Bir neçə söz I fəsil. DÜNya diLLƏRİNİn qohumluğu monogenez problemi


Şumerlər, onların məskunlaşması və



Yüklə 2,67 Mb.
səhifə10/76
tarix05.01.2022
ölçüsü2,67 Mb.
#111493
1   ...   6   7   8   9   10   11   12   13   ...   76
Şumerlər, onların məskunlaşması və

yayılma arealı haqqında
İkiçayarası əraziləri ən qədim insan məskənlərindən olub, insan sivilizasiyasının mərkəzi sayılır. Ərazinin cənub hissəsi bataqlıqlardan ibarət olmuş, neolit dövründə - bataqlıqlar quruduqdan sonra əhali bu yerlərə köçmüşdür. Nisbətən yuxarılarda məskunlaşma daha əvvəllər baş vermişdir. İngilis alimləri S.Lloyd və Q.Çayldın fikrincə, bu yerlərdə turanlılar çox qədim dövrlərdən məskən salmış, qonşuların həsəd apardığı yüksək mədəniyyət yaratmışlar: «Turanlılar təxminən on-on iki min il bundan qabaq səfalı Dəclə-Fərat çayları hövzəsində məskən salıb, ətraflarında yaşayan saysız-hesabsız vəhşi tayfaların heyrətli nəzərləri altında dünya sivilizasiyasının yəhərini aldılar. Dünyada ulu bir mədəniyyətin məş’əli alışdı. Bu işıq ehtiyacı daxildən gəlirdi. Və çox çəkmədi ki, qoca Asiyanın münbit torpaqlı hər guşəsində «işıq adaları» şö’lələndi...» (6; 16)

İndiki Kərkük yaxınlığında - Kalat-Carmoda aşkar edilmiş insan məskəni e.ə.VII-VI minilliklərə aiddir. Dəclə çayının orta axarında müəyyən edilmiş e.ə.VI minilliyə aid Samarra mədəniyyəti İkiçayarasının mədəni-iqtisadi inkişafının təməli sayılır. Samarra sakinlərinin şumerəqədərki etnos olduğu və şərti olaraq «protodəclə», yaxud «banan» dilində danışdıqları qeyd edilir. (8;17) «Bə’zən protodəclə dili «banan dili» adlandırılır ki, bu da həmin dil üçün səciyyəvi olan quruluşla bağlıdır - xeyli xüsusi ad ingilis dili «banan» sözünü xatırladır: Bunene, Kubaba, Zababa, Bilulu və s.» (8;6)

İ.T.Kaneva göstərir ki, şumerlər mərkəzi və cənubi İkiçayarasının ilk sakinləri olmamışlar. Şumer mətnlərində toplanmış toponimlərin və digər xüsusi adların təhlili həmin ərazidə şumerlərdən əvvəl «protofərat» və «protodəclə» adlandırılan iki dil layı haqqında fikir yürütməyə imkan verir. Protofərat leksik layı son dərəcə ümidsiz bərpa olunduğu halda, protodəclə aydın təsəvvür olunur.

Cənubi İkiçayarasında Ubeyd kəndi yaxınlığında e.ə.V minilliyin sonu, IV minilliyə aid Ubeyd mədəniyyəti müəyyən edilmişdir. Bunlardan da cənubda, qurumuş bataqlıqlar ərazisində «Hacı Məhəmməd» adı ilə tanınan mədəniyyət abidələri aşkar edilmişdir. Bu, Ubeyd mədəniyyətindən iki min il əvvələ aiddir. Hacı Məhəmməd və Ubeyd sakinləri Şumerin ilk əkinçiləri hesab olunur. Bu mədəniyyətin yaradıcılarını protoşumerlər adlandırırlar. Ubeyd sakinlərinin tədricən şimala doğru yayıldığı fərz edilir. E.ə. IV minilliyin ikinci yarısını Uruk mədəniyyəti təmsil edir.

