Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,23 Mb.
səhifə10/14
tarix24.05.2018
ölçüsü1,23 Mb.
#51169
1   ...   6   7   8   9   10   11   12   13   14

Ключевые слова: Анар, проза, мифологический мотив, сказка, сим­волика цветов
Özündə xalqın düşüncə tərzini, istək və arzularını ifadə edən mifoloji mətnlər və folklor nümunələri hər bir xalqın mədəniyyətində və ədəbiyyatında misilsiz yer tutur. Odur ki, bu zəngin mənbəyə bütün dövrlərdə və bütün nəsillər tə­rəfindən mü­raciət olunmuşdur. İstər klassik, istərsə də müasir yazılı ədəbiyyat nü­­munələ­rində xalqın şifahi söz sənətindən, onun mifologiyasından qay­naq­la­nan motivlərlə tez-tez rastlaşırıq. Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nü­ma­yəndəsi, xalq yazıçısı Anarın 2003-cü ildə qələmə aldığı utopik və anti­uto­pik nağıllardan ibarət olan “Ağ qoç, qara qoç” əsəri də bu baxımdan diqqəti cəlb edir. Qeyd edək ki, bu əsər öz jan­rı­na, üslubuna, problematikasına görə müa­sir ədəbiyyatımızda tamamilə yeni, ori­jinal bir əsərdir. Anar Ağ qoç və Qara qoçun timsalında həyatın gələcək yüksəli­şinə folklorizm çevrəsində nə­zər yetirir, dərin təzad və ziddiyyətlər içərisindəki cəmiyyətin işıqlı sabahına bəs­lədiyi pozitiv ümidlərini oxucuları ilə bölüşür.

Simvolik başlıqla adlandırılan əsər əslində iki povestin birləşməsindən ya­ranan, arxetipik struktur üzərində qurulan romandır. Yazıçının ikinci nağılın əv­vəlində verdiyi qeyddən məlum olur ki, utopik və antiutopik cəmiyyətdəki ha­di­sə­lər eyni zamanda baş verir. Qeyddə deyilir: “İkinci nağılda cərəyan edən ha­di­sələr xronoloji zaman etibarilə birinci nağılın davamı deyil. Bu iki bir-birinə al­ternativ olan olaylar eyni vaxt kəsiyində təsəvvür edilir” (3, 357).

Dünya yarandığı gündən Xeyirlə Şər daim mübarizə aparmışdır. Ağ qoç əsərdə «ağ dünya»nın, qara qoç «qaranlıq dünya»nın təmsilçisidir. Tarixən bir çox filosoflar və yazıçılar öz əsərlərində utopik, yaxud antiutopik cəmiyyət ya­ratmışdılar. Məsələn, dahi ingilis humanisti, filosof və dövlət xadimi Tomas Mor 1516-cı ildə yazdığı “Utopiya”, italyan filosofu və yazıçısı Tommazo Kampanella isə 1602-ci ildə qələmə aldığı “Günəş şəhəri” əsərlərini bu möv­zu­ya həsr etmişlər. Ədəbiyyat nümunələrinə gəldikdə isə italyan şairi Dantenin «İlahi komediya»sı, Nizaminin «İskəndərnamə»si və s. buna nümunə ola bilər. Bu əsərlərin hər birində yazıçı təxəyyülü özünü müxtəlif cür göstərir. Böyük Ni­zaminin «İskəndərnamə»­sindəki utopik cəmiyyət «Ədalət şəhəri», yaxud «Xoşbəxtlər ölkəsi»ndə insanlar şad, firavan yaşayır, çünki burada yalan, nəfs, kin, riya yoxdur, bu dünyanın insanlarının əsas dini də ədalətdir. Buna görə də yeni dünyaya gələn övladlar, yerə səpilən toxumlar ancaq Allaha tapşırılırdı. Bu ölkə o qədər təmiz və saf ölkədir ki, burada evlərin qapısında nə bir qıfıl, nə ca­sus, oğru, nə də şəhər gözətçisi var. İnsanlar heyvanları incitmir, ölülər üçün isə kədərlənmirlər. Qeyd edək ki, Xeyir və Şərin mübarizəsi motivi hələ qədim «Avesta»dan gəlir.

Povestdəki birinci nağılın başlığında verilən aşağıdakı hissə - epiqraf eynilə “Məlikməmməd” nağılındakı kimidir.

“O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq. Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən” (3,174).

Əsərin baş qəhrəmanı olan Məlik Məmmədli “Çağdaş” Radio - TV ka­na­lında jurnalist və telerejissor kimi fəaliyyət göstərir. Ölkənin tanınmış te­le­jur­na­list və telerejissorunu əsərə baş qəhrəman gətirmək yazıçının təsadüfi seçimi de­yil. Çün­ki xəyalında canlandırdığı cəmiyyəti, onun həyatındakı ha­di­sələri çat­dırmaq üçün bu obraz-vəzifə əla vasitədir. Bu cəmiyyət elə bir cə­miy­yətdir ki, burada hamı firavan yaşayır. Eyni zamanda bu cəmiyyətdə hər gün səhər Dövlət Him­ninin səsinə oyanan, içində doğma torpağının qürurunu, tə­əs­sübkeşliyini da­şıyan vətənpərvər Məlik kimi şəxslər yetişir. Ölkə əhalisinin ya­şayış səviyyəsi o qədər yüksəkdir ki, orta əmək haqqı ayda 1000 dollardır. Kommunal xidmət, ali və orta təhsil – hamısı pulsuzdur. Bütün bu yüksək yaşayış səviyyəsinə bax­ma­yaraq, Məlik Məmmədli Novruz bayramını evdə tək qeyd edir. Çünki həyat yol­daşı Ay­pəri Təbrizdə teatr rəssamı, oğlu Beyrək Şu­şa­da nəqliyyat mühəndisi, qızı Burla isə Kərkükdə ədəbiyyat müəllimi kimi fəaliy­yət göstərir. Bu cə­miy­yətdə artıq Qarabağ problemi həll olunmuşdur. Azər­bay­canın sərhədləri Şərqdən Şah dəniz, Şimaldan Dərbənd, Şimal-qərb isti­qa­mə­tin­də Sınıq körpü, Qərb is­ti­qamətində Sədərək, Cənub-qərb istiqamətində Urmiya, cənub istiqamətində Zəncana qədər olan məsafədədir. Bu ölkədə onlarla partiya əvəzinə 5 partiya var: ikisi iqtidar, ikisi müxalifət, biri bitərəfdir. Ancaq onlar da ümumi mə­sə­lə­lərdə bir araya gələ bilirlər. Qarabağda Beyrək Cıdır düzündən Topxana me­şə­si­nə kimi funikulyor qurul-masına rəhbərlik edir. Qarabağın bütün yerlərində – Ağdamda, Şuşada tu­ristlər üçün fəaliyyət göstərən otellər fəaliyyət göstərir, tez-tez musiqi festivalları keçirilir. Ermənistanla Azərbaycan arasında sülh da­nı­şıq­larının nəticəsində saziş imzalanmışdır. Eyni zamanda ölkənin hər yerində müx­təlif tədbirlər, festivallar keçirilir. Bunlar haqqında məlumata Məliyin jurnalistik fəaliyyətində şahid olu­ruq. Azərbaycan artıq dünyanın bey­nəlxalq, tanınmış fir­maları ilə birgə layihələr işləyir, dünya standartlarına uyğun «Maral», «Ceyran» adlı avtomobillər istehsal edir. Bir çox bölgələrin dəyiş­di­ril­miş adlarına da tə­sa­düf olunur. «8-ci km qəsə­bəsi» «Bayat» məhəlləsinə, «Respublika» sarayı «Fü­zuli» sarayına, «Respublika» meydanı «Səlcuq» sta­di­o­nuna, «Ermənikənd» bul­varı «Aşıqlar» bulvarına, «Hö­kumət» evi «Odlar sarayı»na, «İliç buxtası» ame­rikalıların saldığı «Disney nağıl dünyası»na, «Hövsan» qəsəbəsi «Universitetlər şəhərciyi»nə çevrilmişdir. Şəhər­də bul­var­la­rın da sayı çoxalmışdı. Milli ele­mentlərlə bəzədilmiş bu ölkədə öz oxu ətrafında fırlanan «Bulud» restoranından bütün yerləri seyr edən Məlik yazıçının canlan­dırdığı utopik cəmiyyətin ümumi mənzərəsini daha da parlaq və əlvan edir. Artıq cəmiyyətdə problemlər az ol­du­ğundan, həyatı obrazlı şəkildə əks etdirən ədəbiyyatda insanın qəlbini titrədən əsərə rast gəlmək mümkün deyil.

Anarın utopik dünyası daha çox məhz bu xüsusiyyətlərinə görə insana Ni­za­minin «İskəndərnamə»sindəki «Xoşbəxtlər ölkəsi»ni xatırladır. Əli bəy Hü­seyn­zadənin türkçülük, müasirlik, islamlaşmaq (sonralar Ziya Göyalp tə­rə­fin­dən tək­rar­lanan türkləşmək, islamlaşmaq, avropalaşmaq) konsepsiyası əsərin mər­kə­zin­dən keçən əsas xətdir. Keçmiş «Hökumət evi»nin, indiki «Odlar sa­ra­yı»nın qül­ləsinin üstündə 16 daimi məşəl yanır. Bunlar «Güney və Quzey Azər­bay­can»ın 16 tarixi şəhərinin adını xatırladır. Hətta əyləncə mərkəzlərinin adları da mil­li xarak­terlidir. «Min bir gecə», «Ömər Xəyyam», «Bəhlul Danəndə». Bu öl­kə tarixinə o qə­dər sadiqdir ki, hətta M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, F.Xoy­­lunun, N.Nə­rimanovun, Nəsiminin, Füzulinin, M.F.Axundovun nəşləri Ba­­­kıya gətirilmiş, dəfn olunaraq üzərində türbələr ucaldılmışdı. Utopik dün­ya­da­­kı Ərxan Məlik Məm­məd­li ilə «Çağdaş» radiosunda çalışır. Novruz bayra­mın­da Novruz adlı ağpapaqlı, ağçuxalı, ağatlı oğlan Yanardağdan məşəl götürüb il təh­vil olunan saatda Qız qalasının başına gətirməli idi. Bütün bunları tele­vi­ziya va­sitəsi ilə ekranlaşdıranlar isə Ərxan və Məlikdir. Yazıçı Türk dünyasının mə­­nəvi mərkəzi olan Türkan şəhə­ri haqqında ətraflı bir mənzərə yaradır. Şəhərin gi­­­rə­cə­yində – Dinlər meydanında Əhməd Yəsəvinin məscidi, xristian qaqauzları üçün kilsə, yəhudi qaraimlərinin sinaqoqu, Tuvanın hədiyyə etdiyi Budda mə­bə­di, ya­kutların şaman otağı var. «Ötükən» ormanında bütün dünyadan gətirilmiş bit­­ki­lər böyük bir flora yaradıb. Anarın utopik dünyasında saldığı «Qarabağ» bul­varı öz kədərli kompozisiyasına görə bizə tarixi keçmişimizi, xüsusilə də, Xo­calı fa­ciəmizi daima xatırladır. Mustafa Kamal Atatürk Universiteti, «Turan» ote­li, «Hunlar» meydanı isə Bakını Türk dünyasının ən böyük mərkəzlərindən bi­ri edir. Yazıçı Nargin adasının adını dəyişib Nərgiz adası adlandırır. O, özü­nün ob­razını utopik cəmiyyətdə kiçik ştrixlərlə səsləndirir: «Sonra kimsə xa­tır­la­dır ki, indi çoxdan unudulmuş Anar adlı bir yazıçının hekayəsində bu ada Nərgiz ad­­­la­nır. (Bu Anar, deyilənə görə, o vaxt mövcud olan Yazıçılar Bir­li­yi­nin sədri olub, sonra ömrünün axırınadək Suraxanı – Əzizbəyov avtobusunda konduktor iş­­lə­yib)» (3, 325).

Povestin ikinci nağılı isə aşağıdakı epiqrafla başlayır:

“Bir də gördü ki, ağ qoçnan qara qoç budu döyüşə-döyüşə gəlir. Məlik­məm­məd o saat sıçrayıb ağ qoçun belinə mindi. Amma ağ qoç bunu qara qoçun be­linə tulladı. Qara qoç da Məlikməmmədi götürüb qaranlıq dünyaya apardı” (3, 357).

İkinci nağılda qara qoç Məlik Məmmədi tərkinə alıb qaranlıq dünyaya apa­rır. Qara qoçun rəng antoqonizminin də öz mifoloji mənası var. «Qara rənglə ifa­­də olu­nan «qara yer» Oğuz təsəvvüründə üstündə, üzərində gəzilən, ev, otaq ti­kilən dün­­yanın alt, qaranlıq, yəni qara rəngli qara qatıdır. Məsələ belədir ki, qara yerin alt qa­tına birbaşa dəxli olan və insanın dünyasını dəyişməsini bildirən «ölüm» də «Ki­tab» da elə «qara ölüm» şəklində deyilir» (1, 67-68). Türklərdə qara rəng türk ol­ma­yan­lara, yaxud düşməni bədii təyinlə işarə edən zaman söy­lə­nirdi: «qaraca ka­fir», «qa­ra dinli kafir». «Kitabi-Dədə Qorqud» dastanında iş­lənən «qara başım qur­ban ol­sun» ifadəsindəki «qara» türkün başına gələn qəmli, kədərli anlarından xəbər verir.



Yazıçı «Məlikməmməd» nağılının süjetinə sadiq qalmışdı. Çünki nağılda da Məlikməmməd birinci ağ qoçun tərkinə minir, ancaq ağ qoç onu qara qoçun tər­kinə atır. Antiutopik cəmiyyətdə Məlik Məmməd utopik cəmiyyətdəki Dövlət him­ninin səsi ilə deyil, sabah azanının səsinə oyanır. Telejurnalist kimi Bakıdan İstanbula ezam olunan Məlik uzun illər doğma vətəninə qayıda bilməmişdi. On­un doğma Bakısı isə 3 ölkənin təsiri ilə 3 zonaya: farsların təsiri ilə Behişti-Badi-Kubə, rusların təsiri ilə Bakı Kommunası, ingilislərin təsiri ilə Baku sitiyə ayrılıb. Məlik Ərxanın oğlunu xilas etdiyinə görə Ərxan ona bu üç zonaya get­mək üçün kömək edir. Onu 3 zona haqqında materiallar hazırlayıb gətirən jur­na­list adıyla yola salır, ancaq gördüklərinə görə təəccüblənməməyi, bəd­bin­ləş­mə­məyi tövsiyə edir. Məlik ilk əvvəl yaşıl bayraqlı Behişti-Badi-Kubəyə gəlir. Ya­şıl rəng – islamlaşmaq rəmzidir. Burada onun xatirəvi qalstukunun alın­ma­ması üçün gömrüyə 50 dolların verməsi bu ölkənin ab-havasının ümumi səciy­yəsi haqqında məlumatlandırır. Behişti-Badi-Kubə o qədər əsarətcil bir ölkədir ki, şə­hər sərhədlərinin məftilləri elektriklidir. Məlik yolda İsmailiyyə, Əl­yaz­ma­lar İnstitutunun binalarını dağılmış vəziyyətdə, filarmoniyanın binasında isə cü­mə məscidinin olduğunu görür. Məlik Aypəriyə zəng edib görüşür, ancaq çox təə­ssüflər olsun ki, Aypəri əvvəlki Aypəri deyildi. Adını da dəyişib Mahrux qoyub, mədrəsədə xəttatlıq dərsi deyir. O, söhbətin sonunda bundan sonra Məliyin onu ölmüş bilməsini pıçıldayır. Ancaq son anda bu sözləri deyəndə Aypərinin göz­ləri dolur. Məlik onu xilas etmək istəyini bildirsə də Aypəri bunun qeyri-müm­kün olduğunu deyib ayrılır. Məlik Ay­pə­ri­dən ayrıldıqdan sonra Qız qalasının, İçərişəhərin divarlarını sökülmüş görür. Hər kəs törədilən bu vəh­şi­li­yin, şo­vi­nistliyin qarşısında laldır. Çünki hər kəs özünü güc­süz və aciz hesab edirdi. Ba­­kı Kommunasına oğlunun arxasınca gələn Məlik ilk əvvəl Nizami muzeyinin hey­­­­kəllərinin Engels, Lenin, Stalin, Maratla əvəz olunduğunu görür. Dilənçilərlə bol olan bu şəhərdə hər bir şey Maratın adınadır. Hətta «Mart» ayının adı də­yi­ş­di­ri­lə­rək «Marat» adlandırılmışdı. O, oğlunun işlədiyi Komissarlıq binasına gələrək erməni əsilli, müsavatçıları cəzalandıran Telman Qaraxanovla görüşür. Maratın baxışlarına görə, bir millət var, o da proletariatdır. Oğlu ilə səmimi görüşmək is­təyən Məlik ətrafdakı şəraiti nəzərə alıb oğlu Boris Mamedov (Beyrək Məm­mədli) ilə soyuq bir tərzdə görüşür. İnsanların qanına bais olduğuna görə Marat gözünə qara eynək taxırdı. Bu səbəbdən də bu binada çalışanların hamısı qara eynək taxır. Özünü idarə etdiyi zamanın Allahı sayan Marat Stalinlərin, Brej­nevlərin xarakterini özündə cəmləyən surətdir. Ata ilə oğulun söhbətindən mə­lum olur ki, oğul bütün bu kommunistlərə nifrət edir, ancaq burada məcburən Borisi (Beyrəyi) də Azərbaycan dilini bildiyinə görə saxlayırlar. Söhbət zamanı Ermənistanda atom stansiyasının partlamasından, Qarabağın 300 il insanlar üçün yaşanılmaz hala gəlməsindən, Mingəçevir su elektrik stansiyasının partlayıb əhalinin dağlara qaçmasından söz açılır. Məlik oğlu ilə vidalaşanda oğlu Tür­ki­yədə insanların necə yaşamasını xəbər alır. Ata «insan kimi» yaşadıqlarını deyir.

Üçüncü şəhərə gələndə Məlik Məmmədli qızı məşhur rəqqasə, pop ulduz, gö­bək rəqsinin mahir ifaçısı, ancaq hal-hazırda şəhər meri olmağa hazırlaşan Bura (Burla Xatun) ilə rastlaşır. O, atasının keçmiş evini bərpa edib 3 mərtəbəli vil­la tikdirmişdi. Çünki o zaman, barrikadalar Bakıya gələndə Burla evdə zökəm xəs­təliyindən yatırdı. Qardaşı və anası isə fabrikdə çalışırdılar. Bura qardaş və ana­sından fərqli olaraq atasını gözəl qarşılayır. Məliyə həyat yoldaşından, oğ­lundan daha çox qızı neçə illər ondan ayrı olduğunu xatırladır. Çünki hamıdan çox Bura atasına qovuşmağın həsrətində idi. Buranın yaşadığı Baku siti çox in­kişaf etmiş Avropa şəhərlərindən birinə çevrilmişdi. Binanın otağında pultla ida­rə olunan dağ və dörd fəslin özünəməxsus havası, həmin havanın xüsusi səsləri Məliyi çox təəccübləndirir. Təəssüflər olsun ki, avropalaşmaq, müasirləşmək ideyalarının carçısı olan Baku siti Qərb dünyasının mənəvi, estetik, fəlsəfi, de­mokratik siyasi dəyərlərini deyil, acınacaqlı tərəflərini aşılayır. Yolda vaxtilə ya­zıçı olmuş, ancaq hal-hazırda acından ölməmək üçün zibilliklərdə yemək ax­ta­ran bələdçiyə rast gəlir. Məlik Şirvanşahlar sarayında müxtəlif iyrənc şou gö­rün­tüləri, kazinolar görür. Şəhərdə bölünməmiş yer qalmayıb, hətta Xəzər dənizinin altını, üstünü, içini də bölüblər. Boş qalan isə mazutlu sahillərdir. Neftçilər pros­pekti qumlu, mazutlu sahilə çevrilib. Məlik buradan keçəndə Xəzərə axıdılan kanalizasiyasının üfunətli qoxusundan burnunu tutur. O, üfunətli sahildən uzaq­laşanda Ərxanla rastlaşır. Onu buradan aparmasını istəyir. Ərxan burada sanki Zümrüd quşu rolunu oynayan obrazdır, o, ağ qoçu qara qoçdan seçməyi tövsiyə edir. Məlik irəliləyərək ağ qoça doğru çatmaq istəyir. Yazıçı əsəri 3 nöqtə ilə qurtarır. Çünki ağ qoça çatmaq üçün cəmiyyət daha da inkişaf edərək ka­mil­ləş­məlidir. Yazıçı Məliyi mübariz qəhrəman obrazında vermir. Çünki yazıçı əsas diqqəti cəmiyyət üzərində cəmləyib. Məlik Məmmədlinin cəmiyyət uğrunda hansı savaş və mübarizəni aparacağını yazıçı oxucuların öhdəsinə buraxır.

Bu əsər bir növ dünya türk xalqlarının vəhdəti ideyasını ehtiva edir. İkinci tərəfdən əsərdə dərin duyğular, xəyallar, həmçinin mifoloji qatlar özünü gös­tə­rir. Povestdə şifahi xalq ədəbiyyatının motivlərindən də istifadə olunmuşdur. Qeyd edək ki, əsər iki nağıldan ibarətdir. Bunlardan birincisi uto­pik, ikincisi isə antiutopik nağıldır. Hər iki nağıl “Məlikməmmədin nağılı”nın süjeti ilə başlayır. Burada həm də rənglərin simvolikasından məharətlə istifadə olunmuşdur. Dünya yarandığı gündən dualizm də özünü göstərir: gecə və gündüz, xeyir və şər, ağ və qara. Yazıçı “Məlikməmmədin nağılı”nın süjetinə sadiq qalaraq birinci nağılda ağ qoçu işıqlı dünyanın, ikinci nağılda isə qara qo­çu qaranlıq dünyanın tə­mi­nat­çısı kimi göstərir. Hadisələr nağılların hər birinin başlanğıcında verilmiş qeyd­lə­rə uyğun olaraq təsvir olunur. Utopik nağılda Azərbaycanın parlaq gələcəyi öz əksini tapmışdır. Antiutopik nağılda isə Azərbaycanın gələcək taleyi əksinə bö­lünmüş, parçalanmış şəkildə göstərilmişdir.

Rənglərin simvolikasına gəldikdə isə «ağ rəng» ilk dəfə səslənəndə in­sa­nın gözündə paklıq, təmizlik rəmzi kimi təsəvvür olunur. Ancaq ağ rəngin özü­nün rəng simvolikası əsərdə heç də ötəri xarakter daşımır. Bu element arxaik dü­şüncədəki şamançılıq ənənələri və sufi simvolikası ilə bağlanır. Ağ rəng şa­man­larda ululuq, ədalət və güc mənaları daşıyırdı. Eyni zamanda ağ rəng ümid, inam, qalibiyyət, ehtiram, paklıq, xoşbəxtlik rəngidir. Qədim türklərdə sər­kər­də­lər (Mete, Kül Tigin xaqan) döyüşə gedən zaman ağ at minərmişlər.

Görkəmli Azərbaycan şairi Rəsul Rza da «Rənglər» silsiləsində ağ rəngin sevinc və məhəbbət çalarlarını tərənnüm etmişdir. Ümumiyyətlə, rənglər şairin qəlbində təzə duyğular oyadır, yaddaşı canlandırır və beləliklə, hər rəng sadəcə adi boya deyil; şairə görə onların sevinc, kədər, ümid, inam, təsəlli, məhəbbət, nifrət çalarları vardır:

Ağ, qara, sarı, yaşıl, qırmızı;

hərəsi bir sınaqla bağlıdır.

Biri həsrətimizi xatırladır,

biri dərdimizi, biri arzumuzu (7, 227).

Rənglər xatirələr oyadır,

Duyğular oyadır.

Gördüyümüzdən artıq görmək istəməsək,

Hər rəng adicə bir boyadır (7, 228).

Başqa sözlə, şair rənglərin insan hissləri, insan əhvali-ruhiyyəsi, insanın yaddaşı ilə bağlı olduğunu demək istəyir və yalnız fırça vasitəsi ilə yox, söz va­sitəsi ilə rəngin insanda oyatdığı təəssüratı, fikri, hissi ifadə etmək olar və müm­kündür – həqiqətini bəyan etmiş olur.

Rənglərin və sayların simvolik, rəmzi yozumları vardır. Burada mifik tə­fəkkürdən qaynaqlanan, inanc və sınamaları ifadə edən təsəvvürlər üstünlük təş­kil edir. Azərbaycan xalqının rəng simvolikası (yozumları) elə rənglərin aşı­la­dı­ğı assosiativ duyğular qədər rəngarəngdir.

Folklorşünas alim Bəhlul Abdulla “Kitabi-Dədə Qorqud”un poetikası” mono­qra­fiyasında ağ rənglə bağlı yazır: “Ağboz atı Oğuzlar arasında minənlər çoxdur. Fikrimizcə, Ağboz atın abidədə xüsusi vurğu ilə tanıdılması da səbəbsiz deyil. Və bu səbəbin bir ucu “Ağboz”dakı “ağ” la bağlıdır. Bilindiyi üzrə, “ağ” rəng olaraq təmizlik, paklıq anlamlarına da gəlir. Tanrılara qurban olaraq ağ rəngli at kəsmək də elə bu görüşlə bağlıdır. Dəyərlidir ki, Manas anadan olanda atası Yaqub xan bu şərəfə Ağboz at qurban kəsir. Bundan savayı, ağ rəngin önəmli, qutsal, uğurlu ol­ma­sı da mübahisəsizdir. Odur ki, ağ rəngli at da həmişə uğur rəmzi olaraq qəbul edilmişdir. “Kitabi – Dədə Qorqud”dakı Ağboz atlar da bilavasitə uğurla, şad xəbər­lərlə bağlı məqamlarda, ələlxüsus, daha çox yağı üs­tünə gediləndə minilir” (2, 54).

Təkcə yazılı ədəbiyyatımızda deyil, şifahi xalq yaradıcılığında da bu günə qədər yaşayan günəş, od, atəş, zülmət, nur, qaranlıq və işıqlı dünya kimi an­la­yış­ların, nağıl və əfsanələrimizdəki divlər, huri və pərilər kimi rəngarəng mifoloji obrazların məhz qədim dindən-atəşpərəstlikdən qaynaqlandığı şübhə doğurmur. Məsələn, məşhur “Məlikməmməd” nağılında qəhrəman dual aləmin övladı kimi təzahür edir: o, işıq və zülmət dünya arasında sınağa çəkilir, onun bütün cəhdləri zülmətdən işığa çıxmaq, qara qüvvələrdən xilas olmağa yönəlib. 

Kosmoqonik miflərdə dünyanın yaradılması başlıca ikili qarşıdurmaların ardıcıl yerləşdirilməsi nəticəsidir. Başlanğıc dövrlərin ən köklü qarşıdurmaları içərisində xaos-kosmos, ölüm-həyat, qara-ağ, sol-sağ, qadın-kişi, isti-soyuq və s. kimi binar oppozisiyalar daha çox seçilir. Bu ikişər qarşıdurmalar içərisində rəng simvolikası ilə bağlı olan ağ-qara qarşıdurması daha çox seçilir. Bu dünya güclərinə qarşı dayanan o biri dünya qüvvələri qaranlıq aləmdədirlər və s. Prof. C.Bəydili “Türk mifoloji sözlüyü” kitabında belə yazır: “Ağ – qara” rəng sim­vo­likası üzərində dayanan qarşıdurma etnik mədəniyyətin özünüdərk prose­sində əhəmiyyətli olan “özümüz – özgələr” (biz – onlar) qarşıdurması ilə də se­mantik baxımdan sinonimlik təşkil etmişdir” (4, 163).

Oğuzların etnopsixologiyası baxımından isə maraqlıdır ki, Dədə Qorqud boylarında da daş oğuzların ana yurdu Aladağ, iç oğuzlarınkı isə Qaradağ olaraq göstərilir. Buradan da göründüyü kimi, ağ – qara simvolikasının ilkin se­man­ti­kası məkan anlamı ilə bağlanılır.

Ağ – qara kimi binar oppozisiyalar “Kitabi-Dədə Qorqud” eposunda özü­nü tez-tez göstərir. Məsələn, birinci boyun mətnindən aydın olur ki, xanlar xanı Bayandır xan ildә bir dəfə şadlıq edib, oğuz bәylәrini qonaq edәrdi. Yenә şadlıq mәclisi qurub, atdan ayğır, dәvәdәn buğra, qoyundan qoç qırdırmışdı. Bir yerdə ağ otaq, bir yerdə qırmızı otaq, bir yerdә qara otaq qurdurmuşdu: “Kimin ki, oğlı-qızı yoq, qara otağa qondurun, altına qara keçә döşәyin, qara qoyun ya­x­nı­sından öninə gәtürün, Yer isə yesün, yeməzsә, dursun getsün – demişdi. Oğlı olanı ağ otağa, qızı olanı qırmızı otağa qondurun, oğlı-qızı olmayanı Allaһ Taala qarğayıbdır, biz dәxi qarğarız; bəllü bilsün!” – demiş idi (6, 39). Buradan açıq-aşkar görünür ki, ağ və qara rənglərinə oğuzlar arasında münasibət necə idi.

Beləliklə, sonda belə nəticəyə gəlmək olar ki, əgər Anar ötən əsrin 60-cı illərinin başlanğıcında cəmiyyət həyatının üst qatında yaşayan görüntüləri bütün ya­saq və qadağalardan yan keçərək qələmə alırdısa, "Ağ qoç, Qara qoç"da yaşa­dığı yeni dövrün inkişaf və gedişat problemlərini, ziddiyyət və təzadlarını gün­dəmə gətirir, şüuraltdakı neqativ düşüncənin gözəgörünməz mifologizmini ya­ra­dırdı. Bununla da Anar insanları qabaqcıl, işıqlı düşüncənin qorunub saxlan­ma­sına səfərbər olmağa çağırır. Yazıçı təkcə düşüncənin alt laylarındakı dəyər­ləri bərpa edib üzə çıxarmır, həm də cəmiyyətin üst düşüncə qatının deformasi­ya­sın­dan nigarançılığını ifadə edir. Bütün bunlar isə narın yaranmaqda olan ən yeni dövr ədəbiyyatına bəxş etdiyi folklorizm dəyərləri, yeni yaradıcılıq modelləri idi.

İşin elmi nəticəsi. Araşdırmada Anarın folklorizm ənənələri əsasında yaz­dı­ğı və əslində mövzusunu xalq yaradıcılığı qaynaqlarından götürdüyü əsər­lə­ri­n­dən biri olan "Ağ qoç, qara qoç" povestindəki mifoloji elementlər və rənglərin sim­vo­likası məsələsi aydınlaşdırılmış, folklor nümunələri ilə müqayisələr apa­rıl­mışdır.
QAYNAQLAR


  1. Abdulla B. Kitabi-Dədə Qorqudda rəng simvolikası. Bakı, “Çaşıoğlu”, 2004, 128

  2. Abdulla B. Kitabi-Dədə Qorqud”un poetikası. Bakı, “Elm”, 1999, 224

  3. Anar. Seçilmiş əsərləri. Bakı, “Lider nəşriyyat”, 2004, 416

  4. Azərbaycan nağılları. 5 cilddə. IV cild. Bakı, “Şərq-Qərb”, 2005, 336

  5. Bəydili C. Türk mifoloji sözlüyü. Bakı, “Elm”, 2003, 418

  6. Kitabi-Dədə Qorqud Ensiklopediyası. 2 cilddə. I cild. Bakı, Yeni Nəşrlər Evi, 2000, 622

  7. Rza R. Seçilmiş əsərləri. Beş cilddə. III cild. Bakı, “Öndər nəşriyyat”, 2005, 256

Validə HƏSƏNOVA

AMEA Mərkəzi Elmi Kitabxana,

valide_a@yahoo.com
AZƏRBAYCAN FOLKLORU ANTOLOGİYASI”NDA

NAĞILLARIN İNFORMASİYA TƏMİNATI
Xülasə

“Azərbaycan Folkloru Antologiyası” adlı seriyalı nəşr Azərbaycan xalq nağıllarının nəşri tarixində mühüm mövqeyə malikdir. Məqalədə Naxçıvan, Ağbaba, Borçalı və Borçalı-qarapapaq kimi folkor antologiyaları nəzərdən ke­çi­rilmişdir. Araşdırmalar zamanı bu kitablarda daha çox nağılların in­for­ma­si­ya tə­minatına nəzər yetirilmiş və onların köməkçi aparatlarla təmin olunması diqqət önündə tutulmuşdur.



Açar sözlər: Antologiya, nağıllar, nağılların informasiya təminatı, Qara­qoyunlu, Borçalı, Naxçıvan, informasiya
DATAWARE OF TALES IN “ANTHOLOGY

OF AZERBAIJAN FOLKLORE”

Summary

The publication series «Anthology of Azerbaijan folklore» has important place in the history of publication of Azerbaijan popular tales. Such folklore anthologies as Nakhichevan, Agbaba, Borchali and Borchali-garapapagh folklores have been looked through in this article. During investigation much information garanty of many popular tales have been looked in this books. And the providing them with subsidary apparatus have been in the focus of attention.

Key words: Anthology of Azerbaijan folklore, tales, the dataware of tales, tales, Garagoyunlu, Bochali, Nakhichevan, information
ИНФОРМАЦИОННОЕ ОБЕСПЕЧЕНИЕ СКАЗОК

В «АНТОЛОГИИ АЗЕРБАЙДЖАНСКОГО ФОЛЬКЛОРА»

Резюме

Серийное издание «Антология азербайджанского фольклора» зани­мает важное место в истории издания народных сказок. В статье рассмот­рена антология фольклора На­хи­че­ва­на, Агбаба, Борчалы и Борчалы-гарапапага. Во время исследования книг большое вни­ма­ние уделено информационному обеспечению информационного аппарата.



Ключевые слова: Антология азербайджанского фольклора, cказки, инфор­ма­ци­он­ное обеспечение сказок, Каракоюнлу, Борчалы, Нахичевана, информация
Milli folkloru dünyaya tanıtmaq, xalq yaradıcılığının coğrafi atlasını ya­rat­maq məqsədilə folklor örnəklərinin toplanaraq antologiyalar, külliyyatlar və s. for­­ma­larda kütləvi folklor nəşrləri çap edilməkdədir. 1994-cü ildən eti­ba­rən AMEA Niza­mi adına Ədəbiyyat İnstitutu, AMEA Dədə Qorqud adına Folk­lor Elmi-Mədəni Mərkəzi, daha sonra isə AMEA Folklor İnstitutu tərəfindən “Azər­bay­can Folklor Antologiyası” Azərbaycanın bölgələr üzrə folklor nü­mu­nə­lərini top­­layaraq ardıcıl şə­kildə kütləvi oxucu qrupu üçün nəzərdə tutulmuş ki­tablar nəşr edilmişdir. An­to­logiyaların nəşrində əsas məqsəd – el ədəbiyyatı örnəkləri­nin özünəməxsus səciy­yəvi xüsusiyyətlərini, onların mövzu, süjet və motiv əl­vanlığını üzə çıxarmaq ol­muş­dur (6, 3). Hər bir bölgənin ayrı-ayrılıqda toplama işinə cəlb edilməsinin vacib şərtlərindən biri bölgələ­rin folklor ör­nək­lə­rinin özünə­məx­sus zənginliyi və fərqli­liyidir. Toplama-nəşr işinin davam etdiyi bu nəşr­lərin Naxçıvan, İraq-türkmən, Göy­çə, Şəki, Qarabağ, Qaraqoyunlu, İrəvan, Şir­van, Dərbənd, Dərələyəz, Ağdaş və s. kimi bölgə­lə­rin folklor nü­mu­nələri nəşr edi­lərək oxuculara təqdim edilmişdir. “Azərbaycan Folkloru Anto­lo­giyası” se­ri­ya­sında (AFA) 1994-cü ildə “Sabah” nəş­riyya­tın­da işıq üzü görmüş ilk cildi “Naxçıvan folkloru” adlanır (11). Kitab folklor­şü­nas alimlər – T.Fərzəliyev, f.e.d., prof. M.Qasımlı tərəfindən tərtib edilmiş və f.e.d., prof. İ.Abbaslı “Çox­cildli “Azərbaycan folk­lo­ru antologiyası”, T.Fərzəlibə­yov qə­lə­minə məxsus “Naxçıvan folkloru” başlıqlı müqəddimələr yazılmışdır. Bun­dan sonra folklor mətn­ləri folklorşünaslığın janr prinsipinə əsasən, həmçinin epik növə daxil olan nağıllardan otuz nü­­mu­nə təqdim edilmişdir. Kitabın sonunda “Söyləyicilər haq­qında məlumat” və “Toplayıcılar haqqında məlumat” ki­mi in­for­masiya xa­rak­ter­li bölmələr yaradılmışdır. “Söyləyicilər haqqın­da məlu­mat” bölmə­sindəki bil­gi­lər folklor mətnlərinin janrlarına görə qruplaşdı­rılmış­dır. Lakin bu qeyd­lər XIX əsrin sonu, XX əsrin əvvəllərindəki müxtəlif tipli nəşr­lər­də təqdim edil­miş folk­lor nümunələrinə aid pasport qeydlərindən fərqlənir. O nəşrlərdəki təs­virlərdə söy­ləyicinin yaşı və ictimai statusu və s. məsələlər də göstərilmişdir. Mə­sə­lən, nağılların “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu”nun (“Sbornik materilaov dlya opisaniya mestnostey i plemyon Kavkaza – SMOMPK”) bura­­xı­lış­­larındakı nəşrlərində bütün nümunə­lərə aid olmasa da bir çox nağıllara ve­rilmiş qeydlərdə yalnız ümumi quber­ni­ya­nı, qəzanı göstərməklə ki­fayət­lə­nil­mə­miş, həmçinin kənd, şəhər, toplanılmış əra­zilərin adları, yazıya alın­ma tarixləri, topla­yıcıların adları və s. göstərilmişdir. “Naxçıvan folkloru” ki­tabında verilən nümunə­lərdəki informasiyalarda söy­lə­yi­cilərin ünvanları dəqiq gös­tərilsə də, onların yaşı qeyd edilməmişdir. Top­la­yı­cı­lar haqqında məlumat böl­məsində on nəfər toplayıcı haqqında məlumat ve­ril­mişdir. “Göstərici” adlı ümu­mi başlıq altında akademik nəşrlərə məxsus digər – “Şəxs, mifoloji və folk­lor obrazları adları” və “Yer adları” kimi bölmələr tərtib edilmişdir.

Azərbaycan xalq ədəbiyyatı ilə ilgili son dövrlərdə AMEA-nın Folklor İnstitutu ilə yanaşı AMEA-nın Naxçıvan bölməsi tərəfindən də müxtəlif coğrafi nəşrlər həyata keçirilməkdədir. 2010-cu ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin sərəncamına əsasən AMEA Naxçıvan Bölməsi İncə­sə­nət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsi tərəfindən M.Cəfərli, R.Babayevin hazırladığı “Naxçıvan folkloru antologiyası”nın birinci cildi işıq­üzü görmüşdür. Cildə Naxçıvan bölgəsindən yazıya alınmış folklor nümunələri toplanılmışdır (11). Bura həm sehirli, həm məişət, həm də bir tarixi nağıl (İs­kən­dərin dirilməsi) – ümumilikdə iyirmi yeddi nağıl daxil edilmişdir. “Mətn­də­ki adlar (Mifoloji personajlar, foklor qəhrəmanları, şəxs adlar)”, teo­nimlər, et­no­nimlər, coğrafi adlar, əşya-predmet adları, flora və fauna, dialektik sözlük, söy­ləyicilər və toplayıcılar və s. kimi informasiya xarakterli bölmələr yaradılmışdır. Bü bölmələrin hamısında nağıllarla əlaqəli informasiyalara rast gəlmək müm­kündür. İnformativ xarakterli “Nağıllar” yarım-bölməsi pasport qeydləri funk­si­yasını yerinə yetirir. Burada nağılların toplanma tarixləri müxtəlif illərə təsadüf edir. Beş nağılın toplanıldığı tarix 1930-cu illəri (Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi, Hazarandastan bülbülü, Hambal Əhməd – 1934-cü ildə, müəllim Baxşəli Sultanovdan toplanıb, Məlik Məmməd və Məlik Əhməd- 1930-cu ildə İbrahim Əli oğlundan toplanıb, Qırx qönçə xanım – 1936-cı ildə Kərbəlayı Yu­sif Həsən oğlundan qeydə alınmışdır) əhatə edir.

Qeyd edək ki, AR-nın Dövlət Ədəbiyyat və İncəsənət Arxivində H.Zeynal­lının “Azərbaycan nağılları” adlı arxiv materiallarındakı onuncu sax­la­ma vahidinin (fond №160, siyah №1, s.v.10) “VII Qeydlər” bölməsində 49-cu nağılının pasport qeydi (arxiv sənədində nağılın nömrəsi 50 kimi qeyd edil­miş­dir) “Hazaran dastan bülbül” - Baxşalı Sultanov yazanı Naxçıvanlı, söyləyəni M.H.Təhmasib-1934-cü il” kimi qeydi verilmişdir (2). Digər nağıl­la­rın pasport qeydlərində isə bunun əksi gös­tərilmişdir. Yəni söyləyəni Baxşalı Sultanov, ya­zanı M.H.Təhmasib. Görünür bu­ra­da mexaniki yanlışlığa yol veril­mişdir. Ümu­miyyət­lə, isə H.Zeynallının “Azərbay­can nağılları”ı ilə əlaqəli arxiv sənədlərinin içərisində B.Hüseynovun, M.H.Təhma­si­bin, N.Qatanovun (əlyaz­mala­rın­dan) topladığı nağıllardan geniş istifadə edil­mişdir. (Nar qızı (1933), Fərsiz oğul (1928), Üç bacı (1930), Juqin (1930), Muxtarın hekayəsi (1933), “Təlimli pişik” (1930), Dərzinin şagirdi (?), Dərzi qızı (1930), İki arvadın işdəkləri (1930) –Novruz Qatanovun əlyazmaları, Şahzadə İbrahim, Hazaran dastan bülbül (1934), Höcət (1934), Leyləyin nağılı (1934) (söyləyəni Baxşalı Sultanov, ya­za­nı M.H.Təhmasib, Qazının işi (?), Keçəlin nağılı (?) (Baqi Hü­sey­nov) və s. kimi nağılların Naxçıvan ərazisindən toplanıldığı qeyd edilmişdir.

“Naxçıvan folkloru antologiyası”nda digər on doqquz nağılın pasport qey­­dində söyləyənlər (söyləyənlərdən bəzilərinin yaşları göstərilmişdir), top­la­yan­lar və haradan yazıya alınması haqda təqdim edilmişdir. Yuxarıda adı qeyd edi­lən beş nağılın isə toplayıcıları və yazıya alındığı ərazisi təsvir edilməmişdir. Son­da “Folklor nümunələri (janrlar) üzrə söyləyicilər və toplayıcılar” haqda bio­qra­fik informasiya verən bölmə yaradılmışdır. Lakin bu bölmədə nağıllarla ya­naşı dastanlar, hekayətlər haqda informasiya bir yerdə verilmiş və nağıllara aid bütün nümunələr əhatə edilməmişdir. Söyləyicilərin yaşları qeyd edilməsə də onların hansı mahal, bölgə və kəndin sakini olduğu göstərilmişdir. Toplanma ta­rixləri haqda məlumat qeyd edilməmişdir.

Naxçıvan MR-nın folklor nümunələrinin davamı olaraq AFA-nın 2012-ci ildə növbəti – XXIII kitabı “Naxçıvan örnəkləri” ikinci cild kimi təqdim edil­mişdir (12). 332 səhifədən ibarət bu cildin nümunələrini A.Cəfərova top­la­mış, Ə.Ələkbərli və A.Cəfərova tərəfindən tərtib edilmişdir. Kitaba əvvəlki nəşr­lər­dən fərqli olaraq ön söz yazılmamışdır. On iki nağı­lın daxil edildiyi iyirmi üçün­cü kitabın informsiya təminatı nisbətən fərqlidir. Belə ki, informasiya apa­ratı ye­ganə olaraq “Söyləyicilər haqqın­da məlumatlar” bölməsidir. Oxucu bu böl­mə­dən müəyyən edə bilər ki, nağıllar Ordubad rayonundan və onun Üstüpü kən­din­dən, Sədərək rayonu və onun Sədərək kəndindən toplanmışdır. İkinci cil­də daha öncəki tərtib işlərində də rast gəlinən nağılların Naxçıvan bölgəsindən toplanmış yeni versiyalarını görmək mümkündür. “Bəxtini axtaran oğlan”, “Yaxşılığa ya­manlıq”, “Həsən kişi və ilan” və s. deyilənlərə nümunə ola bilər.

Fərqli zamanlarda və fərqli məkanlarda nəşr edilmiş Naxçıvan MR-nın folklor örnəklərindən bəhs edən hər bir antologiyanın informasiya təminatını, daha dəqiq desək, nağılların informasiya təminatının xüsusiyyətlərini müqayisə edərkən hər üç nəşrə aid nümunələrin pasportlaşdırılması, yaxud digər infor­ma­siya bölmələri ilə təmin edilməsi zamanı H.Zeynallının “Azərbaycan nağılları” adlı işıqüzü görməmiş tərtib işinə yaratdığı köməkçi informasiya bölmələrinin daha çox tamlıq və ya dolğunluq təşkil etdiyi fikrini demək olar.

AFA-nın digər – Göyçə folklorundan bəhs edən III kitabı Azərbaycanın əzəli torpaqlarından – Qoşabulaq, Ağbulaq, Toxluca, Yarpızlı və s. kimi kənd­lərdən top­lanmış folklor nümu­nə­ləri, nağıllar Göyçə mahalının sakinlərindən ya­zıya alınaraq kitaba daxil edilmişdir. Prof. H.İsmayılovun yazdığı “Uzaq etnik mənşəyin, yaxın milli gələcəyin indi Qürbət Vətəni – Göyçə” adlı müqəd­di­mə­də, yaxud kitabın redaktoru f.e.d., prof. Y.Qarayevin qələmə aldığı “Göyçəyə qayıdan yol folklordan keçir” başlıqlı yazısında folklorşünaslıq incələmə­lə­rin­dən çox Vətən nisgili, vətəndaş xiffəti özünü göstərir (8). H.İsmayılov Göyçə ərazisindən toplanıb nəşrə təqdim edilmiş nağılların özəl xüsusiyyətlərini, onun digər janrlarla müqayisəli təhlilini verməklə yanaşı, onların digər bölgələrdən fərqləndirən xüsusiy­yət­lərini, quruluşunu, daha çox sehirli nağılların üstünlüyü və s. haqda şərhlər vermişdir.

Nağıllar yerli xalqın danışıq formasında əks etdirilmişdir. Nağılların sis­temləş­diril­mə­sində “Miflər” (“Mifoloji nağıllar” (8 nağıl), “Xalq təbabəti” (12 nağıl) və “Uşaq folkloru” (6 nağıl) kimi başlıqlardan istifadə edilmişdir. “Söy­lə­yənlər haqqında məlumat” bölməsində “mifoloji nağıllar, mifoloji rəva­yətlər, inanclar” üç folklor növü haqda ümumiləşdirilmiş məlumat birlikdə gös­tə­ril­miş­dir. Nümunələrin toplanıldığı ərazilər əks edilmiş, lakin ənənəvi olaraq toplanma tarixləri göstərilməmişdir. Sadəcə olaraq müəllif qeyd edir ki, bütün nümunələr əhatə edilməmişdir. Təbii ki, bunun üçün bir cild yetərsizdir.

AFA-nın növbəti illərdə oxuculara təqdim edilmiş buraxılışlarından biri də Azərbaycanın qədim torpağı olan Ağbaba ərazisindən yazıya alınmış “Ağ­ba­ba folkloru”dur (1). Antologiyalar sisiləsindən müxtəlif vaxtlarda Ağbabaya həsr edilmiş iki kitab nəşr edilmişdir. Birinci nəşr 1997-ci ildə, ikinci nəşr isə 2003-cü ildə oxuculara təqdim edilmişdir. İlk nəşrə aid edilmiş nümunələr S.Ağ­ba­balı tərəfindən toplanaraq tərtib edilmiş, “Redaktordan” və “Tərtibçidən” baş­lıq­lı giriş sözləri yazılmışdır. Hər iki ön sözdə Ağbaba torpaqlarının tarixi ta­le­yin­dən söhbət açılmışdır.

Topluda on doqquz nağıl nümunəsindən beşi məişət, doqquzu sehirli və be­şi mifik növə aid edilərək qruplaşdırılmışdır. “Uşaq folkloru” bölməsində də iki (“Eşşək, it, xoruz və pişik”, “Başmaqçı cücələr”) nağıl yer al­maqdadır. F.e.d. Q.Na­mazov kitaba daxil edilmiş “Redaktordan” başlıqlı yazı­sında qeyd edir ki, bura daxil edilmiş nağıllar başqa mən­bə­lərdə işıq üzü görsə də ilk dəfə olaraq “Ağ­baba folkloru” adı altında təqdim edil­­­miş yeni variant­lar­dır. Folklor nümunələri üçün informasiya bölmələrindən yalnız “Söyləyənlər haqqında” mə­lu­mat tərtib edilmişdir. Nağılların söyləyiciləri haqqında bilgilər “Mifoloji na­ğıl­lar”, “Sehirli nağıllar”, “Məişət nağılları” və “Uşaq folkloru” böl­məsinin “Na­ğıl­lar” alt bölməsində təqdim edilmişdir. Nümunələr Qaraçanta, Qa­ranamaz, Ox­çoğlu, Xozu, Qaraçəntey kəndlərinin sakinlərindən yazıya alın­mış­dır. Ən yaşlı söy­ləyici 110 yaşında Sultan Baxşı qızı Musayeva olmuşdur. On­dan iki nağıl yazıya alınmışdır. Söyləyicilərin hansı nağılları nəql etdikləri gös­tərilməmişdir. Həmçinin nağılların adları mündəricatda qeyd edilmədiyi üçün onlarla yalnız kitabın daxili səhifələrindən tanış olmaq mümkündür.

“Ağbaba folkloru”nun davamı olaraq 2003-cü ildə AFA-nın VIII kitabı nəşr edilmişdir. Bölgəyə məxsus folklor örnəklərinin toplayıcı və tərtibçi müəl­lifləri f.e.n.H.İsmayılov, T.Qurbanov, redaktoru f.e.d., prof. İ.Abbaslıdır. F.e.n.H.İsmayılov “Ağbaba folkloru” başlıqlı geniş müqəddimə yazmışdır. Azərbaycanın digər mühacir torpaqları kimi bu torpaqların da acı taleyi qələm­lərdən süzülməklə tükənməz. Müəllif təəssüf hissi ilə qeyd edir ki, “rəsmi sənəd­lərdən məlum olduğu kimi, əsrin əvvəllərində Ağbabada əllidən artıq kənd ol­muşdur. Rus imperiyasının havadarlığı ilə ermənilər tərəfindən bölgə kənd­lə­ri­nin təxminən yarısı 50-ci illərdə yerlə-yeksan edilmişdir.” (1, 6). 1988-ci ilə qə­dər 27 kənd mövcud olmuş, onlardan beşində əsrin əvvəllərində Muş, Sarıqamış, Van və s. yerlərdən gəlmiş ermənilər məskunlaşmış­dır­lar. Son dönəmlərin statis­tikası isə daha dəhşətlidir. “1988-ci ildən sonra bu ərazilərdən yerli əhali olan türklər (azərbaycanlılar) son nəfərinədək deportasiya olunmuşdur” (1, 11).

Topluya Ağbaba bölgəsinin Təzə İbiş kəndindən üç, Mağaracıq kən­din­dən bir, Göllü kəndindən iki, Güllücə kəndindən bir, Qaranamaz kəndindən üç nağıl toplanaraq (cəmi on nağıl) “Nağıllar” başlığı altında oxucuya təqdim edil­mişdir. 110 yaşılı söyləyici Sultan Baxşı qızı Musayevadan yazıya alınmış “Qar­pız” və “Gülxanımın nağılı” mətnləri bu tərtib işinə təkrar daxil edilmişdir. Təə­ssüf ki, nağılların yazıya alın­ma tarixləri qeyd edilməmişdir. Örnəklər “Dia­lek­toloji sözlük”, “Göstərici”, “Söyləyicilər və toplayıcılar haqqında” kimi in­for­masiya xarakterli bölmələrlə təmin edilmişdir.

“Göstərici” adlı bölmə şəxs adları, mifoloji və folklor obrazlarının ad­la­rı­nı əks etdirir ki, bu bölmə AFA-nın digər kitablarında da istifadəçilərə təq­dim edilmişdir. Bölmənin “Şəxs adları, mifoloji və folklor obrazlarının adlar gös­tə­ri­cisi” kimi adlandırılması da həmçinin münasib olardı. Çünki, “göstərici” sözü ad olaraq elmi nəşrlərdə informasiya təminatını həyata keçirən bölmələrə verilir. “Dialektoloji sözlük”, “Söyləyi­ci­lər və toplayıcılar haqqında”, “şəxs ad­ları, mi­foloji və folklor obrazları” ayrı-ayrı­lıq­da müstəqil informasiya daşıyan köməkci informasiya göstəricilərdir.

1996-cı ildə Azərnəşr tərəfindən nəşr edilmiş “Azərbaycan Folkloru An­tolo­gi­yası” seriyası adı altında “Borçalı folkloru” başlıqlı növbəti xalq yara­dı­cı­lı­­ğını özün­də ehtiva edən tərtib işidir. Kitaba daxil edilmiş örnəklərin toplayıcı müəllifi f.e.d., prof. V.Hacılardır. Tərtibçi-müəllifi prof. İsrafil Abbaslı kitaba yaz­dığı ön söz­də qeyd edir ki, “cild toplanmış söz sənəti örnəklərinin az bir qismini əhatə edir. Onu iki kitabda çap etmək nəzərdə tutulmuşdu. Lakin poli­qra­fi­ya-nəşr işlərinin möv­cud və­ziy­yəti buna imkan vermədi. Bu səbəbdən də ayrı-ayrı tarixi kə­simlərdə yazıya alınıb Tbilisinin uyğun arxiv və fondlarında saxlanılan külli miq­darda Azər­baycan folkloru örnəkləri, bölgənin çoxəsrlik ozan-aşıq mühiti qoy­nunda ərsəyə çatıb püxtələşən, Azərbaycan türkcəsində düzüb-qoşan bir çox gürcü, ay­so­ru, yunan aşıqlarının şeir­ləri, dastan rəvayətləri və onlarla bu qəbil materiallar tər­tib­dən kənarda qaldı” (6, 3).

“Borçalı folkloru”nun iyirmi üç nağılı əhatə edən 1996-cı il nəşrinə yalnız bir adda informasiya bölməsi tərtib edilmişdir. “Tərtibdə istifadə olunmuş qay­naqlar və söyləyicilər haqqında məlumat” adlı informativ bölmənin “Nağıllar” yarım-bölməsində on yeddi nağılın pasport qeydi əks etdirilmişdir.

Cildə daxil edilmiş nağılların yazıya alınma tarixləri 1828-ci ildən baş­la­yaraq müxtəlif illəri əhatə edir. Ən son qeydə alınmış nağılın yazıya alınma ta­ri­xi 1984-cü ildir. Hətta 1800-cü illərdə N.Asatianinin topladığı “Xıdır İlyaz”, “Mən Qurd gördüm”, “Vermədi Məbud, nə etsin Mahmud” və “Pinti Mahmud” kimi nağılların da antologiyaya daxil edilməsi istifadəçilər üçün əlyetənlilik ro­lunu oynayır. Təəs­süf ki, digər nağılların mühafizə edildiyi mənbələr və yazıya alan şəxslər, bəzi hallarda söyləyicilər haqqında da informasiya verilməmişdir. Bunun səbəbini tər­tibçi-müəllif, Tbilisi Pedaqoji İnstitutu Azərbaycan böl­mə­si­nin tələbələri tərəfindən toplanıldığını və onların bu haqda toplama işlərində mə­lumat verməməsindən qaynaqlandığı göstərmişdir. Lakin bu tərtib işində fərq, kitabdakı nağıllar sərhədləri aşmış, xarici arxivdəki xalq nağıllarımızdan xəbər vermişdir (6, 253).

2011-ci ildə nəşri təşkil edilmiş AFA-sı seriyasının növbəti nəşri “Bor­ça­lı-Qa­rapapaq folkloru”nun toplayıcı və tərtibçisi professor Valeh Hacılar (Ha­cı­yev) na­ğılların nəşr tarixini yeni maraqlı faktlarla zənginləşdirmişdir (7). “Bor­çalı-Qara­papaq folklorunun təməl özəllikləri” başlıqlı yazısında mərhum pro­fes­sor xalq na­ğıllarımızdan birinin nəşr tarixini 1852-ci ildən 1930-cu ilə qədər ge­riyə qaytarmış, eyni nağılın iki ad altında nəşrini müəyyənləşdirmiş (“İnsanlara inanmaq olmaz”, “İnsan və ilan haqqında nağıl”), həmçinin bu nağılın top­la­yı­cı­sı, tərcüməçisi və naşiri, eyni zamanda söyləyən şəxs haqqında zəngin tarixi faktlar təqdim etmişdir.

Müqəddimədə şərh edilmiş maraqlı faktlardan digəri 1895, 1903, 1904-cü il­lər­də gürcü mətbuatında işıqüzü görmüş Azərbaycan xalq nağılları, həm­çi­nin nağıl­larımızın əlyazma şəklində gürcü mənbələrindəki mövcudluğunun aş­kar edilmə­si­dir. Müəllif qeyd edir ki, Niko Asatianinin (1858-1942) topladığı nağıllar (gürcü və Azərbaycan dillərində) Gürcüstan EA, Rustaveli adına Ədə­biyyat İnstiututunun Folk­lor arxivində (inventar №12073 -12219) mühafizə edi­lir (3, 19). İndiyə kimi təd­qiqat əsərlərində yalnız gürcü mənbələrində işıqüzü görmüş nağıllardan bəhs edi­lirdisə artıq burada konkret yazılı məxəzlərdəki mil­li xalq nağıllarımız haqda mən­bələr müəyyənləşdirilmişdir. Bu məsələyə müəllif daha öncələri də toxunaraq qeyd edirdi ki, N.Asatianın toplayaraq “tatar xalq ya­radıcılığı” adı altında yazıya al­dı­ğı nümunələr orjinalla yanaşı onların gürcü di­lində də tərcüməsi verilmişdir (9, 39).

Borçalı folkloruna həsr edilmiş hər iki 1996 və 2011-ci il nəşrlərində işıqüzü görmüş nağılları müqayisə etsək birinci nəşrə iyirmi üç, ikinci nəşrə iyir­mi altı daxil edilmiş nağıl mətnindən iyirmi biri təkrar nəşrdir. Təbii olaraq on­la­rın pasport qeydləri də eynilik təşkil edir. Bi­rinci kitabda “Çoban Məhəmməd” və “Qismətini axtaran”, ikinci kitabda isə “İnsanla ilanın na­ğılı”, “Bəzirgan ar­vadı”, “Yoxsul kişinin toyuq bölgüsü”, “Dərisi gerisi” və “İri buğdanın sirri” na­ğılları yeni edilmiş əlavələrdir. Bu nağıllardan da “İnsanla ilanın nağılı” Bor­ça­lı­nın Şa­malı kəndində Mehdi Bayram oğlundan 1828-ci il 6 oktyabrda Z...v ya­zı­ya almış, 1830-cu ildə “Tiflisskiye vedomosti” qəzetində dərc edilmişdir. “Yox­sul kişinin toyuq bölgüsü”, “Dərisi gə­ri­si” nağılları 1984-cü ildə Marneule rayo­nunun Ağqulaq kəndində Lətif Hacıxəlil oğlu Mus­ta­fa­yevdən yazıya alınmışdır. “Bəzirgan arvadı” nağılına pasport qeydi verilməmişdir (7, 437-438).

Mətnlərin kitaba təkrar daxil edilməsi haqqında 2013-cü ildə “Borçalı folk­lor örnəkləri” toplusunun (Azərbaycan Folkloru Antologiyası seriyasından) “Tər­tibçidən” başlıqlı yazıda müəllif f.ü.f.d. E.Məmmədli qeyd edir: “Borçalı folk­lor örnəklərini özündə əks etdirən bu kitab say etibarı ilə ikincidir (4, 4). Əs­lində bu kitabı üçüncü də hesab etmək olardı” (4, 3). E.Məmmədli Borçalı folk­lo­runa həsr edilmiş ilk kitabın (kitabın toplayıcısı V.Hacılar, tərtib edən İ.Abbaslı) 1966-cı ildə Azərnəşr tərəfindən nəşr olduğunu və 2011-ci ildəki nü­munəni isə həmin tərtib işinin təkmilləşdirilmiş forması olduğunu qeyd edir (4, 3). Maraqlıdır ki, 2011-ci ildəki nəşr həmdə 1996-cı ildəki nəşrin əlavəli təkrarıdır.

2013-cü ildə nəşr edilmiş Borçalı folkoru nümunələrini əhatə edən bu cildə fil.ü.f.d. E.Məmmədli, fil.ü.e.d., professor M.Allahmanlı və t.ü.f.d. K.H.Məmmədov tərəfindən dəyərli giriş sözləri yazılmışdır.

T.ü.f.d. K.H.Məmmədov özünün “Borçalı azərbaycanlılarının soykökü” baş­lıq­lı yazısında Borçalı əraziləri haqqında eramızdan əvvəlki dövrlərdən baş­la­yaraq depor­tasiyalara və son illərə qədər hadisələrin tarixi-xronikasını əks et­dir­mişdir. Bu kimi yazıların yalnız erməni təcavüzünə yaxud, saxta erməni müd­də­a­larına məruz qalmış torpaqlarımızın deyil Azərbaycan folkloru anto­lo­gi­ya­la­rı­nın bütün bölgələrə aid cildlərində verilməsi bir çox mənada mühüm xid­mətə ma­lik ola bilərdi.

“Borçalı folklor örnəkləri” kitabının birinci cildinə biri dini nağıl (Həz­rət Əli) olmaqla ümumilikdə altı nağıl daxil edilmişdir. Bu nağıllar 1979, 1981, 1983, 1984, 1999 və 2009-cu illərdə Marneuli rayonunun Beytərəfçi, Keşəli, Kürüstü Kəpənəkçi kəndlərindən, digər iki nağıl isə (“Mahmudun nağılı”, “Heç kəsin qaraçuxası yatmasın”) Bolnisi rayonunun Faxralı, Dumanisi ra­yonunun Qarabulaq kəndlərindən toplanılmışdır. Bütün bu informasiyalar kitabda “Tər­tibdə istifadə olunmuş qaynaqlar” başlıqlı bölmədə (“Nağıl­lar”yarım böl­mə­sin­də) əks etdirilmişdir (4, 323). İkinci cildə isə yanız klassik dastan yaradıcılığını özündə ehtiva edən 13 nümunə daxil edilmişdir (5).

Son olaraq qeyd edək ki, AFA seriyasında nəşr edilmiş kitabların in­for­masiya aparatları müxtəlif forma və məzmunlarda tərtib edilmişdir. Vahid qayda gözlənilməmişdir. Belə olduqda nə üçün folklorşünaslıqda pasport qeydiyyatı haqqında vahid qayda müəyyən edilməmişdir? Buna görə də toplama işinin in­formativ təminatını, folklorşünasların təbirincə desək, pasport qeydiyyatı haq­qında vahid qayda müəyyən etmək olar. Məsələn: qeydə alınan folklor nü­mu­nə­sinin konkret hansı ərazidən (kənd, şəhər, qəsəbə və s.), kimdən (yaş, cins və so­sial vəziyyət) və kimin yazması (yaş, ictimai və sosial mövqeyi (təhsili və işi), yazıya alınma tarixi və mühafizə edildiyi yer və s.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin