qalmış torpaqlarımızın deyil Azərbaycan folkloru antologiyalarının bütün bölgələrə aid cildlərində verilməsi bir çox mənada mühüm xidmətə malik ola bilərdi.
“Borçalı folklor örnəkləri” kitabının birinci cildinə biri dini nağıl (Həzrət Əli) olmaqla ümumilikdə altı nağıl daxil edilmişdir. Bu nağıllar 1979, 1981, 1983, 1984, 1999 və 2009-cu illərdə Marneuli rayonunun Beytərəfçi, Keşəli, Kürüstü Kəpənəkçi kəndlərindən, digər iki nağıl isə (“Mahmudun nağılı”, “Heç kəsin qaraçuxası yatmasın”) Bolnisi rayonunun Faxralı, Dumanisi rayonunun Qarabulaq kəndlərindən toplanılmışdır. Bütün bu informasiyalar kitabda “Tərtibdə istifadə olunmuş qaynaqlar” başlıqlı bölmədə (“Nağıllar”yarım bölməsində) əks etdirilmişdir (4, 323). İkinci cildə isə yanız klassik dastan yaradıcılığını özündə ehtiva edən 13 nümunə daxil edilmişdir (5).
Son olaraq qeyd edək ki, AFA seriyasında nəşr edilmiş kitabların informasiya aparatları müxtəlif forma və məzmunlarda tərtib edilmişdir. Vahid qayda gözlənilməmişdir. Belə olduqda nə üçün folklorşünaslıqda pasport qeydiyyatı haqqında vahid qayda müəyyən edilməmişdir? Buna görə də toplama işinin informativ təminatını, folklorşünasların təbirincə desək, pasport qeydiyyatı haqqında vahid qayda müəyyən etmək olar. Məsələn: qeydə alınan folklor nümunəsinin konkret hansı ərazidən (kənd, şəhər, qəsəbə və s.), kimdən (yaş, cins və sosial vəziyyət) və kimin yazması (yaş, ictimai və sosial mövqeyi (təhsili və işi), yazıya alınma tarixi və mühafizə edildiyi yer və s.
Dostları ilə paylaş: |