Bu yerlərdə ibtidai icma quruluşunun dağılması, nəsli quruluşdan patriarxal ailəyə və kənd icmasına, qəbilədən (və ya qəbilələr ittifaqından) dövlətə keçilməsi e.ə. IV minilliyin əvvəlindən özünü göstərməyə başlamışdır. İlk sinifli cəmiyyət IV minilliyin sonlarında Şumerdə və Elamda yaranmış, III minillikdə yüksək inkişaf səviyyəsinə çatmışdır.
Şumerlərin ilk dövləti Dəclə və Fərat çaylarının cənub axarı arasında əmələ gəlmişdir. O vaxtlar bu çaylar ayrı-ayrılıqda İran körfəzinə axırmış. Çayların arasındakı düzənliyə yunanlar Mesopotamiya demişlər. Bu söz yunan dilində «ikiçayarası» deməkdir. Rus dilindəki Mejdureçğe, Dvureçğe sözləri də eyni mə’nadadır. Ərəblər isə eyni mə’nalı Beyn əl.Nəhreyn sözünü işlədirlər.

«E.ə. III minillikdə ölkənin cənubunda (Nippurdan cənuba - Şuruppana qədər) və bu mərkəzdən şimala doğru fərqli vəziyyət mövcud idi. Nippur və Şuruppandan cənubda XXIV-XXIII əsrlərə qədər sami xüsusi adlarına praktik olaraq təsadüf olunmur, şimalda isə belə adlar əvvəldən yayılmışdı və zaman keçdikcə onların sayı artırdı. Ölkənin şimal hissəsi şumer dilində Ki-Uri, akkad dilində isə əvvəlcə Varum, sonralar e.ə.XXIV əsrdə Sarqon Qədim tərəfindən əsası qoyulmuş paytaxt şəhərinin adı ilə Akkad adlanırdı. Mərkəzi, sonra isə cənub hissəsi o zaman Şumer adlanmağa başlamışdı; daha əvvəllər isə bütün şumerdilli ərazilər sadəcə olaraq Kalam - ‘Ölkə’ idi». Əhalinin özünüadlandırması yox idi, «Ur adamı», «Uruk adamı», «Laqaş adamı» və s. deyilirdi. Dil fərqindən asılı olmayaraq, İkiçayarasının əhalisi qarabaşlar adlanırdı (sag-giga) (g=yumşaq q), samidillilər də özlərini belə adlandırırdılar (salmat kakkadim )». (9; 36) ‘Ölkə, yaşayış yeri’ mə’nasında Kalam sözü sami dillərindəki qəl’ə formasından tam fərqli olaraq xalis türk formasıdır.

Dəclə çayını şumerlər İligna, akkadlar İliklat, Fərat çayını şumerlər Buranun, akkadlar Purattu adlandırırdılar.(7;44) Şumer dövründə bu ərazidə Larsa, İsin, Laqaş, Umma, Der, Kutu, Kiş, Nippur, Puzriş-Daqan şəhərləri əmələ gəlmişdi.
Şumer adına (şu-me-ru-u) ilk dəfə Rimuşun vaxtında (e.ə. XXIII əsr) təsadüf edildiyi göstərilir.(8; 8) «Şumer» sözünün Assur hökmdarı Aşurbanipalın dövrünə aid mixi yazılarda işləndiyi də qeyd edilir. Bu yazılardan birində «gizli Şumer sənədləri» barədə mə’lumat verilir.Y.B.Yusifov qeyd edir ki, qədim yazılı mənbələrdə «şumer» etnik adı işlədilməmişdir. Cənubi İkiçayarasının əhalisi mixi yazılarda «Şumer (ölkəsinin) xalqı» adını daşıyırdı. Əhaliyə isə həm kengir, həm də qarabaşlar (şumercə sang igiga, akkadca salmat kakkadi) adı verilmişdi. (7; 47)

İ.M.Dyakonovun işlətdiyi terminlərlə eyni olan buradakı terminlərdə bə’zi fərqlər vardır. Bunlar müxtəlif oxunuşdan, müxtəlif ədəbiyyatdan gələn fərqlərdir. Sag-giga sözü aydındır: sag - şumer dilində ‘baş’ deməkdir, giga sözü isə ‘qara’ sözünü mühafizə edir - hərfən ‘başı qara’ - qarabaşlar mə’nasındadır. Y.Yusifovun dediyi kengir sözünün izahına İ.M.Dyakonovda rast gəlirik. İ.M.Dyakonov göstərir ki, Şumer sözü mixi yazılarda Kİ.EN.Gİ işarəsi ilə yazılır. «Belə bir fikir yayılmışdır ki, bu sözü fonetik cəhətdən *Kegi(r) şəklində oxumaq lazımdır, çünki Şumer sözünün dialekt formasının prototipidir. Lakin k>ş dialekt keçidinə kifayət qədər inandırıcı dəlil yoxdur, ona görə də Kİ.EN.Gİ yazılış formasını Şumer oxunuşu ilə tərkibi ideoqram kimi düşünmək daha yaxşı olar». (9,36) Buradan aydın olur ki, Kiengi (və başqa variantlardakı Kegir, Kengir) «Şumer» deməkdir.

