Əxlaqi mövzuda söhbətlər - əxlaqi məzmunlu konkret fakt və hadisələrin emosional şərhinə əsaslanır. Uşaqların hisslərinə təsir etdiyindən bu üsul nəinki əxlaqi anlayışların mahiyyətini aşkar edir, həmçinin davranışını da müəyyən edir.
Əxlaqi mövzuda söhbətlərin səmərəlilik şərtlərinə aşağıdakıları daxil etmək olar:
belə söhbətlər uşağın sosial təcrübəsinə uyğun olmalıdır;
söhbət illüstrativ materiallarla müşayət olunmalıdır;
əxlaqi söhbətin aparıldığı yer şəraiti də onun səmərəliliyinə təsir göstərə bilir. Hökm deyil ki, söhbət məktəbdə, sinif şəratində aparılsın; bu iş üçün təbiət, kiçik bağça və ya tonqal ətrafı da seçilə bilər;
söhbət yüksək pedaqoji ustalığa və nitq mədəniyyətinə malik şəxsin icrasında daha səmərəli olur;
müəllim-tərbiyəçi çalışmalıdır ki, söhbət şagirdlərin daxili aləminə təsir etsin, onları həyəcanlandırsın, uzun müddət onların yadında qalsın.
Fərdi söhbətlər
Fərdi söhbətlər daha çox ayrı-ayrı uşaqlar tərəfindən müəyyən davranış norması pozulduqda və ya çatışmayan müsbət əxlaqi keyfiyyəti formalaşdırmaq məqsədilə aparılan inandırma üsuludur.
Fərdi söhbətlərin səmərəlilik şərtlərinə bunları daxil etmək olar:
belə söhbətlərin məqsədi pis hərəkəti uşaqla bərabər təhlil edib aydınlaşdırmaq, onu bu hərəkətin üzərində düşündürmək, peşmançılıq hissi oyatmaq olmalıdır;
fərdi söhbət zamanı uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.
fərdi söhbət, həm də yeni əxlaqi keyfiyyət yaradılması məqsədilə aparılır. Bu halda kiçik yaşlı məktəbliyə “bu cür etmək lazımdır, ona görə ki,...” deyə əxlaqi keyfiyyətin mahiyyəti və əhəmiyyəti başa salınmalıdır.