Təşkilati – idarəetmə kompleksi. Pedaqoji proses bilik, bacarıq və vərdişlərin verilməsi və qazanılması prosesidir. Bu prosesdə informasiya pedaqoqdan uşaqlara verilir və onların mənimsənilməsi barədə əks informasiya şagirdlərdən pedaqoqa qaytarılır. Pedaqoji prosesin idarəolunması da düzünə və əks informasiya mexanizminə əsaslanır.
Pedaqoji diaqnostika – yəni xüsusi olaraq hazırlanmış metodikalar vasitəsilə bu prosesin səmərəli, əhəmiyyətli, “sağlam” olub-olmadığını yoxlamaq.
Pedaqoji prosesin səmərəlilik kriteriyaları. Buraya bilik, bacarıq və vərdişlərin qiymətləndirilməsi, uşaqlarda yaradılmış əqidə, xarakter xüsusiyyətləri, şəxsi keyfiyyətlər haqda ekspert rəyi daxildir.
Pedaqoji prosesin səmərəliliyi bunlardan asılıdır:
onun məzmunu və təşkilinin tərbiyənin obyektiv qanunları və ictimai həyatın tələbatına uyğunluğundan;
bu prosesdə yaranan ziddiyyətlərin vaxtında aşkar edilib aradan qaldırılmasından və bu işin daim təkmilləşdirilməsindən;
uşaqların həyatına geniş ictimaiyyətin cəlbi, həmçinin uşaqların ictimai həyatda iştirakının genişləndirilməsindən;
fəaliyyətin təşkilində uşaqların yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınmasından;
pedaqoji ustalıq və düzgün pedaqoji nəzarətin təşkilindən.