Ki-en-gi sözünün etimologiyası haqqında vahid fikir yoxdur. Römer ki-egi şəklində ‘knyaz yeri’, ‘knyaz torpağı’ kimi izah etmişdir. (8; 8) Bizim fikrimizcə, Kİ.EN.Gİ - ilkin mə’nasına görə ‘allahın gəldiyi torpaq’ deməkdir: ki - ‘torpaq’, En(An) - şumerlərin allah adı, gi - ‘gəlmək’ sözüdür.
İ.T.Kanevada belə qeydlər də vardır ki, şumerlər özlərini kar-rir, yə’ni ‘qarabaşlar’ adlandırırmış. Bu da Kengir sözünün bir oxunuş variantıdır. Ka-r-rir sözündə ‘qara’ sözü daha aydın seçilir.

Şumerlərin yerləşdiyi Şimali Mesopotamiya vilayətlərini akkadlar Suber adlandırırmış. Bir ağlabatan mülahizəyə görə, Suber (Şumer) - sub və yer sözlərindən olub, ‘sulu yer’ mə’nasındadır. Sonralar görəcəyik ki, böyük Hun imperiyasının tə’siri ilə VI əsrdə Azərbaycana gələn və türk tayfaları arasında böyük fəallıq göstərən Savarlar bu Subirlər - şumerlərdir.

Qədim sanskrit-buddistlər Sumer ölkəsini (sanskritdə sumeru) insan məskunlaşmasının mərkəzi saymışlar. (10; 513)
Şumerlər öz dillərini eme-gir (KU ) adlandırırmışlar; eme - dil deməkdir, kir hissəsinin mə’nası dəqiq müəyyən edilməmişdir. İ.T.Kanevanın fikrincə, bu söz ‘blaqorodnıy’ (nəcib, alicənab) mə’nasında ola bilər. (8; 8).

Şumerlər Eredu şəhərini özlərinin ən qədim məskəni, fars körfəzindəki Dilmun adasını isə bəşəriyyətin yarandığı mərkəz hesab etmişlər. (8; 6)

Qədim şumer yazılı mənbələri e.ə.IV-III minilliklərə aid edilir. E.ə. 2000-ci ildən canlı şumer dilinin sıradan çıxdığı, bu dilin yalnız elmi və dini kitab dili kimi işləndiyi göstərilir.
Antik mənbələrdə şumerlər haqqında heç bir mə’lumat yoxdur. XIX əsrdə şumer yazıları oxunduqdan sonra şumerləri Bibliyadakı Şin’ər ilə əlaqələndirməyə başlamışlar. (8; 7)
Araşdırmalar nəticəsində tarixçilər bu qənaətə gəlmişlər ki, Şumer sülalələrinin hakimiyyət müddəti cəmi 500-700 ilə bərabər olmuşdur. Hökmdar hakimiyyəti Şumerlərdə e.ə. IV minilliyin sonlarında yaranmışdı. Lakin III minilliyin əvvəllərindən hökmdar hakimiyyəti barədə daha aydın faktlar mövcuddur. Şumer ərazilərindəki dövlətlər tarixçilər tərəfindən «erkən sülalələr» adlandırılır. Erkən sülalələr dövrü e.ə.XXVIII-XXIV əsrləri əhatə edir.

İlk Şumer dövlətləri ayrı-ayrı şəhər dövlətləri şəklində olmuşdur. XXVIII-XXVII əsrlərdə Kiş şəhər dövləti üstünlük təşkil etmişdir. Kiş sülaləsinin ilk hökmdarı əfsanəvi Etana idi. Kişlə paralel və ondan bir qədər sonra Uruk şəhər dövləti yüksəlir. Uruk sülaləsinin görkəmli hökmdarları En-Merkar, Luqalbanda və Gilqameş idi. En-Merkarın Azərbaycan Aratta ölkəsi ilə sıx əlaqəsi olmuşdur.

İkinci Şumer sülaləsi dövrü e.ə. XXVII-XXVI əsrləri əhatə edir. Bu dövrdə İkiçayarasının birləşdirilməsi uğrunda mübarizə gedir. Kiş hökmdarı Aka ilə Uruk hökmdarı Gilqameşin münasibətləri pozulur. Akanın Uruk üzərinə yürüşü boşa çıxır. Bu zaman Ur şəhər dövləti güclənməyə başlayır. Ur hökmdarı Mesanepada Kiş şəhərini zəbt edir və Akanı hakimiyyətdən salır. Ur hökmdarları bütün Şumer üzərində ağalıq iddiasına düşür və özlərini «Kainatın hökmdarı» adlandırmağa başlayırlar.

Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri yüksəlməyə başlayır. Laqaş dövlətinin banisi Urnanşe idi. Urnanşenin nəvəsi Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də, əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür (7-9 il). Ali hakimiyyət Uruinimkinanın əlinə keçir. O, əvvəlcə özünü ensi (kahin-hökmdar), sonra luqal (hökmdar) adlandırır. (7; 72-76)

Şumer ərazisində tədricən Umma şəhər dövləti güclənir. Umma hökmdarı Luqalzaqqesi (e.ə. 2312-2287) əvvəlcə Uruk, sonra Laqaş şəhərini tutur, Uruk şəhərini özünə paytaxt seçir. Ur, Larsa, Kiş, Nippur şəhərlərini də işğal edir. Bütün Şumer Luqalzaqqesinin hakimiyyəti altında birləşir.

Şumerlər bu yerlərə gəlmə xalq hesab olunur. Arxeoloji qazıntılar vasitəsilə tapılmış kişi və qadın təsvirləri şumerlərin Aralıq dənizi və Qafqaz irqinə mənsub olduğunu göstərir. Onlar bığ və saqqal saxlamırmışlar. Şumerlərin Kiçik Asiyadan, Ön Qafqazdan, Şimali İran ərazisindən və başqa yerlərdən gəldiyi ehtimal edilir. Bunların hamısı indiki Azərbaycanla bağlı ərazilərdir. Əksər alimlərin qəti qənaəti bundan ibarətdir ki, şumerlər İkiçayarasının şimal-şərqindən - Zaqroş dağlarından, qədim Azərbaycan torpaqlarından Mesopotamiyaya enmişlər:«Zaqroş dağlarının dağətəyi əkinçi-maldar tayfaları yeni torpaq və otlaqlar axtarışı ilə qərbə hərəkət edərək bütün Şimali Mesopotamiyaya yayılırlar. Yeni yerlərdə atmosfer yağıntılarının azlığı onları ilkin sün’i suvarma təcrübəsinə məcbur etmişdir». (1; 115)

D.Q.Reder və E.A.Çerkasova sonrakı inkişafla əlaqədar bu fikri dərinləşdirərkən şumerlərin tarixən Zaqroş ərazisinin sakinləri olduqlarını, oradan aşağılara endiklərini, onların Vətəndə (Zaqroş ərazisində) qalanlardan əlverişli məkanla əlaqədar daha sür’ətlə inkişaf etdiklərini söyləmişlər: «Bizim e.ə.VI minilliyin sonuna yaxın əkinçi və maldar tayfalar Aşağı Mesopotamiyanı mənimsəyirlər. Bu ərazidə sün’i suvarmaya keçilməsi nəticəsində iqtisadi inkişaf daha sür’ətli addımlarla irəliləyir. Suvarma əkinçiliyinin meydana çıxması ona səbəb oldu ki, ibtidai cəmiyyətin dağılması, quldarlıq quruluşunun yaranması istehsal təsərrüfatının ən qədim ocaqlarında (Zaqros dağlarında, Mesopotamiyadan şimal və şərq rayonlarında) deyil, Dəclə və Fəratın məhsuldar düzlərində baş verdi». (1; 115)

Göründüyü kimi, qədim dünya tarixinin tədqiqatçıları Zaqroş ərazisini, sonralar Şumerdən geri qalsa da, «istehsal təsərrüfatının ən qədim ocağı» adlandırmışlar. Sonralar görəcəyimiz kimi, mağların fəaliyyəti də qədim Azərbaycan ərazisinin ətraf aləmdən daha qədim mədəniyyəti ilə seçildiyini sübut edir. Müəlliflər yenə yazırlar: «İkiçayarasının əhalisi etnik cəhətdən yekcins deyildi. Ölkənin məskunlaşması iki tərəfdən getmişdir. Şərqdən Dəclə və Fərat sahillərinə bu və ya digər bir dil ailəsinə aid edilməsi çətin olan bir dildə danışan şumerlər enmişlər, qərbdən və şimal-qərbdən Mesopotamiyaya sami tayfaları - akkadlar sıxlaşmışdır. Onların (sami tayfalarının - Q.K.) vətəni bütün faktlara əsasən Ərəbistan yarımadası və Şimali Afrika idi...» (1; 116-117)

Deməli, İkiçayarasına şərqdən və şimal-şərqdən şumerlər gəlib, qərbdən və şimal-qərbdən samilər gəlib. Qədimdə şərqdə və şimal-şərqdə türklər yaşayıb, qərbdə və şimal-qərbdə samilər. Bu vəziyyət olduğu kimi indi də davam etməkdədir. Lakin qədim akkadların samilər olduğunu hamı qəbul edir, qədim şumerlərin türk olduğuna şübhə edirlər. Bu hal təbii-tarixi prosesin siyasi mövqedən inkarından başqa bir şey deyildir.

Əvvəllər mağ sənəti kütləvi xarakter daşısa da (maq tayfa üzvləri arasında), sonralar tədricən mağ sehr, cadu və duaları mürəkkəbləşmiş, yalnız kahinlər tərəfindən istifadə olunmuşdur. Kahinlər isə nəsli cəmiyyətin başçısı kimi en adlanmış, sonralar kahin-hökmdara - ensi’yə çevrilmişlər. Deməli, şumerlər hələ Zaqroş dağlarından gəlməmiş, magiyaya bələd olmuş, təsərrüfat inkişaf etdikcə qəbilə başçısı kahinə və hökmdara (en-ensi) çevrilmişdir. Əlaqəni təsdiq edən mühüm cəhət budur ki, şumer başçıları kimi, Azərbaycan ərazisində güclü bir tayfa olan mağların tayfa başçısı da ensi adlanmışdır.


Şumerlər köçüb gəldikləri ərazi ilə əlaqələrini sonralar da kəsməmiş, tikinti şeylərini, xüsusilə meşə materiallarını İkiçayarasına gəldikləri dağlardan gətirməli olmuşlar.
İkiçayarasında yeni gəlmələrlə birlikdə Uruk və Cəmdət-Nəsr mədəniyyəti yaradılmışdır. Uruk mədəniyyəti Ubeyddən xeyli fərqlənirdi. Əvvəl qabları qırmızı, qara və boz rənglə rəngləyirdilər. Uruk boz rəngli qablarına keçid bu yerlərə yeni etnosların gəlişi ilə əlaqələndirilir. B.Brentyes yeni etnosların Urmiya gölu hövzəsindən (Cənubi Azərbaycandan) gəldiyini qeyd etmişdir. (7; 47-48) Şumer-Akkad mənbələrinə hamıdan çox bələd olan A.Leo Oppenheym də onların şimal dağlarından - Babilistanın şərqində yerləşən Zaqroş dağlarından, indiki Cənubi Azərbaycan ərazilərindən enib gəldiyini və özləri ilə orada işlənən dillərdən birini gətirdiklərini qeyd etmişdir: «Şumer dilinin yeri linqvistik sistemdə hələ müəyyənləşdirilməyib. Ola bilər, bu dil tarixəqədərki dövrdə dağlardan (Zaqroş dağları nəzərdə tutulur - Q.K.) Aşağı Mesopotamiyaya enən xalqların danışdığı dillərdən biri olmuşdur». (11; 48)

Bə’zi mənbələrdə akkad dilinin şumer dilini sıxışdırdığı göstərilir: «...II minilliyin əvvəlində sami dili şumerlərin qədim dilini tədricən sıxışdırmış, bütün ölkədə canlı istifadədən çıxarmışdı, şumer dili yalnız din və elm dili kimi ölü dil olaraq qalmışdı». (24; 98)

Şumer dilinin ölü dilə çevrildiyini iddia etmək doğru deyildir. Şumerşünasların əksəriyyəti şumerlərin İkiçayarasına gəlmə olduqlarını qeyd etdikləri kimi, akkadların hücumundan sonra onların İkiçayarasını tərk etdiklərini də göstərmişlər. Şumer dili, şumer mədəniyyəti o qədər güclü olmuşdur ki, onlar İkiçayarasını tərk etdikdən iki min il sonraya qədər onların dili həmin ərazidə elm və din dili kimi işlənməli olmuşdur. Mesopotamiyada bu dilin canlı dil kimi tədricən sıradan çıxdığını iddia etmək olar. Lakin şumerlər hara getmişlərsə, öz dillərini də özləri ilə aparmış və yaşatmışlar: Şumer ədəbiyyat və mədəniyyətinin qədim Azərbaycan mədəniyyəti ilə üzvi əlaqəsini ortaya çıxarmaqda xüsusi rolu olan E.Əlibəyzadə də şumerlərin məğlubiyyətdən sonra İkiçayarasını elliklə tərk etdiklərini yazmışdır: «Şumerlər Babilistandan çəkilib getdikdən sonra belə, şumer dili «elm» dili idi, «müqəddəs din» və «ədəbiyyat dili» olaraq qalırdı.. Şumerlər Dəclə-Fəratı elliklə tərk etdikdən sonra belə, şumer dili Babilistanda din, elm və mədəniyyət dili sayılmışdı». (15; 60,61)

Şumerlərin İkiçayarasını tərk etdikdən sonra hansı əraziyə üz tutduqları, harada məskunlaşdıqları barədə də müxtəlif fikirlər vardır. E.Əlibəyzadə yazır: «Akkadlarla müharibədə məğlubiyyətdən sonra, görünür, şumerlərin tarixi yeni səmtə yön almışdır. Onlar yenidən, bir neçə min il sonra doğma «Ulubaba yurduna» - Mərkəzi Asiyanın dərinliklərinə və onun üstündən keçib Yaxın Şərqə çəkilmiş, öz «əcdad» torpaqlarına qayıtmışlar. Bu fikri Çindən ta Qara dənizədək əldə edilən zəngin maddi-mədəniyyətin Şumer mədəniyyəti ilə bir kökə, ana telə bağlı olduğu da təsdiq edir»... (15;65) Bu fikirlərdə mübahisəli cəhətlər də vardır. Burada «Yaxın Şərq» sözləri, yəqin ki, mexaniki işlənmiş, yaxud da müəllif şumerlərin yenidən Yaxın Şərqə - Ön Asiyaya qayıtdığını demək istəmişdir. Müəllif Mərkəzi Asiyanı ona görə şumerlərin ata-baba yurdu sayır ki, bir çox başqaları kimi, o da Altayı türklərin beşiyi hesab edir. Onu da qeyd etməliyik ki, şumerlər İkiçayarasını elliklə tərk etməmişlər. Bir qədər şərqdə Kərkük, Ərbil əhalisi onların varisləridir.

İkiçayarası mədəniyyəti şumerlərdən sonra daha çox akkadlarla bağlıdır. Şumerlərin ardınca yüksək mədəniyyət nümunələri yaradan akkadların özləri də dil cəhətdən fərqlənmişlər. Assur və babil dillərini eyni statusa malik sami dilləri hesab edən assirioloqlar hətta həmin dillərin özlərinin də üç mərhələ keçdiklərini söyləmişlər: «Onlar (assirioloqlar - Q.K.) tə’kid edirlər ki, hər iki dialekt - babil və assur dialektləri öz statusuna görə bərabərdir və hər ikisi üçün üçüzvlü bölgü qəbul edilməlidir: qədim, orta və yeni assur dili və qədim, orta, yeni babil dili». (11; 53-54) Bunlar göstərir ki, şumer dilini dünyaya düşmüş yeganə dil hesab etmək son dərəcə sadəlövh təsəvvürə malik olmaqdır. Şumerlər türk protodilinin parçalanması əsasında yaranan dillərdən biri idi. Akkadların bir-birindən necə fərqləndiyini göstərən faktlar şumerlərin də bir ailənin öz abidələri ilə böyük iz qoymuş bir qolu olduğuna şübhə yeri qoymur. Şumerlər öz yaxın qohumları içərisində və uzaq qohumlar arasında daha böyük sür’ətlə və daha erkən qabağa çıxan mədəniyyətin sahibləri olmuşlar. «Protoakkadlar erkən sami dillərindən birində danışdıqları kimi, şumerlər də özlərini rayonun bir neçə etnik qruplarından ancaq biri kimi göstərirdi. Bütün bu elementlərin birliyi Mesopotamiya mədəniyyətinin meydana çıxmasına gətirdi. Həqiqətən, o, çox qısa müddətdə meydana çıxdı və üç min ildən artıq bir müddətdə böyük və ya kiçik dəyişikliklərə mə’ruz qaldı, qonşu mədəniyyətlərə güclü tə’sir göstərdi və onları cavab reaksiyalarına səslədi». (11; 48)

Şumerlər e.ə.2000-ci ilə qədər Mesopotamiyada olmuş, hətta müstəqilliklərini itirdikdən sonra da xeyli müddət akkadlarla və kutilərlə birgə yaşamışlar. Şumerlərin bundan sonrakı taleyi qaranlıqdır. Onlar ölkəni tərk etmişlərsə, bundan sonra tərk etmişlər. Ola bilər, müstəqilliyin itirildiyi ilk gündən - Akkad hakimiyyətinin əvvəlindən də şumerlərin bir qismi ölkəni tərk etmişdir. Lakin onların hakimiyyəti yenidən ələ alması, III Ur sülaləsini yaratmaları göstərir ki, onlar uzun müddət İkiçayarasını tərk etməmişlər. E.ə.I minilliyin sonlarına qədər şumer dilindən istifadə edilməsi də təsadüfi deyildir: «Akkad dili şumer dilini sıxışdırmaqda və, hər halda, onunla əməkdaşlıq etməkdə və onun işlənməsini həyatın müəyyən sahələrində, ədəbiyyatın spesifik janrlarında və s. məhdudlaşdırmaqda davam etmişdir. Qədim babil dilinin son rübündə şumer mətnlərinin, həm də o mətnlər ki, onlar bu vaxta qədər yalnız şumer dilində saxlanmışdı, onların tərcüməsi dayandırılır...» (11; 51)

Bizim üçün aydındır ki, şumerlərin Mərkəzi Asiyaya köçünü türk istəyi ilə izah edirlər. Əgər III minilliyin sonlarında onlar İkiçayarasından çıxaraq Mərkəzi Asiyaya üz tutmuşlarsa, nə üçün Mərkəzi Asiyada mixi yazılara təsadüf edilmir, öz yazılarını nə üçün heç olmasa II, I minilliklər ərzində o yerlərdə davam etdirməmişlər? Halbuki Yaxın Şərqdə mixi yazılar elamlar, akkadlar, assurlar, hetitlər, biaynlar tərəfindən mənimsənilmiş və işlədilmişdir. Bütün bunlar göstərir ki, şumerlər Mərkəzi Asiyadan gəlməmişlər və o yerlərə getməmişlər. İkiçayarası lazım idisə, onları Kür-Araz ovalığı da tə’min edə bilərdi. Şumerlər Yaxın Şərqin öz övladlarıdır. Yaxın Şərqə yayılmış əhali Azıxdan çıxmışdır. O dövrdə əhali o qədər də sıx deyildi ki, İkiçayarasını tərk edən şumerlər Tyan-Şana qədər uzaq bir yol keçsinlər. İrandillilər indiki İran yaylasına e.ə.VIII əsrdə gəlmişlər. Bundan min beş yüz il əvvəl şumerlər İkiçayarasının şərqində özlərinə daha asan yurd-yuva tapa bilərdilər və onların əcdad yurdu, Şumer dastanlarından aydın olduğu kimi, elə bu yerlər - qədim Aratta əraziləri idi. Qaldı, türkləri Orta Asiyada yerləşdirmək və şumerləri onların babası saymaq məsələsinə, Orta Asiya türklərinin inkişaf yolu, tarixi təkamülü üçün bunun heç bir əhəmiyyəti yoxdur. Şumerlərlə eyni vaxtda Mərkəzi Asiya ərazisində Şumer mədəniyyəti tipli mədəniyyətin olması o deməkdir ki, Şumerlər İkiçayarasında məskunlaşmazdan çox-çox əvvəl türklər Mərkəzi Asiyada da yerləşmişdilər - mezolitdə. Onların sonrakı dövrlərdə - miladın birinci minilliyində Yaxın Şərqə, xüsusilə Azərbaycan ərazilərinə geri qayıdışları tarixi faktlarla sübut olunur.

İ.M.Dyakonov şumerlərin taleyini daha yanlış düşünmüşdür: «Baxmayaraq ki, şumer dili sami-akkadlar tərəfindən sıxışdırıldı, lakin bir xalqın başqası tərəfindən fiziki sıxışdırılması baş vermədi; antropoloji tip dəyişmədi, mədəniyyətdə elə bir əsaslı dəyişiklik olmadı... Mahiyyət e’tibarilə sonrakı babillilər elə həmin şumerlər idi... lakin dillərini dəyişmişdilər». (9; 37)

Müəllif düzgün qeyd edir ki, akkadların gəlişindən sonra bir xalqın başqası tərəfindən fiziki məhvi baş verməyib. Lakin şumer dilinin akkad dili tərəfindən məhv edilməsi fikri doğru deyil. Eyni zamanda sonrakı babilliləri dillərini dəyişmiş şumerlər hesab etmək daha yanlış fikirdir. Ola bilər ki, həqiqətən əlsiz-ayaqsız şumerlərdən Babildə qalanlar tədricən dillərini dəyişib bu xalqa qarışmışlar, lakin yüksək mədəniyyət yaratmış şumerlər akkadların tabeliyi altında özlərini məhv edə bilməzdilər və heç şübhə yoxdur ki, onlar istilaçıların hakimiyyətinə dözməyərək şərqə, İran yaylasının şimal-qərbinə, Azərbaycan ərazilərinə - İkiçayarasına enməzdən əvvəl yaşadıqları öz qədim vətənlərinə çəkilmişlər.
Şumerlərin İkiçayarası ərazilərdən şərqə və hətta bəlkə uzaq Sibirə yayılmaları barədə də fikir vardır: «Mənə belə gəlir ki, şumerlər öz heroqliflərini - kur, kir (dağ-torpaq) «ölkə» mə’nasında işlətdikləri kimi, prototürklər bu işarəni («dağ-torpaq» işarəsini - Q.K.) azacıq dəyişərək, «ölkə» mə’nasında «sub-yer» (su-yer) adlandırmışlar. Sonralar bu işarə ümumxalq gerbinə (tamğa, damqa) çevrilmişdir. Qədim türklər Mesopotamiyanı kütləvi surətdə tərk etdikdən sonra (müəllif «qədim türklər» dedikdə şumerləri nəzərdə tutur; fərqləndirmə bizimdir - Q.K.) ana yurd obrazını bu işarədə yaşatmış və sonrakı nəsillərə bu işarə ilə təsvir etmişlər: Sulu-sucaqlı Sub-yer! Yerli sakinlər şimal-şərqi Asiyaya köçmüş prototürkləri çox güman bu ad altında (Sub-yer, yaxud Sub-yir) tanımışlar. Onların qəbirlərini (kurqanları) suber (subir) adlandırmışlar və bu ən’ənə rus köçkünləri zamanına qədər yaşamışdır. Tobol quberniyasında çud qəbirlərinin sıvır xalqına məxsus olduğu güman edilir. Patkanovun fikrincə, Sibir şəhərinin adı bu terminlə bağlıdır, çünki bu yerlərdə sıvırların qəbirləri olmuşdur. Sonralar bütün bu ərazi Sibir adlandırılmışdır». (9; 215).

Bu sözlərdə biz də həqiqət görürük. Lakin O.Süleymenovun qeyd etdiyi bu türklər bilavasitə şumerlər deyil, onların bir qolu olan və İkiçayarasının şimal ərazilərində yaşayan Subirlərdir. Bunlar axıra qədər öz adlarını Subir, Suber, Savar, Suvar, Savir və s. şəkillərdə saxlamışlar. Sonralar görəcəyik ki, daha çox VI əsrdə şərqdən Azərbaycana gələn və türk tayfaları arasında böyük fəallıq göstərən Savarlar da bu Subirlərdir.

Şumerlərin babillilər içərisində əridiyini heç bir məntiqlə əsaslandırmaq olmaz.


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin