Əli Aslanoğlu Yovşanlıq şərqiləri Bakı 2009 Redaktoru: Firuz Mustafa Əli Aslanoğlu. Yovşanlıq şərqiləri



Yüklə 1,24 Mb.
səhifə5/67
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#108529
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   67
Qoy uçur, uçsun xəyal göylərdə təyyarə tək,

Durmuşam bir nöqtədə sabitü- səyyarə tək.

Nə qədər fikirləşdisə də, bu beyti haradan oxuduğunu yadına sala bilmədi. Ancaq həmin beyti ürəyində dönə-dönə təkrarladı. Fikirləşdi ki, şairliyi bacarsaydı, bunun ardını yazıb yaxşı bir qəzəl düzəldərdi.

Səhər tezdən Nazəri yuxudan qardaşının səsi oyatdı:


  • Ə, dur, günortadı. İş-güc töküldü qaldı.

Nazər ayılanda gördü ki, doğrudan da yatıb qalıb. Gün xeyli qalxmışdı. Tez üstündəki nazik adyalı kənara atıb şalvarını əyni­nə çəkdi və çardaqdan yerə hoppandı.

  • Mən gedirəm. İsti düşməmiş gərək gedim qayıdım. Sən şey elə.., soğanı çıxart qurtar, buralardan da yaxşı göz-qulaq ol, bos­tana heyvan-zad girməsin.

  • Hara gedirsən ki? – Nazər soruşdu.

  • Ağcabədiyə. Bazara dəyib, bir -iki adamla görüşməliyəm. Soğanı, qarpızı görüm bir yerdən sata bilərəmmi.

Çingiz iş paltarını dəyişib təmiz köynək - şalvar geyindi və piyada yola düşdü. Nazər onun ardınca bərkdən:

  • Bərdə bazarına da dəyə bilərsən- deyib, öz təklifini də verdi.

Çingiz çevrilib əlini yellədi. Bu, o demək idi ki, “sən öz işində ol, bu, mənim işimdi.”

Nazər ürəyində bir qədər sevindi, sanki xeyli yüngülləşdi də. Çingizin xasiyyətinə yaxşı bələd idi. O, yalnız axşam şər qarı­şan­da qayıdacaqdı. Ona qədər Nazər dünəndən bəri onu rahat bu­raxmayan Səbinə məsələsinə də arxayınlıqla aydınlıq gətirə bilər­di. Daha doğrusu, bu dilli-dilavər qızın cavabını layiqincə verə bilərdi.

Günortaya yaxın Nazər çiynində yaba Abbasgilin bostanına tərəf addımlayırdı. “Ay dilli toppuş, dilin uzundusa indi qaba­ğım­da dayanarsan” – bu fikir beynindən keçən kimi ardınca başqa bir fikir gəldi: “Yazıq qızı niyə hədələyirəm? Lap axmağam deyəsən, zarafatı da başa düşmürəm. Bir də ayıbdı, yad adamların yanında yad qız uşağı ilə çənə-boğaz eləmək yaxşı deyil axı. Bəlkə o, qız uşağıdı, ağlı kəsmir, mənə nə deyərlər?” Bu son düşüncə onu bir qədər məyus etdi. İçində Səbinə ilə danışığa, heç olmasa adi çənə söhbətinə can atan bir istək vardı. Nazər bu istəyin, bu hissin nə­dən ibarət olduğunu o qədər də dərk etmirdi və ya dərk etməyə çalışmırdı. Bircə onun fərqində idi ki, o toppuş, dilli-dilavər, ala­göz qızın surəti gözünün qabağından getmir, onu qarabaqara izlə­yir. Bunu yaxşılığamı, yaxud pisliyəmi yozmaq hələ onun üçün çətin məsələydi. Hələ də ona qaranlıq idi ki, qızdan xoşu gəlir, yoxsa zəhləsi gedir. Daxilindəki hisslər beynindəki fikirlərlə qarı­şıb anlaşılmaz bir duyğuya çevrilməkdə idi. Burada acı ilə şirin, qaba ilə mülayim çulğaşıb qəribə bir qarışıqlıq yaratmışdı.

Nazər gəlib çatanda Abbas, Validə və qızlar alaçığın qaba­ğın­­da qurulmuş çardağın altında oturub içinə göyərti doğranmış ayran doğraması yeyirdilər. Onu görən kimi Abbas çağırdı:


  • Yaxın gəl, Nazər. Yaxşı gəlmisən, qarpız yeməkdən do­yub, indi də keçmişik ağartıya. Sərindi, gəl bir dolça da sən iç.

  • Sağ olun, Abbas dayı, iştaham yoxdu,- deyib, Nazər yabanı çardağa söykədi – Yabanı dünən çatdıra bilmədim, indi qurtarıb gətirdim.

  • Ə, apar işlət. Məndə başqası da var. Bundan ötrü istidə ni­yə zəhmət çəkmisən?

Validə bir iri dolça ovduq töküb ona uzatdı:

  • Ayrana nə iştah, bala, su kimi şeydi, çək başına, Aclığın var­sa töküm, doğrama elə.

Nazər qeyri-iradi dolçanı aldı.

Abbas yerindən qalxıb:



  • Siz yeyin, mən atın hörüyünü dəyişib qayıdıram- dedi və uzundimdik kepkasını başına qoyub bostana tərəf addımladı.

Bayaqdan bəri altdan-altdan Nazərə göz qoyan Səbinə qəflə­tən dilləndi:

  • Dəymədüşər oğlan, dünən sənə dediklərim zarafat idi. Xət­rinə dəymişəmsə bağışla.

Nazər qulaqlarına qədər qızardı, boğazı qurudu, nitqi tutuldu. Bunu hiss edən Validə oğlana sərbəstlik vermək məqsədilə:

  • Bıy, çaynik qaynıyıb, dəmləməmişəm- deyərək durub ara­lan­dı.

  • Hə, bağışladın? Sülh? – qız yenidən dil açdı.

Nəhayət Nazərin də dilindən qıfıl götürüldü:

  • Əşi, mən də bağışlamasam Allah özü bağışlayar. Ta neyni­yək, sülh olmuyanda müharibə eliyəsi döyülük ha.

  • Bax bu oldu yaxşı. Biz də öyrəndik ki, bu yovşanlı çöldə qəhrəmanlar da varmış.

Gülşən əmisi qızına gözağartması verdi ki, “bəsdi, uzatma”, ancaq qız ona məhəl qoymadı:

  • Qəhrəman, nə qəhrəman! Lap romanlarda təsvir olunan ki­mi, ləqəbiynən – “Gürzə”!

Gülşən dillənməli oldu:

  • A..az, bəsdi! Deyirəm sənə öhdə yoxdu də.

Səbinə davam edirdi:

  • Amma, öz aramızdı, heç gürzəyə-zada oxşamırsan ha, üzün­dən, gözündən mülayimlik yağır.

Qız bu sözləri deyəndə elə bil özü də xeyli mülayimləşdi. Nazər bu məqamda onun olduqca zərif, xoşsifət və qəşəng bir qız olduğunun fərqinə vardı.

Çardağın altına qayıdan Validə:



  • Oğlum, niyə oturmursan? Otursana, - deyəndə Nazərə çat­dı ki, o hələ əlindəki ovduğu içməyib və tez dolçanı başına çəkdi.

Arvad qızları məzəmmətlədi:

  • Yenə uşağı sorğu-suala tutmusuz, amma huşunuz gətirmir ki, otur deyəsiz.

  • Sağ olun, xala, gedirəm. Bostan yiyəsizdi.

Nazər qayıdıb getmək istəyəndə Validə yadına saldı:

  • Bəs yabanı aparmırsan?

  • Yox, xala, lazım olsa gəlib apararam.

Nazər bu cavabı özündən asılı olmadan verdi. Ancaq sonra fikirləşdi ki, belə daha yaxşıdı.

Gecə yerinə uzanıb gözlərini yumsa da, Səbinə xeyli müddət yuxuya gedə bilmədi, iki-üç dəfə o üz-bu üzə çevrildi. Axırda Gülşən yatdığı yerdən dilləndi:



  • Nə olub, Səbiş, yerinə birə doluşub? Niyə çevrilə-çevrilə qalmısan? Bu saat çarpayını aşıracaqsan böyrü üstə. (Qızlar açııb-yığılan brezent çarpayıda yatırdılar).

  • Nəysə yuxum qaçıb, – Səbinə cavab verdi və azca fasilə­dən sonra soruşdu:

  • Gülü, sən bu Nazərgilin evlərində olmusan?

  • Lap balaca vaxtı anamla getdiyim yadıma düşür. Nədi ki, a..az, yoxsa...

Səbinə ona sözünün dalını gətirməyə imkan vermədi:

Gülşən də sözünün dalını ayrı cür tamamladı:

  • Deyirəm, bəlkə gündüz o qədər gürzə-gürzə dedin ki, indi yuxuna ilan- çayan girir?

Səbinə:

  • Qələt eliyir! – dedi və adyalı başına çəkib gözlərini yumdu.

Ancaq onun yatmaq cəhdi əbəs idi. Birdən ona elə gəldi ki, son bir-iki gündə bir neçə yaş böyüyüb. İlk dəfə idi ki, o, özünün qız olduğunu qabarıq şəkildə hiss edirdi. Səbinə onunla yeniyet­mə oğlan uşağı arasında nə isə qəribə bir sərhəd olduğunu sanki elə bu axşam başa düşmüşdü. Cəmi bircə il bundan əvvəl həmya­şıdı olan oğlanlarla döyüşən, vuruşan, hətta güləşməkdən belə, çə­kinməyən Səbinə indi-indi (ələlxüsus bu axşam) bunun qəbahət olduğunun fərqində idi.

Bütün bunlarla bərabər, Səbinə ilk dəfə hiss edirdi ki, onda bu qarasaç, qaragöz, möhkəm bədənli oğlana qarşı qəribə bir duy­ğu var və o, bu duyğudan bərk qorxdu, canından üşütmə keçdi. Ya­rı maraq, yarı qorxu və yarı qəribə rəğbətdən ibarət olan bu duy­ğular bir-birini əvəz edə-edə onu sanki gicəlləndirir, fikrinin bir yerdə qərar tutmasına mane olurdu.

Elə bu anlaşılmaz, qarışıq duyğular dənizində də onu yuxu apardı...


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin